Xocalı qətliamı tariximizdə üzləşdiyimiz ən böyük faciələrdən biridir
26.02.2016 [10:31]
Yeni Azərbaycan Partiyası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib
Əli Əhmədov: Çalışmalıyıq ki, nəticə etibarilə biz beynəlxalq müstəvidə Xocalı faciəsi və onu törədənlərlə bağlı hüquqi-siyasi qiymətin verilməsinə nail ola bilək
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov mərasimdə iştirak edib.
Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu günlər Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə ölkəmizdə və dünyada tədbirlərin keçirildiyini bildirib. Onun fikrincə, bütün bunlar soyqırımının unudulmaması üçün atılan addımlardır, eləcə də Xocalı faciəsinin dünyaya təqdim edilməsi məqsədi daşıyır. “Şübhəsiz ki, Xocalı qətliamı tariximizdə üzləşdiyimiz ən böyük faciələrdən biridir. Yüzlərlə dinc insanın bu cür qətlə yetirilməsinə dünya tarixində nadir hallarda rast gəlmək olur. Həqiqətən, insanlığa böyük ləkə gətirən bu faciə uşaq, qadın, qoca qətli ilə yaddaşlarda yaşayır. Hər şeydən əvvəl, Xocalı faciəsi erməni separatçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində məkrli addımlarının nəticəsidir. Təəssüf ki, ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ondan da qat-qat çirkin olan üsul seçdilər. Bu da bir şəhərin bütünlüklə yer üzərindən silinməsi, orda yaşayan bütün insanların xüsusi qəddarlıqla qətlə yetirilməsidir. Erməni separatçıları və terrorçuları Azərbaycan xalqına qarşı bu niyyətlərini təkbaşına həyata keçirə bilməzdilər. Onlara havadarları kömək edib, torpaqlarımızın işğalında da üçüncü qüvvənin rolu olub. Bunun da başlıca səbəbi Qafqazda nüfuz və mövqenin qorunması arzusudur. Müəyyən xarici qüvvələr öz məqsədləri naminə bu hadisələrin baş verməsinə dəstək göstəriblər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov təəssüflə qeyd edib ki, 24 il keçməsinə baxmayaraq Xocalı faciəsinə dünyada layiqli hüquqi-siyasi qiymət verilməyib. Onun sözlərinə görə, ayrı-ayrı dövrlərdə müxtəlif faciələr baş verəndə dünya birliyinin, dövlətlərin həmin faciələrlə əlaqədar operativ tədbirlər görməsinə baxmayaraq, Azərbaycan xalqının başına gətirilən bu faciə ilə əlaqədar dünya birliyi sanki qulaqlarını qapadı, gözlərini yumdu və beləliklə də, biganəlik nümayiş etdirərək Xocalı faciəsinə 24 il ərzində layiqli qiymət vermədi: “Cinayətə qiymət verilməməsi növbəti cinayətlərin həvəsləndirilməsi deməkdir. Əgər zamanında Xocalı faciəsinə düzgün qiymət verilsəydi, təbii ki, sonralar baş verən Avropanı lərzəyə salan Balkan faciələri, indi isə Yaxın Şərq faciələri baş verməzdi. Yəni bu faciələrin baş verməsinin səbəbləri içərisində Xocalı soyqırımına beynəlxalq müstəvidə layiqli qiymət verilməməsi də var. İndi dünya bu biganəliyin acı nəticələrini görməkdədir”.
Baş nazirin müavini deyib ki, başqa faciələri pisləyən dövlətlər və təşkilatlar Xocalıda əli dinc insanların qanına bulaşmış, bu qətliamı törədən şəxsləri qəbul edirlər, onlara lütf və nəvazişlərini göstərməkdən usanmırlar. Ermənistanın rəhbərliyində təmsil olunanların əksəriyyətinin bu və digər dərəcədə Xocalı soyqırımının baş verməsində birbaşa iştirak etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, onlar cinayət törətmiş canidirlər və bunu özləri də gizlətmirlər: “Ayrı-ayrı dövlətlər tərəfindən belə cinayətkarların lütf və nəvazişlə qəbul olunması riyakarlığın ən yüksək pilləsidir. Təkcə bu fakt Xocalı faciəsinin nümunəsi əsasında dünyada nə qədər böyük ikili standartların mövcud olduğunu təsdiqləyir. Məhz ikili standartlar dünyada haqq və ədalətin bərpa olunmasının qarşısında ən böyük maneəyə çevrilib”.
Əli Əhmədovun fikrincə, ikili standartların olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik.
Qarşımızda duran əsas vəzifələrdən birinin bu faciələrin unudulmamasının olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, digər bir vəzifə isə Xocalı həqiqətlərini bütün dünyaya yaymaqdan ibarətdir. “Bu istiqamətdə müvafiq tədbirlər görülür, hökumət qurumları, qeyri-hökumət təşkilatları, gənclərimiz mühüm addımlar atırlar. Çalışmalıyıq ki, nəticə etibarilə biz beynəlxalq müstəvidə Xocalı faciəsi və onu törədənlərlə bağlı hüquqi-siyasi qiymətin verilməsinə nail ola bilək. İlk mərhələdə geniş təbliğat işləri başlıca komponent olmalıdır ki, bu yöndə işlər davam edir. Ən mühüm vəzifəmiz torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaq, məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etməkdən ibarət olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın potensialının artması, ordumuzun misli görünməmiş dərəcədə güclənməsi, döyüş qüdrətinin artması bu vəzifənin reallaşması üçün lazım olan imkanı yaradır. Bu gün Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək imkanlarına malikdir. Biz heç zaman qisasçılıq təbliğatı aparmamışıq. Bizim təbliğatımızın məqsədi ədalətin bərpa olunmasıdır. Ədalətin bərpa olunması isə hər şeydən əvvəl torpaqlarımızın işğaldan azad olunması, Xocalı və digər faciələri törədənlərin qanun qarşısında cavab verməsinin təmin edilməsi anlamına gəlir. Ədalətin öz yerini tapması üçün bütün Azərbaycan cəmiyyəti öz səylərini birləşdirmək zorundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti bu istiqamətdə zəruri olan işləri həyata keçirir”, - deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həllinin tərəfdarıdır. Bu imkanların tükənmədiyini deyən Əli Əhmədovun sözlərinə görə, Ermənistan münaqişənin sülh yolu ilə həllinə maneələr törədir.
O, həmçinin qeyd edib ki, münaqişənin həlli üçün böyük missiyanı və məsuliyyəti öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu vəzifəsinin öhdəsindən gələ bilmir: “Son zamanlar Azərbaycan cəmiyyətində formalaşmış ümumi rəy bundan ibarətdir ki, Minsk qrupu və onun həmsədrləri daha çox illüziyalar yaratmaq üzərində işləyir, nəinki münaqişənin həlli üçün real addımlar atır. Buna görə də, cəmiyyətimizdə münaqişənin ədalətli və dinc yolla həlli prosesində Minsk qrupunun fəaliyyətinə şübhələr artmaqdadır. Yenə də rəyimiz bundan ibarətdir ki, əgər Minsk qrupu öz fəaliyyətində ciddi dəyişikliklərə nail olmasa, münaqişənin ədalətli şəkildə həll olunması üçün düzgün mövqe ortaya qoymasa, açıq şəkildə işğalçının adını çəkməsə, problemin sülh yolu ilə həlli çox çətin olacaq. Azərbaycan cəmiyyəti bu inamını itirmək üzrədir. Minsk qrupu da bundan müvafiq nəticələr çıxarmalıdır. Minsk qrupu elə bataqlığa düşüb ki, oradan çıxmağa çalışmır və yəqin ki, çıxa bilməyəcək. Bütün bunlara baxmayaraq, münaqişənin dinc yolla həlli üçün imkanlar tükənməyib. Bu imkan tükənsə yeganə yol ordumuzun xalqın iradəsini ifadə edərək torpaqlarımızı işğaldan azad etməsi olacaq. Bunun üçün bütün imkanlar var. Azərbaycan inkişaf baxımından işğalçı Ermənistanı müqayisəolunmaz dərəcədə üstələyir. Azərbaycan inkişaf etdikcə, Ermənistanın tənəzzülü dərinləşir. Eləcə də demoqrafik vəziyyət baxımından da böyük fərqlər var. Azərbaycan bütün parametrlər üzrə müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Ermənistan isə müstəqil deyil”.
YAP Sədrinin müavini çıxışında Xocalı soyqırımının təbliğ olunması ilə bağlı gənclərə öz tövsiyələrini verib. Gənclərin bu təbliğat prosesində fəal iştirak etdiyini deyən Əli Əhmədov bu fəallığın səmərəli olduğunu vurğulayıb. YAP-ın böyük gənclər ordusunun da bu işə öz töhfələrini verdiyini və bunun davamlı olduğunu deyən Əli Əhmədov gənclərə bu prosesdə daha da fəal olmağı tövsiyə edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır: “Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə beynəlxalq miqyasda ardıcıl tədbirlər həyata keçirilir, insanlıq əleyhinə olan bu cinayətin ifşası istiqamətində xeyli işlər görülür, xarici dillərdə kitablar, sənədlər dərc olunur. Məhz bu siyasətin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu bir qurum Xocalı hadisələrinə qiymət verib. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fondun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il bir çox ölkələrin paytaxtlarında və iri şəhərlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində bu kampaniyaların sistemli və ardıcıl olaraq aparılması artıq öz bəhrəsini verməkdədir”.
E.İbrahimov deyib ki, bir çox ölkələrin parlamentləri Xocalı faciəsinin tanınması və onun soyqırımı kimi qiymətləndirilməsi barədə müvafiq sənədlər qəbul edib: “Təkcə onu demək kifayətdir ki, ABŞ-ın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bu proses hazırda uğurla davam etdirilir və ermənilərin cəhdlərinə baxmayaraq beynəlxalq təşkilatlar və ölkələr ermənilərin təcavüzkar və insanlığa sığmayan siyasətini anlayaraq ona düzgün qiymət verməkdə davam edirlər”.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov da çıxışında Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirib, gənclərə tövsiyələrini verib. O deyib ki, Xocalı soyqırımı bəşər tarixində böyük cinayətdir. İcra başçısı onu da qeyd edib ki, Binəqədi rayonu ərazisində məskunlaşmış Xocalı sakinlərinə daim diqqət və qayğı göstərilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

