Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla İran arasında iqtisadi sahədə əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Azərbaycanla İran arasında iqtisadi sahədə əməkdaşlıq yüksələn xətlə inkişaf edir

26.02.2016 [10:27]

Prezident İlham Əliyev: Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır
Azərbaycanın çoxistiqamətli balanslaşdırılmış xarici siyasətində qlobal əməkdaşlığın paritet əsaslarla möhkəmləndirilməsi ilə yanaşı, region dövlətləri ilə sıx iqtisadi münasibətlər qurulması xətti də mühüm yer tutur. Məlumdur ki, davamlı inkişaf strategiyasının uğurla reallaşdırılması sayəsində respublikamız regionun lider dövlətinə çevrilib. Ölkəmizin siyasi nüfuzu və iqtisadi potensialı o səviyyədə artıb ki, regionda qlobal əhəmiyyət daşıyan yeni təşəbbüsləri və layihələri Azərbaycanın iştirakı olmadan reallaşdırmaq mümkün deyil. Azərbaycanın regionda müsbət imicini formalaşdıran xarakterik cəhət isə ondan ibarətdir ki, ölkəmiz daim bütövlükdə regionun inkişafına yönələn əməkdaşlıq platformalarından çıxış edir. İndiyədək Azərbaycanın fəal iştirakı ilə qlobal əhəmiyyət daşıyan və region ölkələrinin inkişafına xidmət edən, bütün tərəfdaşlara mənfəət gətirən bir sıra layihələr uğurla reallaşdırılıb. Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla regionun bütün dövlətləri ilə sıx siyasi və iqtisadi əməkdaşlıq qurması ölkəmizin və xalqımızın ikitərəfli və çoxtərəfli münasibətlərdə xoş niyyətini ifadə edir.
Respublikamızın mehriban qonşuluq münasibətləri zəminində siyasi-iqtisadi əlaqələrini getdikcə dərinləşdirdiyi ölkələrdən biri də qonşu İran İslam Respublikasıdır. Azərbaycanla İran arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkə keçmişdən gələn dostluq əlaqələrinə bu gün də sadiqlik nümayiş etdirərək bir-birlərinin suveren hüquqlarına böyük hörmətlə yanaşır, eyni zamanda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlamətdar haldır ki, hazırda qlobal məkanda və regionda bir sıra gərginliklər yaşanmasına baxmayaraq, həm Azərbaycanda, həm də dost İranda sabitlik və əmin-amanlıq hökm sürür. Hər iki ölkə region üçün təhlükə yaradan münaqişələrin tezliklə sülh yolu ilə tənzimlənməsinə siyasi iradə nümayiş etdirir. Azərbaycan, öz növbəsində, dost İrana qarşı bir neçə il davam edən iqtisadi sanksiyaların aradan qaldırılmasını alqışlayır və bunu bütövlükdə regionun inkişafına müsbət təsir göstərən amil kimi dəyərləndirir. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri böyük uğurla başa çatıb. Azərbaycanın dövlət başçısının qonşu ölkəyə səfəri çərçivəsində keçirilən görüşlərdə tərəflər belə bir möhkəm qənaət ifadə ediblər ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın potensialı hazırkı səviyyədən daha yüksəkdir.
Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələrinin böyük perspektivi var
Qeyd etdiyimiz kimi, Azərbaycan-İran əlaqələri möhkəm təmələ söykənir. İki ölkəni bir sıra ortaq tarixi-mədəni-dini dəyərlər birləşdirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dost ölkəyə səfəri çərçivəsində də möhkəm zəminə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.
İki dost ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycanda 450-dək İran investisiyalı şirkət fəaliyyət göstərir. İki ölkənin müvafiq qurumları, iş adamları vaxtaşırı görüşərək əməkdaşlığın yeni imkanlarını müzakirə edirlər. Mütəmadi qaydada həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır . Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir. Bəhs olunan dövlət komissiyası son vaxtlar iki ölkə arasında əlaqələrin dərinləşməsinə yönələn bir sıra yeni təkliflərlə çıxış edib. Hazırda həmin təkliflər nəzərdən keçirilir.
Ümumiyyətlə, Azərbaycanla İran arasında əməkdaşlığın böyük perspektivi var. Hər iki ölkə qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə və yeni sahələri əhatə etməsinə böyük siyasi iradə nümayiş etdirir. Yeri gəlmişkən, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxışlarında ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı nikbin fikirlər ifadə ediblər. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə edib: “Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır” .
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri çərçivəsində iqtisadi bloku əhatə edən bir sıra mühüm sənədlər imzalanıb ki, bu da hər iki ölkənin bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətini ifadə edir. İki dost ölkənin dövlət başçılarının iştirakı ilə imzalanan sənədlər sırasında “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”ni və digər sənədləri misal göstərə bilərik. Əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək, ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək. Şübhə yoxdur ki, Azərbaycanla İran arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və mövcud potensialın tam realizə olunması üçün bundan sonra da lazımi tədbirlər görüləcək.
Gələcəkdə Azərbaycanla İran arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək
Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan müstəqillik illərində regional və qlobal əhəmiyyət daşıyan bir sıra yeni, diversifikasiya edilmiş enerji layihələrini reallaşdırmağa nail olub. Şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Qeyd olunan tarixdə Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontraktın imzalanması ilə Xəzər ölkəmizin hərtərəfli inkişafını şərtləndirən xoşməramlı əməkdaşlıq mərkəzinə çevrildi. “Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başlayıb. Ölkəmizin enerji müstəqilliyi tam təmin olunub.
Azərbaycan xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Respublikamızın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən İran şirkətləri sərmayədarlar kimi iştirak edirlər. Gələcəkdə İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonşu ölkəyə səfəri çərçivəsində keçirilən görüşlərdə Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə edilib. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsinin yaxşı nəticələr vəd etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır”.
Onu da vurğulamaq yerinə düşər ki, energetika sahəsində əməkdaşlıq təkcə İran-Azərbaycan əlaqələri ilə məhdudlaşmayacaq. Qonşu ölkələrin bu layihələrə qoşulması onlara regional və transmilli məzmun verəcək. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcəkdir” .
Qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar mövcuddur
Azərbaycanla İran arasında əməkdaşlıq iqtisadi sektorun müxtəlif sahələrini əhatə edə bilər. Hər iki ölkədə qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar mövcuddur. Qonşu ölkənin iş adamları Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnərək respublikamızda müxtəlif sahələrə investisiyalar yönəltməkdə maraqlıdırlar. Hazırda Azərbaycanda 450-dək İran investisiyalı şirkət fəaliyyət göstərir. Şübhə yoxdur ki, gələcəkdə qonşu ölkədən Azərbaycana daha böyük həcmlərdə sərmayələr yönəldiləcək. Məlumdur ki, hazırda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Ölkəmiz, eyni zamanda, xarici sərmayələrin cəlb edilməsində maraqlıdır. Ötən il respublikamıza təxminən 20 milyard dollar həcmində investisiyalar yönəldilib ki, bunun da yarısı xarici sərmayələrdir. Eyni zamanda, sanksiyaların aradan qaldırılmasından sonra İran iqtisadiyyatında da aktivliyin və investisiya cəlbediciliyinin artacağı proqnozlaşdırılır. Hazırda qonşu ölkədə sanksiyaların ləğvi fonunda yaranan yeni iqtisadi şəraitin yaratdığı imkanlardan faydalanmaq istiqamətində mühüm tədbirlər görüləcəyinin, bir sıra vacib iqtisadi islahatlar aparılacağının anonsu verilib. Bu isə Azərbaycanın iş adamları üçün də İranın sərmayə bazarına daha aktiv daxil olmaq imkanı deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər iki ölkədə ciddi islahatlar aparıldığına diqqət çəkərək qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar olduğunu bildirib: “Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31