Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı: rəsmi Bakının sabit mövqeyi
10.03.2016 [10:00]
Qlobal miqyasda geosiyasi mənzərənin mürəkkəbləşməsi fonunda Avropa İttifaqının (Aİ) müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlərlə əməkdaşlığında son zamanlar qeyri-müəyyən məqamlar özünü göstərir. Xüsusilə ikili standartlar siyasəti və islamofobiyanın təzahürləri meydana bir sıra suallar atır. Aİ-nin bəzi təsisatlarının Azərbaycana qarşı qərəzli mövqe tutması, əsassız ittihamlar irəli sürməsi vəziyyəti mürəkkəbləşdirir. Ancaq Prezident İlham Əliyevin Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Qərblə əməkdaşlığın strateji aspektlərinə gətirdiyi aydınlıq olduqca əhəmiyyətli oldu. Çünki bununla avropalı siyasətçilər bir daha Azərbaycan rəhbərliyinin Aİ ilə əlaqələri sistemli və səmimi şəkildə inkişaf etdirmək kursunu dəyişmədiyinə şahid oldular. Bakı müstəqil siyasi kursunu daim inkişaf etdirir və seçdiyi yoldan imtina etmək fikrində deyil.
Xarici siyasətdə müstəqillik və ardıcıllıq: Azərbaycan nümunə göstərir
Azərbaycanın xarici siyasətində Avropanın xüsusi yer tutduğunu ölkə rəhbəri dəfələrlə vurğulayıb. Dünyada cərəyan edən mürəkkəb proseslərin fonunda prioritetlərin dəyişə bilməsi haqqında da müəyyən fikirlər səsləndirilib. Digər tərəfdən, Aİ ikili standartlar siyasəti ilə özünü etibardan sala bilər. Bir sıra Qərb ölkəsində islamofobiyanın genişlənməsi, müsəlman miqrantlara qarşı ədalətsiz münasibət müəyyən suallar meydana çıxarıb.
Bunlardan başqa, Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə lazımi səviyyədə ədalət nümayiş etdirib təcavüzkara qarşı konkret addımlar atmır. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, hələlik onun səmərəli fəaliyyəti hiss edilmir. Almaniya kimi böyük Avropa dövləti də Minsk qrupunun üzvü olaraq münaqişənin həllində lazımi qətiyyəti göstərmir.
Son dövrlərdə Avropada maliyyə böhranının kəskinləşməsi və Aİ-nin bəzi təsisatlarının Azərbaycanla bağlı qərəzli sənədlər hazırlaması, bir sıra əsassız ittihamlar irəli sürməsi əlaqələrin taleyini sual altına qoymuşdu. Bunun fonunda da qurumun yeni müstəqil dövlətlərlə əməkdaşlıq proqramlarının reallaşmasında çətinliklər yaranmışdı. O cümlədən Aİ-yə assosiativ üzvlük məsələsində mövcud olan qeyri-müəyyən məqamlardan danışılırdı.
Lakin Azərbaycan rəhbərliyi bu cür mürəkkəbliklərə baxmayaraq, müstəqil xarici siyasətini dönmədən həyata keçirməkdədir. Həmin kontekstdə rəsmi Bakı Aİ ilə əməkdaşlığın pozitiv aspektlərini inkişaf etdirməkdədir. Dövlət başçısı Avropa ölkələri ilə əlaqələrin strateji cəhətini daim vurğulayır və iştirakçısı olduğu layihələrin həyata keçirilməsində tam səmimiyyət nümayiş etdirir. Avropalı siyasətçilər fevralın 29-da Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bunun bir daha şahidi oldular. Həmin tədbirdə Azərbaycan Prezidenti Aİ ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin çox mühüm aspektlərini önə çəkdi.
Prezident İlham Əliyevin bu məsələdə irəli sürdüyü tezislər strateji mahiyyətlidir və bərabərhüquqlu tərəfdaşlığın gözəl nümunəsidir. Prezident İlham Əliyev öncə “Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialı var” deyə vurğulayır (bax: Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib / AZƏRTAC, 29 fevral 2016).
Burada söhbətin yalnız enerji təhlükəsizliyindən getmədiyi ayrıca qeyd edilir. Ümumiyyətlə, Azərbaycan Aİ ilə “siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyir” (bax: əvvəlki mənbəyə). Dövlət başçısı fikrini davam etdirərək konkret istiqamətləri də ifadə edir: birincisi, “Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır” (“Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür”), ikincisi, regionda təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edilir, üçüncüsü, müxtəlif sahələr üzrə proqnozlaşdırma istiqamətində əlaqələr mövcuddur, dördüncüsü, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işlər aparılır və s. (bax: əvvəlki mənbəyə).
Strateji əməkdaşlıqda etibarlılıq: Brüsselin ikili standartlardan imtinası
Deməli, Azərbaycan Aİ-yə strateji tərəfdaş kimi yanaşır və əməlində bunu konkret faktlarla sübut edir. Təqdirəlayiqdir ki, rəsmi Bakı Aİ-nin müəyyən tərəddüdlərinə və ikili standartlar praktikasına üstünlük verməsinə baxmayaraq, seçdiyi kursdan imtina etmir. Ölkə başçısı ifadə edib: “Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub. Biz üzv dövlətlərlə və bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi davam və gücləndirmək istəyirik” (bax: əvvəlki mənbəyə).
Yəni Azərbaycan bu təşkilatla münasibətlərində kifayət qədər sistemli və səmərəli mövqe tutub. Həmin kursun əsasını Ulu öndər Heydər Əliyev qoyub və indi bu kurs Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Bunun üçün real əsaslar var. Prezident İlham Əliyev toplantıda ayrıca vurğulayıb ki, Azərbaycan Aİ üzvü olan ölkələrin üçdə biri ilə “... strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri artıq imzalayıb və ya qəbul edib. Bu, əslində, əməkdaşlığımızın mahiyyətini əks etdirir” (bax: əvvəlki mənbəyə).
Yuxarıda qeyd olunanları nəzərə alsaq, ölkə başçısının Aİ ilə əməkdaşlıqda milli təhlükəsizlik məsələsini önə çəkməsinin tam məntiqli olduğunu görərik. Belə ki, müasir geosiyasi reallıqlar təhlükəsizliyin kompleks xarakterli faktorlarla sıx bağlı olduğunu təsdiq edir. Burada enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti haqqında da danışmaq mümkündür. Həmin aspektdə “Cənub qaz dəhlizi” həm də milli təhlükəsizliyin təmininə xidmət edən layihədir.
Bu məqam çox maraqlı bir özəlliyi aktuallaşdırır. Deyilənlərdən aydın olur ki, Azərbaycan öz milli təhlükəsizliyi məsələsini, ümumən, Avropanın təhlükəsizliyi ilə sıx əlaqədə görür. Strateji aspektdə bu, Bakının Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlıq niyyətindən xəbər verir. Deməli, Azərbaycan özünün milli təhlükəsizliyini həyata keçirdiyi müstəqil siyasəti ilə təmin etmək kursunu reallaşdırır.
Müqayisə üçün deyək ki, Ermənistan bu səviyyədə siyasət yeritməkdən məhrumdur. O, öz milli təhlükəsizliyini təmin edə biləcək real potensiala və fəaliyyət kursuna malik deyil. İrəvanın ipi Kremlin əlindədir. Bu barədə Ermənistanın ekspertləri də fikir bildirirlər. Məsələn, erməni ekspertlərdən biri yazır: “Qərb Ermənistanın öz suverenliyini qoruyub saxladığını dəqiqləşdirmək istəyir. Bu, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi və Rusiyanın Ermənistanda hərbi mövcudluğunu açıqca ifadə etməsi... fonunda daha aydın özünü göstərir” (bax: Naira Ayrumən. Evrosoöz xoçet utoçnitğ, əvləetsə li Armeniə suverennoy / “Lragir.am”, 29 fevral 2016).
Bunlar Ermənistanın xarici siyasətinin real vəziyyətini əks etdirən bir fraqment, özü də daha dolğun ifadə edilməyən bir fraqmentdir. Ümumi mənzərə rəsmi İrəvan üçün daha faciəvidir. Deməli, Ermənistan rəhbərliyi həyata keçirdiyi “xarici siyasət xətti” ilə özünün suverenliyini təmin etmək imkanından məhrum olub. Gürcüstanın da həmin aspektdə bir sıra çətinlikləri vardır. Onlar haqqında gürcü KİV-i kifayət qədər informasiyalar yayıb.
Bu kimi faktların fonunda Azərbaycan rəhbərliyinin suverenliyin təmini məsələsini Avropa ilə sıx əməkdaşlıq kontekstində nəzərdən keçirməsi çox mühüm bir hadisədir. Digər məqamlarla yanaşı, həm də ona görə ki, Bakı eyni uğurla regionun böyük ölkələri olan Rusiya, İran və Türkiyə ilə əlaqələri gücləndirir. Prezident İlham Əliyevin İrana son səfəri, Rusiya Prezidenti ilə apardığı telefon danışıqları və yüksək səviyyəli Rusiya rəsmi nümayəndələrinin Bakıya gəlişi, Türkiyə ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirməklə bağlı müzakirələrin nəzərdə tutulması bu tezisin əsaslı olduğunu göstərir.
Bütün bunlara görə dövlət başçısı İlham Əliyev adıçəkilən toplantıda əminliklə bəyan edir: “Biz güclü tərəfdaşlıq qurmuşuq. Xanım Moqerininin qeyd etdiyi kimi, söhbət yalnız enerjidən getmir. Bu gün biz gələn bir neçə il üçün əsl tərəfdaşlıq yaratmışıq. Əməkdaşlığımız layihə başa çatdıqdan sonra bitməyəcək, davam edəcək. Əminəm ki, daha fəal əməkdaşlıq layihə başa çatdıqdan sonra reallaşacaq. Çünki hamımız bir-birimizlə bağlı və bir-birimizdən asılı olacağıq. “Cənub Qaz Dəhlizi” layihəsi bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Bu, enerji təhlükəsizliyi layihəsidir” (bax: əvvəlki mənbəyə).
Onu da deyək ki, Azərbaycan rəhbəri “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin təmsilçilərinin toplantısında ABŞ-la da əməkdaşlığın perspektivlərindən böyük ümidlə danışıb. Biz, bütövlükdə, Qərblə münasibətlərin yeni səviyyəyə yüksəlməsinin şahidi oluruq. Şübhəsiz ki, bunların tam reallaşması üçün Qərbin, ilk növbədə, ikili standartlardan imtina etməsi lazımdır. Azərbaycan tərəfi öz səmimi sözünü deyib. İndi növbə Qərbindir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

