Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dördüncü Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini sessiyalarla davam etdirib

Dördüncü Qlobal Bakı Forumu rəsmi hissədən sonra işini sessiyalarla davam etdirib

11.03.2016 [10:19]

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Forum rəsmi hissədən sonra işini sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger belə mötəbər tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin “Biz mövcud problemləri həll etməsək, gələcəkdə daha böyük çətinliklərlə qarşılaşacağıq” sözlərini xatırladan C.Bolger sessiyada bir neçə vacib məsələyə, xüsusən də qaçqınlarla bağlı problemlərə toxunulacağını diqqətə çatdırıb, son illərdə get-gedə daha çox insanın qaçqına çevrildiyini qeyd edib.
Tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç bir neçə il əvvəl ölkəsinin ciddi böhranlarla qarşı-qarşıya qaldığını vurğulayıb. Qeyd edib ki, artıq bu böhranlar arxada qalıb və ölkəmiz dinamik inkişaf etsə də, həmin ağır dövrdən dərs çıxarmağa çalışırıq. O, münaqişələrin həllində tərəflərin bir-birini qarşılıqlı anlamalarının və kompromislərin əhəmiyyətini qeyd edib. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını qeyd edən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışıb.
Albaniyanın Prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, müasir dünyada yaşanan problemlərin bu Forumda müzakirə edilməsini yüksək qiymətləndirib. Albaniyanın İkinci Dünya müharibəsindən sonrakı tarixinə nəzər salan B.Nişani bildirib ki, təhlükəsizliyin pozulması təkcə bizim region üçün təhdid deyil. Bu, bütün cəmiyyətlər və ölkələr üçün ciddi təhlükədir. NATO-nun üzvü olan Albaniya məhz sivilizasiyanı, sivil inkişafı, sülhü və azadlığı qorumaq üçün beynəlxalq terrorizmə qarşı antiterror əməliyyatlarında fəal iştirak edir.
Regionda yaşanan problemlərdən danışan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili beynəlxalq layihələrin iştirakçısına çevrilən ölkəsinin Avropaya sürətlə inteqrasiya etdiyini, “Şərq Tərəfdaşlığı” Proqramında fəal olduğunu bildirib. O, regionda sabitliyin bərpası üçün Gürcüstanın bütün qonşularla fəal əməkdaşlıq etdiyini, bölgədə mühüm strateji əhəmiyyətə malik ortaq layihələrin icra olunduğunu deyib. G.Marqvelaşvili Gürcüstanın xüsusilə Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söyləyib. Gürcüstan Prezidenti deyib: “Biz çalışırıq ki, regionun çiçəklənməsinə, sülhün təmin olunmasına töhfə verək. Ona görə biz elə həll yolu təklif etmək istəyirik ki, regionda bütün tərəflərin maraqlarına cavab versin”.
Monteneqronun Prezidenti Filip Vuyanoviç bu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirərək Forumun qlobal əhəmiyyətli çağırışlarla çıxış etdiyini diqqətə çatdırıb. Ölkələrin inkişaf səviyyəsinin qeyri-bərabər olmasının miqrasiya proseslərinə mühüm təsir etdiyini vurğulayan F.Vuyanoviç deyib ki, Minilliyin İnkişaf Məqsədlərində də əksini tapan yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının yaradılması, iqlim dəyişikliyi və s. hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Həmin dəyərlərə sadiq qalan Monteneqro da bu prosesdə səylərini əsirgəmir. O, beynəlxalq sülhün və əməkdaşlığın inkişafında etnik və dini tolerantlığın mühüm rol oynadığını bildirib.
Makedoniya Prezidenti George İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymalarının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq problemlərin həlli üçün dövlətlər öz aralarında düzgün əlaqələndirməni təmin etməlidirlər. XXI əsrin ən müasir texnologiyalarından istifadə edən beynəlxalq terrorçu qruplaşmalarla mübarizədə beynəlxalq təşkilatlar hələ də passiv mövqe nümayiş etdirir, müəyyən bəyannamə və qərarların qəbulu ilə bu problemlərlə mübarizə aparmağa çalışırlar. Bu da həmin terrorçu qruplaşmaların öz fəaliyyətlərini daha da genişləndirmələrinə şərait yaradır.
Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland beynəlxalq problemlərin həllində, xüsusən iqlim dəyişikliyi ilə əlaqədar artıq daha çox ölkənin öz səslərini ucaltdıqlarını, bu prosesə fəal şəkildə qoşulduqlarını vurğulayıb. Hamı anlayır ki, bu problemi səylərin birləşdirilməsi nəticəsində həll etmək mümkündür. Bütün problemlərin həlli yollarının və imkanlarının olduğunu bildirən sabiq Baş nazir bu baxımdan dünyanın aparıcı dövlətlərinin üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd edib.
İsrailin sabiq Baş naziri Ehud Barak çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizmə toxunub. İsrail-Fələstin münaqişəsinin həlli üçün liderlərin daha ciddi səy göstərmələrinin vacibliyini qeyd edən sabiq Baş nazir bu prosesin başa çatdırılması üçün güclü siyasi iradənin ortaya qoyulmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq Prezidenti Tarya Halonen bu prosesdə QHT-lərin də dövlətlər qədər mühüm rol oynadığını və həmin təsisatların səylərini artırmalı olduqlarını qeyd edib. Sabiq Prezident deyib ki, biz dayanıqlı inkişafı təmin etmək üçün, xüsusən biznesi təşviq etməli, ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirməliyik. Çıxışının sonunda Forumun əhəmiyyətini yüksək qiymətləndirən T.Halonen bu mötəbər tədbirdə gənclərin də fikirlərinə yer verilməsini problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını bildirib.
* * *
“Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun ikinci sessiyasında “Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva aparılan müzakirələri dinləyib.
İsveçin Suriyadakı səfiri Piter Semnebinin moderatorluğu ilə keçirilən sessiyada İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, bu ölkənin sabiq xarici işlər naziri Franko Frattini Avropa İttifaqının Suriyadakı problemin həlli yollarının axtarışına çalışdığını qeyd edib.
Dəhşətli böhranın mənbəyinin bütövlükdə Avropanı narahat etdiyini bildirən F.Frattini İtaliyanın müxtəlif qruplaşmaların əlindəki silahların onlardan alınaraq baş verə biləcək terrorun qarşısına sədd çəkilməsinə çalışdığını söyləyərək deyib: “Biz silahlandırmanın əleyhinəyik. Biz Avropa müdafiə siyasətinin tərəfdarıyıq. Qaçqınların vəziyyətindən istifadə edərək insan alveri ilə məşğul olan cinayətkar dəstələrin qarşısını almaq üçün səylərimizi birləşdirməliyik”.
Ölkəsinin 25 mindən çox qaçqın qəbul etdiyini söyləyən Kanadanın sabiq Baş naziri Jan Çretien bunun humanitar cəhətdən müsbət hal olduğunu, mənəvi dəyərlərin təbliğinə xidmət etdiyini vurğulayıb. Hər hansı bir fərdin terror törətmək niyyəti varsa, qaçqın olmadan da digər vasitələrlə ölkəyə daxil ola biləcəyini diqqətə çatdıran J.Çretien bu cür əməllərin qarşısının BMT-nin himayəsi altında alınmasının vacibliyini bildirib. Əməkdaşlığın inkişafının önəminə toxunan Kanadanın sabiq Baş naziri müharibədən sonrakı dövrdə insanların üzləşdiyi işsizlik, aclıq və digər böhranların aradan qaldırılması üçün birgə çalışmağın əhəmiyyətini qeyd edib.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç ölkəsinin uzun illər münaqişələrdən əziyyət çəkdiyini, o dövrdə beynəlxalq yardımın məhdud səviyyədə olduğunu söyləyib. Suriya məsələsinin müzakirəyə ehtiyacı olduğunu deyən S.Mesiç bu böhranın həllində NATO-nun motivlərindən istifadə edilməsinin vacibliyinə toxunub. Bu problemin həlli üçün böyük dövlətlərin bir araya gələrək səyləri birləşdirməsinin önəmini qeyd edən sabiq Prezident deyib: “Yekun olaraq təfərrüatları nəzərdən keçirməliyik. Suriyada əsrlər boyu multikulturalizm və bütün dinlərin azadlığı mövcud olub. Əfsuslar olsun ki, hazırda bu millətlər təqibə məruz qalırlar. Avropa Suriyadakı böhranın həlli üçün strateji məqamları nəzərə almalıdır”.
Suriyada çoxlu sayda nümayişlərin, etiraz aksiyalarının keçirildiyini deyən Livanın sabiq Prezidenti Amine Gemayel bu narazılıqlar nəticəsində əhalinin ölkəni tərk edərək Avropaya üz tutduğunu, bunun getdikcə böyüyən qlobal problemə çevrildiyini bildirərək deyib: “Bu, böyük fəlakətdir. Bu problem iqtisadi, sosial baxımdan gündən-günə çətinləşir. Dini zəmində münaqişələrin şahidi oluruq. Bu ölkələrdə icmalar arasında fərqlər ciddi problemlər yaradır. İcmalarda olan fanatiklərin hərəkətə keçməsi inqilabların baş verməsinə gətirib çıxarır. Livanda qaçqınların işlə təmin olunması yerli əhalinin işsiz qalmasına səbəb olur. Bu da cəmiyyətdə növbəti problemlər yaradır”.
IV Qlobal Bakı Forumunun təşkilatçılarına təşəkkürünü bildirən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin Azərbaycan paytaxtının inkişafının onda xoş təəssürat yaratdığını, bu cür tədbirlərin müzakirəyə ehtiyacı olan məsələlərin həlli baxımından əhəmiyyətini qeyd edib. Forumun əlverişli platformaya çevrildiyini vurğulayan H.Çetin müstəqilliyin bərpasından sonra Azərbaycana səfər edən ilk xarici işlər naziri olaraq ölkəmizin ötən müddətdə inanılmaz inkişafa nail olduğunu deyib. “Soyuq müharibə” başa çatdıqdan sonra bir çox yeni problemlərin yarandığını qeyd edən H.Çetin Dağlıq Qarabağ münaqişəsinin və digər münaqişələrin həll edilməməsinin beynəlxalq ictimaiyyətin bu məsələlərdən bir qədər kənarda qalması ilə səciyyələndirərək deyib: “Biz münaqişələri həll edə bilmirik və problemlər getdikcə dondurulmuş münaqişəyə çevrilir. Beynəlxalq ictimaiyyət, əsas dövlətlər bu məsələlərə soyuq yanaşırlar. Demokratiyanı kənardan ölkəyə gətirmək mümkün deyil. Bəzi ölkələrdə bunu tətbiq etməyə çalışsalar da, bu, daha böyük böhrana səbəb olur”.
* * *
Dördüncü Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda üçüncü sessiya keçirilib.
Sessiyanın moderatoru Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, səfir Fransis O’Donnell Forumun əhəmiyyətini vurğulayaraq tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.
Mövzu ilə bağlı fikirlərini bölüşən F.O’Donnell BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ukrayna və digər regionlardakı münaqişələrin həllindəki roluna aydınlıq gətirilməli olduğunu vurğulayıb.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qəbul olunan beynəlxalq sənədlərə hörmətlə yanaşılmasından danışıb. Konkret olaraq o, nüvə silahının yayılmaması ilə bağlı memoranduma və razılaşmalara əməl edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Sabiq Prezident deyib ki, belə sənədlərin olması vacibdir, lakin onların icrası da zəruridir. Ona görə ki, sonradan münaqişəli vəziyyətlər yaranmasın.
Donbas, Dağlıq Qarabağ, Dnepryanı, Cənubi Osetiya, Abxaziya münaqişələrinin postsovet məkanında çətin həll edilən problemlərdən olduğunu deyən Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko bu separatçı rejimlərin “marionet hökumətlər” tərəfindən idarə olunduğunu bildirib. O, ölkəsindəki münaqişənin bir sıra özəllikləri haqqında danışaraq onun həlli ilə bağlı öz baxışlarını diqqətə çatdırıb.
Polşanın sabiq Prezidenti Bronislav Komorovski Ukraynada və digər ölkələrdəki münaqişələrin regionun inkişafına təsir etdiyini vurğulayıb. B.Komorovski deyib: “Ukraynanın vəziyyətdən necə çıxacağı ümumilikdə Avropa və region ölkələri üçün bir sınaqdır. Çünki hərbi güclə müşayiət olunan istənilən münaqişə qonşu ölkələrə təsirsiz ötüşmür və bu təsirin mənfi siyasi, iqtisadi, sosial nəticələri var”.
Rusiyanın sabiq Baş naziri Viktor Zubkov ilk növbədə Forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, bir çox münaqişələrin ikiqütblü dünyanın dağılmasından sonra yarandığını söyləyib. Sabiq Baş nazir Ukraynadakı vəziyyətdən danışaraq münaqişənin həllində dialoqun qurulmasının vacib olduğunu qeyd edib.
Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonita Ukraynanın təhlükəsizliyi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də həllində qəti səylərin göstərilməsinin vacibliyini qeyd edib. O, istənilən ölkənin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıb. Nazir müavini deyib: “Ölkələrin ərazi bütövlüyü məsələsinə diqqətin az olmasının nəticəsidir ki, hazırda bir çox regionlarda münaqişələr baş verir, İŞİD və digər terror qruplaşmaları yaranır”.
D.İonita Ukraynadakı münaqişənin həllində danışıqların aparılmasının, razılaşdırılmış sənədlərə əməl edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Avropada istənilən münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalı və beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalıdır.
Forumun dünyanı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu deyən İrlandiyanın sabiq Baş naziri Berti Ahern tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O, istənilən münaqişənin insan itkilərinə, iqtisadi böhrana, humanitar fəlakətə səbəb olduğunu qeyd edib. B.Ahern vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli üçün digər ölkələr də fəal olmalı, xoş məram nümayiş etdirməlidir.
* * *
Forum işini martın 11-də davam etdirəcək.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31