Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 31 mart soyqırımı - erməni terrorizminin növbəti səhifəsi

31 mart soyqırımı - erməni terrorizminin növbəti səhifəsi

30.03.2016 [11:18]

1918-ci ildə törədilmiş və on minlərlə insanın qətlə yetirildiyi bu soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri vəhşiliklərin növbəti mərhələsi olmuşdur
Ermənilərin yüz illərdir ki, xalqımıza qarşı həyata keçirdiyi terror siyasətinin ən qanlı səhifələrindən biri də ötən əsrin əvvəlində baş vermiş 31 mart soyqırımıdır. 1918-ci ildə baş vermiş bu qanlı olay, demək olar ki, bütünlüklə Azərbaycan ərazisini əhatə edib. Əslində, bu mənfur siyasətin arxasında dayanan məqam birdir - Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyası. XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilərdi. Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər bu üsuldan istifadə etdilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan siyasətin tərkib hissəsi idi.
Tarixdən də bəlli olduğu kimi, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Britaniya hökumətindən yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin işbirliyini təmin edib. 1918-ci ildə martın 9-da Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gələn general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs edilir və qarşıdurmanın ilk anları yaşanır. Nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlayırlar. Müxtəlif cəbhələrdən Bakıya gətirilmiş 7 min erməni əsgəri, eləcə də “Qırmızı Qvardiya” adı altında yaradılan və böyük əksəriyyəti ermənilərdən ibarət 10-12 minlik ordu martın 30-da axşam saatlarında müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıdıb, məscidlərə böyük ziyan vurublar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-nə qədər davam edib.
Tarixi mənbələrdə qeyd edilir ki, dinc əhaliyə qarşı aparılan soyqırımı nəticəsində Şamaxıda 72, Qubada 122 kənd yerlə yeksan edildi və əhalisinə divan tutuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Qeyd edildiyi kimi, tarixin qanlı səhifələrindən olan 31 mart soyqırımı sovet ideoloqları tərəfindən qəsdən unutdurulmağa çalışılırdı. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra məhz Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart soyqırımı günü kimi rəsmiləşdirildi. Əsl tarixi həqiqətləri dünyaya çatdıran bu Fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa xidmət edən, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırımı faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir. Ümummilli liderimiz Heydər Əliyev bu Fərmanla Azərbaycan xalqına öz keçmişinə sahib çıxmasına, millətimizə qarşı edilən haqsızlıqlara real qiymət verilməsinə şərait yaratdı.
Fərman Azərbaycan tarixi üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, burada “Böyük Ermənistan” xülyasının Azərbaycan torpaqlarının işğalına “bəraət qazandırmaq məqsədilə” ortaya atıldığı və ermənilərin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramların reallaşdırıldığı açıq şəkildə göstərilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması da həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 martın soyqırımı günü kimi əbədiləşdirilməsi ermənilərin yalan iddialarının ifşasına yol açdı.
Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dünyaya erməni vandalizminin tanıtdırılması, Azərbaycan xalqının haqlı, ədalətli mövqeyinin çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 2007-ci ildə aşkarlanmış və 31 mart soyqırımının faktoloji sübutuna çevrilən Quba kütləvi məzarlığında Memorial Kompleksin tikilməsi ilə bağlı 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalandı. 2013-cü ilin sentyabrında isə Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımı faktlarla öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir. Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”.
Bəli, Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələrə layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Ölkə Prezidentinin həyata keçirdiyi hücum diplomatiyası bəhrəsini verməkdədir. Xocalı soyqırımının ardından artıq dünya ictimaiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı gününü tanıyır, bununla bağlı müvafiq qətnamələr qəbul olunur. Məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində dünyanın əksər ölkələrində 31 mart soyqırımı haqqında həqiqətlər yayılır, insanlar dünya erməniliyinin xisləti ilə daha yaxından tanış olurlar. Yeri gəlmişkən, artıq Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Əyalət Məclisi də 1918-ci il soyqırımını tanıyıb. Əyalət Məclisi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətdiklərini qəbul edib və 31 martın Nyu-Cersidə “Azərilərin anma günü” kimi qeyd olunmasını qərara alıb. Qərar sənədi Əyalət Məclisinin üzvü və Demokratik Partiya Əksəriyyət lideri Tomas P.Giblin tərəfindən Amerika Azərbaycan Cəmiyyətinə təqdim edilib. Xatırladaq ki, 31 martın soyqırımı günü kimi qəbul olunması ilk dəfə 2012-ci ildə Nyu-York Əyalət Məclisində qərara alınıb. Nyu-Yorkdan sonra bu qərarı Nyu-Cersi qəbul edib. Qeyd edək ki, eyni qərarı qəbul edən bu iki əyalət Kaliforniyadan sonra ermənilərin daha sıx məskunlaşdığı yerlər olması ilə diqqət çəkir. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət erməni yalanlarının ifşasında əhəmiyyətli nəticələr verir və məhz bu siyasətin ardıcıl inkişafı ölkəmizin ərazi bütövlüyünü təmin etməyə imkan yaradacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31