Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MÜSTƏQİL AZƏRBAYCAN VƏ İNSAN HÜQUQLARI: HEYDƏR ƏLİYEV İRSİ

MÜSTƏQİL AZƏRBAYCAN VƏ İNSAN HÜQUQLARI: HEYDƏR ƏLİYEV İRSİ

03.05.2016 [09:57]

XXI əsr bütün dünyada qloballaşmanın geniş vüsət aldığı əsr kimi səciyyələnə bilər. Qloballaşma şəraitində insan hüquqlarının qorunması dövlət və cəmiyyət qarşısında duran ən vacib problemlərdən biridir. Demokratiya və insan hüquqları bir-birilə qırılmaz surətdə bağlıdır və bir-birini şərtləndirir. Qeyd etmək lazımdır ki, cəmiyyətdə mövcud olan demokratik ab-hava insan hüquqlarının qorunmasına real təminat verir. Bu gün insan hüquqlarına hörmət edilməsi beynəlxalq hüququn ümumtanınmış prinsipləri səviyyəsinə qaldırılmışdır. Bu konsepsiya bütün dövlətlərin üzərinə insan hüquqlarının tarixən nail olunmuş standartlarına riayət edilməsi və buna təminat vermək öhdəliyi qoyur. Bu da beynəlxalq birliyin ümumi maraqlarının prioritet sahəsini təşkil edir. İnsan hüquqları dövlətin demokratikliyinin başlıca meyarıdır. O, digər dövlətlərlə və bütün dünya birliyi ilə münasibətlərdə aparılan siyasətin əsasını təşkil edir. İnsan hüquqları probleminin beynəlmiləlləşməsi onun dövlətin daxili işindən beynəlxalq siyasət və hüquq amilinə qədər, insan hüquqları məsələləri üzrə beynəlxalq yurisdiksiyanın tanınmasına qədər genişlənməsini şərtləndirmişdir.
Məlum olduğu kimi, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan sonrakı onilliklərdə insan hüquqları İqtisadi, sosial və mədəni hüquqlar haqqında, həmçinin Mülki və Siyasi hüquqlar haqqında paktlarda (bu iki sənəd birlikdə “İnsan hüquqları haqqında Xartiya” adlanır) konkretləşdirilmiş və ona əlavələr edilmişdir. Hüquq müdafiə ideologiyasının inkişafında beynəlxalq birliyin, xüsusilə həssas qrupların - etnik azlıqların, mühacirlərin, əlillərin, qadınların, uşaqların və s. hüquqlarının təmin olunması istəyi tam qanunauyğun olmuşdur.
Qərb ilə Şərqin qovuşuğunda, müxtəlif sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən Azərbaycanda qədim dövrlərdən etibarən multikulturalizm və tolerantlığın tarixi ənənələri formalaşmışdır. Tarixin ayrı-ayrı dövrlərində ölkəmiz müxtəlif xalqların, mədəniyyətlərin və konfessiyaların təmsilçiləri üçün sığınacaq olmuşdur. Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməli, mədəni özgürlüyünü və milli özəlliyini qorumalı olan vahid bir ailənin üzvüdür. Azərbaycan xalqının humanistliyi ondan ibarətdir ki, əsrlər boyu və bu günə qədər də azsaylı etnik azlıqları qoruyub saxlaya bilmiş və onların hüquqlarının qorunmasını təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin tam bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl addımların atılması insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərə zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyev ölkədə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla dövlətçiliyimizi getdikcə daha da inkişaf etdirməyə başladı. Ulu öndər ölkə Prezidenti seçildikdən cəmi bir il sonra - 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışında insan hüquqları və azadlıqlarının qorunmasının Onun üçün prioritet əhəmiyyət kəsb etdiyini nəzərdə tutaraq söyləmişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.
Məhz müasir Azərbaycanın memarı Heydər Əliyevin təşəbbüsü və birbaşa iştirakı ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiya layihəsi hazırlanmış və Əsas Qanun ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, sənədin təsbit etdiyi maddələrin üçdə bir hissəsi insan hüquq və azadlıqlarının qorunması məsələlərini ehtiva edir. Hesab edirik ki, müəllifi Heydər Əliyev olan və dünyanın ən dolğun və demokratik konstitusiyalarından olan Əsas Qanun Ulu öndərin xalqımız üçün qoyduğu çox dəyərli bir irsdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, burada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tərtib edilir. Bu sübut edir ki, dövlətimizdə insan hüquqları probleminə daha üstün mövqedən yanaşılır. Konstitusiyanın 24-cü maddəsi “İnsan və vətəndaşın hüquq və azadlıqlarının əsas prinsipi” adlanaraq beynəlxalq hüququn tələblərinə tam uyğun olaraq insan hüquqlarının aliliyini milli qanunvericiliyimizdə əks etdirir. Bərabərlik prinsipi, insan hüquq və azadlıqlarının qorunması, yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq hüququ, sosial təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığın qorunması hüququ, şərəf və ləyaqətin qorunması hüququ konstitusiyamızın III fəslində təsbit olunmuşdur.
Məlum olduğu kimi, insan hüquqlarının müdafiə edilməsinə daim böyük önəm verən və bu mühüm məsələləri həmişə diqqətdə saxlayan Ulu öndər 1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilib. Bu Fərmanın məntiqi davamı olaraq, Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verilmişdir. Demokratik inkişaf yolunu seçən Azərbaycan Respublikasında yeni təyinatlı elmi təsisat insan hüquqları və əsas azadlıqlarının təminatı istiqamətində aparılan islahatların sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi daşıyırdı. Hesab edirəm ki, Azərbaycanda belə bir elmi-tədqiqat institutunun yaradılması mühüm əhəmiyyət kəsb edirdi və bu, insan hüquqları sahəsində ölkəmizdə yaradılan Heydər Əliyev irsinin prioritet istiqamətlərindən birini təşkil edir.
İnstitut yaradılarkən qarşıya qoyulan məqsəd insan hüquqları və azadlıqları problemlərini öyrənmək, elmi təkliflər hazırlamaq, bu sahə üzrə hüquqi bilikləri dərinləşdirmək, elmi araşdırmalar aparmaqdan ibarət idi. Yeni yaradılan elmi-tədqiqat müəssisəsinin əsas vəzifəsi bütövlükdə hüquq, o cümlədən insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə Azərbaycan Respublikasının sosial-hüquqi inkişafına dəstək verilməsi, Azərbaycan Respublikası Konstitusiyasının və İnsan hüquqları üzrə Cenevrə Konvensiyasının müddəalarının geniş təbliğ edilməsindən ibarət idi.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır”.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn vaxtdan Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri gündəmdə saxlamışdır. Bu kontekstdə insan hüquqlarının əsasını təşkil edən yaşamaq hüququna təhdid olan beynəlxalq terrorizm və insan hüquqlarının qorunması baxımından onunla mübarizə, dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq elmi ictimaiyyətə Azərbaycan haqqında həqiqətlərin çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda ilk dəfə yeni bir təsisat olan ombudsman (xalq müvəkkili) vəzifəsinin yaradılması da məhz Ümummilli liderimizin xidmətləri sırasındadır. Ulu öndər həm İnsan Hüquqları İnstitutunu, həm də ombudsman təsisatını yaratmaqla ölkədə insan hüquqlarının qorunmasına nə qədər böyük əhəmiyyət verdiyini sübut etmişdir. Bu baxımdan, hər iki qurumu bu gün Heydər Əliyevin zəngin irsi sırasında hesab etmək olar.
Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasını ən önəmli məsələlərdən hesab edir. Xoşbəxtlikdən bu gün də ölkə rəhbərliyi tərəfindən insan hüquqlarının qorunmasına böyük diqqət yetirilir. Cənab Prezidentin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamı əsasında həyata keçirilən bu Plan insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Növbəti mühüm sənəd - “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu 9 bənd üzrə icra orqanı kimi qeyd olunmuşdur.
Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən və Onun ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Multikulturalizmin əsasını çoxetnoslu tərkibi olan Azərbaycan xalqı təşkil edir və xalqımız müxtəlif etnosların birliyini təmsil edir. Məlum olduğu kimi, azərbaycançılıq ideologiyası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməli, mədəni özgürlüyünü və milli özəlliyini qorumalı olan vahid bir ailənin üzvüdür. Azərbaycan xalqının humanistliyi ondan ibarətdir ki, əsrlər boyu və bu günə qədər də etnik azlıqları qoruyub saxlaya bilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında da əks olunmuşdur. Belə ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək olar. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanda multikulturalizmə böyük önəm verilir.
Ölkə vətəndaşları Azərbaycanda yaşayan bütün azsaylı millət və xalqların milli-mənəvi dəyərlərinə, mədəni irsinə hörmətlə yanaşırlar. Respublikamızda ayrı-ayrı konfessiyaların təmsilçiləri də titul millət tərəfindən yalnız tolerant münasibətlə rastlaşırlar. Bütün bunlar dövlət səviyyəsində aparılan uğurlu siyasətin nəticələridir. Bütün bunlar ölkə rəhbərliyinin sözdə deyil, əməldə insanlarımızın hüquq və mənafelərini prioritet hesab etdiyinin əyani sübutudur. 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncam imzalanmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir. Lakin özünü demokratiyanın və insan hüquqlarının “qoruyucusu” hesab edən Avropa qitəsində hazırda mühacirlərə qarşı qeyri-tolerant münasibət geniş yayılmaqdadır. Avropada multimədəniyyət cəmiyyətinin baş tutmaması ilə bağlı bəyanatlar tez-tez səslənməkdədir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı mövcudluğunun mümkünlüyünü sübut etmiş və bütün dünyaya multikulturalizmin Azərbaycan modelinin uğurluluğunu nümayiş etdirmişdir. Azərbaycan bununla da dünyaya nümunə olaraq çıxış etmişdir. IV Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu olduğunu göstərmişdir: “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq”.
Azərbaycan bir daha sözdə deyil, əməldə, real fəaliyyətdə insan hüquqlarının və azadlıqlarının yüksək səviyyədə - dövlət səviyyəsində qorunduğu ölkə olduğunu nümayiş etdirmişdir.
Ümummilli liderimizin böyük önəm verdiyi hüquqlardan biri də sosial hüquqlardır. Heydər Əliyev insanların sosial hüquqlarının qorunmasını, onların rifah halının yaxşılaşdırılmasını, ölkə vətəndaşlarının sosial durumunun beynəlxalq standartlara uyğunlaşdırılmasını həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycan Konstitusiyasının 34, 41, 42-ci və digər maddələrində sosial məsələlər təsbit olunmuşdur. Təhsil hüququ, əlillərin hüquqları və s. kimi hüquqların qorunmasına ölkəmizdə dövlət səviyyəsində böyük dəstək vardır.
Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət bu gün cənab İlham Əliyevin də prioritet hesab etdiyi istiqamətlərdir.
Heydər Əliyevin zəngin irsinə böyük diqqət və hörmətlə yanaşan AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yarandığı vaxtdan bu günə qədər olan 18 illik qısa zaman kəsiyində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmış və buna nail olmuş, Ulu öndər Heydər Əliyevin önəm verdiyi və daim diqqətdə saxladığı demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti və əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması və müdafiə edilməsi kimi prioritet məsələlərlə bağlı lazımi işlər görmüşdür.
Hazırda Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf, ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılması, genişmiqyaslı quruculuq işləri, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Azərbaycan dövlətinin rəhbərliyi Heydər Əliyevin bitib-tükənməyən irsinin layiqli davamçısıdır və bu irsin gələcək nəsillərə də çatdırılması üçün bütün istiqamətlərdə fəaliyyət göstərir. Bu baxımdan, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu da Ulu öndərin irsinə, Onun ideyalarına daim sədaqət nümayiş etdirir, Ümummilli liderimizin daxili və xarici siyasətinin uğurla davam etdirilməsi işinə öz töhfəsini verir.
Bu günlərdə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünyanın 140-dan yuxarı dövlətinin nümayəndələrinin Azərbaycan paytaxtında toplaşması bir daha sübut edir ki, beynəlxalq aləm respublikamıza nə qədər önəm verir. Ölkəmiz mədəniyyətlərarası dialoqun inkişafı, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübə qazanmış nümunəvi ölkədir. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda Bakı bəyannaməsi qəbul edilmişdir. Forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.
Dövlət başçısının bildirdiyi kimi, həqiqətən də, müstəqil olduğumuz çox qısa müddət ərzində Azərbaycan etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiq edə bilmişdir. Bu gün Azərbaycan Respublikası həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir. Biz Ulu öndərin alternativi olmayan siyasətinin hörmətli Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu cür nailiyyətlərimizin daimi və davamlı olacağına tamamilə əminik və inanırıq ki, bu siyasət Azərbaycanın inkişafını əbədi və dönməz edəcəkdir.
Aytən MUSTAFAYEVA,
AMEA İnsan Hüquqları İnstitutunun
direktoru, hüquq elmləri doktoru,
Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31