Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib

Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib

14.05.2016 [10:10]

Mayın 13-də Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, təbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə, Xarici İşlər nazirliklərinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova dinləmələrdə çıxış edərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Lakin Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər.
Bahar Muradova qeyd edib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə yaratmasının fərqindədir. Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat, Ermənistan rəhbərliyinin cinayət əməlləri hamıya məlumdur. Dünya ictimaiyyəti, beynəlxalq ekspertlər, analitiklər bu münaqişəni region üçün çox ciddi təhlükə hesab edirlər. Bu münaqişənin həllinin vaxtı çoxdan gəlib çatıb.
Bildirilib ki, 2014-cü ildən indiyədək Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata cəlb etmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə tarixi, mədəni abidələr məhv edilir, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanıdılması istiqamətində səylər göstərilir. Aprelin 2-dən başlayan gərginliklər, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi. Azərbaycan Ordusu bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı.
Milli Məclis sədrinin müavini qeyd edib ki, artıq Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz hadisələr başlayıb. Ermənistanın ictimai-siyasi həyatında ziddiyyətli proseslər gedir. Əhali arasında bu münaqişənin heç kəsə lazım olmadığı haqda fikirlər get-gedə daha geniş yayılır. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları bu münaqişənin həllinin uzanmasından yorulublar. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil.
Bahar Muradova vurğulayıb ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycanın daha çox imkanlarının olduğu bir daha sübut edildi. Heç kəsdə şübhə qalmadı ki, regionun ən güclü ordusu Azərbaycanındır.
Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib. O vurğulayıb ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Məqsəd də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Nazir müavini vurğulayıb ki, bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var.
Qeyd edilib ki, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Ermənilərin məqsədi budur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib.
X.Xələfov vurğulayıb ki, Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirib, Xocalıda soyqırımı törədib. Bu ölkə ən azı Nürnberq prosesində olduğu kimi, törətdiyi cinayətlərə görə cavab verməli idi. O, görülən işlərin Ermənistanın işğalçılıq siyasətinə hüquqi-siyasi qiymət verilməsinə gətirib çıxaracağına inandığını söyləyib. “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat şəkildə əksini tapmır. İnsan hüquqları üzrə ali komissar “Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansı işləri görmüsünüz?” sualına cavabında mandatlarının buna imkan vermədiyini bildirir. Bu, gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”, - deyə X.Xələfov bildirib. Nazir müavini Azərbaycanın girovlar məsələsini də beynəlxalq səviyyədə tez-tez qaldırdığını bildirərək deyib: “Biz vətəndaş cəmiyyəti səviyyəsində belə təşəbbüslərlə tez-tez çıxış etsək, bunun nəticəsi də tez olar”.
Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Nazim Abbasov aprel ayında təmas xəttində baş vermiş hadisələr, Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin nəticələri haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən, Ağdam, Tərtər, Goranboy, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlar, mina və qumbaraatanlardan intensiv atəşə tutduğunu bildirib və Ermənistanın müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərini ciddi şəkildə pozduğunu diqqətə çatdırıb. Bildirib ki, sonrakı günlərdə də Ermənistan silahlı qüvvələri tərəfindən bu cinayətkar əməllər davam etdirilib, mülki əhaliyə və yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində mülki şəxslər arasında müxtəlif dərəcəli xəsarət alanlar olub, vətəndaşların şəxsi mülkiyyəti və digər mülki obyektlər dağıntıya məruz qalaraq ciddi ziyan vurulub. Konkret olaraq hadisələr zamanı altı nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Üç mülki şəxs Tərtər rayonunda, üç nəfər isə Ağdam rayonunda odlu silahlardan atılan atəşlər nəticəsində həlak olub. Həmçinin mülki şəxslərdən doqquz nəfər Tərtər, 13 nəfər Ağdam, üç nəfər Goranboy rayonu ərazilərində ermənilər tərəfindən atılan güllələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O cümlədən Goranboy rayon polis şöbəsinin əməkdaşı Tapqaraqoyunlu kəndində xidmət apardığı zaman snayper atəşi nəticəsində başından güllə yarası alıb. Bir mülki şəxs Füzuli rayonu, bir mülki şəxs Ağcabədi rayonu ərazisində xəsarət alıb. Xəsarət alanlardan üç nəfəri qoca, üçü qadın, ikisi azyaşlı şəxs olub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, aprel ayında təmas xəttində baş verən hadisələr Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. O deyib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Artıq aprel hadisələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət göndərilib. Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq. Ermənistan tərəfdən isə iki Ermənistan hərbçisinin guya Azərbaycan əsgərləri tərəfindən təhqir olunması iddiası ilə Avropa Məhkəməsinə müraciət edilib. Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin cəsədləri işğal altındakı ərazilərdə tapılıb və Azərbaycan ordusunun nəzarətindəki ərazilərdə olmayıb.
Çingiz Əsgərov vurğulayıb ki, digər hallarla da bağlı məlumatlar toplanılır. Bunlarla da bağlı Avropa Məhkəməsinə müraciətlər ediləcək. Beş yüzdən artıq mülki və sosial obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək. Nəinki birbaşa erməni təcavüzündən zərər çəkmiş şəxslər, həmçinin atəşə məruz qalmış kəndlərin sakinləri də Avropa Məhkəməsinə müraciət etməlidirlər. Çünki Avropa Konvensiyasına əsasən onların hüquqları pozulub.
Sektor müdiri aprel ayında təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşərək vahid mövqedən çıxış etdiyini, dövlət siyasətini dəstəklədiyini vurğulayıb.
Ötən ilin payızından etibarən Ermənistan tərəfinin qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tutduğunu deyən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, 2016-cı ilin martından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edildi və cavab zərbələri endirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatları müəyyənləşdirildi, canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Aprelin ilk günlərindəki döyüşlərdə düşmənin itkiləri barədə məlumat verən V.Dərgahlı bildirib: “Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi və sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi. Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi”.
Mətbuat xidmətinin rəisi həmin əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin çox az hissəsinin - əsasən ön mövqedəki qüvvələrinin bir qisminin cəlb olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı Əlahiddə Ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Düşmən isə Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi.
Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov bildirib ki, cəbhə xəttində aprel hadisələri zamanı həlak olmuş və Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın cəsədlərinə baxış zamanı cəsədlərin üzərində təhqiramiz hərəkətlərə yol verildiyi məlum oldu. Tərtər rayon hərbi prokurorluğu tərəfindən bununla əlaqədar cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, aprelin 26-28-də Tərtər rayonunun Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 millimetr çaplı top mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir.
Qeyd edilib ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. Vurğulanıb ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacağı təqdirdə bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31