Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir
12.04.2020 [12:26]
Karantin dövründə kənd təsərrüfatı texnikasının hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil edilməsi regionlarda ərzaq məhsullarının istehsalı və daşınması, eləcə də mövsümü işlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Reallaşdırılan məhdudlaşdırıcı tədbirlər ölkə daxilində infeksiyaya yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin təcrid edilməsi, onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi, eləcə də respublika ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir. Ölkədə koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlərin mühüm bir qismi isə mənfi xarici tendensiyaların milli iqtisadiyyatımıza təsirini azaltmağa hesablanıb. İndiki dövrdə reallaşdırılan tədbirlər və alınan qərarlar, həmçinin post-pandemiya dövrünə hazırlıq məqsədi daşıyır. Mütəxəssislərin də bildirdikləri kimi, infeksiyadan sonrakı mərhələdə yeni çağırışlar meydana çıxacaq. Başqa sözlə desək, postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Bunun üçün isə indidən bir tərəfdən hüquqi çərçivələr müəyyənləşdirilməli, digər tərəfdən isə başqa ölkələrin də təcrübəsi nəzərə alınmaqla praktiki müstəvidə konkret hazırlıq işləri görülməlidir. Azərbaycan hökumətinin indiki mərhələdə atdığı addımlar da məhz bu kimi hədəflərə hesablanıb. Deyilənlər baxımından kənd təsərrüfatının və emal sənayesinin dövlətin iqtisadi siyasətinin əsas prioritetləri sırasında yer alması böyük aktuallıq daşıyır. Bundan başqa, indiki şəraitdə əhalinin ərzaqla təminatında hər hansı bir çətinliyin yaranmasına yol verilməməsi də diqqət mərkəzində saxlanılır.
Ölkədə ərzaq məhsullarının istehsal həcmini və çeşidini artırmaq üçün geniş imkanlar mövcuddur
Son 16 ildə Azərbaycanın iqtisadi inkişafla bağlı ardıcıllıqla reallaşdırdığı siyasətində aqrar sektorun inkişafı, o cümlədən də ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər xüsusi yer tutub. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatların mühüm bir qismi kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsinə, bu sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Dövlət başçısının verdiyi əhəmiyyətli qərarlar sayəsində son vaxtlar fermerlərin müasir texnikalarla təminatı ciddi şəkildə yaxşılaşıb. Son bir neçə ildə aqrar sektorda əmək tutumu və gəlir imkanları böyük olan sahələr uğurla inkişaf etdirilir. Ölkə miqyasında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. O cümlədən 153 min hektar ərazidə dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb. Eyni zamanda, 109 min hektar ərazidə 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub. Ölkənin müxtəlif regionlarında aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması taxıl, ət və digər ərzaq məhsullarının istehsalının artmasında mühüm rol oynayır.
Aqrar sektorda yeni subsidiya qaydalarının tətbiqinə başlanılması da fermerlərdə əkin-biçinə marağı artırıb. Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən mart ayının ilk ongünlüyü də daxil olmaqla 180 min fermerin kart hesablarına payızlıq əkinlərə görə 75 milyon manat subsidiya vəsaiti köçürüb. Bütövlükdə indiyədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. 361307 fermer payızlıq əkinlərini bəyan edib. Yuxarıda qeyd olunan dövrədək 102500 fermer kartını götürərək, subsidiya vəsaitindən istifadə edib. 156 391 fermerin kartı isə “Kapitalbank”ın region filiallarındadır və fermerlər bank filiallarına yaxınlaşaraq kartlarını götürə bilərlər.
Vurğulamaq yerinə düşər ki, bu il ölkədə ilk dəfə olaraq fermerlər subsidiyanı elektron sistem üzərindən alırlar. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin bildirdiyinə görə, yeni sistemin əsas üstünlüklərindən biri təchizat bazarının liberallaşdırılmasıdır. “Biz fermerlər kimi təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratmışıq. Təchizatçı şirkətlər rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğat aparmalıdırlar. Biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika işlərini özləri həll etməli, fermerlə birbaşa münasibət qurmalıdırlar”, - deyə M.Əliyev qeyd edib.
Həyata keçirilən bu kimi islahat tədbirləri aqrar sektorda istehsalın artmasını, o cümlədən də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsini təmin edib. Son illərdə bir sıra mühüm pozisiyalar üzrə daxili ərzaq tələbatının sırf yerli istehsal hesabına qarşılanması böyük nailiyyətdir. Ölkədə ərzaq məhsullarının istehsal həcmini və çeşidini artırmaq üçün geniş imkanlar mövcuddur. Yeri gəlmişkən, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov bildirib ki, indiki pandemiya şəraitində də Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Onun verdiyi məlumata əsasən, ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu, o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib. “Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonu, iyunun əvvəllərində start veriləcək. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsuldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir”, - deyə qurum rəsmisi vurğulayıb.
Fermerlər aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatlarında istifadə etmək üçün texnika sifariş edə bilərlər
Yaranmış vəziyyətdə fermerləri düşündürən məsələlərdən biri isə aqrotexniki qulluq tədbirlərinə kənd təsərrüfatı texnikasını cəlb etməklə bağlı idi. Adətən fermerlər bir rayonun ərazisində ehtiyac yaranan texnikanı digər rayonlarda yerləşən aqroservislərdən sifariş edirlər. Bu baxımdan Operativ Qərargahın kənd təsərrüfatı texnikasını hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil etməsi fermerlərin narahatlığını aradan qaldırıb.
Bundan başqa, onu da vurğulamaq yerinə düşər ki, Nazirlər Kabineti “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edib. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı yeni təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.
Beləliklə, fermerlər əvvəlki qaydada aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatda istifadə etmək üçün texnika sifariş edə bilərlər. A.Hüseynov onu da əlavə edib ki, fermerlər karantin dövründə təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı sualları Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə ünvanlamaq imkanına malikdirlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və web@agro.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

