Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2020-ci ilin 3 ayında Azərbaycanda inkişaf və tərəqqi müşahidə olunub

2020-ci ilin 3 ayında Azərbaycanda inkişaf və tərəqqi müşahidə olunub

16.04.2020 [11:39]

Prezident İlham Əliyev: İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır
Ölkəmizə də sirayət edən yeni növ koronavirus (COVİD - 19) pandemiyasının yaratdığı indiki şəraitdə Azərbaycan dövləti ölkənin sosial-iqtisadi inkişafını yeni yanaşmalar əsasında təmin edir. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə adekvat tədbirlər reallaşdırılır ki, bu da pandemiyanın və digər mənfi xarici tendensiyaların milli iqtisadiyyatımıza, bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafına təsirlərini azaltmağa imkan verir. Bütün bunlar barədə aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə geniş bəhs olunub. Müşavirədə də bildirildiyi kimi, qlobal pandemiya səbəbindən dünyada yeni bir mərhələ başlayıb. O cümlədən koronavirus pandemiyası bütün dünya iqtisadiyyatı üçün böyük problemdir və təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərir. Prezident İlham Əliyev müşavirədəki giriş nitqində belə mənfi amillərə baxmayaraq, son üç ayda respublikamızda yenə də inkişaf və tərəqqiyə nail olunduğunu diqqətə çatdırıb. “Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”.
Azərbaycan həmişə olduğu kimi, pandemiya şəraitində də öz gücünə arxalanır
Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilib. Bəhs olunan dövrdə ölkəmiz öz iqtisadiyyatını 3,4 dəfə genişləndirməklə dünyada rekord göstəriciyə imza atıb. Ölkədə yaradılan müasir infrastruktur iqtisadi aktivliyin artmasına geniş imkanlar açıb. Həmçinin neft gəlirlərindən səmərəli istifadə etməklə postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində önəmli addımlar atılıb.
Eyni zamanda, respublikamız özünün maliyyə imkanlarını artırmağa nail olub. Hazırda ölkəmiz 50 milyard dollardan çox strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Iqtisadi-maliyyə müstəqilliyinin təmin olunması öz növbəsində Azərbaycanın siyasi müstəqilliyini şərtləndirir. Müşavirədə də nəzərə çatdırıldığı kimi, son illərdə həm siyasi, həm iqtisadi sahələrdə, sosial məsələlərin həlli istiqamətində elə bir vəziyyət yaranıb ki, Azərbaycan heç kimdən asılı deyil. Əksinə respublikamız donor ölkələr sırasına daxil olub və respublikamızın hüdudlarından kənarda da genişmiqyaslı investisiya fəaliyyəti həyata keçirir. Azərbaycan indiki şəraitdə pandemiyanın ölkə ərazisində daha geniş miqyasda yayılmasının qarşısının alınmasına, insanların sağlamlığının qorunmasına hədəflənən operativ tədbirlər həyata keçirərkən məhz öz gücünə, daxili imkanlarına arxalanır. Qeyd edək ki, respublikamızda qlobal pandemiyanın və digər mənfi xarici tendensiyaların milli iqtisadiyyatımıza və əhalinin sosial vəziyyətinə təsirini azaltmaq məqsədilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Nazirlər Kabineti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixində imzaladığı müvafiq Sərəncamın icrasını təmin etmək məqsədilə Tədbirlər Planını təsdiqləyib. Eyni zamanda, aidiyyatı qurumların koordinasiyalı fəaliyyəti təmin edilərək on istiqamət üzrə dəstək proqramları hazırlanıb. Həm Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının, həm də bəhs olunan dəstək proqramlarının əsas hədəfi pandemiya şəraitində milli iqtisadiyyatımızın funksionallığının yüksək səviyyədə təmin edilməsindən, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasından və əlbəttə ki, əhalinin, ələlxüsus da həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin təmin edilməsindən, eləcə də pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin və sahibkarların dəstəklənməsindən, iş yerlərinin qorunmasından ibarətdir.
Artıq respublikamızda vəziyyət dəyərləndirilərək ayrı-ayrı istiqamətlər üzrə dəstək tədbirlərinin görülməsinə başlanılıb. Qeyd etmək yerinə düşər ki, indiyədək respublikamızda iqtisadi sabitliyə nail olmaq, məşğulluqla bağlı problemləri həll etmək, eləcə də makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Dövlət tərəfindən muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi yönəldiləcək. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Ölkəmizdə həmçinin 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bütövlükdə, Tədbirlər Planının icrasına yuxarıda bəhs olunan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin etmək nəzərdə tutulub.
Əlbəttə, bir yazı daxilində ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə nəzərdə tutulan bütün tədbirlərin hamısını sadalamaq mümkün deyil. Respublikamız koronavirus pandemiyası ilə mübarizə tədbirlərini heç bir beynəlxalq qurumdan dəstək gözləmədən, sırf daxili imkanlarını səfərbər etməklə həyata keçirir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”, - deyə vurğulayıb.
Respublikamızda 2020-ci il çox dərin və geniş islahatlar ili olacaq
Güclü iqtisadiyyat bütün dönəmlərdə milli dövlətlərin inkişafını şərtləndirən əsas amil olub. Qlobal miqyasda çaırılmamış qonaq kimi səciyyələndirilən COVİD -19 epidemiyası şəraitində güclü iqtisadiyyatın önəmi daha qabarıq şəkildə nəzərə çarpır. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə”, - deyə vurğulayıb.
Biz konseptual əsaslarla hazırlanan və uğurla reallaşdırılan islahatların ölkəmizin sosial-iqtisadi inkişafında çox mühüm rol oynadığını son 16 ilin təcrübəsində aydın şəkildə görmüşük. Məlumdur ki, bəhs olunan dövrdə respublikamızın həyatı Prezident İlham Əliyevin təsdiqlədiyi çoxsaylı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatlarla səciyyələnib. Respublikamızın güclü potensialına və qabaqcıl ölkələrin təcrübəsinə istinad edilməklə hazırlanan islahatlar iqtisadi inkişaf, o cümlədən də investisiyaların cəlb olunması, ixracın təşviqi, daxili istehsalın dəstəklənməsi, neqativ halların aradan qaldırılması, şəffaflığın artırılması, biznes mühitinin daha da optimallaşdırılması, vergitutma bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması üçün münbit hüquqi baza formalaşdırıb. Azərbaycanı fərqləndirən əsas amil ondan ibarətdir ki, islahatlar kompleks şəkildə aparılır və mütləq bir-biri ilə əlaqələndirilir.
Biz yuxarıda islahatların məntiqi nəticəsi olaraq respublikamızın son 16 ildə sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlardan qısa da olasa, bəhs etdik. Bu tendensiya cari ilin əvvəlində də davam edib. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı.
Qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. “Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir”, - deyə dövlət başçımız bildirib.
Son 16 ildə ölkəmizin inamlı inkişafını şərtləndirən islahatlara alternativ yoxdur. Respublikamızın bu strateji kursa cari ildə də sadiq qalacağına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir”.
Əlbəttə, müşavirədə də bildirildiyi kimi, əgər koronavirus pandemiyası müdaxilə etməsəydi, Azərbaycanın uğurları daha da böyük ola bilərdi. Bunu şərtləndirən bütün zəruri amillər və real zəmin var idi. Müşavirədə respublikamızın reallıqlarına istinadən belə bir əminlik ifadə olunub ki, ölkəmiz yaranmış çətin vəziyyətdən də az itkilərlə çıxacaq və sosial-iqtisadi inkişaf sahəsində dinamik artım bərpa olunacaq.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31