Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar

Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında fəal rol oynayırlar

23.05.2020 [13:34]

Prezident İlham Əliyev: Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır

Gənclər bütün dönəmlərdə cəmiyyətin avanqard hissəsi olublar. Bu baxımdan, müstəqil Azərbaycanı təmsil edən gənclərin fəallığı və vətənpərvərliyi xüsusilə diqqəti cəlb edir. Qürurverici haldır ki, Azərbaycan gəncləri sağlam əqidəlidirlər, dövlətçiliyimizə və müstəqillik ideyalarına möhkəm bağlıdırlar, milli-mənəvi dəyərlərimizə yüksək sadiqlik nümayiş etdirirlər, eyni zamanda, innovasiyalara böyük maraq göstərirlər, mükəmməl təhsil almağa can atırlar. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində gənclərimizin cəmiyyətdəki rolunu yüksək dəyərləndirdiyini xüsusi nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar”, - deyə vurğulayıb.

Bu gün Azərbaycan gəncləri ən yüksək meyarlara cavab verirlər

Azərbaycan gənclərinin qeyd olunan yüksək mənəvi və intellektual keyfiyyətlərə malik olmaları, öz enerjilərini, bacarıqlarını və biliklərini ölkəmizin inkişafına yönəltmələri sevindirici haldır. Bu isə, təbii ki, respublikamızda aparılan məqsədyönlü siyasətin, gənclərə həssas yanaşılmasının, onların qayğı ilə əhatə olunmalarının, öz potensiallarını üzə çıxarmalarına şərait yaradılmasının məntiqi nəticəsidir. Hazırda Azərbaycan gənclərinin yüksək meyarlara cavab verməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından”.

Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Ulu Öndərin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Dövlət Gənclər Siyasəti haqqında” müvafiq Fərmanı isə gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, gənclərin hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunması ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Sözügedən Fərmana uyğun olaraq ölkəmizdə “Gənclər siyasəti haqqında” ayrıca Qanun qəbul edilib.

Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasətin varisliyi təmin edilir. Bunu biz həmçinin son 16 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin timsalında aydın şəkildə görürük. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Dövlət Proqramında müasir reallıqlar və meydana çıxan çağırışlarla bağlı qarşıya yeni hədəflər qoyulub.
XXI əsr elm, təhsil, innovativ təşəbbüslər əsridir. Bu mənada ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Respublikamızda tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla icra edilir.

Azərbaycanda gənclərin potensialından səmərəli istifadə edilir, onlar önəmli vəzifələrə irəli çəkilirlər

Öz üzərlərində dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edən gənclər ölkə həyatının bütün sahələrində özlərinin geniş potensiallarını nümayiş etdirirlər. Gənclərimiz özlərini həmçinin dövlət idarəçiliyində yaxşı tərəfdən təsdiqləyirlər. Məlum olduğu kimi, son illərdə respublikamızda müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı yeni nəsil islahatlar çərçivəsində zamanın tələbinə uyğun institusional dəyişikliklər aparılır və paralel şəkildə idarəetməyə daha çevik kadrlar cəlb olunurlar. Bəhs olunan posesdə, təbii ki, ilk növbədə gənclərə güvənilərək onlara istinad olunur. Bu gün Azərbaycan cəmiyyətində nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluğun sintezi ölkəmizin ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biri qismində çıxış edir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev yüksək vəzifələrə təyin etdiyi gənclərə, bir qayda olaraq, Öz tövsiyələrini verir. Dövlət başçımızın yeni kadrlardan tələbi birmənalıdır – onlar kabinet məmurları olmamalıdırlar, yerlərdə xalqın içinə getməlidirlər, insanlarla sıx təmas qurmalıdırlar, rəhbərlik etdikləri sahələrdə təmiz işləməlidirlər, neqativ hallara qarşı barışmaz mövqe tutmalıdırlar. Təqdirəlayiq haldır ki, idarəetməyə cəlb olunan gənclər Prezident İlham Əliyevin onlara göstərdiyi etimadı yüksək səviyyədə doğrultmağa çalışırlar. Son illərdə irəli çəkilən gənclərin idarəçiliyə yeni keyfiyyət dəyişiklikləri gətirmələri məmnunluq doğurur. Gənclərin sayəsində idarəetmədə innovativ tətbiqlərə, o cümlədən də İKT texnologiyalarından istifadə olunmasına geniş meydan verilir ki, bu da Azərbaycan dövlətinin strateji kursu ilə tam şəkildə uzlaşır.

Bütövlükdə innovasiyalardan istifadə etməklə idarəetmənin yenilənməsi və bu əsasda ölkədə bütün həlqələrdə şəffaflığın, operativliyin təmin olunması, vətəndaş məmnunluğunun artırılması Azərbaycan iqtidarının strateji hədəfləri sırasında yer alır. Bu baxımdan ölkəmizdə DOST mərkəzlərinin yaradılması təqdirəlayiq haldır. Respublikamızda ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib. Sosial xidmətlərin göstərilməsində şəffaflığı yüksək səviyyədə təmin edən DOST mərkəzlərinin fəaliyyətinin bəyənilmə əmsalı 96 faizə çatıb. DOST mərkəzlərinin uğurlu fəaliyyəti isə məhz gənclərin sayəsində mümkün olub. Belə ki, DOST mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdən ibarətdir. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, məhz gənclərin sayəsində Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratmağa müvəffəq olub. “Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Başqa bir mühüm məqam ondan ibarətdir ki, gənclər, eyni zamanda, xoşagəlməz hallara qarşı da mübarizədə dövlətə böyük dəstək verirlər. Bəhs olunan müsahibədə Prezident İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki,  bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31