Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biridir

Azərbaycan pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biridir

12.06.2020 [09:27]

Prezident İlham Əliyev: Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib
Yeni növ koronovirus (COVİD-19) infeksiyası çox qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılaraq insanların həyatına böyük narahatlıqlar gətirib, beynəlxalq səviyyədə iqtisadi fəallığa mənfi təsir göstərib, insanların əmək bazarına çıxış imkanlarını azaldıb. Ayrı-ayrı ölkələr açıq şəkildə bəyan edirlər ki, pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılamaqda çətinlik çəkirlər. Təsadüfi deyil ki, dünyanın 150-dən çox dövləti kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta müraciət ünvanlayıb.
Belə geniş qlobal səciyyə daşıyan pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün beynəlxalq səviyyədə ölkələrin, xalqların həmrəylik göstərmələri, bir-birlərinə dəstək nümayiş etdirmələri çox vacibdir. Artıq hər kəsə bəllidir ki, pandemiyaya təklikdə, özünə qapanmaqla qalib gəlmək əsla mümkün deyil, mütləq milli səviyyədə aparılan mübarizə beynəlxalq səylərlə əlaqələndirilməlidir. Deyilənlər baxımından Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Ölkəmiz yeni növ koronavirus pandemiyasına qarşı həm milli səviyyədə müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı tədbirlər görür, həm də həmrəylik təşəbbüsləri ilə çıxış edir.
Ölkə daxilində koronavirusla mübarizə sahəsində işlərin düzgün təşkil edilməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Ölkəmizdə COVİD-19-a ilk yoluxma faktı qeydə alınandan etibarən bu məsələyə böyük həssaslıqla yanaşılır. Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün bütün resurslarını pandemiyaya qarşı mübarizəyə səfərbər edib. Bu çətin günlərdə respublikanın əlaqədar qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Nazirlər Kabineti dövlət başçısının tapşırığı əsasında müxtəlif istiqamətlərdə görüləcək işlərə dair Tədbirlər Planını təsdiqləyib. Hazırda ölkəmizdə bəhs olunan Tədbirlər Planı çərçivəsində hazırlanan müxtəlif dəstək proqramları uğurla reallaşdırılır.
Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə gündəliyində əhalinin sağlamlığının qorunması və insanların sosial müdafiəsinin təmin edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, bu səhiyyə ocaqlarında ancaq koronavirus xəstələri müalicə olunurlar. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da böyük uğurdur. Eyni zamanda, respublikamızın səhiyyə infrastrukturu daha da genişləndirilir. Ölkə üzrə modul tipli 10 xəstəxananın inşasına başlanıb və artıq onlardan 4-ü istifadəyə verilib. Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıqdır. Beləliklə, əlavə 2000 yataq xəstələrin ixtiyarına veriləcək. Ümumiyyətlə Azərbaycan dünya miqyasında azsaylı ölkələrdəndir ki, yeni növ koronavirusa yoluxan bütün xəstələrin məhz ixtisaslaşdırılmış xəstəxanalarda müayinə və müalicəsini təmin edir. Eyni zamanda, respublikamız bütün dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır.
Qeyd etdiyimiz kimi, pandemiya şəraitində vətəndaşların sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti pandemiya dövründə də öz vətəndaşlarının yanında olmaq ənənəsinə sadiq qalır. Respublikamızda əhatə dairəsi kifayət qədər geniş olan məşğulluğa və sosial rifaha dəstək proqramı reallaşdırılır. İndiyədək sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılıb. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaliyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Bu kateqoriyadan olan insanların sayı dövlət başçısının humanist təşəbbüsü ilə 200 mindən 600 minə çatdırılıb. Paralel şəkildə ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Hazırda ölkəmizdə 90 min ödənişli ictimai iş yerinin yaradılması istiqamətində intensiv iş aparılır.
Ümumiyyətlə, respublikamızda pandemiyaya qarşı mübarizə tədbirlərinin əhatə dairəsi kifayət qədər genişdir. Əlamətdar haldır ki, Azərbaycanın yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində gördüyü tədbirlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. İndiyədək müxtəlif beynəlxalq qurumların, ayrı-ayrı dövlətlərin yüksək səviyyəli təmsilçiləri Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsini nümunə kimi qiymətləndiriblər. Xüsusi olaraq vurğulanır ki, respublikamızda vəziyyət nəzarət altında saxlanılır və ölkə üzrə təhlükəli virusdan ölüm hallarının sayı azdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşdəki çıxışında Azərbaycanın pandemiyaya qarşı milli səviyyədə apardığı səmərəli mübarizənin beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirildiyinə xüsusi diqqət çəkərək vurğulayıb: “Bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər”.
Azərbaycan beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparır
Pandemiya şəraitində öz vətəndaşlarının yanında olan Azərbaycan dövləti həmçinin beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparır. Prezident İlham Əliyev indiyədək bir sıra həmrəylik təşəbbüsləri ilə çıxış edib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşündə söz alan Türk Şurasına üzv dövlətlərin yüksək səviyyəli rəsmiləri qlobal pandemiyaya qarşı səylərin əlaqələndirilməsinin, koordinasiya olunmuş fəaliyyət göstərilməsinin vacibliyini bildirərək öz ölkələrində milli səviyyədə reallaşdırılan tədbirləri diqqətə çatdırıblar. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Beləliklə, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşünü təşkil etməklə dünyanı birləşdirib.
Azərbaycan COVİD-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə, ÜST-ün xətti ilə isə Quşulmama Hərəkatına üzv olan 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib. Prezident İlham Əliyev pandemiya şəraitində ən çox humanitar yardım göstərən ölkələrdən birinin məhz Azərbaycan olduğunu bildirib. “Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan beynəlxalq həmrəyliyin genişləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirmək niyyətindədir. Qeyd edək ki, respublikamız BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüb və, bu təşəbbüs Qoşulmama Hərəkatının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31