Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla “Microsoft” şirkəti arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək

Azərbaycanla “Microsoft” şirkəti arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək

19.06.2020 [09:06]

Prezident İlham Əliyev: Düşünürəm, artıq 15 ildən çoxdur ki, “Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində iqtisadi potensialı və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan dünyada məşhur olan çoxlu sayda transmilli şirkətlə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Transmilli şirkətlər ölkəmizdəki uzunmüddətli sabitlikdən və əlverişli investisiya mühitindən bəhrələnərək müxtəlif sahələrə böyük həcmlərdə sərmayələr yönəldirlər. Onlardan biri də “Microsoft” şirkətidir. Qeyd edək ki, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Videokonfransda Azərbaycanla “Microsoft” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaxşı perspektivə malik olduğu diqqətə çatdırılıb. “Düşünürəm, artıq 15 ildən çoxdur ki, “Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var”, - deyə Prezident İlham Əliyev videokonfransda vurğulayıb.
Ölkəmizlə “Microsoft” şirkəti arasında əməkdaşlıq əlaqələri müxtəlif istiqamətləri əhatə edir
Bütün dünyada ən böyük texnologiya şirkətlərindən biri kimi tanınan “Microsoft” şirkəti müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Şirkət ilk növbədə Windows əməliyyat sistemləri ailəsi, eləcə də sənədlərlə işləmək üçün Microsoft Office proqramları ailəsi ilə məşhurlaşıb. Bundan başqa, şirkətin digər proqram məhsulları - Microsoft Visual Studio, MSDN, MSN Messenger, Microsoft Servers də çox geniş istifadə olunur. Ümumiyyətlə, qurumun məhsulları onlarca milli dilə çevrilərək dünyanın müxtəlif ölkələrində yayılır.
Bütün dünyada məşhur olan bu şirkətin Azərbaycanla əməkdaşlıq əlaqələri müxtəlif istiqamətləri əhatə edir. Videokonfransda bildirildiyi kimi, ölkəmiz “Microsfot”la bütün sahələrdə, xüsusilə açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi, internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edir. Hökumət agentlikləri üçün lisenziyalı proqram təminatını almaq məqsədilə 2018-ci ildə “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Bildirilib ki, indiyədək on minlərlə lisenziya verilib və proses hazırda da uğurla davam etdirilir.
Məlum olduğu kimi, hazırda innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində iş aparılır. Respublikamız bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edir.
Videokonfransda Azərbaycanla “Microsoft” şirkəti arasında əməkdaşlığın geniş spektirinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək”.
Videkonfransda da bildirildiyi kimi, “Microsoft” şirkətinin innovativ tətbiqləri həmçinin yeni növ koronavirus pandemiyasının meydana çıxartdığı çağırışları qarşılamağa imkan verir. O çümlədən şirkət pandemiya şəraitində ölkəmizdə təhsil sahəsində vacib layihələr həyata keçirir. Qurum respublikamızda çox qısa müddətdə - cəmi bir neçə həftə ərzində təxminən 1 milyon auditoriyanı əhatə edən əlaqələr qurmağa nail olub. Əlbəttə, vurğulandığı kimi, təhsil sahəsində müvafiq proqramın uğurla reallaşdırılması həm də ölkəmizdə İKT sektorunun yüksək inkişaf səviyyəsi sayəsində mümkün olub. Videokonfransda maraqlı müqayisə aparılıb. Bildirilib ki, dünyanın ayrı-ayrı ölkələrində ailələrdə İKT avadanlığının azlığı problemi yaşanıb, pandemiya səbəbindən evdə qalan ata, ana və uşaqlar, necə deyərlər, kompüterdən istifadə uğurunda mübarizə aparıblar. Xoşbəxtlikdən, Azərbaycanda buna bənzər problemlər yaşanmayıb.
Videokonfransda şirkətinin vitse-prezidenti Filip Roq “Microsoft”un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirib ki, qurum bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını həyata keçirmək üçün virtual iş masalarının yaradılması təşəbbüsü ilə çıxış edib. Filip Roq “bulud hesablamaları” barədə də söhbət açıb, onun səmərəsi və əhəmiyyəti haqqında məlumat verib. Vurğulayıb ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur. Filip Roq məmnunluqla bildirib ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. Şirkət rəsmisi nəzərə çatdırıb ki, Azərbaycan dilində tərcümə xidmətinin tezliklə istifadəyə verilməsi gözlənilir. Bunun iqtisadiyyatın qloballaşmasında, onlayn və oflayn iqtisadiyyatın aparılmasında, turizmin inkişafında rolu böyükdür.
Azərbaycan sənaye inqilabı üzrə regional mərkəzə çevrilir
Dünyanın ayrı-ayrı ölkələrinin məhz uğurlu sənayeləşmə siyasəti sayəsində yüksək inkişaf səviyyəsinə çatdığı heç kəsə sirr deyil. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da bu təcrübədən bəhrələnməklə ölkədə innovativ əsaslı sənaye quruculuğuna böyük diqqət göstərilir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə innovativ əsaslı sənaye quruculuğu siyasətini uğurla reallaşdırmaq üçün bütün şərtlər təmin edilib. Əlverişli investisiya mühiti, bütün sahələri əhatə edən mükəmməl infrastruktur, müxtəlif mallara daxili tələbatın kifayət qədər böyük olması, ixrac bazarlarının yaxınlığı, ayrı-ayrı istiqamətlərdə xammal təchizatında yerli komponentlərin üstünlük təşkil etməsi və bu kimi digər amillər ölkəmizdə müasir sənaye quruculuğu ilə bağlı geniş perspektivlər açır.
Qeyd etdiyimiz kimi, Azərbaycan müasir sənaye quruculuğu siyasətində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir və qlobal trendləri mütləq nəzərə alır. Ölkə miqyasında yüksəksəviyyəli infrastruktur təminatına malik sənaye parklarının yaradılması deyilənlərə misaldır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir.
Azərbaycanın qısa müstəqillik tarixində dünya kosmos ailəsinin üzvünə çevrilməsi ölkəmizdə innovativ əsaslı müasir sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyini əyani şəkildə təsdiqləyir. Əlamətdar haldır ki, respublikamızda yeni sənaye müəssisələri yalnız paytaxt Bakıda və digər iri şəhərlərdə yaradılmır. Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev respublikanın bütün bölgələrində sənaye məhəllələrinin və klasterlərinin yaradılması ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə ölkəmizin sənaye xəritəsi bölgələrə doğru genişlənir.
Ölkəmizdə sənayeləşmə siyasətinin, o cümlədən də qeyri-neft sənayesinin inkişafının diqqət mərkəzində saxlanılması yaxşı nəticələr verir. Təsadüfi deyil ki, son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesi üzrə qeydə alınır, həmçinin bu sektordan ixrac imkanları davamlı şəkildə genişlənir.
Eyni zamanda, Azərbaycanın sənayeləşmə sahəsində qazandığ uğurlar beynəlxalq səviyyədə böyük maraqla izlənilir. Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Mərkəzin yalnız Azərbaycanı deyil, bütün region ölkələrini əhatə edəcəyini bildirən Prezident İlham Əliyev “Həmçinin onu qeyd etmək istəyirəm ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız, sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır”, - deyə vurğulayıb.
Azərbaycanın uğurlu sənayeləşmə siyasətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsindən söhbət açarkən daha bir məqamı da qeyd etmək yerinə düşər. Xəbər verildiyi kimi, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Tədbir çərçivəsində paytaxtımıza dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərlərindən, nümayəndələrindən ibarət təxminən 6-7 min xarici qonağın gələcəyi gözlənilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31