Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda pandemiya şəraitində vətəndaşların sağlamlığının qorunması əsas məsələ kimi müəyyənləşdirilib

Azərbaycanda pandemiya şəraitində vətəndaşların sağlamlığının qorunması əsas məsələ kimi müəyyənləşdirilib

24.06.2020 [08:31]

Prezident İlham Əliyev: Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir
İlk dəfə ötən ilin dekabr ayında Çində baş qaldıran və qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan təhlükəli yeni növ koronavirus (COVİD-19) infeksiyası ayrı-ayrı ölkələrin öz gündəliklərini meydana çıxan yeni çağırışlar əsasında müəyyənləşdirməyə vadar edib. Bu baxımdan Azərbaycanın pandemiyaya qarşı milli səviyyədə apardığı mübarizə təqdirəlayiqdir. Ölkəmizdə yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeyd alındıqdan etibarən ölkənin əlaqədar dövlət qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək zəruri qabaqlayıcı tədbirlər görürlər. Müxtəlif istiqamətləri əhatə edən bu tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı dünya miqyasında pandemiyaya qarşı ən səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib.
Pandemiya şəraitində ölkənin ən yaxşı xəstəxanaları koronavirus xəstələrinin müalicəsinə cəlb olunub
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə birmənalı şəkildə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Son 16 ildə respublikamız məhz bu strateji kurs əsasında inkişaf edib. Biz Azərbaycan dövlətinin daim ən çətin məqamlarda - daşqınlar, zəlzələlər, yanğınlar zamanı daim öz vətəndaşlarının yanında olduğunun, onlara hərtərəfli diqqət və qayğı göstərdiyinin şahidi oluruq.
Azərbaycan dövləti pandemiya dövründə də öz ənənəsinə sadiq qalaraq yenə də vətəndaşların yanında olmaq nümunəsi göstərir. Prezident İlham Əliyev son vaxtlarda keçirilən müxtəlif tədbirlərdə bildirib ki, biz pandemiyanın iqtisadiyyata vurduğu ziyanı gec-tez aradan qaldıracağıq, indiki məqamda əsas vəzifə insanların sağlamlığının qorunması ilə bağlıdır. “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir”, - deyə dövlətimizin başçısı iyunun 9-da üç modul tipli xəstəxananın açılışından sonra həkim kollektivi ilə görüşdəki çıxışında vurğulayıb.
Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir. Koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunan xəstəxanalar sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin cərrahiyyə və terapevtik klinikaları yeni növ koronavirusa yoluxan xəstələrin ən çox müalicə aldıqları səhiyyə müəssisələrindəndir. Xəstəliyin müalicəsində erkən və düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunması ölkə üzrə virusa yoluxan xəstələrin operativ şəkildə müəyyənləşdirilməsinə imkan verir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan aparılan test yoxlamalarının əhalinin sayı nisbətinə görə bütün dünyada öncül yerlərdən birini tutur. Respublikamızda pandemiya ilə mübarizə çərçivəsində, həmçinin ciddi karantin tədbirləri görülür. Karantinə alınan vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilirlər və onların bütün xərcləri dövlət hesabına qarşılanır. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da olduqca mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkənin ən müasir xəstəxanalarının pandemiya ilə mübarizəyə cəlb olunması Azərbaycan dövlətinin əhalinin sağlamlığına necə böyük önəm verdiyini təsdiqləyir.
Pandemiya şəraitində ölkənin səhiyyə infrastrukturu daha da genişləndirilir
Hazırda ölkəmizin səhiyyə müəssisələrində COVİD-19-a yoluxan vətəndaşları qəbul etmək üçün hər cür imkan var. Bununla yanaşı, ölkənin səhiyyə infrastrukturunu daha da genişləndirir. “...Biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”, - deyə Prezident İlham Əliyev bildirib. Qeyd edək ki, hazırda ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın tikintisi uğurla davam etdirilir. Prezident İlham Əliyevin 7 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manat vəsait ayrılıb. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində imzaladığı “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla isə sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Artıq modul tipli xəstəxanalardan 4-ü Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Daha 6 modul tipli xəstəxananın isə yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin səmərəliliyini artıran daha bir mühüm məqamı da xüsusi vurğulamaq lazımdır. Söhbət pandemiyayaya qarşı mübarizəyə cəlb olunan müvafiq qurumların fəaliyyətindən və həkimlərin fədəkarlığından gedir. Təqdirəlayiq haldır ki, Azərbaycan həkimləri pandemiya şəraitində yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərirlər. Prezident İlham Əliyev müvafiq qurumların və həkimlərin pandemiya şəraitində fəaliyyətlərini yüksək dəyərləndirdiyini bildirib. Bununla bağlı fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “Eyni zamanda, mən bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirirəm. Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.
Azərbaycan cəmiyyəti pandemiya ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək dəyərləndirir
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, dövlət pandemiyaya qarşı mübarizədə lazım olan hər şeyi edir. O cümlədən 21 iyun -5 iyul tarixlərində ölkənin ayrı-ayrı yaşayış məntəqələrində karantin rejiminin sərtləşdirilməsi vətəndaşların həyatının qorunması məqsədi daşıyır.
Əlamətdar haldır ki, respublikamızda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər, o cümlədən də səhiyyə tədbirləri Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir”.
Qeyd edək ki, KİV-lərdə Prezident İlham Əliyevin ünvanına gələn minnətdarlıq məktublarının yalnız bir qismi dərc olunur. Əslində, coğrafiyası ölkənin bütün regionlarını əhatə edən bu məktubların sayı daha çoxdur. Bəhs olunan məktubların müəllifləri sırasında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinə rast gəlmək mümkündür. İmzalar bir-birlərindən fərqlənsələr də, müxtəlif kateqoriyadan olan insanların həmrəylik və minnətdarlıq hissləri onları birləşdirir. Bütövlükdə, insanlar dövlətin pandemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlərin əhəmiyyətini olduqca yüksək qiymətləndirirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31