Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müşfiq Məmmədli: Cərimələrin artırılması sosial məsuliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir

Müşfiq Məmmədli: Cərimələrin artırılması sosial məsuliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir

26.06.2020 [09:11]

“Sərhəd tanımayan yeni növ koronavirus (COVİD-19) infeksiyası qlobal xarakter daşıyır və göründüyü kimi, bir çox ölkədə həm çoxsaylı insan tələfatına, həm də ciddi sosial-iqtisadi problemlərə səbəb olub. Azərbaycana gəlincə, məlum olduğu kimi ölkəmizdə koronavirusla mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir, məqsədyönlü addımlar atılır. Hələ yoluxmanın ilk qeydə alındığı dövrdən bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul olundu, Nazirlər Kabineti yanında Operativ qərargah yaradıldı. Eləcə də dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında əksini tapan tədbirlər uğurla icra edilməkdədir. Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işlər beynəlxalq səviyyədə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi”.
Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti hələ mart ayından etibarən həm əhalinin sağlamlığının qorunması, həm də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmaqla koronavirus pandemiyası dövründə rastlaşa biləcəyimiz fəlakətlərin qarşısını aldı: “Tədbirlər Planı hazırlanaraq icra olunmağa başlandı, həmçinin modul tipli xəstəxanalar açıldı, digər böyük xəstəxanalar koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün səfərbər edildi. Qısa müddət ərzində Azərbaycanın paytaxtında 2, Sumqayıt şəhərində bir, Abşeron rayonunda bir, Gəncə şəhərində bir modul tipli xəstəxana tikilib istifadəyə verilib. 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı Prezident İlham Əliyev bildirdi ki, yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, əlavə olaraq 2 min çarpayı deməkdir ki, nəticə etibarilə koronaviruslu xəstələrin müalicəsi üçün mühüm imkanlar verir. Xüsusilə, paytaxt Bakıda “Yeni klinika”nın tikilib istifadəyə verilməsi olduqca mühüm əhəmiyyətə malik idi. Bilindiyi kimi, bu, ölkəmizdə ən gözəl, ən müasir klinikadır. Təxminən 600 çarpayılıq bu klinikada hazırda koronavirusdan əziyyət çəkən xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına koronaviruslu xəstələrin müalicəsi işində mühüm addımlar atılır. Bütün bunlar vətəndaşlarımızın sağlamlıqlarının qorunması, onların yüksək şəraitə malik xəstəxanalarda müalicə olunması üçün dövlətimiz tərəfindən atılan kompleks addımlardır. Məhz vaxtında görülən bu cür tədbirlərin sayəsində koronavirusla mübarizə istiqamətində mühüm uğurlar əldə olunur”.
Millət vəkili onu da vurğulayıb ki, ilkin vaxtlardan etibarən ölkəmizdə ciddi karantin rejiminin tətbiq edilməsi yoluxmaların sayında müəyyən qədər azalmalara yol açsa da, sonrakı mərhələdə-yumşaldılmaların ardından yenidən yoluxmanın sayının artması müşahidə olundu və hökumət bir sıra regionlarda yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul etdi. Onun sözlərinə görə, buartımın başlıca səbəbi bəzi vətəndaşların xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qadağalara etinasız yanaşması, başqa sözlə, desək vətəndaş məsuliyyətsizliyidir: “Vətəndaşların sosial məsafəyə, sanitar-gigiyenik qaydalara və ən əsası, tibbi maskaların taxılması ilə bağlı tövsiyələrə məhəl qoymamaları yumşalmalar dövründə yenidən yoluxma sayının artımına yol açdı. Bu isə yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul olunması zərurəti yaratdı. Bütün bu addımlar insanlarımızın sağlamlıqlarının qorunması üçündür. Mütləq şəkildə bu qaydalara riayət olunmalıdır ki, yoluxma sayında azalmalar müşahidə olunsun. Möhtərəm Prezidentimiz 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı tibb işçiləri ilə görüşündəki nitqində də vurğuladı ki, son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu baxımdan, sərtləşdirilmiş karantin rejimi birmənalı şəkildə vətəndaşların sağlamlıqlarının qorunmasına, yoluxma sayının sürətinin azaldılmasına xidmət göstərir”.
Qaydalara riayət etməyən vətəndaşların cərimə olunması məsələsinə də toxunan M.Məmmədli qeyd edib ki, bu gün dünyanın bütün ölkələrində bununla bağlı ciddi tədbirlər görülür: “Dünyanın bir sıra dövlətlərində olduqca yüksək məbləğdə cərimələr nəzərdə tutulur ki, bu da vətəndaşların həm də bu qaydalara riayət etməsi məcburiyyəti yaradır. Məsələn, Türkiyədə koronavirusla bağlı qaydaların porzulmasının qarşılığında böyük miqdarda cərimələr tətbiq olunur. Eləcə də Avropanın digər ölkələrində bu hallar müşahidə edilməkdədir. Ölkəmizdə isə qoyulan qaydaların pozulması ilə bağlı tətbiq olunan cərimələrin miqdarının az olması bəzi hallarda vətəndaşlarda həmin qaydalara etinasızlıq yaradır. Düşünürəm ki, bu cərimələrin miqdarının artırılması sosial məsuliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Başqa sözlə, belə bir addım vətəndaşların qaydalara riayət etmələri üçün önəmlidir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31