Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın diplomatik uğurları xaricdəki ermənipərəst dairələri və Ermənistan hakimiyyətini narahat edir

Azərbaycanın diplomatik uğurları xaricdəki ermənipərəst dairələri və Ermənistan hakimiyyətini narahat edir

14.07.2020 [09:05]

Ermənistanın növbəti təxribatı həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm işğalçı ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək məqsədi güdüb
İşğalçı Ermənistan öz çirkin əmllərindən əl çəkmir. Bu baxımdan 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Bir sözlə, ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb və Azərbaycan Ordusu Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Yayılan videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb
Ümumiyyətlə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanıb. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan silahlı qüvvələri qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri isə daha sonrakı vaxtda, Azərbaycan Ordusunun cavab atəşi nəticəsində baş verib.
Digər tərəfdən, Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu həqiqətən də olduqca gülünc və ağlasığmaz bir iddiadır. Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi.
Qeyd edək ki, Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə görüşünün geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xaricdəki ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
Belə ki, Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan ölkəsi tərəfindən dəstəkləndiyi halda, onun əleyhinə çıxan yeganə ölkə Ermənistan olub. Bu, bir daha Ermənistanda Azərbaycanofobiyanın hansı həddə çatdığını göstərir.
Digər tərəfdən, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarları ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.
Paşinyan səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmaq niyyəti güdür
Bu səbəbdən son təxribat Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq, həm də ölkə daxilində müşahidə olunan gərginliyi azaltmaq məqsədi güddüyünü söyləmək olar.
Ona görə ki, Paşinyan hakimiyyəti itirməkdən qorxur. Çünki onun demaqoqcasına vəd etdiyi “çiçəklənmə” reallaşmır. Bu halda Paşinyanın yeganə məqsədi hansı vasitə ilə olursa olsun hakimiyyətini qorumaqdır.
Amma heç kimə sirr deyil ki, pandemiya ilə əlaqədər Ermənistanda hazırda sosial-iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Həm bütövlükdə dövlət, həm də səhiyyə sistemi problemin öhdəsindən gələ bilmir. Bununla belə, istehsal dayanıb, biznes çökür, insanlar yoxsullaşır. Yerli ekspertlərin fikrincə, Ermənistandakı vəziyyət o dərəcədə gərgindir ki, hər an nəzarətdən çıxacağı istisna olunmur.
Sosial-iqtisadi problemlərin kəskinləşməsi, korrupsiya hallarının, koronavirusla mübarizə sahəsində çoxsaylı nöqsanların ortaya çıxması, insan hüquq və azadlıqlarının pozulması, siyasi opponentlərə repressiyaların tətbiqi Paşinyan hakimiyyətini çox çətin duruma salıb. Üstəlik, hazırda Ermənistanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə “xarici düşmən” mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb. Lakin Paşinyanın belə təxribatlarla hər hansı nəticə əldə edəcəyi real görünmür.
Qeyd olunduğu kimi, N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olub. Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.
Məhz buna görə də ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya gedib.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.
Ermənistan hakimiyyəti yalan məlumatlarla yerli və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır
Onu da qeyd edək ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVID-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyil. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır. Lakin işğalçı dövlətin bu ümidləri də puç oldu. Belə ki, KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı KTMT-nin daimi şurasının planlaşdırılan növbədənkənar görüşü ləğv olundu. Növbədənkənar toplantı barədə xəbər KTMT internet ünvanından silindi. Çox güman ki, KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.
Dünyanın COVID-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.
Buna görə də yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Hakimiyyətin son təxribat zamanı ölənlər barədə məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub.
Qeyd edək ki, Ermənistan tərəfinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini, yeni yüksəklikləri ələ keçirməsi barədə iddiaları da yalan və dezinformasiyadır. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri də bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
Ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməzdir
Yeri gəlmişkən, mühüm məqama toxunmaq yerinə düşər ki, iyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında onların uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər.
Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.
Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən vəzifəni yerinə yetirməyə hazırdır
Bəli, qeyd olunduğu kimi bu gün Azərbaycan güclü orduya malikdir. Dövlət tərəfindən göstərilən diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri silah-sursat, hərbi texnika və hərbçilərin peşəkarlığının artırılması baxımından son illər dünyanın güclü orduları sırasında layiqli yerini tutub. Göstərilən bu qayğı Azərbaycan Ordusunun daha da qüdrətlənməsi, hərbçilərin vətənpərvərlik hisslərinin yüksəlməsinə gətirib çıxarıb. 2016-cı ilin aprelindəki döyüşlər və 2018-ci ildə Naxçıvan istiqamətində aparılan əməliyyatlar zamanı əldə edilən uğurlarda da bu münasibətin mühüm rolu olub. Eyni zamanda, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verməsi bir daha göstərdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31