Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan su təhlükəsizliyinin təmin olunmasında tarixi uğurlara imza atıb

Azərbaycan su təhlükəsizliyinin təmin olunmasında tarixi uğurlara imza atıb

22.08.2020 [00:25]

Prezident İlham Əliyev: Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır

Son vaxtlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı bir neçə mühüm sənəd imzalayıb. Dövlət başçısının 15 aprel 2020-ci il tarixində imzaladığı müvafiq Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 iyul 2020-ci il tarixində isə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənədə əsasən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib. Sözügedən Tədbirlər Planına əlavə olaraq yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının, eləcə də dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahıları müəyyənləşdirilib. Bundan başqa, iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

Deyilənlərdən də göründüyü kimi, Azərbaycan dövlətinin gündəliyində ölkənin su təhlükəsizliyini etibarlı şəkildə təmin olunması mühüm yer tutur. Ölkəmizdə su təhlükəsizliyi ilə bağlı məsələyə ciddi önəm verməsi isə bir sıra mühüm amillərlə, meydana çıxan yeni çağırışlarla bağlıdır. Məlum olduğu kimi, son dövrlərdə qlobal iqlim dəyişiklikləri baş verir, orta temperatur yüksəlir. Bu proses Azərbaycana da təsirsiz ötüşmür. Digər tərəfdən, son illərdə xarici mənbələrdən respublikamıza daxil olan su həcimlərində, həmçinin yağıntılarda azalma müşahidə edilir. Bütün bu arzuolunmaz proseslər fonunda respublikamızda ölkə iqtisadiyyatının, o cümlədən regionlarda kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbat artıb.

Öz siyasətində zamanın dəyişən tələblərini nəzərə alan Azərbaycan dövləti ölkənin etibarlı su təhlükəsizliyinə nail olmaq üçün zəruri tədbirlər həyata keçirir. Son 17 ildə böyük həcmli dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan su layihələri bütün ölkə üzrə geniş vüsət alan müasir infarstruktur quruculuğunun mühüm tərkib hissəsini təşkil edib. Yeri gəlmişkən, yuxarıda bəhs olunan müşavirədə ölkəmizdə su təhlükəsizliyinin aktuallığı nəzərə çatdırılıb, əhalinin və iqtisadiyyatın su təminatının yaxşılaşdırılmasına hesablanan layihələr barədə ətraflı məlumat verilib. Dövlət başçımız müşavirədə söylədiyi nitqində “Bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü”, - deyə vurğulayıb.

Ölkədə qarşıya içməli su və suvarma suyu ilə təminatı 100 faizə çatdırmaq vəzifəsi qoyulub

Son 17 ildə respublikamızda reallaşdırılan digər təyinatlı infrastruktur obyektləri kimi, su layihələrinin, meliorasiya və irriqasiya tədbirlərinin statistikası da kifayət qədər zəngindir. Respublikamızda bəhs olunan dövrdə reallaşdırılan su layihələri sırasında Oğuz-Qəbələ-Bakı su kəmərinin əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Bu kəmər vasitəsi ilə böyük həcmdə su Bakı şəhərinə çatdırılır. Vurğulamaq yerinə düşər ki, sözügedən layihənin icrası respublikamızın ilk neft gəlirləri hesabına təmin edilib. Bu, Azərbaycan dövlətinin qara qızılı insan kapitalına çevirmək siyasətinin real təzahürüdür. Layihənin önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi”.

Bəhs olunan dövrdə reallaşdırılan digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və burada ulturasüzgəcli qurğular kompleksinin istifadəyə verilməsidir. Bu, dünyada ən müasir və ən böyük sutəmizləyici qurğulardan biridir. Həm Oğuz-Qəbələ-Bakı su kəmərinin, həm də Ceyranbatan su anbarının yenidən qurulması sayəsində paytaxtın və ətraf qəsəbələrinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, eyni zamanda keyfiyyət göstəriciləri yüksəlib.

Respublikamızda dövlət əsaslı vəsait qoyuluşu hesabına 270 milyon kubmetr su tutumuna malik Taxtakörpü su anbarının tikintisi tarixi əhəmiyyət daşıyır. Bu nəhəng infrastruktur obyekti hazırda həm əhalinin, həm də regionlarda aqrar sektorun suya olan tələbatının ödənilməsinə xidmət göstərir.

Müstəqillik illərində yaradılan Şəmkirçay su anbarı bu gün respublikamızın su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bəhs olunan anbarın imkanlardan faydalanır. Paralel şəkildə, son illərdə respublika ərazisində Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Bütövlükdə, bəhs olunan dövrdə ölkəmizdə yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir ki, bu da kifayət qədər böyük həcmdir.

Belə müasir infrastruktur obyektlərini ancaq Azərbaycan kimi güclü dövlət yaratmaq iqtidarındadır. Reallaşdırılan bu və digər layihələrin sayəsində ölkəmizin su təminatında ciddi dönüş yaranıb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev statistik göstəriciləri diqqətə çatdırıb. “Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.

Alternativ və yerli mənbələrdən istifadə edilməsi respublikamızda suya olan tələbatın ödənilməsində mühüm vasitədir

Nəzərə alsaq ki, su resurslarımızın böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır, onda alternativ və yerli su mənbələrindən istifadə eilməsinin önəmi barədə konkret təsəvvür yaranar. Azərbaycan yeraltı sularla zəngin ölkədir. İndiyədək respublikamızda yeraltı su mənbələrindən istifadə edilməsi istiqamətində bir sıra önəmli addımlar atılıb. Yuxarıda bəhs olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin resurs mənbəyi məhz yeraltı sulardır. Bundan başqa, son illərdə bütün ölkə üzrə subartezian quyularının qazılması geniş vüsət alıb. Subartezian quyularının suyundan həm əhalinin tələbatının ödənilməsi, həm də suvarma məqsədləri üçün istifadə olunur. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev təkcə son vaxtlarda Balakən, Qəbələ, Zaqatala və digər rayonlarda subartezian quyularının qazılmasına vəsait ayrılması barədə çoxsaylı sərəncamlar imzalayıb.

Həmçinin ölkəmizdə əhalinin və iqtisadiyyatın suya tələbatının daha dolğun şəkildə ödənilməsini təmin etmək məqsədilə alternativ su ehtiyatlarından istifadə edilməsi diqqət mərkəzində saxlanılır. Bir qədər bundan əvvəl İmişlidə bununla bağlı yeni layihənin icrasına start verilib.

Belə ki, artıq rayonun Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb. Burada bir-biri ilə əlaqəli olan 5 gölün ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 100 milyon kubmetrə qədər su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.

Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Baş Muğan kanalına ötürülən su hesabına 3 rayonda - İmişli, Saatlı və Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması yaxşılaşacaq. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.

Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl var. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur.

Ölkəmizin su təhlükəsizliyinin təmin olunması baxımından itkilərin qarşısının alınması da böyük aktuallıq daşıyır. Su itkiləri əsasən torpaq kanallarda baş verir, həmçinin nəzarət mexanizminin bəzi hallarda düzgün qurulmaması da su itkilərinə yol açır. İndiki dövrdə su itkilərinə yol verilməsini dözülməz hal kimi səciyyələndirən Prezident İlham Əliyev deyib: “40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.

Müşavirədə diqqət mərkəzinə gətirilən vacib məsələlərdən biri də mövsüm vaxtı suyun fermerlər arasında bərabər şəkildə bölüşdürülməsi ilə bağlıdır. Prezident İlham Əliyev bildirib ki, suların bölüşdürülməsi ədalətli olmalıdır. Müşavirədə bildirilib ki, hazırda məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü diqqət mərkəzində saxlanılır. Baş nazirin müavini Şahin Mustafayevin məlumatına əsasən, indiyədək 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31