Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

05.05.2021 [08:37]

Mayın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra deputatlar cari məsələlər barədə danışıblar.
Parlamentin komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Könül Nurullayeva, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Əli Məsimli, Razi Nurullayev, Tural Gəncəliyev, Azər Badamov, Müşfiq Cəfərov müxtəlif aktual məsələlərə toxunublar. Millət vəkilləri Dövlət Təhlükəsizliyi Xidməti və Sərhəd qoşunları zabitlərinin sərhəddə təqdirəlayiq fəaliyyətindən, azad olunmuş ərazilərdə yenidənqurma işlərindən, o cümlədən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsindən bəhs ediblər. Çıxışlarda, həmçinin manatın məzənnəsi, bankların durumu, icbari tibbi sığorta ilə bağlı vəziyyət, sosial şəbəkələrdə edilən xoşagəlməz çıxışlar, müxtəlif yaş kateqoriyasından olan şəxslər, xüsusilə uşaqlar arasında intihar hallarının baş verməsi, bunun səbəbləri və qarşısının alınmasının vacibliyi, bələdiyyə torpaqlarının ayrılması sahəsində vəziyyət, təhsil sahəsində mövcud durum barədə fikirlər səsləndirilib. Deputatlar, eyni zamanda, seçiciləri narahat edən problemləri diqqətə çatdırıblar, bununla bağlı öz qeyd və təkliflərini səsləndiriblər.
Sonra parlamentin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 11 məsələ müzakirə ediləcək. Gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi üçüncü oxunuşun tələblərinə tam cavab verir. Sənəd dini etiqad azadlığı sahəsində mövcud olan və yeni yaranan münasibətləri ölkənin qanunvericilik sisteminə uyğun şəkildə tənzimləmək, qanunun tələblərinə riayət olunmasına nəzarəti və maarifləndirmə işini səmərəli təşkil etmək məqsədi daşıyır.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə layihə barədə öz fikirlərini açıqlayıblar.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, dini etiqad azadlığı Azərbaycan vətəndaşlarına tanınmış konstitusion hüquqdur: “Vətəndaşlar heç bir maneə olmadan öz dini etiqad azadlıqlarını və dini ritualları sərbəst şəkildə yerinə yetirirlər. Bu, o deməkdir ki, Azərbaycanda din və vicdan azadlığı tam təmin olunub”.
Qanun layihəsi barədə danışan deputat bildirib ki, sənədin 1-ci maddəsinin 3-cü bəndində “kütləvi dini ibadət ayinlərinin və mərasimlərinin icrası zamanı dini təlimin əsaslandırılmasının “işıqlandırılması” ifadəsi dəyişdirilməli və “təqdim olunmalıdır” kimi verilməlidir. Çünki “işıqlandırılması” ifadəsi bu məsələdə uyğun ifadə deyil.
Qanunun 6-cı maddəsinin dini təhsillə bağlı olduğunu deyən Hikmət Babaoğlu qeyd edib ki, dini təhsil çox vacib məsələdir: “Gündəlik dini mərasim və rituallarda dini təhsilin nə dərəcədə olması böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, İlahiyyat İnstitutuna qəbul üçün keçid balı 200 baldır. Bu, ən aşağı göstəricilərdən biridir. Yəni 200 balla ali təhsil müəssisəsinə qəbul olunub, dini fəlsəfəni mənimsəmək çox çətindir. Çünki idraki bazanın özü çox zəifdir. Göstərici 200 baldırsa, dünyəvi fəlsəfədən daha ali, zəngin və mürəkkəb olan ilahi fəlsəfəni 200 ballıq idraki yaddaşla mənimsəmək çətindir. Dini mərasimləri idarə edən din xadimləri geniş kütlə qarşısında öz savadını nümayiş etdirir. Bu baxımdan hesab edirəm ki, İlahiyyat İnstitutuna keçid balı yüksəldilməlidir. Azərbaycanda dini fəlsəfəni, dini mənəviyyatı, dinimizin əsaslarını dərindən bilən çox gözəl alimlərimiz, din xadimlərimiz var. Onların sayını artırmaq lazımdır”.
Millət vəkili təklif edib ki, İlahiyyat İnstitutuna qəbul üçün bakalavr baza təhsili olan məzunlar seçilsinlər: “Çünki güclü dünyəvi-fəlsəfi baza olmadan, ilahi fəlsəfəni düzgün dərk və təlqin etmək bir qədər çətindir. Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsi olduğuna görə bizim dünyəvi düşüncələrimizi asanlıqla deformasiyaya məruz qoya bilir. Çünki bu, ilahidir, müqəddəsdir və alidir”.
Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, bu sənəd “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin icrası ilə əlaqədar hazırlanıb. Layihədə nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədin layihəsi ilə bağlı üçüncü oxunuşda məlumat verib.
Komitə sədri, həmçinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən bəhs edib və bununla bağlı statistik məlumatları diqqətə çatdırıb.
Deputat Qüdrət Həsənquliyev çıxış edərək layihə barədə fikirlərini səsləndirib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Sədri Sahibə Qafarova bildirib ki, növbəti üç məsələ mahiyyətcə bir-birinə yaxın və bağlı olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli gündəliyin növbəti üç məsələsini - “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.
Diqqətə çatdırılıb ki, hər üç sənəd “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərə əsasən, dənizçilərin şəxsiyyət sənədlərinin forması və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Daha sonra “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə baxılıb.
Məsələ ilə bağlı çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda iqtisadi sahədə həyata keçirilən səmərəli dövlət siyasətindən danışıb, azad iqtisadi zonaların əhəmiyyətini qeyd edib. Komitə sədri azad iqtisadi zonaya sərmayələrin cəlb edilməsi üçün hüquqi çərçivənin dəqiq müəyyən olunmasının önəmli olduğunu deyib. O, “Ələt azad iqtisadi zonası haqqında” Qanunun qəbulundan sonra keçən müddət ərzində baş verən dəyişikliklərdən bəhs edib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbənin regionda yaratdığı yeni iqtisadi imkanlar, Zəngəzur nəqliyyat dəhlizinin açılması reallığı fonunda müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyini vurğulayıb.
Tahir Mirkişili layihənin Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması və müvafiq qanunun tətbiqi təcrübəsindən irəli gəldiyini söyləyib.
Müzakirələr zamanı deputatlar Razi Nurullayev, Etibar Əliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Fazil Mustafa, İltizam Yusifov, Tural Gəncəliyev sənədlə bağlı fikirlərini söyləyiblər.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.
Sonra komitə sədri Tahir Mirkişili birinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu bildirib.
Komitə sədri Tahir Rzayev, deputatlardan Əli Məsimli, Aydın Hüseynov, Etibar Əliyev dəyişikliklər barədə fikirlərini və təkliflərini səsləndiriblər.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda daha sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Bildirilib ki, qanun layihəsi “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanına əsasən, hazırlanıb. Təklif olunan dəyişiklik heyvanların dövlət sifarişi ilə planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyənləşdirilməsinə hüquqi əsas yaradacaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin iclası başa çatıb.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31