Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir

05.05.2021 [08:29]

Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Hazırda Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Xalqımız doğma yurd yerlərinə bu qayıdışı düz üç onillik ərzində gözləyib. Azərbaycan dövləti 44 günlük müharibədə hərbi-siyasi yolla işğaldan azad etdiyi ərazilərə Böyük Qayıdışı təmin etmək üçün bütün zəruri tədbirləri görür. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq bəhs olunan ərazilərdə müasir infrastrukturun qurulması istiqamətində fəal iş aparılır və müxtəlif layihələr uğurla icra edilir.
İşğaldan azad olunan ərazilərin bərpası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi baxımından Zəngəzur dəhlizinin yaradılması özünün strateji önəmi ilə diqqəti xüsusi cəlb edir. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində respublikamızın bu dəhlizin yaradılmasında israrlı olduğunu bildirərək vurğulayıb: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”.
Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvanın blokadasına son qoyulacaq
44 günlük müharibənin nəticələrinə uyğun olaraq Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması regionda yeni reallıqlar yaradıb. Şübhəsiz ki, qalib Azərbaycan postkonflikt dövründə regionda formalaşan yeni konfiqurasiyanın şərtlərini diktə edən əsas tərəfdir. Ölkəmiz yeni reallıqlar fonunda özünün strateji maraqlarının ədalətli şəkildə təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir. Ölkəmiz üçün prinsipial məsələlərdən biri Naxçıvanın blokadasına son qoyulması ilə bağlıdır. Respublikamız regionda nəqliyyat kommunikasiyalarının bərpasını və Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən zəruri infrastrukturun qurulmasını şərt kimi irəli sürüb. Bununla bağlı müddəalar ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda təsbit olunub. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Eyni zamanda, cari il yanvarın 11-də Moskvada imzalanan yeni üçtərəfli Bəyanat tərəflərin noyabrın 10-da imzalanan sənədin müddəalarına sadiq qaldıqlarını bir daha təsdiqlədi. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir. Hazırda regionda yol-nəqliyyat kommunikasiyalarının yaradılması intensiv şəkildə davam etdirilir. Füzulidə beynəlxalq hava limanı tikilir. Daha bir beynəlxalq hava limanının təməli bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəngilanda qoyulub. İşğaldan azad edilmiş ərazilərdə sayca üçüncü beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində reallaşdırılacaq. Həmçinin avtomobil yollarının tikintisi ilə bağlı bütün istiqamətlər üzrə nəzərdə tutulan layihələr reallaşdırılır.
Razılaşmaya əsasən, qarşıdan gələn iki il ərzində Horadiz-Ağbənd istiqamətində yeni dəmir yolunun çəkilməsi də nəzərdə tutulub.
Məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan sənədlərdə əksini tapan müddəaların ona aid olan öhdəliklərinin icrasına başlayıb. Dövlət başçımızın iştirakı ilə təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xətti, ilk növbədə, respublikamız üçün böyük strateji önəm daşıyır. Yeni nəqliyyat bağlantısı işğaldan azad edilmiş ərazilərə ölkənin digər bölgələrindən vətəndaşların gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, bərpa və ondan sonrakı dövrdə bu ərazilərə yüklərin tez və ucuz çatdırılmasına yeni imkanlar yaranacaq.
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa bağlantı yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində qalmışdı. Təbii ki, kommunikasiyaların bərpası, o cümlədən Horadiz-Ağbənd dəmir yolunun inşası ilə muxtar respublikanın blokadasına son qoyulacaq. Prezident İlham Əliyev bu günlərdə Zəngilan və Cəbrayıl rayonlarına səfəri çərçivəsində erməni işğalçılarının viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi ərazidə olarkən Horadiz- Ağbənd dəmir yolunun çəkilməsinin önəminə diqqət çəkərək “Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”, - deyə vurğulayıb.
Yaradılacaq yeni dəhliz bütün region dövlətlərinin maraqlarına cavab verir
Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata uyğun olaraq regionda tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Müharibəni qələbə ilə başa vuran Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Respublikamız o mövqedən çıxış edir ki, artıq müharibə səhifəsi bağlanıb və bundan sonra gələcəyə baxmaq lazımdır. 44 günlük müharibənin nəticəsi olaraq yeni əməkdaşlıq konfiqurasiyasının yaradılması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin mühüm şərtlərindən biridir. Dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin də bildirdikləri kimi, yeni nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması regionda sabitlik, etimad mühitinin yaranmasında mühüm rol oynayacaq.
Lakin yeni nəqliyyat bağlantısının önəmi yalnız siyasi amillərlə məhdudlaşmır. Bu, eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi və region dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından da böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, indiyədək respublikamız Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Yaranan yeni reallıqlar fonunda postmüharibə dövründə respublikamızın regional əməkdaşlığın genişlənməsində rolu daha da artacaq. Prezident İlham Əliyev BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində videoformatda təqdim olunan çıxışında bunu diqqətə çatdıraraq deyib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”.
Ekspertlər bəhs olunan dəhliz sayəsində region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasını da yüksək dəyərləndirirlər. Perspektivdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, üç il yarım bundan əvvəl Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Eyni zamanda, indiyədək dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistan da yeni dəhlizin yaradacağı imkanlardan bəhrələnə bilər. Belə ki, yeni dəhlizin yaradılması ilə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bütün bu kimi amillərə görə hazırda region dövlətləri yeni dəhlizin yaradılmasına böyük maraq göstərirlər. Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən dövlətimizin başçısı bunu nəzərə çatdıraraq “Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”, - deyə bildirib.
Ümumiyyətlə, ekspertlər yeni nəqliyyat dəhlizinin perspektivləri ilə bağlı kifayət qədər optimist fikirlər irəli sürürlər. Belə bir qənaət ifadə olunur ki, daha geniş coğrafiyada yerləşən ölkələr də Cənubi Qafqazda Azərbaycanın fəal iştirakı ilə yaradılacaq yeni dəhlizin imkanlarından bəhrələnəcəklər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31