Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb

Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb

15.07.2021 [09:23]

Prezident İlham Əliyev: Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk
Xəbər verildiyi kimi, bu günlərdə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Xatırladaq ki, Qoşulmama Hərəkatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Hazırda qurumda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur. Bəhs olunan konfransda videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artmasına diqqət çəkərək vurğulayıb: “Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb”.
Azərbaycan qısa müddət ərzində Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanıb
Milli maraqlara əsaslana çoxvektorlu xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”, - deyə dövlətimizin başçısı bəhs olunan Zirvə Görüşündəki nitqində bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək və üzv dövlətlərin maraqlarının BMT çərçivəsində müdafiə edəcəkdir.
Ötən qısa müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünür ki, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur. Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin etimadını qazanmasını məmnunluq hissi ilə diqqətə çatdıraraq bildirib: “Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi”.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini perspektivdə də davam etdirəcək. Bu xüsusda fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı “Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək”, - deyə vurğulayıb.
Ölkəmizin keçmiş Ermətistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib
Qısa əməkdaşlıq dövründə Azərbaycan və Qoşulmama Hərəkatı bir-birinə qarşılıqlı dəstək nümayiş etdirib. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. O cümlədən ölkəmizin keçmiş Ermətistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Xatırladaq ki, Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 2012-ci ildə Tehranda keçirilmiş 16-cı Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənədə keçmiş münaqişə ilə bağlı bənd də daxil edilib. Sənəddə dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstək ifadə ediblər. 2016-cü ildə Marqaritada (Venesuela) keçirilmiş Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 17-ci Zirvə Görüşündə qəbul olunmuş Yekun Sənəddə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini bildiriblər. Bundan başqa, 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransının yekun sənədində də oxşarməzmunlu müddəalar yer alıb. 25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammitində də dövlət və hökumət başçıları bir daha münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıblar. Qoşulmama Hərəkatı 18 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində iki ölkə arasındakı dövlət sərhədində törətdiyi hərbi təxribata dair Kommünike qəbul edib və Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləyb.
Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib. Bunu minnətdarlıq hissi ilə xatırladan Prezident İlham Əliyev deyib: “Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib”.
Prezident İlham Əliyev bəhs olunan çıxışında Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni xatırladıb. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişlər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşlar. Prezident İlham Əliyev bildirib ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.
Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir. Çox doğru olaraq qurum ölkələrinin ədalətli mövqeyi ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul olunur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31