Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qondarma "erməni soyqırımı" iddialarının ifşa edilməsi istiqamətində birgə mübarizə aparılacaq

Qondarma "erməni soyqırımı" iddialarının ifşa edilməsi istiqamətində birgə mübarizə aparılacaq

22.04.2011 [09:30]

Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi BDM başda olmaqla, bir sıra Azərbaycan QHT-ləri ilə protokol imzalayacaq
Beynəlxalq Diaspora Mərkəzinin (BDM) dəvəti ilə Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbəy və həmin dərnəyin təmsilçisi Ərdoğan Kəskin Bakıya səfər edib. Dünən səfərin ilk günü qonaqlar və onları müşayiət edən millət vəkili Gülər Əhmədova, həmçinin, BDM təmsilçiləri öncə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Ulu öndərin məzarı üzərinə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb. Qonaqlar, həmiçinin, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini də ziyarət ediblər.
Səfərin məqsədi barədə məlumat verən BDM-in sədri İsmayıl Ağayev, bunun 24 aprel tarixi ərəfəsində reallaşmasının heç də təsadüfi olmadığını söyləyib: “Məlum olduğu kimi, hazırda Azərbaycanın haqq işinin dünyaya çatdırılması, həmçinin, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğal və soyqırımları barədə xarici ölkələrin ictimaiyyətinə ətraflı məlumatların verilməsi, eyni zamanda, əsassız erməni iddialarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. BDM olaraq biz də istər ölkə daxilində, istərsə də xaricdə bu istiqamətdə bir sıra tədbirlər təşkil etmişik ki, bu gün baş tutan səfər də onların növbətisidir”.
İsmayıl Ağayev bildirib ki, türkiyəli qonaqların Azərbaycana baş tutan səfərləri ilə bağlı razılıq BDM-in nümayəndə heyətinin 30 mart-02 aprel 2011-ci il tarixlərində Türkiyənin İğdır və Qars şəhərlərində keçirilən görüşləri zamanı əldə edilib.
Jurnalistlərə açıqlama verən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başqanı Göksel Gülbəy qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların tamamilə əsassız olduğunu bildirib: “1915-ci il aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hınçak” partiyalarının rəhbərləri həbs olunub. Bunu arxiv materialları da sübut edir. Həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir”.
Bəzi ölkələrin bu məsələyə ermənilərin istəkləri prizmasından yanaşdıqlarını deyən ASİM-DER başqanı ABŞ və Fransanın həmin istiqamətdə daha çox fəallıq göstərdiklərini bildirib: “Bu işdə əsasən Fransa fəallıq edir. Saxta “soyqırım”la bağlı məsələlərin qaldırılmasında oradakı ermənilər çox aktivlik göstərirlər. Hər il Birləşmiş Ştatlarda da eyni məsələlər gündəmə gəlir. Halbuki, adıçəkilən hər iki ölkə müxtəlif zamanlarda digər xalqlara qarşı soyqırımı siyasəti həyata keçiriblər. Məsələn, ABŞ öz keçmişinə baxsın. Qırmızıdəriləri kimlər qətlə yetirdi? Fransa da öz keçmişinə baxsın. Əlcəzairi soyqırıma, assimilyasiyaya kim məruz qoydu? Bu gün qondarma “erməni soyqırımı” iddialarından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışan bu dövlətlər özlərinin törətdikləri soyqırımlar barədə düşünsələr daha doğru olar”.
Artıq erməni yalanlarının ifşası ilə bağlı Azərbaycan və Türkiyə tərəfdən mühüm addımların atıldığını vurğulayan G.Gülbəy onu da bildirib ki, səfərin əsas məqsədi BDM başda olmaqla, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə əməkdaşlığa dair protokol imzalamaqdır. Onun sözlərinə görə, bu protokollarda Qarabağ münaqişəsinə dair həqiqətlərin birgə fəaliyyət sayəsində dünya ictimaiyyətinə çatdırılması, habelə ermənilərin uydurduğu “soyqırımı” iddialarına qarşı birgə mübarizə aparılması öz əksini tapacaq. O, həmçinin, “Azərbaycana səfərimiz çərçivəsində “4 H hərəkatı”na da start verəcəyik”. “4 H”-nin açması Xatırlamaq, Xatırlatmaq, Haqq-hesab soruşmaq və Layiq olduğunu almaq (Hatırlamak, Hatırlatmak, Hesap sormak ve Hak ettiyimizi almak) deməkdir. Biz tarixi faktlardan çıxış etməklə fəaliyyətimizi qurmaq istəyirik. Bu gün Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan şəhəridir və biz bu məsələni də qaldıracağıq”-deyib.
Yeri gəlmişkən, qonaq aprelin 24-də İranda ermənilər tərəfindən uydurma “soyqırımı” ilə bağlı tədbirlərin keçirilməsinin qarşısını almaq məqsədilə fəaliyyətə başladıqlarını da bəyan edib.
Sözügedən qurumun təmsilçisi Ərdoğan Kəskin isə başda BMT olmaqla, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə qarşı effektiv addım atmadıqlarını bildirib: “Bu gün tarixdə heç zaman baş verməyən qondarma “erməni soyqırımı” iddialarından Türkiyəyə qarşı istifadə etməyə çalışan xarici ölkələr və başda BMT olmaqla, beynəlxalq qurumlar nədənsə, işğal edilmiş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda ermənilər tərəfindən həyata keçirilən soyqırımlar barədə danışmaq istəmirlər. Bu azmış kimi, həmin dövlətlər və təşkilatlar işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə bu günə kimi əməl etməməsinə də göz yumurlar. Bu gün müsəlman ölkəsi olan Liviyaya qarşı qəbul edilən qətnamənin icrası üçün dərhal hərəkətə keçən BMT nədənsə işğalçı Ermənistana qarşı eyni yanaşma tərzini nümayiş etdirmir”.
Tarix boyu ermənilərin türk xalqına qarşı misli görünməmiş soyqırımları həyata keçirdiyini deyən Ə.Kəskin məhz cəzasızlığın onları yeni-yeni cinayətlərə sövq etdiyini də bildirib: “Hər dəfə onların bu cinayətləri xaricdəki havadarları tərəfindən ört-basdır edilməyə çalışılıb. Həmin yanaşma isə erməniləri yeni-yeni cinayətlərə və Azərbaycan torpaqlarını işğal etməyə sövq edib. Bu gün Ermənistanın işğalçılıq əməllərinə son qoyması üçün rəsmi Yerevana qarşı heç bir təsirli addım atmayan beynəlxalq birlik, əvəzində bizi səbr etməyə çağırır. Lakin səbrin də sərhədi var. Bunu həm ermənilər, həm də BMT başda olmaqla, bütün Qərb aləmi bilməlidir. Əgər beynəlxalq birlik münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmasa, o zaman söz silahın, əsgərlərin olacaq. Bunu da hər kəs bilməlidir ki, cənab Prezident İlham Əliyev əmr verdiyi an, təkcə Azərbaycandan deyil, ümumilikdə İslam aləmindən və Türkiyədən olan gənclərimiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün savaşa atılmağa hazırdırlar. Bizlər hər zaman Azərbaycanın yanında olmuşuq və əgər bu müqəddəs savaş başlayarsa o zaman da azərbaycanlı bacı-qardaşlarımızın yanında olacaq, Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda savaşa atılacağıq”.
Qeyd edək ki, türkiyəli qonaqlar dünən bir sıra görüşlər keçiriblər. İlk görüş isə BDM-in rəhbərliyi ilə olub. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ABŞ dövlət arxivlərində erməni “soyqırımı”nın yalan olması ilə bağlı tapdığı sənədlərin beynəlxalq arenaya çıxarılmasının mümkünlüyünə dair sualı cavablandıran millət vəkili Gülər Əhmədova bildirib ki, artıq sözügedən institutun apardığı işlər təkcə Azərbaycanın daxili ilə məhdudlaşmır, qonşu ölkələrin tarix institutları da bu işə cəlb edilir: “Bu baxımdan mən çox rahatam və böyük əminliklə deyə bilərəm ki, tapılan sənədlər sonuncu olmaya bilər. Göksəl bəyin fikirlərinin davamı olaraq demək istəyirəm ki, bu sahədə Türkiyə və Azərbaycanın birgə iş aparması çox vacibdir. çünki əslində, bu, eyni siyasi prosesdir. Belə demək mümkünsə, eyni bir azadlıq hərəkatıdır. Burada söhbət sözün bütün mənalarında bizim dünya ictimai fikrində, dünya mediasında, dünya parlamentlərində erməni basqısından qurtarmağımızdan gedir. Unutmaq lazım deyil ki, biz bu gün yalan fikirlərin əsirinə, girovuna çevrilmişik. Yəni, biz bu gün haqlı ola-ola sübut etməyə çalışırıq ki, bizdə günah yoxdur, günahı qarşı tərəfdə axtarmaq lazımdır. O baxımdan düşünürəm ki, Tarix İnstitutunun üzə çıxardığı sənədlər nəinki tərcümə və çap ediləcək, eyni zamanda, həmin sənədlərdən çıxış edərək hüquqi nəticələr çıxarılacaq”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 860 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30