Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / SOCAR, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası dövlətin ekoloji siyasətinə mühüm töhfələr verir

SOCAR, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası dövlətin ekoloji siyasətinə mühüm töhfələr verir

24.02.2015 [11:15]

Ən müasir cihaz və avadanlıqlarla tam təchiz olunmuş laboratoriyada dünyada qəbul olunmuş müasir beynəlxalq standartlara uyğun analizlər aparılır
Azərbaycanda əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası ölkəmizin sürətli iqtisadi inkişafını təmin etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin nəinki yerləşdiyi coğrafiyanın həlledici rola malik mərkəzinə, o cümlədən, beynəlxalq birliyin güclü aktoruna çevrilməsini şərtləndirib. Neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın inkişafını elə yüksək səviyyəyə çatdırıb ki, respublikamız qısa müstəqillik tarixində investisiyalar idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib. Əlbəttə ki, bu nailiyyətlərin qazanılması həm də ölkəmizin uğurlu neft strategiyasının reallaşmasında birbaşa iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) genişmiqyaslı və mütərəqqi fəaliyyətinin nəticəsidir. Bu gün dünyanın ən böyük neft şirkətlərindən biri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illərdə apardığı islahatlar, həm də şirkətdə və onun struktur bölmələrində potensialın və iş əmsalının yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Bunun ən mühüm göstəricilərindən biri şirkətin struktur bölmələrinin ən müasir texniki təchizatla təmin olunmasıdır. ARDNŞ, eyni zamanda, institusional inkişafa böyük önəm verir. Qabaqcıl texnologiyaları mənimsəməyi qarşısına məqsəd qoyan şirkət 2006-cı ildən start verdiyi Təqaüd Proqramını uğurla reallaşdırır. Bu proqram çərçivəsində çoxlu sayda gənc Avropa ölkələrində yüksək səviyyəli təhsil alaraq Vətənə dönürlər. Şirkətdə müasir, innovativ texnologiyalarla işləməyi bacaran, yüksək menecerlik keyfiyyətlərinə malik olan, müasir dünya trendlərini yaxşı bilən gənclərə bir qayda olaraq böyük dəstək göstərilir və onlara qurumun struktur bölmələrində məsul vəzifələr həvalə edilir.
Bütün digər struktur bölmələri kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) kollektivi də qarşıya qoyulan məqsədə nail olunması üçün qüvvəsini səfərbər edib.
Məlum olduğu kimi, son illərdə müasir dünya çağırışlarına uyğun olaraq ölkəmizdə ekoloji məsələlərə yeni yanaşma tətbiq olunur. Beynəlxalq səviyyəli şirkət olan ARDNŞ də öz gündəlik fəaliyyətində ekoloji problemlərin həllini ön plana çəkir. ARDNŞ-nin prezidentinin 12 may 2008-ci il tarixli müvafiq əmri ilə təsdiqlənən sənədə əsasən şirkətin yeni ekoloji siyasəti müəyyənləşdirilib. Şirkətin yeni ekoloji siyasəti ekoloji təhlükəsizliyi təmin edən prioritet vəzifələrin yerinə yetirilməsi strategiyasını özündə ehtiva edir. Burada qarşıya bir sıra mühüm hədəflər qoyulub. Ekoloji problemlərə yanaşmada qabaqcıl dünya təcrübəsini mənimsəyərək təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, keçmişdən miras qalan ekoloji problemlərin mərhələlərlə aradan qaldırılması, uzun illər ərzində tullantılarla çirklənmiş ərazilərin bioremidiasiyası kimi məsələlər qarşıya qoyulan hədəflər sırasına daxildir. ARDNŞ-nin müəyyənləşdirdiyi yeni ekoloji siyasətdə bundan sonra istehsalat fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın minimum həddə endirilməsi və “sıfır tullantı” prinsipinə keçilməsi nəzədə tutulub.
ARDNŞ-nin yeni ekoloji siyasətinin həyata keçirilməsində vacib struktur olan Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası 1998-ci ildə Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində Ekoloji Tədqiqatlar Ekspedisiyasının nəzdində olan Kompleks Tədqiqatlar Laboratoriyasının bazasında yaradılıb. Azərbaycan milli sertifikatlaşdırma Sistemində İSO 17025 standartlarına uyğun akreditasiya olunan Kompleks Tədqiqatlar Laboratoriyası ətraf mühitin monitorinqi və analizlərin aparılması sahəsində ixtisaslaşıb. Laboratoriyanın işçi personalı yüksək ixtisaslı, müxtəlif xarici neft şirkətlərinin ekoloji layihələrində iştirak etmiş və böyuk təcrübəyə malik mütəxəssislərdən, eləcə də, bilik və ixtisas səviyyələrini daim artırmaq qayğısına qalan işgüzar gənclərdən ibarətdir. Kompleks Tədqiqatlar Laboratoriyası 42 parametr üzrə Sınaq metodlarının səlahiyyətliliyi barədə Akkreditasiya sertifikatı almışdır. Bu sahədə işlər davam etdirilir. Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan müasir cihaz və avadanlıqlarla tam təchiz olunub. Burada Azərbaycanda analoqu olmayan “Peqasus 4D” (ABŞ istehsalı) cihazı mövcuddur ki, onun köməyi ilə 300-ə yaxın müxtəlif pestisidləri, polixlorbifenilləri, geniş spektrdə üzvi maddələri və strukturu məlum olmayan üzvi birləşmələri identifikasiya etmək mümkündür. Bundan əlavə, laboratoriya “İCP-MS”, “TruSpec” cihazları və s. avadanlıqlarla təchiz olunub. Həmçinin, laboratoriyada hidrobioloji və ekolotoksioloji tədqiqatlar aparılır.
Kompleks Tədqiqatlar Laboratoriyasının mikrobilogiya sahəsinin maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Laboratoriyada mikrobioloji sınaqların obyektivliyi və nəticələrin tələb olunan dəqiqliyi təmin edilir. Laboratoriyada bütün analizlər dünyada qəbul olunmuş beynəlxalq standartlara (İSO, EPA) uyğun aparılır. Klassik və sürətli test metodlarını validasia etməklə analizlərin etibarlılığı təmin olunur.
Məlumat üçün bildirək ki, laboratoriyanın mikrobiologiya sahəsində bir sıra laborator xidmətlər həyata keçirir. Sənaye-Neft mikrobiologiyası neftlə çirklənmiş torpaqların neftdən təmizlənməsini (bioremidiasiyasını), dənizdə və dib çöküntülərində neftoksidləşdirici və fenoloksidləşdirici bakteriyaların, eləcə də, dəniz, torpaq, lay suları və dib çöküntülərində ümumi mikrob sayının, sulfat reduksiyaedici bakteriyaların (korroziyaya səbəb olan- Desulfotomaculum və Desulfovibrio) təyin edilməsini nəzərdə tutur.
Su mikrobiologiyası vasitəsilə məişət-tullantı, içməli və dəniz sularında indikator mikroorqanizmlərin və patogenlərin mikrobioloji analizləri həyata keçirilir.
Qida mikrobiologiyası köməyilə yeyinti və kənd təsərrüfatı məhsullarının analizi aparılır. Bu zaman məhsulların tərkibindəki ümumi mikrob ədədi müəyyənləşdirilir, bir sıra bakteriyalar, o cümlədən, geniş yayılan kif və maya göbələkləri aşkara çıxarılır.
Qeyd etmək yerinə düşər ki, mikrobioloji laboratoriya dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla təhciz edilib. Məsələn, burada ABŞ-da buraxılan və qabaqcıl texnologiya sayılan İDEXX test cihazı quraşdırılıb. Laboratoriya, həmçinin, quanti-tray sealer, avtoklav, laminar şkaf, inkubator, quruducu şkaf, su hamamı, mikroskop, vakuum dəsti, stomacher, UV, koloniya sayğacı, sentrafuqa, maqnit qarışdırıcısı, soyuducu, elektron tərəzi, distilyator, müasir dozatorlar, selektiv mühitlər, biokimyəvi testlər və mikrobların boyanması üçün reaktivlər kimi vacib texniki vəsaitlərlə təchiz olunub.
Təbii ki, laboratoriyada yeniliklər də daim izlənilir, ayrı-ayrı ölkələrdəki oxşar laboratoriyalarla təcrübə mübadiləsi aparılır. Mikrobioloji laboratoriyada çalışan mütəxəssislər öz bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq kurslara göndərilir.
Kompleks Tədqiqatlar Laboratoriyası indiyədək ARDNŞ-nin müxtəlif strukturlarında, həmçinin, əməliyyat şirkətlərində və birgə müəssisələrində neft-qaz hasilatının və emalının təmizləyici sistemlərlə təmin olunması vəziyyətinin araşdırılması, təmizləyici qurğu və avadanlıqların iş effektivliliyinin öyrənilməsi məqsədi ilə bir çox layihələrə imza atıb. Bu sırada laboratoriya əməkdaşlarının həyata keçirdikləri ekoloji monitorinq layihələri də mühüm yer tutur. Laboratoriyanın DOW, TOTAL, BP kimi beynəlxalq şirkətlərlərlə ekoloji sahədə işbirliyini də xüsusi vurğulamaq istərdik ki, bu əməkdaşlıq nəticəsində kifayət qədər yaxşı nəticələr əldə olunub.
Əlbəttə ki, laboratoriyada aparılan tədqiqatların respublikamızda neftlə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyəti böyükdür. Təkcə onu vurğulamaq lazımdır ki, çirklənmiş torpaqların neft tullantılarından mikrobioloji üsullarla təmizlənməsi sayəsində həmin ərazilərdə yaşıllaşdırma işləri aparmaq mümkün olur. Bu yolla, necə deyərlər, ikinci həyat verilən ərazilərdə parklar salınır, istirahət guşələri yaradılır.
Sirr deyil ki, karbohidrogen ehtiyatlarının istismarı nəticəsində Xəzər dənizinin ekologiyasına da müəyyən təsirlər göstərilir. Laboratoriyanın əməkdaşları dənizin neftlə çirklənmə səviyyəsini təyin etmək üçün neftoksidləşdirici və fenoloksidləşdirici bakteriyaları təyin edirlər ki, bunun da nəticəsində müvafiq tədbirlər görülür. Dənizdə yerləşən neft buruqlarının, tankerlərin və s. qurğuların korroziyaya uğraması da çox ciddi problemdir. Haqqında bəhs olunan qurğularda baş verən korroziyanın qarşısını almaq və yaxud bunun fəsadlarını minimuma endirmək üçün laboratoriya əməkdaşları tərəfindən müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilir. Məsələn, sulfat reduksiyaedici bakteriyaları müəyyənləşdirməklə korroziyanın səbəbi araşdırılır. Laboratoriya əməkdaşları, həmçinin, ARDNŞ-nin struktur bölmələrində qida məhsullarının tərkibinə də ciddi nəzarət edirlər. Belə ki, qida məhsullarında patogen indikator mikroorqanizmləri təyin etməklə neftçilərin sağlamlığına dəyəcək zərərin qarşısı alınır.
Bundan başqa, laboratoriyada Xəzər dənizindən, göllərdən, təmizləyici qurğulardan götürülmüş sularda, məişət-tullantı sularında və içməli suda ümumi və fecal çirklənmənin səviyyəsi müəyyənləşdirilir.
Ümumiyyətlə, Kompleks Tədqiqatlar Laboratoriyasında indiyədək bir sıra layihələr həyata keçirilib. Bakı Olimpiya Stadionunun, eləcə də “28 May” NQÇİ-nin “Günəşli” yatağında 7 saylı DDÖ-nün tikintisi və istismarı dövrü üçün ətraf mühitə və sosial-iqtisadi sahələrə təsirlərin qiymətləndirilməsi layihələrinin işlənilməsini buna misal göstərə bilərik. “Total E&P Azərbaijan” şirkətinin quruda geofiziki və geotexniki işlərin yerinə yetirilməsi üçün bu işlərin ətraf mühitə və sosial-iqtisadi sahələrə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması da laboratoriyanın layihələri sırasındadır. “Total & Abşeron B.V” şirkətinin “Abşeron yatağının işlənməsi ilə əlaqədar dənizdə və quruda ətraf mühitin ilkin vəziyyətinin tədqiqi” layihəsinin işlənməsi də bizim laboratoriyaya həvalə edilib. Bundan başqa, Kompleks Tədqiqatlar Laboratoriyası “DOW Europe GmbH” şirkətinin Ceyranbatan gölü sutəmizləyici qurğusunun təmizləmə səviyyəsinin öyrənilməsi ilə bağlı bir çox işlər görülüb və zəruri tədqiqatlar aparıb.
Beləliklə, bütün sadalananlar laboratoriyanın işinin kifayət qədər effektiv qurulduğunu söyləməyə əsas verir. Bununla belə, qazanılan uğurlar gənc və məhsuldar kollektivi arxayınlaşdırmır. Əksinə, qarşıda görüləcək xeyli işlər var və kollektivin üzvləri yeni hədəflərə doğru inamla fəaliyyət göstərirlər.
Azər Əliyev,
SOCAR, Ekologiya İdarəsinin rəisi

Paylaş:
Baxılıb: 1283 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30