Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA: potensialı və problemləri

AMEA: potensialı və problemləri

11.03.2022 [23:40]

Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də aparılan elmi tədqiqatlar respublikanın yüksəlməkdə olan inkişaf tempindən geri qalır.

İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti

Qafar Cəbiyev,

AMEA Arxeologiya,

Etnoqrafiya və Antropologiya

İnstitutu Albanşünaslıq

Elmi Mərkəzinin rəhbəri,

tarix elmləri doktoru, professor

1. Qüvvət elmdədir...

Elm millətin və dövlətin həm keçmişi, həm də gələcəyidir. Bütün sivilizasiyaların və ən yeni texnologiyaların açarı həmişə alimlərin əlində olub və bundan sonra da belə olacaqdır. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin hələ səkkiz əsr yarım bundan öncə yazdığı kimi “qüvvət elmdədi, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”. Vaxtında bu sadə həqiqəti dərk edən xalqlar indi hər sahədə, sözün əsl mənasında dünyaya meydan oxuyurlar. Azərbaycan xalqı fəxr edə bilər ki, onun nümayəndələri də zaman-zaman dünya elminə böyük dühalar və olduqca sanballı töhfələr bəxş edib. Prezident İlham Əliyevin təbirincə desək, “bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin, Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak etmişlər. Onlar elmi təfəkkürün ən müxtəlif sahələrində sanballı əsərlər meydana gətirməklə İslam aləminin mədəni intibahında müstəsna xidmətlər göstərmişlər”. Etiraf edək ki, elə bu günün özündə də Azərbaycan elminin dünyanın ən uzaq nöqtələrindən belə çox aydın görünən parlaq dühaları az deyildir. Amma bunlarla kifayətlənmək olarmı?!

Gəlin, razılaşaq ki, Azərbaycan elminin bugünkü vəziyyəti ölkəmizin ümumi inkişaf dinamikasından çox geri qalır və bu geriliyin də əslində heç bir obyektiv əsası yoxdur. Yəni, Azərbaycanda elmin inkişafına mane olan amillərin hamısı birbaşa subyektiv amillərdir. Odur ki, ölkəmizdə elmin inkişafına nail olmaq üçün həm akademiya, həm də ali təhsil sistemində çox ciddi islahatlar aparılmalıdır.

2. İslahat, yoxsa özfəaliyyət?!

Azərbaycan elmində islahatların aparılması ilə bağlı Prezident sərəncamında deyildiyi kimi, “akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir”. Cənab Prezidentin bu Sərəncamı imzaladığı vaxtdan nə az, nə də çox düz on dörd il keçir. Bu müddətdə Akademiya elmində nə dəyişib? Əslində çox şey dəyişib. Amma bu dəyişiklikləri ümumən islahat adlandırmaq olarmı?! Digər elmi istiqamətlərdə işlərin nə yerdə olduğunu deyə bilmərəm, amma humanitar və ictimai elmlər sahəsində vəziyyət akademiya rəhbərliyinin islahat təfəkküründən çox-çox uzaq olduğundan xəbər verir. Gəlin, bəzi faktlara nəzər salaq. Məsələn, bir neçə il öncə Tarix İnstitutunun və Ədəbiyyat İnstitutunun bazasında iki yeni İnstitut  - Elm tarixi və Folklor İnstitutları yaradıldı. Hansı ki, həmin institutların gördüyü işləri Tarix İnstitutu və Ədəbiyyat İnstitutunun müvafiq şöbələri də edə bilərdi və edirdilər də. Elə isə çoxsaylı əlavə ştatlara və büdcə israfçılığına nə lüzum var idi?! Fikrimizcə, bu qəbildən olan yeni elmi strukturların yaradılması, sadəcə kimlər üçünsə direktor, direktor müavini, elmi katib və s. vəzifə yerləri açmaqdan başqa bir şey deyildi.

Son vaxtlar bütün dünyada büdcəyə izafi yük düşməsin deyə məmur korpusunun mümkün qədər ixtisarı təşviq olunduğu halda AMEA-da müşavir, mühafizəçi və köməkçilərin sayı artırılaraq rekord həddə çatdırılıb. Lap əvvəldən ənənəvi olaraq bir birinci vitse-prezident ştatı əvəzinə iki birinci vitse-prezident ştatı təsis olundu və həmin ştatlara kadr təyinatları oldu. İki-üç ay keçər-keçməz həmin qərar ləğv olunaraq, birinci vitse-prezidentlərin sayı yenidən birə endirildi. “Köklü islahatlar” davam etdirilərək sonda vitse-prezidentlərin sayı 9-a çatdırıldı! Bölmələr gah birləşdirilir, gah ayrılır, gah da ləğv olunur. Sanki bura ölkənin elm məbədi deyil, təcrübə tarlasıdır. Beləliklə, AMEA-nın rəhbər qurumu olan Rəyasət Heyəti, əslində elmi tədqiqat işlərinin episentri olan İnstitut və bölmələrdən tam olaraq ayrı düşmüş müqəvva bir quruma çevrildi. AMEA rəhbərliyinin müraciəti əsasında, əslində fəal elmi fəaliyyətdən kənarda qalmış olan Rəyasət Heyəti əməkdaşlarının aylıq əmək haqları növbəti dəfə artırılanda bu ayrı-seçkilik özünü bir daha büruzə verdi.

Bir neçə il öncə AMEA-nın sabiq rəhbərliyinin təşəbbüsü ilə “AMEA-nın professoru” elmi adı təsis olundu və ona-buna diplomlar paylandı. Məgər o zaman AMEA rəhbərliyi bilmirdi ki, elmi adların və dərəcələrin verilməsi birbaşa Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın kompetensiyasına aid məsələdir?! Nə qədər təəccüblü olsa da, son illər Akademiya sistemində məşğul olduğu elm sahəsi üzrə tanınmış kadrların islahat adı altında müxtəlif bəhanələrlə vəzifədən uzaqlaşdırılaraq onların yerinə elmi ictimaiyyət tərəfindən narazılıqla qarşılanan qeyri-ixtisas sahiblərinin təyin olunduğu hallar getdikcə daha da artmaqdadır.

Həyatda yaradıcı insanlar üçün, lap elə digər kateqoriyalardan olan insanlar üçün çox ağır, dözülməz və arzuolunmaz hallardan biri, bəlkə də birincisi savadsız, səviyyəsiz, səriştəsiz, məsuliyyətsiz və peşəkar olmayan sədr, müdir və ya direktorların rəhbərliyi şəraitində işləməkdir. Təsəvvür edin, 16 il idi ki, Arxeologiya və Etnoqrafiya İnstitutuna BDU-nun kimya fakültəsinin məzunu, kimya elmlər namizədi (direktor olandan sonra tarix üzrə də doktor oldu) “rəhbərlik” edirdi. Dissertasiyasını, məqalələrini, çıxışlarını, hesabatını, hələ də latın qrafikasından istifadə edə bilmədiyi üzündən, hətta işdən getmək barədə ərizəsini belə başqasına yazdıran, “elmi” fəaliyyəti dövründə bir gün də olsun çöl təd?iqatlarında iştirak etməyən, nəinki arxeoloji ekspedisiya, heç dəstə rəhbəri belə olmayan şəxs böyük bir instituta necə rəhbərlik edə bilərdi?!

İndi təsəvvür edin, bu cür təsadüfi, səriştəsiz və kəmsavad rəhbərlərin himayəsi və “səxavəti” sayəsində akademiyada kök salan, tələm-tələsik “alim” edilən övladları, qohum və dostları nə gündədir.

Bu gün Arxeologiya, Etnoqrafiya və Antropologiya  İnstitutunda ştat cədvəli üzrə 290 nəfərə qədər əməkdaş “çalışır”. Hansı ki, son 10-15 ildə onların ən azı yarısını iş yerində  nə görən, nə də tanıyan olub. İnstitutun bu vəziyyətdə olduğundan məgər Akademiya rəhbərliyinin xəbəri yox idi?! Bu sahəyə birbaşa cavabdeh olan vitse-prezident və bölmə rəhbərləri illərdir ki, burada kök salmış olan, yumşaq desək qeyri-elmi mühiti görmürdülər?!

Günlərin bir günü Arxeologiya və Etnoqrafiya İnstitutunda eşitdilər ki, bu elm ocağının  adına həm də “antropologiya” sözünü əlavə ediblər. Əcəb islahatdır! Belə getsə idi yəqin ki, bir müddət sonra islahatları “dərinləşdirmək” adı altında bu institutun adına ən azı “paleontologiya”, “epiqrafika”, “numizmatika” sözlərini də əlavə etməli olacaqdırlar. Görün, biz nə ilə məşğuluq?! Olmazdımı ki, bu İnstitutunun adını “təkmilləşdirmək” əvəzinə orada uzun müddətdir ki, hökm sürməkdə olan korlanmış elmi mühiti sağlamlaşdırmaq barədə düşünərdilər?!

Görün, iş nə yerdədir ki, Azıx mağarasında görkəmli Azərbaycan arxeoloqu, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə  aparılmış kompleks tədqiqatların yekunlarına həsr olunmuş olduqca sanballı əsərin belə nəşrinə İnstitut rəhbərliyi tərəfindən cəhd göstərilməmişdir. Nə qədər təəccüblü olsa da, yalnız Qarabağ erməni işğalından azad edildikdən və  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Azıx mağarasını ziyarətindən sonra bu qiymətli əsər nəhayət ki, işıq üzü gördü. Sual olunur, Qarabağ tarixinə dair belə bir sanballı və qiymətli əsərin zamanında işıq üzü görməməsində “erməni mafiyasından” və sapı özümüzdən olan baltalardan savayı daha kimlər maraqlı ola bilərdi?! Yaxud, cənab Prezidentin “Göytəpə arxeoparkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli  Sərəncamı hansı səbəbdən bu günədək icrasız qalıb?! Bu yaxınlarda o da məlum olub ki, sən demə olmayan arxeoparkın hələ bir neçə işçisi də var imiş! Əfsuslar olsun ki, bu məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra da nə AMEA rəhbərliyi, nə də aidiyyəti digər qurumlar tərəfindən heç bir hərəkətlilik nəzərə çarpmadı. Sadəcə bəziləri bu məsələləri ictimailəşdirdiyim üçün məndən incidilər. Kimlərsə düşünə bilər ki, əcəba professor Q.Cəbiyev əməkdaşı olduğu institutdakı bu özbaşınalıqlar barədə indiyədək niyə susub?! Xeyir əzizlərim! Susmamışam! Ötən illər ərzində bu problemlərlə bağlı tək AMEA rəhbərləri ilə deyil, eləcə də bütün aidiyyəti dövlət orqanlarının cavabdeh şəxsləri ilə söhbətlərim, yazılı və şifahi müraciətlərim olub. Dəfələrlə bütün bunları, hətta ictimailəşdirmişəm də. Amma heç bir nəticəsi olmayıb.

Bu vaxtadək AMEA-da institut və bölmələrə direktorlar rəhbərlik edirdi. İndi də baş direktor və icraçı direktor ştatları təsis olunub və guya həmin postlara seçkilər də keçirilib. Doğrusu, anlamaq olmur ki, bu cür çoxpilləli idarəçilik strukturuna keçilməsi hansı zərurətdən doğdu? Fikrimizcə, indiki halda AMEA-nın İnstitut və bölmələrinə baş direktordan da, icraçı direktorlardan da daha çox rəhbərlik etdiyi elm sahəsindən və idarəçilikdən yaxşı baş çıxaran rəhbər lazımdır.

Təəssüflə deməliyəm ki, son illər elmi ictimaiyyətə islahat adı ilə təqdim olunmuş çoxsaylı bu cür absurd misallar sadalamaq olar. Əzizlərim, axı bunlar islahat deyil, özfəaliyyət və sui-istifadədir! Bununla kimi aldadırlar?! Kimi qanmaz yerinə qoyurlar?! Özü də bu cür struktur “islahatlar”ı aparmazdan əvvəl AMEA-nın Nizamnamə və Əsasnaməsində müvafiq dəyişikliklər edilməli idi. Həm də bütün bunlar elmi ictimaiyyətin müzakirəsinə çıxarılmalı, rəylər öyrənilməli idi. Hesab edirəm ki, AMEA-nın və onun strukturlarının başında müvafiq elm sahələrinin ən tanınmış isimləri təmsil olunmadıqca vəziyyət elə bu cür dözülməz olaraq da qalacaqdır.

Ötən əsrin 80-ci illərində SSRİ EA-nın Əsasnaməsi yenidən işlənilərkən oraya elmi-tədqiqat institutlarının direktorlarının təyinatı ilə bağlı belə bir tələb əlavə olunmuşdu: elmi-tədqiqat institutlarının direktorları həmin elm sahəsinin nömrə bir simaları olmalıdır. Ola bilsin ki, həmin şəxslərin kifayət qədər təşkilatçılıq və idarəçilik səriştəsi olmasın. Bu halda həmin boşluğu daha hazırlıqlı direktor müavinləri ilə doldurmaq gərəkdir. İndi gəlin, təhlil edək, görək AMEA-nın institutlarının baş direktorları və icraçı direktorı bu kriteriyalara uyğun seçilibmi?! Onların içərisində təsadüfi şəxslər, saxta yollarla elmi dərəcə əldə edənlər yoxdurmu?! Fikrimizcə, akademiyada islahatlara, lap elə attestasiyalara da məhz bu zəif bənddən başlamaq gərəkdir.

3. Akademiyanı ləğv etmək yox, xilas etmək lazımdır

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dönəmdən Akademiyaya başlayan hücumlar bu gün də davam etməkdədir. Bəli, Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı istənilən qədər tənqidi fikir söyləmək üçün çoxsaylı əsaslar var. Tənqidçilər isə guya məhz bu amilləri əsas götürərək AMEA-nın ləğv edilərək onun elmi-tədqiqat funksiyalarının tam olaraq universitetlərə verilməsini təşviq edirlər. Guya ki, universitetlərdə elmi inkişaf etdirmək üçün daha münbit mühit var. İnanırsınızmı ki, tədrisin və mütəxəssis hazırlığının bərbad vəziyyətdə olduğu universitetlər bu vəzifənin öhdəsindən gəlmək iqtidarındadır?! O universitetlər ki, onların xeyli qisminin başında duran şəxslərin özləri elmə təsadüfi yollarla gələn, dissertasiya və məqalələrini başqalarına yazdıran insanlardır. Rektorlar arasında özü elmlər doktoru, professor ola bilmədiyinə görə tabeliyində olan əməkdaşlarının da özlərini elmlər doktoru və ya professor kimi təqdiminə (hətta bu adı şərəflə daşıyan insanlar olsa belə) qadağa qoyanlar da var. Bu cür üzdəniraq alimciklərin rəhbərliyi altında Azərbaycan elmini necə inkişaf etdirmək olar?! Belə olan halda deyirsiniz ki, uzun illər ərzində akademiyada elmi tədqiqatlar aparılması istiqamətində az-çox formalaşmış elmi bazanı, müsbət ənənə və praktikanı da məhv edək?!

Hansı yöndən baxsaq akademiya elm məbədidir və elmi inkişaf etdirmək üçün hələ ki, ondan daha mükəmməl bir struktur yoxdur. Sadəcə, bu elm məbədini onu rəzil vəziyyətə salan naşı və səriştəsiz kadrlardan xilas etmək gərəkdir. Fikrimizcə, akademiya sistemində islahatlara başlamaq üçün birinci və ən təxirəsalınmaz vəzifə kimi Rəyasət Heyətinin tərkibi ciddi surətdə yenilənməli, institutların, şöbə, laboratoriya və bölmələrin strukturu təkmilləşdirilməlidir. Büdcəyə yük olan paralel strukturlar - institut, bölmə və şöbələr ixtisar edilməli, illər uzunu səmərəli elmi nəticələri olmayan strukturların fəaliyyəti dayandırılmalıdır. Tarix, Elm tarixi, Qafqazşünaslıq, Şərqşünaslıq, Ədəbiyyat, Dilçilik, Folklorşünaslıq, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarının bir çox bölmə və şöbələri vardır ki, faktiki olaraq eyni və ya oxşar problemlərin tədqiqi ilə məşğuldurlar. Onların işini heç kim koordinasiya etmir. Bu paralelçilik deyil, nədir? Bu gün akademiyanın ayrı-ayrı institut və bölmələrində ştatda oturanların az qala yarıdan çoxu, əslində elmə aidiyyəti olmayan insanlardır. Təbiidir ki, belələri üçün akademiya elm məbədi yox, sözün əsl mənasında qeybət və dedi-qodu mətbəxidir. Sağ olmasın o institut direktorları ki, elmə gəlmək arzusunda olan istedadlı gənclərin qarşısına “çin səddi” çəkərək, onların əvəzinə öz qohum-əqrəbalarının, dost-tanışlarının təhsil aldıqları ixtisas üzrə iş tapa bilməyən, əslində isə işləmək qabiliyyəti olmayan bütün əziz-giramilərini ölkənin elm məbədində işlə təmin ediblər. İlboyu İnstituta ayağı belə dəyməyən bu adamların elmə nə faydası ola bilər?! AMEA-da belələrin sayı yüzlərlə, bəlkə də minlərlədir. Doğrudur, həyatını bütünlüklə elmə həsr edən, bu sahədə xüsusi xidmətləri olan insanlar da az deyildir. Düzünü bilmək istəsəniz, hətta cüzi məvaciblə belə 40-50 il akademiya divarları içərisində oturub sırf elmlə məşğul olmağın özü də bir fədakarlıqdır, qəhrəmanlıqdır. Təbiidir ki, yaş həddi ilə bağlı işləmək imkanları məhdudlaşmış bu insanları elmdən kənarlaşdırmaq ədalətsizlik olardı. Fikrimizcə, bu kateqoriyadan olan alimləri dünyanın bir sıra inkişaf etmiş ölkələrində olduğu kimi əməkhaqqı saxlanmaq şərti ilə elə çalışdıqları şöbə və ya laboratoriyalarda məsləhətçi ştatına keçirərək gənc və perspektivli kadrların irəliləməsinə yol açılmalıdır.

4. Kimlər getdi, kimlər qaldı Akademiyada?!

Mən 1975-ci ildə aspiranturaya qəbul olanda akademiyanın prezidenti mərhum akademik Həsən Abdullayev idi. İnstitutun dəhlizlərində tez-tez üz-üzə gəldiyim, hesabat yığıncaqlarında, elmi seminarlarda, konfranslarda, dissertasiyaların müdafiəsində məruzə və çıxışlarını dinlədiyim Əlövsət Quliyev, Əbdülkərim Əlizadə, Əlsöhbət Sumbatzadə, Ziya Bünyadov, İqrar Əliyev, Kamal Əliyev kimi nüfuzlu tarixçi alimlər, İshaq Cəfərzadə, Saleh Qazıyev, Məmmədəli Hüseynov, İdeal Nərimanov, Qara Əhmədov, Cabbar Xəlilov kimi həm peşəkar, həm də işinin fanatı olan arxeoloqlar elmə yeni qədəm qoyan gənclər üçün sözün əsl mənasında kumirə çevrilmişdilər. Tarix İnstitutundan bir mərtəbə aşağıda yerləşən Ədəbiyyat və Dilçilik İnstitutlarında Məmməd Cəfər, Məmməd Arif, Həmid Araslı, Məmməd Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Ağamusa Axundov kimi nəhəng elm korifeyləri çalışırdı. Akademiyanın nüfuzu və hörməti sanki elə həmin korifeylərlə də getdi. O dönəmdəki intizam, elmi işçilərə münasibətdə olan qayğı və tələbkarlıq, elmi bölmə və strukturlardakı ciddi hesabatlılıq praktikası, kadrların seçilməsi və təyinatında əsas götürülən kriteriyalar sonrakı illərdə demək olar ki, büsbütün unuduldu. Əvəzində yüksək vəzifəli məmurların, deputatların, imkanlı şəxslərin, onların övladlarının və yaxınlarının asan yollarla alimlik diplomu əldə etmək məqsədi ilə elmə axını başladı. Beləliklə də, Akademiya baza təhsili uyğun olmayan qeyri-ixtisas sahibləri olan  təsadüfilərlə doldu. Çox keçmədi ki, dolayı yollarla alim olan həmin təsadüfilərin xeyli qismi şöbə və bölmə rəhbəri, daha sonra isə hətta direktor müavini və direktor oldular. Bu minvalla da, Akademiya dönüb oldu bazar.

Ardı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31