Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tənəzzül dövrünü yaşayan iqtisadiyyat

Tənəzzül dövrünü yaşayan iqtisadiyyat

07.06.2023 [11:20]

E.Makron hökumətini qalmaqallı pensiya islahatları aparmağa vadar edən amillər hansılardır? Mütəxəssislər ölkədə bəhs olunan islahatlara gedilməsini zəruri edən amillər sırasında qlobal  miqyasda şərtlərin dəyişməsi fonunda iqtisadiyyatın geriləməsini önə çəkirlər. Nüfuzlu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri Fransa iqtisadiyyatının perspektivləri ilə bağlı kədərli proqnozlar irəli sürürlər. 2022-ci ilin sonunda “S&P Global Ratings” beynəlxalq agentliyi Fransanın “AA” səviyyəsində suveren reytinqi üzrə proqnozu “sabit”dən “mənfi”yə endirmişdi. Agentliyin yaydığı məlumatda bildirilib: “Fransa iqtisadiyyatında yavaşıma, hökumətin ev təsərrüfatlarını və biznesləri enerji inflyasiyasından qorumaq tədbirləri dövlət maliyyəsinə təzyiq göstərəcək”.

Beynəlxalq Valyuta Fondu isə qarşıdakı illərdə Fransanın tənəzzülünü proqnozlaşdırıb. Qurumun dəyərləndirmələrinə görə, Fransa geridə qalır və o, avro zonasında dövlət borcunu 2028-ci ilə qədər azaltmayan yeganə ölkə olaraq qalacaq. Bu barədə BVF-nin maliyyə siyasətləri haqqında hesabatında qeyd edilib.

Fondun təqdim etdiyi hesabatda Avrozona ölkələrinin xarici borc öhdəliklərinin müqayisəsi aparılıb. Hesabata əsasən, Avropa ölkələri qarşıdakı beş ildə dövlət borcunu azaldacaq. Yalnız Fransanın dövlət borcu davamlı artacaq və 2028-ci ildə ÜDM-in 115 faizinə çataraq, hətta pandemiya dövründəki ən yüksək səviyyəni üstələyəcək.

Qeyd edək ki, hazırda Fransa təxminən 3 trilyon avro həcmində xarici borc öhdəliyinə malikdir. Bu rəqəm ÜDM-in 112 faizini təşkil edir. Ölkə dövlət borcuna xidmət olunmasında ciddi çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda, borclanmanın bahalaşması sadə fransızların kredit yükünü daha da artırır və onların həyat şəraitini ağırlaşdırır.

Fransada qiymətlərin davamlı olaraq artması beşinci respublikanın inflyasiya burulğanına düşdüyündən xəbər verir. Qiymətlərin ötən il yüksək səviyyədə olan artım tempi cari ildə də səngimir. 2023-cü ilin əvvəlində verilən məlumata əsasən, bu ölkədə  illik inflyasiya 5,9%-dən 6%-ə yüksəlib. Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb. İnflyasiyanın kəskin artmasına səbəb ərzaq qiymətlərinin 13,3%,  enerji qiymətlərinin isə 16,3% bahalaşmasıdır.

İqtisadiyyatda yaranan çətinliklərin qarşısını ala bilməyən hökumət E.Makronun təşəbbüsü əsasında islahatlar adı altında sosial xərclərin azaldılması taktikasına əl atıb. Məqsəd bacarıqsız hökumətin maliyyə yükünü cəmiyyətin, o cümlədən də təqaüdçülərin üzərinə yükləməkdir.

Mübariz

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31