Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Onun ən böyük missiyası

Onun ən böyük missiyası

15.06.2023 [10:35]

Milli Məclis Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirdi

Bəyanat qəbul edildi

Günel ABBASOVA

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib. Xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi  Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Əvvəlcə Sahibə Qafarova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb: “O, bununla da tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrini XX yüzillikdə layiqincə davam etdirib və zənginləşdirib”.

O xatırladıb ki, Heydər Əliyev dünya miqyasında tanınmış siyasi və dövlət xadimi olub: “Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın xoşbəxt gələcəyinin təməlini qoyub. Onun həyat və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, bu yolda bütün çətinliklərə dözmək nümunəsinə çevrilib. Bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolunda irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.

Sədrin çıxışından sonra iclasın davamında “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş olunub. ?kran işi parlamentin arxiv materialları əsasında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs olunub.

Bununla yanaşı, foyedə Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunan “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı üç cilddən ibarət kitabın da təqdimatı olub. Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarovadır. Kitabda Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub.

Zamanın səviyyəsindən yüksək şəxsiyyət

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili xatırladıb ki, 80-ci illərin sonu və 90-cı illərin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan xilas edib və onu müstəqil edib.

Komitə sədri bildirib ki, Heydər Əliyev əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail olub: “Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi. Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi olaraq gözlərində qoydu. Ümummilli lider Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi”.

Müasir müstəqillik təfəkkürümüzün banisi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamının itməsi ilə nəticələnib: “Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı “tarix kitablarına” sığışa bilməzdi. Çünki, o, özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir.  Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır”.

Vətən və xalq qarşısındakı misilsiz xidmət nümunəsi

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Heydər Əliyevin bir amalı var idi: “Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanı tam, xoşbəxt, güclü görmək. Bunun üçün də çalışırdı, hətta deyərdim ki, mübarizə aparırdı. Ulu Öndər tarixi varislik prinsiplərini əsas götürməklə bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi”.

Xalqın inamından güc alan şəxsiyyət

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaq: “Bu gün ulu öndər Heydər Əliyev mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur. Əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər. 1990-cı ildə bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Heydər Əliyev Bakıya qayıdarkən təəssüf ki, Bakıda Moskvadakından daha təhlükəli təqiblərlə üzləşdi. Heydər Əliyev bütün təhdidlərə baxmayaraq cəsarətlə milli xəyanətkarların cavabını verirdi. Çünki Heydər Əliyevin gücü başqaları kimi vəzifədə deyil, polad iradəsində və xalqın ona inamında idi”.

Heydər Əliyev olmasaydı...

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, Ulu Öndərin Azərbaycan tarixində və taleyində yeri və rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcək: “Heydər Əliyev xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Lakin Ulu Öndərin müasirləri olaraq dəqiq bilirik ki, Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı”.

M.Quliyev bildirib ki, Heydər Əliyev yer üzünə xüsusi missiya ilə göndərilmiş, tanrının sevib seçdiyi böyük dövlət xadimi, xarizmatik şəxsiyyətdir: “Onun ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”.

Azərbaycan xalqı xoşbəxtdir ki...

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov  bildirib ki, Heydər Əliyev unikal şəxsiyyət idi: “Heydər Əliyev dünyaya sübut etdi ki, vəzifəsindən, zamanından, tarixindən, yaşından asılı olmayaraq, harada işləməsinə baxmayaraq, öz xalqına xidmət etmək olar. Hər bir xalqa Ümummilli Lider nəsib olmur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında etdiyi xidmətlər, gördüyü işlər hələ uzun illər gələcək nəsillər tərəfindən deyiləcək”.

İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bəyanatı qəbul edilib. Bəyanatı deputat Səbinə Xasayeva oxuyub.

Bəyanatda bildirilir ki, Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmdə müstəqil Azərbaycanın cizgilərini formalaşdırır, o cümlədən hərbi mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi: “SSRİ rəhbərliyi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanla bağlı bir çox mühüm layihələri qəbul edib. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsinə başlandı. 1988-ci ildə SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıtda böyük təxribat törədildi. 1990-cı ildə 20 yanvar faciəsi zamanı Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bu cinayətə etiraz səsini ucaltdı”.

Bəyanatda qeyd olunur ki, Ümummilli lider Moskvadan Bakıya qayıdıb, ancaq təzyiqlərlə əlaqədar Naxçıvana gedib: “Heydər Əliyev Naxçıvan Muxtar Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanın işğalının qarşısını alıb, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib. 1993-cü ilin ortalarında ölkəmiz separatçılıq, real parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyevin qayıdışı bu planların qarşısını aldı. Azərbaycanın həqiqi tarixi Milli Qurtuluş Günündən başlayır. Əgər o vaxt Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan dövlətçiliyinə son qoyulmuşdu. Heydər Əliyev tale yüklü problemlərin həllinə nail oldu, Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamadı. Heydər Əliyev dövlət və hakimiyyət böhranını aradan qaldırdı, vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısını aldı”.

Bəyanatda daha sonra vurğulanır ki, Heydər Əliyev ordu quruculuğu istiqamətində də mühüm addımlar atıb, nəticədə 1994-cü ildə Ermənistanın hücumlarının qarşısı alınıb, atəşkəs elan olunub: “”Əsrin müqaviləsi”, milyardlarla investisiya iqtisadiyyatın inkişafına təkan oldu, həyatın bütün sahələrində tənəzzülə son qoyuldu. Dolğun xarici siyasət konsepsiyası formalaşdırıldı, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Yeni Konstitusiya qəbul edildi, ölkədə əsaslı hüquqi və siyasi islahatlar həyata keçirildi. Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ənənəvi hal aldı. Bu proseslərdə Milli Məclis daim Ümummilli Lideri dəstəkləyib”.

Bəyanatda qeyd olunub ki, Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr hazırda qlobal iqtisadiyyatda mühüm rol oynayır: “Ulu Öndərin ən böyük arzusu həyata keçirilib, 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edilib. Xalqımız azad edilmiş torpaqları gülüstana çevirərək qurucu xalq olduğunu nümayiş etdirir. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq, Ulu Öndərin ideyaları xalqımıza yeni-yeni qələbələr qazandıracaq”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31