Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dini təhlükəsizlik mühitinin əsas ünvanı

Dini təhlükəsizlik mühitinin əsas ünvanı

21.06.2023 [10:49]

Dövlət qurumları ilə yanaşı, media da məsuliyyət daşıyır

Günel ABBAS

Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar bu sabitliyi şərtləndirir. Bununla yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bu baxımdan, Azərbaycan ən sabit ölkələrdən sayıla bilər. Ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən, vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı belə gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür.

Sabitlik çərçivəsində bəzi elementlər var ki, onlar Azərbaycanın ümumi inkişafı və müstəqil siyasi xətti ilə uyuşmurlar. İslam dininin özündə belə qəbul edilməyən amma bu dinə mənsub olduqlarını iddia edən kiçik dini qruplar Azərbaycanın müstəqilliyinin ilk dövrlərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən, Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyətdən istifadə edərək ölkə daxilində fəaliyyət göstərməyə başladılar. Bu gün həmin kiçik qruplar qeyri-qanuni fəaliyyət göstərərək müvafiq qanun və qaydaları pozmağa cəhd edirlər. Amma Azərbaycan dövləti - müvafiq qurumlar bu cür hallara qarşı qətiyyətli mübarizə aparır, qanunlar çərçivəsində adekvat tədbirlər görülür.

Biz əksər müsəlman ölkələrində belə hərəkətlərə qarşı ciddi mübarizə aparıldığının şahidi oluruq. Bəllidir ki, bu gün İslam dini bayrağı altında təşkilatlanan kiçik dini qruplar istər Yaxın Şərqdə, istərsə də bir sıra digər ölkələrdə İslama zidd dağıdıcı fəaliyyətlə məşğul olur, bu dinin imicinə xələl gətirirlər. Əlbəttə, bu kiçik dini qrupların arxasında müəyyən qüvvələr durur və bu cür hərəkətlər sırf geopolitik maraqlara söykənir.

Dini maariflənmədə medianın da rolu var

Din və media mövzusu bu gün də aktuallığını saxlayır. Dünyada baş verən terror hadisələri, radikal dini qruplaşmaların siyasi-ictimai məsələlərə müdaxiləsi və bunun adətən mənfi nəticələrə gətirib çıxarması din pərdəsi altında fəaliyyət göstərənlərlə ehtiyatlı davranmağı, ayıq olmağı tələb edir. Lakin bu məsələdə dini sahədə bilgilərin az, yetərsiz olması ictimaiyyətə düzgün məlumat ötürülməsinə, cəmiyyətdə təhlükəli tendensiyaların formalaşmasının qarşısının alınmasına mane olur. Bu məsələdə medianın da üzərinə düşən konkret öhdəliklər var ki, dini sahədə lazımi bilgilərə sahib olmadan vəzifəni icra etmək xeyli çətinləşir.

Qeyd edək ki, son illərdə media və din sahəsində aparılan fəaliyyət təqdirəlayiqdir. Xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin medianın dini sahədə maariflənməsinə köməklik göstərməsi müsbət haldır. Komitə bugünədək saysız-hesabsız maarifləndirici tədbirlər keçirib.

Bəzi qrupların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri, eyni zamanda, bu istiqamətdəki təhdidlərin qarşısının alınmasında medianın üzərinə düşənlər var. Ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə məsuliyyət düşür. Cəmiyyətdə milli kimliyin formalaşmasında mətbuat önəmli yerə malikdir. Bu mənada ziyalılarımız və jurnalistlər insanların dini radikalizmdən uzaq olmaları üçün təbliğat işini gücləndirməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var. Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində mühüm işlər görülür. Mətbuatda sanballı məqalələrlə çıxış edən müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Heç şübhəsiz, məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq.

Jurnalistlərin, ümumiyyətlə, bütün cəmiyyətin düzgün dini biliklərə sahib olmasının önəminə diqqət çəkməliyik. Dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunması vacibdir. Dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlər görülür və bu sahəyə dövlət tərəfindən yüksək səviyyədə diqqət göstərilir.

Bu gün dini ideologiyaya Qərbdən və Şərqdən olan təsirlər göz önündədir, bu   məqamda da medianın, xüsusilə sosial medianın və elmin rolu əhəmiyyətlidir. Çünki media müasir dövrdə cəmiyyətin ən vacib institutlarından biridir. Hər bir ölkədə və bütövlükdə, dünyada baş verən hadisələr cəmiyyətə məhz onun tərəfindən və ya onun vasitəsilə təqdim olunur, interpretasiya edilir. Bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırır və daha da əhəmiyyətli müstəviyə çıxarır.

Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti xüsusi önəm daşıyır. Dinsiz radikallara qarşı mübarizədə media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyü də danılmaz həqiqətdir.

Qeyd etmək lazımdır ki, xüsusilə belə bir çətin zamanda bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda bu sahədə həmrəylik, tolerantlıq mühiti mövcuddur. Bu sabitliyi gözü götürməyən qüvvələr media, əsasən də sosial medianın imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi, dini qarşıdurma yaratmağa çalışırlar.

XXI əsrin ən böyük fenomeni sayılan internet sayəsində informasiya mühitində və jurnalistika sahəsində əsaslı dəyişikliklər müşahidə edilir. Bu sahədə dünya təcrübəsindən istifadə edərək deyə bilərik ki, beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meyilləri, radikal terror təşkilatlarının adının islamla birgə çəkilməsi, islam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələlər aktualdır.

Media həm məlumatlandırmalı, həm də maarifləndirməli

Din adına iddia edən radikal düşüncə sahiblərinin ideoloji baxımdan zərərsizləşdirilməsi üçün azad mətbuatın maarifləndirmə işinə dəstək verməsi milli təhlükəsizliyimiz üçün də çox vacibdir. Ümumiyyətlə, son illər Dini Komitənin ölkənin hüquq-mühafizə orqanları ilə, ayrıca media ilə qurduğu səmərəli əməkdaşlıq nəzərə çarpacaq uğurlara səbəb olub. Belə ki, maarifləndirmə işinin təşkilində komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun mediayla birlikdə çoxsaylı layihələr həyata keçirməsi təqdirəlayiqdir.

Görürük ki, bəzən sosial mediada cəmiyyətimiz üçün zərərli, təhlükəli informasiyalar yayılır. İstər dini məsələlər, istərsə də milli dəyərlərimizə qarşı olan bu cür informasiyaların yayılması, ümumilikdə cəmiyyət üçün çox təhlükəlidir. Bunun bir səbəbi də medianın dini biliklərə malik olmamasıdır. Əgər media dini məsələlərdə zəruri informasiyalara, biliklərə malik olarsa, din pərdəsi altında qarayaxma ilə məşğul olanlara tutarlı, əsaslı cavablar verər, cəmiyyətin yanlış fikrə düşməsinin qarşısını alar. Ona görə də media sahəsində fəaliyyət göstərənlərin dini maariflənməsi vacibdir. Birgə layihələr nə qədər çox olarsa, dini qurumlarla media quruluşları arasında sıx əməkdaşlıq yaranarsa, təhlükəli tendensiyaların yayılması üçün münbit şərait də olmaz.

Təəssüf ki, sosial media bəzən məkrli insanların, milli və dini dəyərlərimizə zərbə vurmağa çalışanların meydanına çevrilir. Burada medianın üzərinə düşən vəzifə doğru-düzgün məlumatları əldə edib, yalan informasiyaların önünü kəsməkdir. Medianın həm məlumatlandırma, həm də maarifləndirmə vəzifəsi var. Media çalışmalıdır ki, milli və dini dəyərlərimiz düzgün təbliğ edilsin, dinimizin gözəllikləri, insanpərvərlik, həmrəylik çağırışları cəmiyyətə çatdırılsın. Media bu məsələlərdə aktiv olmalıdır. Çünki ən güclü təbliğat vasitələrindən biridir.

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31