Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Cənab heç kim”ə bəzi xatırlatmalar...

“Cənab heç kim”ə bəzi xatırlatmalar...

11.07.2023 [10:00]

REAL sədrinin qeyri-real “məntiqi”

Reallıq hissindən uzaq olduğunu dəfələrlə özü sübut etmiş REAL Partiyasının sədri İlqar Məmmədov məşhur bir hind filmindəki personaja qoyulan adı xatırladır - “cənab heç kim”.

Maraqlıdır ki, hər yerdən boy göstərmək, hər andan yararlanmaq, diqqəti özünə cəlb etmək, “mən də varam” mesajları ötürmək üçün əldən-ayaqdan gedən “cənab heç kim” bütün işlərə “dodaq büzməyi” adət edib. İqtisadi uğurlara, sosial inkişafa və digər nailiyyətlərə qarşı “allergik yanaşma” sərgiləyən bu şəxs partiya sədrliyindən daha çox sosial şəbəkələrdə yersiz “mülahizələrlə” diqqəti cəlb etməyə çalışır.

O, bu dəfə də “ənənəsinə” sadiq qalaraq Azərbaycanın təhsil, iqtisadi və sosial sahələrdə nəticələrini gözardı etməyə cəhd göstərib. Guya 30 ildə heç bir uğur qazanılmayıb.

Hər şeyi bir anda gözardı etmək, qət edilən uzun və keşməkeşli yola bir anda ləkə yaxmaq, şər-böhtanla silahlanaraq əldə olunan nailiyyətləri görməmək mərəzi İlqar Məmmədovun “siyasi korluğuna” işarədir. Bu baxımdan, “cənab heç kim”ə bəzi xatırlatmaları etmək zərurəti hiss etdik...

- Əvvəla, Azərbaycan hazırkı tarixi mərhələyə heç də qısa zaman kəsiyində və asan yolla çatmayıb. Respublikamız qazandığı sosial-iqtisadi uğurlara, artım templərinə yerli resursların səmərəli istifadəsi və sosial ədalət prinsiplərinə uyğun bərabər bölüşdürülməsi, xüsusən də mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olub. Son 30 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Azərbaycan strateji valyuta ehtiyatlarını getdikcə artırır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 65 milyard ABŞ dollarına çatıb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Xarici borc öhdəliklərinin aşağı səviyyədə olması müsbət iqtisadi meyillərlə bağlıdır.  Azərbaycan xarici borc öhdəliklərini çox qısa müddətdə tam şəkildə bağlamaq iqtidarında olan ölkədir. Respublikamızın uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq reytinq təşkilatlarının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alır.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin icrası uğurla davam etdirilir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasətin məntiqi nəticəsi olaraq respublikamızın regionda həm iqtisadi-siyasi, həm də hərbi-strateji sahədə üstünlüyünün təmin edilməsi həyatda özünün real təsdiqini tapıb. Torpaqlarımızın işğaldan azad edilməsində isə iqtisadi gücümüz müstəsna rol oynayıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır, “Böyük Qayıdış” reallaşır. Yaxın 10 ildə ölkə iqtisadiyyatının iki dəfə artması perspektivləri yaranıb.

- İkincisi, sosial siyasət əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Respublikamızda nə pandemiya və müharibə dövründə, nə də indiki mərhələdə hər hansı bir sosial layihə təxirə salınıb. Əksinə, əhalinin rifah halının yaxşılaşmasına hesablanan dəstək tədbirlərinin miqyası ardıcıl qaydada genişləndirilir. Azərbaycanın dərin məzmunlu sosial siyasətində insanların gəlir imkanlarının artırılması xətti mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Ötən il reallaşdırılan sosial məzmunlu islahatlardan təxminən 3 milyon 400 min insan faydalanmaq imkanı qazanıb. O cümlədən üçüncü sosial paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb.  Sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir.  Ümumiyyətlə, son beş ildə reallaşan 4 sosial islahatlar paketi ölkə əhalisinin rifahının yüksəldilməsində mühüm rol oynayıb. Azərbaycanın dövlət büdcəsində sosial sferaya ayrılan vəsaitlərin ilbəil artması davamlı hal alıb. Sosial xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir.  Belə ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır. Həssas qruplardan olan insanlara həssas yanaşma Azərbaycanın sosialməzmunlu siyasətinin əsas elementlərindən biridir. Respublikamız dünya üzrə müharibədə həlak olan hərbçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Respublikamızda şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 4760 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.

- Üçüncüsü, dünya təcrübəsindən məlumdur ki, inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün Dövlət proqramları icra olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib. Təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi, təhsil işçilərinin sosial rifahının yüksəldilməsi diqqət mərkəzindədir. Paralel olaraq müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması yönündə əsaslı tədbirlər görülür. Azərbaycanda təhsilin inklüzivləşdirilməsi istiqamətində atılan addımlar isə beynəlxalq təcrübəyə əsaslanır. Müxtəlif təhsil proqramları üzrə minlərlə gənc xarici ölkələrin ali təhsil ocaqlarında təhsil almağa göndərilir.

Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycanda istər təhsil, istər iqtisadi, istərsə də sosial sahələrdə günümüzün reallıqlarına, mövcud çağırışlara və milli hədəflərə uyğun strateji fəaliyyət həyata keçirilir, ardıcıl nailiyyətlər əldə edilir. Ona görə də inkarçılıq psixologiyasından əl çəkməyən, reallıq hissini itirmiş REAL sədri kimilərinin absurd iddiaları və ittihamları ciddi qəbul edilmir. Hər halda, qeyri-real hisslərə qapılmaq, qeyri-real fikirlərlə gündəmə gəlməyə çalışmaq və qeyri-real davranışlarla özünə qarşı ikrah hissi yaratmaq yaxşı əlamət deyil. Hətta “cənab heç kim” olsan belə...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31