Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əl yandıran taksi qiymətləri

Əl yandıran taksi qiymətləri

12.07.2023 [11:30]

Sui-istifadə yolverilməzdir

Günel ABBAS

Son vaxtlar taksi qiymətlərində kəskin artım müşahidə olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin “Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” açıqlaması və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının təyin edilməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Qanuna dəyişikliyin tətbiqi oktyabrın 1-dən gözlənilsə də, bu qərar taksi xidmətlərinin qiymətinə indidən təsir edib.

Bu da öz növbəsində sərnişinlərdə narazılığa səbəb olub. Sözügedən narazılıqlara cavab olaraq bəzi taksi şirkətlərindən bildirilib ki, şirkətlərə qiymətlərin artırılması ilə bağlı göstəriş verilib. Onlar qeyd edib ki, qiymət artımı müxtəlifdir: bu, hava şəraitindən, pik saatdan, məsafədən asılı olaraq dəyişir. Qeyd edək ki, taksi xidmətlərində artım 20-50  civarında müşahidə edilir.

Həm qiymətlərdəki kəskin artım, həm də şirkətlərdən edilən sifariş zamanı taksilərin gecikməsi sərnişinləri fərdi taksilərdən istifadəyə məcbur edir. Sosial mediada yer alan məlumatlara görə, fərdi taksilər qiymətlərdə artım məsələsindən sui-istifadə edərək süni artıma gedirlər. Belə olduqda sərnişinlər normalda 5 manat civarında hesablanan məsafə üçün, 10-20 manat ödəniş etməli olurlar.

Mütəxəssislər nə deyir?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir: “Taksi xidmətlərində qiymətlərin artması ilə bağlı gözləntilər yavaş-yavaş özünü doğruldur. Bəzi şirkətlər qiymətləri normallaşdırır. Bəzən insanlar düşünürlər ki, bu qiymət artımıdır, ancaq bu qiymətin normallaşdırılmasıdır. Biz qarşımızdakı insanları da düşünməliyik. Hazırda 80 minə yaxın taksi sürücüsü fəaliyyətdədir. Bunun böyük əksəriyyəti də Bakının payına düşür. Bu da taksi sürücülərinin daha çox əziyyət çəkdiyini göstərir. Sadəcə, insanlarımız aşağı qiymətə öyrəşib. Ancaq hər gün o ucuz qiymətdən narazılıq baş alıb gedir”.

Elməddin Muradlının sözlərinə görə, taksilərin qiyməti vahid bir formada tənzimlənmir. Dünya təcrübəsində taksi fəaliyyətində fərqli tariflərin olduğunu deyən ekspert hava şəraitindən, pik saatlardan asılı olaraq taksi qiymətlərinin dəyişməsinin normal olduğunu qeyd edib: “Hələ ki, tam olaraq vahid bir mexanizm yaradılmayıb. Ona görə də bu məsələyə yanaşmalar fərqlidir. Ancaq bunu normal qəbul etmək lazımdır. Çünki dünyanın hər yerində belədir. Yəni, gecə-gündüz tarifləri fərqli olur, nisbətən isti və soyuq havalarda qiymətlər dəyişir”.

E.Muradlı hesab edir ki, dövlət tərəfindən taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar verilib və qeyd edilən məqamlar orada öz əksini tapıb: “Bunu normal qəbul etmək lazımdır. Gələcəkdə də dövlət tərəfindən taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar verilsə, başqa vahid qiymət sistemi müəyyənləşdirilsə, hesab edirəm ki, orada da bu məsələlər öz əksini tapacaq. Yəni, gecə-gündüz tarifləri, sıxlıq baş verdikdə yaranan problemlər və bu kimi digər məsələlər barədə müddəaların olması normaldır. Bu səbəbdən də hazırda taksi qiymətlərində müşahidə olunan qiymət artımında təəccüblü heç nə yoxdur”.

Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov da qiymətlərin bahalaşmasına səbəb olan amillərdən söz açaraq həm fərdi taksi fəaliyyəti göstərən sürücüləri, həm də taksi şirkətlərini vəziyyətdən sui-istifadə etməməyə çağırıb: “Qiymət artımı başadüşüləndir. Amma yaranmış vəziyyətdən sui-istifadə edərək qiymətləri nəzərdə tutulandan daha çox artırmaq acgözlükdür, yolverilməzdir”.

Qeyd edək ki, ekspertlər qiymətlərin tədricən bir az da artacağını proqnozlaşdırırlar.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31