Mən Partiyadan çıxmaq qərarına gəldim...
14.07.2023 [11:04]
Ulu öndər Heydər Əliyevin bioqrafiyası Azərbaycanın dövlətçilik tarixinin ən əhəmiyyətli səhifələridir. Başqa sözlə, Azərbaycanın müasir dövlətçilik tarixi ilə tanış olmaq istəyən hər bir şəxs Ümummilli Liderin bioqrafiyası ilə yaxından tanış olmalı, xalqa, dövlətə həsr edilən ömrün ən mühüm və həlledici anlarını dərindən öyrənməlidir. Heydər Əliyevin bioqrafiyası siyasətlə məşğul olan hər kəs üçün mühüm bir məktəbdir.
1991-ci ilin iyulunda Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. Bu tarix xüsusi bir əhəmiyyət daşıyır - Heydər Əliyevin partiyadan ayrılması ilə bağlı yazdığı ərizə isə tarixi bir sənəddir. “Heydər Əliyev İli” çərçivəsində “Yeni Azərbaycan” qəzeti olaraq bu tarixi faktı da geniş auditoriyaya təqdim etmək qərarına gəldik. Tanınmış rusiyalı müəllif Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabından seçmələri oxucularımıza təqdim edirik...
Əvvəli ötən saylarımızda...
Mənimsə bəxtim gətirib. Tanışlarım arasında E.A.Şevardnadzenin partiyadan ayrılması əhvalatını öz gözləri ilə görmüş bir nəfər vardır.
Bu adamın adı Mixail İvanoviç Kodindir. Bu gün o, tanınmış sosioloq-alim, elmlər doktoru, Rusiya Dövlət Sosial Universitetinin prorektorudur. 1990-cı illərin əvvəllərində Mixail İvanoviç Sov.İKP Mərkəzi Nəzarət Komissiyası sədrinin müavini olmuşdur. Komissiyaya Qorbaçovun dövründə Sov.İKP-nin ali rəhbərliyində ən dürüst və vicdanlı adam olan Boris Karloviç Puqo rəhbərlik edirdi. Bəlkə, dürüst və vicdanlı olduğuna görə idi ki, 1991-ci ilin avqustunda Dövlət Fövqəladə Vəziyyət Komissiyasının çıxışı iflasa uğradıqdan sonra özünü güllə ilə öldürmüşdü. Arvadı ilə razılığa əsasən, intihardan qabaq onu da güllə ilə vurmuşdu.
Mərkəzi Nəzarət Komissiyası, yaxud qısaca MNK Sov.İKP-nin sonuncu, XXVIII qurultayında partiyanın iki mərkəzi orqanının - Sov.İKP Mərkəzi Təftiş Komissiyasının və Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin birləşdirilməsi yolu ilə təşkil edilmişdi. Bu, yalnız partiyanın qurultayına hesabat verən müstəqil nəzarət orqanı idi. İlk dəfə MNK 1921-ci ildə, V.İ.Leninin sağlığında yaradılmış və 1934-cü ilədək mövcud olmuşdu. 1990-cı ilin dekabrında B.K.Puqo SSRİ daxili işlər naziri təyin edildikdən sonra MNK rəhbərsiz qaldı. Sədrin vəzifələrini ordu siyasi işçisi olan general-leytenantY.N.Maxov icra edirdi. Onun karyerası Sovet Ordusu və Hərbi Dəniz Donanmasının Baş Siyasi İdarəsi rəisinin komsomol işi üzrə köməkçisi vəzifəsindən başlamışdı.
General rütbəsinə və ordu siyasi orqanlarında sanballı qulluq stajına baxmayaraq, Yevgeni Nikolayeviç Maxov yeni yüksək partiya vəzifəsində özünü göstərə bilmədi. Mixail İvanoviç Kodin onu kölgədə qoyurdu. Səciyyəvi bir cəhət: 1991-ci ilin fevralında M.İ.Kodinin rəhbərliyi ilə MNK-nın komissiyası Sov.İKP-nin 74 illik hakimiyyəti dövründə ilk dəfə olaraq Siyasi büronun və Katibliyin işini yoxlamışdı. Görünməmiş fakt idi! Partiyanın zirvədə olan rəhbər orqanları toxunulmazlıq zonasından çıxarılırdı. Mənim yadımda Kodin, həmçinin Sov.İKP MK Katibliyinin iclaslarında o dövr üçün son dərəcə cəsarətli olan kəskin çıxışları ilə qalmışdır.
O vaxt mən Sov.İKP MK-da ən mühüm ideoloji istiqamətlərdən birinə rəhbərlik edirdim. Qulluq vəzifəmlə əlaqədar Siyasi Büronun və MK Katibliyinin istisnasız bütün iclaslarında iştirak etməli olurdum. Partiyanın can çəkişməkdə olan ali kollegiyasında boş, mənasız müzakirələri indiyədək xatırlayıram. Orada heç bir dəyərli təklif eşidə bilməzdin. Qatı zülmət hökm sürürdü. İşıq ucu görünməyən bir qaranlıq. Köhnə meydandakı o binada toplaşanlar hansı ideyanı təklif edə bilərdilər, axı, onlar nə partiyada, nə də xalq arasında tanınmayan bəsit insanlar idilər.
Bir dəfə M.İ.Kodinin növbəti mənasız danışığı necə dayandırdığı heç yadımdan çıxmaz.
- Bizim bugünkü Katibliyimizin işi mənə qəribə gəlir, - dedi. - Partiyanın ali orqanları ilə ilk partiya təşkilatları arasında nə dərin uçurum var! Belə getsə, qorxuram, MK-nın bir çox katiblərinin növbəti qurultaya nümayəndə seçilməsi çətin olsun, bəziləri isə heç seçilə bilməsinlər. Yerlərdə MK Katibliyinin mövqeyindən dərin narazılıq yetişməkdədir...
MNK sədrinin müavini MK-nın hər bir məsələdə gecikməsindən danışırdı.
- Partiyanın indi qüvvədə olan Nizamnaməsində dövlət vəzifələrinin icrası dövründə üzvlüyün dayandırılmasını nəzərdə tutan norma olmalıdır, - deyə inandırmağa çalışırdı. - Başa düşmürəm, təşkilat şöbəsi hara baxır? Məgər Baltikyanı respublikalarda, Moldaviyada baş verənlər heç nə öyrətmədi?
Mənə elə gəldi ki, Kodin danışığında çox irəli getdi və özü də hiss etmədən “müqəddəs inəyə” - MK-nın Təşkilat şöbəsinə toxundu. Deyəsən, yanılmamışdım. Şöbənin müdiri və eyni zamanda, MK-nın katibi olan Manayenkov dərhal dilləndi. Yuri Alekseyeviç hirsindən qızarmış halda yoğun səslə qayıtdı ki, indicə söylənən tənqidi öz üzərinə götürmür, çünki partiyanın Nizamnaməsini şöbə deyil, qurultay qəbul etmişdir. Bir də ki, MK katibini bu cür məzəmmət etmək son dərəcə böyük ədəbsizlikdir.
MK Katibliyinin iclaslarında hökm sürən ətalətə və arxayınçılığa qarşı cəsarətlə çıxış edən Kodin mənim diqqətimi ilk dəfə onda cəlb etdi. Özü də Mixail İvanoviç haqlı idi! Həqiqətən ciddi və aktual məsələlər nadir hallarda iclas gündəliyinə daxil edildikdə belə, bir qayda olaraq, əldən çıxmaqda olan siyasi hakimiyyətdən bərk-bərk yapışmağa çalışan dardüşüncəli, aciz insanların xəstə iddialarının və təkəbbürünün dayaz, bulanıq sularında itib-batırdı.
Ona görə də mən bu kitab üçün materiallar toplamağa başlayanda Mixail İvanoviçi xatırlamağım heç də təsadüfi deyildi. Onun dürüstlüyü, cəsurluğu, əzmkarlığı, özündən yuxarı vəzifəlilər qarşısında qorxu hissindən xəbərsiz olması ürəyimə yatırdı. Sov.İKP buraxıldıqdan sonra biz xeyli müddət bir-birimizi itirmişdik. O, elmi və ictimai fəaliyyətlə məşğul idi. Sonra hansısa bir tədbirdə görüşdük və o vaxtdan ara-sıra zəngləşirik. Təmaslarımızın sıx olduğunu söyləyə bilmərəm.
- Mixail İvanoviç, - ona zəng vurdum, - siz Şevardnadze məsələsini, yəqin, xatırlayırsınız? Onu partiyadan xaric etdilər, yoxsa partiya sıralarını özü tərk eldi?
Kodin suallarıma dinməz qulaq asdı.
- Orada tamam ayrı bir vəziyyət yaranmışdı, - fikirləşib cavab verdi. - Onu izahat vermək üçün Mərkəzi Nəzarət Komissiyasına çağırmışdılar. Onun açıq çıxışları ilə əlaqədar partiya təhqiqatı aparmaq niyyətində idik. Həmin çıxışlar Sov.İKP-nin, xüsusən də Sov.İKP MK-nın üzvü adı ilə bir araya sığmırdı.
- Yaddaşım məni aldatmırsa, o, ölkədə Sov.İKP ilə paralel fəaliyyət göstərə biləcək bir partiya yaradılmasının zəruri olduğunu söyləyirdi. Elədirmi?
- Tamamilə doğrudur. Sosial-demokrat partiyasını nəzərdə tuturdu. Bu barədə Avstriyada olanda danışmışdı. Təsəvvür edirsiniz, Sov.İKP MK-nın üzvü Sov.İKP-dən prinsipcə fərqli bir partiyanın yaradılmasında iştirak etmək istədiyini bildirmişdi. Mahiyyətcə müxalif partiyanın. Özü də harada? Yad ölkədə, xarici jurnalistlər qarşısında...
- Bəs sonra nə oldu? O, MNK-ya gəldimi?
- Yox. Biz onu görmədik. Məktub göndərib bildirdi ki. Sov.İKP-dən çıxır.
- Bu qərarını nə ilə əsaslandırmışdı?
- MNK-ya çağırılması faktını təhqir kimi qəbul etmişdi. İfadələri indi dəqiq xatırlaya bilmirəm, axı, on beş ildən çox keçib, amma məğzi bu idi ki, Eduard Amvrosiyeviç MNK-ya söhbətə dəvət edilməsi faktında Stalin dövrünün qayıdışını görmüşdü.
- Doğrudan, elə yazmışdı?
- Sözbəsöz o cür yazdığını söyləyə bilmərəm, amma yazdığından belə məna çıxırdı. Hər halda, siz onun məktubu ilə də, MNK-nın məktuba dair qərarı ilə də tanış ola bilərsiniz. Düşünürəm ki, bu sənədlər arxivdə qalıb.
Mən onun məsləhətinə əməl eldim.
Həqiqətən, E.A.Şevardnadzenin Sov.İKP-dən çıxmasına aid sənədlər saxlanılıb. Budur, onun öz əli ilə MNK-ya yazdığı məktub. Üstündə 3 iyul 1991-ci il tarixi qoyulub. Qeydə alındığı daxilolma nömrəsi 004397-dir. Ştempeldə MNK-ya daxil olduğu tarix də göstərilib - elə həmin ilin 4 iyulu.
Məktub qısadır, bir yarım makina səhifəsidir. MNK-ya çağırıldığı barədə məlumat verən E.A.Şevardnadze daha sonra yazır ki, ölkədə Sov.İKP ilə paralel fəaliyyət göstərəcək partiya yaradılmasının zəruriliyi barədə onun söylədikləri bu cür hərəkətlərə heç bir qanuni və ya mənəvi əsas vermir.
Eduard Amvrosiyeviçin qəti inamına görə, “partiya üzvünün fikirləşmək, öz fikirlərini və mülahizələrini söyləmək, onları müdafiə etmək hüququ qadağan olunmayıb və oluna da bilməz”. O, hesab edirdi ki, kommunistlərə bu hüququ yenidənqurma qaytarıb. Yenidənqurmanı isə dəfələrlə bəyan olunduğu kimi, partiya başlayıb.
Məktubda daha sonra “ali partiya strukturlarında olan yoldaşların” E.A.Şevardnadzenin bu cür mülahizələr söyləməsinə gətirib çıxarmış səbəbləri başa düşməmələrinin heyrət doğurduğu bildirilirdi. Axı, onlar “ideya və rəylərin boğulması praktikası ilə qurtardıqlarını bəyan etmişlər, o praktika ilə ki, partiyanı indiki vəziyyətinə gətirib çıxarmış, repressiyalar, təqiblər, partiyaya inamın ən dərin böhranını doğurmuşdur”. Məktubun müəllifi hiddətlə yazırdı ki, onu bu çıxışlara sövq edən səbəbləri başa düşmək əvəzinə “keçmişdəki pis dövrlərdə olduğu kimi, inkvizisiya təhqiqatının, məqsədləri aydın olmayan və proseduru müəyyən edilməyən təhqiqatın aparılması haqqında qərar qəbul edilsin’.
Siyasi Büronun keçmiş üzvü qürurla bildirirdi: “Heç bir halda mən qurulan bu divanda müttəhim olmayacağam, çünki bununla razılaşsam, Sov.İKP rəhbərliyinin yadfikirliyi boğmağın repressiv metodlarına qayıtmasının əsaslı və qanunauyğun olduğunu öz iradəmə və əqidəmə zidd təsdiq etmiş olaram”.
E.A.Şevardnadze MNK-ya Sov.İKP-dən çıxdığını bildirərək etiraf edirdi ki, həmin qərarı qəbul etməsi asan olmasa da, bu addımı atmağı zəruri saymışdır, hərçənd bundan sonra nələrin baş verəcəyini aydın təsəvvür edirdi. “Hətta bilirəm ki, keçmişdə toplanmış təcrübəyə və hazırlanmış metodikaya tam və birbaşa uyğun olaraq, mənə və bu cür düşünən başqa şəxslərə qarayaxma kampaniyası hazırlanır, - deyə müəllif xəbərdarlıq edirdi. - Bu barədə mövcud olan məlumatlar məni qəbul etdiyim qərarın düzgün olduğuna bir daha əmin edir”.
Axırda E.A.Şevardnadze bildirirdi ki, bu hərəkətinin səbəblərini açıq şərh etmək hüququnu özündə saxlayır. Məktubu MNK-ya göndərdikdən iki gün sonra belə də elmişdi.
İyulun 4-də MNK-nın dəftərxanasında Siyasi Büronun keçmiş üzvünün bəyanatına ştempellə daxilolma nömrəsinin qoyulduğu günün axşamı televiziyanın “Vesti” proqramında aparıcı nəşəli səslə belə bir xəbər oxudu:
- Deyəsən, Sov.İKP-nin Mərkəzi Nəzarət Komissiyası Şevardnadzenin işi üzrə növbəti inkvizisiya təhqiqatı aparmaq həzzindən məhrum olmuşdur... Şevardnadze onun üçün qurulan divanın niyyətindən duyuq düşərək, Sov.İKP-dən çıxdığını bəyan etmişdir. Belə güman etməyə əsas var ki, onun yeni hərəkat üzrə yoldaşları da özləri üçün bu məsələni partiyanın cəza orqanlarının köməyi olmadan həll edəcəklər...
Eduard Amvrosiyeviçi partiyadan kimin çıxardığı və bunun necə baş verdiyi barədə sualın dəqiq cavabı Sov.İKP MNK Rəyasət Həyətinin 1991-ci il 23 iyul tarixli qərarında vardır. Arxivdə saxlanılan bu sənəd qısadır, cəmi iki abzasdan ibarətdir. Onları bütünlüklə təqdim edirəm.
Qərarın tam adı belədir: “E.L.Şevardnadzenin Sov.İKP-dən çıxmasına dair bəyanatı haqqında”.
Sonra mətn gəlir: “Sov.İKP MK-nın üzvü E.A.Şevardnadze Sov.İKP-dən çıxmasına dair bəyanatla Sov.İKP Mərkəzi Nəzarət Komissiyasına müraciət etmişdir. SSRİ Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin ilk partiyatəşkilatı bu il iyulun 18-də həmin məsələyə baxmış və E.A.Şevardnadzenin Sov.İKP-dən öz bəyanatına əsasən çıxmış hesab olunması haqqında qərar qəbul etmişdir.
Sov.İKP Mərkəzi Nəzarət Komissiyasının Rəyasət Heyəti qərara alır:
E.A.Şevardnadzenin Sov.İKP sıralarından çıxdığı və bununla da, partiya ilə bütün əlaqələri kəsdiyi barədə Sov.İKP MNK Rəyasət Heyəti Bürosunun məlumatı nəzərə alınsın. Buna əsasən onun bəyanatları üzrə partiya təhqiqatı aparılması məsələsi bitmiş hesab edilsin.
İmza: “Sov.İKP MNK-nın sədri vəzifəsini icra edən Y. Maxov”.
Televiziya şərhçisi haqlı idi. MNK-ya dəvət yaxşı heç nə vəd etmirdi, odur ki, Şevardnadze qabaqlayıcı addım ataraq, Sov.İKP-dən çıxdığını bəyan etmişdi. Qərara almışdı ki, Sov.İKP üzvlüyü ilə bir araya sığmayan hərəkətlərinə görə partiyadan xaric edilməkdənsə, mühafizəkar rəhbərliyin siyasəti ilə prinsip etibarilə razı olmaması səbəbindən onun sıralarını könüllü tərk etməsi yaxşıdır.
Eynilə bu cür əhvalat Sov.İKP-nin yüksəkvəzifəli digər bir xadiminin - Aleksandr Nikolayeviç Yakovlevin də başına gəlmişdi. Şəxsiyyətinin miqyasına görə o, əlbəttə, Şevardnadzedən geri qalmırdı. Ondan kiçik vəzifə də tutmurdu - MK-nın əvvəl ideologiya üzrə, sonra isə beynəlxalq məsələlər üzrə katibi idi və Qorbaçova daha yaxın idi. Qorbaçovun çoxsaylı komandasında yeganə olaraq onun “yenidənqurmanın 11160180” adlandırılması əbəs deyildi. 1990-cı ilin iyulunda Sov.İKP-nin sonuncu, XXVIII qurultayında E.A.Şevardnadze kimi A.N.Yakovlevi də digər görkəmli xadimlər sırasında Sov.İKP MK-nın Baş katibi vəzifəsinə namizəd göstərmişdilər. Yakovlevi qurultayda təsis edilmiş yeni bir vəzifəyə - Baş katibin müavini vəzifəsinə seçmək fikri də vardı. Nəticədə bu vəzifəyə o vaxt az tanınan, indi isə tamam unudulmuş kiyevli əyalət siyasətçisi V.A.İvaşko seçildi. Hər iki halda Aleksandr Nikolayeviç öz namizədliyini geri götürmüşdü.
Bundan bir qədər əvvəl, 1990-cı ilin martında SSRİ xalq deputatlarının növbədənkənar III qurultayında Qorbaçov SSRİ Ali Sovetinin Sədri vəzifəsinə Yakovlevin namizədliyini irəli sürmək istəyirdi, lakin Aleksandr Nikolayeviç bundan vaz keçməyi xahiş etdi və Qorbaçov A.İ.Lukyanovun namizədliyi üzərində dayandı.
1990-cı ilin sonlarına yaxın Qorbaçovun ətrafında Yakovlevin mövqeləri zəiflədi. Şevardnadzenin başına gələnlər, demək olar, eynilə Yakovlevin də başına gəldi. Xatırladım ki, Eduard Amvrosiyeviç 1990-cı ilin dekabrında gözlənilmədən SSRİ xarici işlər naziri vəzifəsindən istefa verdi. Bu qeyri-adi hərəkətin səbəbləri arasında üç versiya vardı: xarici siyasi mövqelərin əldən verilməsinə görə ona edilən hücumlarla bağlı emosional-şəxsi mülahizələr; nüfuzunu itirməkdə olan M.S.Qorbaçovdan aralanmaq arzusu;
Gürcüstanda baş verən hadisələr, Zviyad Qamsaxurdianın hakimiyyətə gəlməsi barəsində mövqeyini müəyyənləşdirmək zərurəti. İstefadan sonra Eduard Amvrosiyeviç ABŞ-a gedib mühazirələr oxuyur, özünün dediyinə görə, pis də qazanmırdı: “Nüfuzlu bir qəzet ayda bir dəfə onlar üçün sütunluq məqalə yazmağa görə mənə 100 min dollar təklif etmişdi”.
1990- cı ilin payızından Yakovlevlə Qorbaçov arasında ziddiyyətlər üzə çıxmağa başladı. Münasibətlərin sərinləşməsinin ilk əlaməti bu oldu ki, Təhlükəsizlik Şurası üzvlərinin siyahısına Yakovlevin soyadı düşmədi. Bu sərinləşmənin səbəbləri arasında Yakovlevin Amerika xüsusi xidmət idarələri ilə əlaqəsi haqqında məlumatın DTK sədri V.A.Kryuçkov tərəfindən Qorbaçova çatdırılmasını göstərirdilər. Sonralar Yakovlev özü bunu Sov.İKP-nin taleyi, DTK-nın rolu və “500 gün” liberal iqtisadi proqramına münasibətlə bağlı məsələlərə baxışlarının Qorbaçovun baxışları ilə üst-üstə düşməməsi ilə izah etmişdi.
- Əslində, mən real işlərdən kənar edilmişdim, - o günləri xatırlayaraq deyirdi. - Daha mənə qapalı informasiya verilmirdi... 1991- ci ilin martında Yakovlev SSRİ Prezidentinin baş müşaviri təyin edildi. O vaxt çoxlarına elə gəlirdi ki, onların münasibətləri yenə də yaxınlaşıb.
Üç ay keçdi. Birdən-birə Yakovlev Şevardnadzenin etdiklərini təkrarladı. 1991-ci il iyulun axırlarında Aleksandr Nikolayeviç istefa verdiyini açıq bəyan etdi!
- Mənim telefon danışıqlarımın çap edilmiş mətnləri Qorbaçovun katibliyinə göndərilirdi, - deyə xatırlayırdı.
- Təkləndiyimi hiss edirdim. Təcrid olunmağım mənliyimə toxunurdu. Başa düşürdüm: məni sıxışdırırlar... Ürəyim sıxılırdı...
Gözlənilənin əksinə olaraq Qorbaçov istefanı dərhal, ərizənin verildiyi gün qəbul etdi. Bir neçə gündən sonra SSRİ Prezidentinə məlumat verdilər ki, “yenidənqurmanın memarı” Moskva meriyasında, Qavriil Popovun yanında işləyir, ayrıca kabinetdə əyləşir.
Qorbaçovun yaxın adamlarından biri mənə Mixail Sergeyeviçin öz keçmiş müşavirinin bu gözlənilməz gedişinə necə münasibət bildirdiyini danışmışdı.
- O, şübhəsiz, adlı-sanlı adamdır, - deyə həmin tanışım Baş katibin sözlərini mənə çatdırır, özü də inandırmağa çalışır ki, bu sözləri öz qulağı ilə eşidib, - hərçənd ictimai rəydə ona həm mənfi, həm də müsbət münasibət vardır. Necə olsa da, yenidənqurmanın təşəbbüsçüləri arasında o, ikinci şəxsdir. Elmi işə, yaxud hətta pensiyaya da getsəydi, tarixdə bu cür qalacaqdı. O isə əlayağa düşüb, Qavriil Popovun əli altında işləməyə gedir.Şevardnadze ilə birlikdə yeni partiyaya baş qoşub - demokratik islahatlar hərəkatıdır, nədir. Hər ikisi müxalifətçilərin yığıncaqlarının hamısına gedir, elə Rutskoyun yanına da. Az qala hər gün müxalifət qəzetlərinə müsahibə-filan verirlər... Bir sözlə, şöhrətpərəstlik sağlam düşüncəni də, dövlətin simasının dəyişməsi üçün Yakovlevin, Şevardnadzenin, həqiqətən, etdiklərini də üstələyib. Təəccüblüdür!
Şevardnadzenin Sov.İKP-dən ayrılması əhvalatı, ümidvaram ki, az-çox aydınlaşdı. Deyilənlərə bircə şeyi əlavə etmək istərdim ki, Eduard Amvrosiyeviç partiyaya müharibədən sonra, 1948-ci ildə daxil olmuşdu. İyirmi yaşında. O zaman partiya ÜİK(b)P - Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası adlanırdı. A.N.Yakovlev də eyniadlı partiyaya - ÜİK(b)P-yə daxil olmuşdu. Onu 1943-cü ildə cəbhədə qəbul elmişdilər. Onun da iyirmi yaşı vardı.
Kimləri isə qarşılaşdırıb müqayisə etmək fikrində deyiləm. Bütün məsələ yaşdadır. Şevardnadze 1928-ci ildə doğulub, on səkkiz yaşı tamam olanda artıq bir il idi ki, müharibə zəfərlə başa çatmışdı. Yakovlev ondan beş yaş böyükdür - 1923-cü ildə anadan olmuş və odur ki, 1941-ci ildə orduya çağırılmışdı.
Yakovlevin partiyaya daxil olduğu ili göstərməklə mən bircə məqamı qeyd etmək istəyirəm: partiya biletindən ayrılmaq onun üçün yəqin, çox çətin olmuşdu, axı, bileti Vətənin ağır günlərində almışdı. Özü də yarım əsr gəzdirmişdi! Dediyinə görə, partiyaya ürəyinin hökmü və ruh yüksəkliyi ilə daxil olmuşdu. Bəs necə tərk etmişdi?
Doğrudan, necə? Bir var vəzifələrdən, lap ən yüksək vəzifələrdən məhrum olasan, bir də var partiya biletindən. Tamam ayrı-ayrı şeylərdir.
Aleksandr Nikolayeviç məqalə və müsahibələrində, o cümlədən bu kitabın müəllifinə verdiyi müsahibədə dəfələrlə demişdir ki, partiyanı şüurlu surətdə tərk etmişdir.
- Mən öz təcrübəmdə yəqin etmişəm ki, bolşeviklər partiyası sosial-demokratizm ideyalarına xəyanət edərək, faşizm zorakılığı yoluna düşmüş və Rusiyanı qan içində boğaraq alt-üst etmiş, sivilizasiyanın bir küncünə atmışdır.
- Aleksandr Nikolayeviç, - sualımı mümkün qədər yumşaq şəkildə qurmağa çalışdım, amma, deyəsən, bacarmadım. Keçmiş hələ çox yaxın idi, yara qaysaqlanmamışdı, göynəyirdi. - Siz nə vaxt səmimi idiniz: partiyaya inananda, yoxsa onu inkar edəndə?
Yakovlev heç yadımdan çıxmayacaq ağıllı, ciddi nəzərlərlə mənə baxdı.
- Partiyaya inananda necə səmimi idimsə, partiyanı inkar edəndə də o cür səmimi idim. Mən çoxdan başa düşmüşdüm ki, qana əsaslanan ictimai quruluş tarix səhnəsindən silinməlidir, çünki bu quruluş iblisin şər dininə tapınırdı. Ona görə mən özümü insana zidd sistemin ləğvi yollarının axtarışına həsr etmişdim - yalnız yeni seçimdə yanılmamalıydım.
Bizim bu söhbətimiz 2002-ci ildə olmuşdu. “İnsana zidd sistem”, əlbəttə, sovet sistemidir. 2002-ci ildə onu bu cür adlandırmaq və nəticəsindən qorxmamaq olardı. 1991-ci ildə bu, hələ qorxulu idi. O vaxt Aleksandr Nikolayeviç marksizm-leninizmin tam inkarına hələ gəlib çıxmamışdı.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

