Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lavrovun açıqlaması, Mirzoyanın təhrifi...

Lavrovun açıqlaması, Mirzoyanın təhrifi...

29.07.2023 [11:23]

Nardar BAYRAMLI

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşündən sonra Sergey Lavrovun “Bakı və İrəvan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı əsasda hazırdır” deməsi qərbi azərbaycanlıların qayıdışı məsələsinin masada olmasına işarədir. Bu, o deməkdir ki, rəsmi Bakı Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verdiyi kimi, İrəvan da Ermənistandan  qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə zəmanət verməlidir. Bu, tarixi torpaqlarımıza qayıdışı aktuallaşdıran amildir.

Artıq Ermənistanda hakimiyyət bu məsələyə görə ciddi tənqid edilir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan isə jurnalistlərə açıqlamasında mövzunu təhrif edərək bildirib ki, Qarabağ  ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi digər məsələlərdən tamamilə fərqlidir və heç bir paraleli yoxdur. O iddia edib ki, guya Lavrovun açıqlaması bu mövzu ilə əlaqələndirilə bilməz. Əslində isə görünən odur ki, Ermənistan Qərbi Azərbaycan İcmasından qorxur.

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi də A.Mirzoyanın səsləndirdiyi fikirlərə münasibət bildirib.  Qeyd olunub ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir: “A.Mirzoyanın azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Qərbi Azərbaycan İcmasının hüquqları ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları arasında paralel yanaşma tətbiq olunmadığını iddia etməsi və bu barədə aparılmış danışıqları inkar etməsi, Ermənistanın aidiyyəti beynəlxalq öhdəliklərini, konvensiyalar çərçivəsində məsuliyyətini pozması, o cümlədən sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir”.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına baxmayaraq, azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün xarici işlər naziri Ararat Mirzoyanın bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət məkrli siyasətin tərkib hissəsi olub.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31