Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli gücü yumruq kimi birləşdirən Lider

Milli gücü yumruq kimi birləşdirən Lider

09.05.2026 [08:10]

Parlaq şəxsiyyətlər  özlərinin zamanı qabaqlayan ideyaları, çərçivəyə sığmayan fəaliyyətləri, taleyüklü seçim anlarında doğru qərarlar qəbul etmələri ilə milli gücü yumruq kimi birləşdirirlər və xalq, dövlət naminə liderlik missiyası yerinə yetirirlər. Hələ sağlığında ikən Ulu Öndər zirvəsinə yüksələn böyük siyasətçi Heydər Əliyev Azərbaycan üçün belə tarixi şəxsiyyətdir.

Zaman ötür, fəqət Onun ideyaları, tövsiyələri heç vaxt köhnəlmir. Əksinə, illər ötdükcə bu böyük şəxsiyyətin respublikamızın, hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı daha aydın dərk olunur və dərin minnətdarlıq hissi ilə xatırlanır. Mayın 10-da dahi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

Azərbaycanın milli intibahı

Böyük siyasətçi Heydər Əliyevin Azərbaycana rəhbərliyi ideoloji baxımdan iki fərqli dönəmə təsadüf edib. Bunlardan birincisi xüsusilə də keçmiş ittifaqın tərkibində olan milli respublikaların rəhbərləri qarşısında ciddi məhdud çərçivələr qoyulduğu sovet dövrü idi. Rəhbər şəxslərin bu çərçivələri aşmaları yolverilməz sayılırdı. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi.

Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi üzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dönəmində SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı. 

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Ümumiyyətlə, Heydər Əliyev əvvəlcə keçmiş ittifaq daxilində rejimin məhdudiyyətlərini yararaq milli dirçəlişə, gələcək müstəqil inkişafa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail olub. Bu gün o illərdə Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan zəngin irs müstəqil Azərbaycanın maddi, mənəvi və mədəni əsasları qismində çıxış edir.

Heydər Əliyev epoxasının ikinci mərhələsi - müstəqilliyin qorunması

Uzaqgörən siyasətçi olan Heydər Əliyev deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”.  Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın  müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi.

Əvvəlcə onu qeyd edək ki, Heydər Əliyevin Azərbaycanın real müstəqilliyinə nail olmaq üçün açıq müstəvidə mücadiləsi Onun həyatının Naxçıvan dövründən başlayıb. Keçmiş ittifaq rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Heydər Əliyevin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan naminə fəaliyyətini Bakıda davam etdirdi.  O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. O, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əiyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.

Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.

Ata vəsiyyətinin yerinə yetirilməsi

Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun səyləri və diplomatik məharəti sayəsində 1994-cü ilin mayında atəşkəs müqaviləsinin imzalanması Azərbaycana öz gücünü səfərbər etmək, iqtisadiyyatını gücləndirmək və yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq üçün imkanlar açdı. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu imkanlardan səmərəli istifadə etməklə respublikamızı yeni inkişaf mərhələsinə yüksəltdi.

Prezident İlham Əliyev ölkənin iqtisadi və hərbi potensialına əsaslanmaqla daim ərazi bütövlüyümüzün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Azərbaycan haqq və ədalətin bərpasına 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında nail oldu. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şücaəti sayəsində ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu. 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticəsində isə Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Beləliklə, Müzəffər Lider İlham Əliyev Azərbaycan xalqının mental dəyərlər sistemində mühüm yer tutan ata vəsiyyətinə əməl etmiş oldu.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31