Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir

20.08.2020 [08:17]

Azərbaycan dövləti ölkə gəncliyinin ənənəvi dəyərlər əsasında tərbiyə almasına, Vətənə bağlı olmasına, milli maraqları hər şeydən üstün tutmasına, öz tarixini, ədəbiyyatını və ana dilini mükəmməl bilməsinə xüsusi diqqət göstərir
Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ümummilli Lider istər sovet dövründə respublikamıza rəhbərliyi zamanı, istərsə də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini daim diqqətdə saxlayıb.
Azərbaycançılıq dünya azərbaycanlılarının vahid milli ideologiyası kimi...
Ulu Öndər Heydər Əliyev milli ideyamızı formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirdi, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi müəyyənləşdirdi. O, azərbaycançılıq ideologiyası əsasında dövlətçiliyin qorunmasını, milli dövlətin gücləndirilməsini strateji prioritetlərdən biri kimi diqqətə təqdim etdi. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının milli məfkurəyə əsaslanan ümummilli şuarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrildi.
Ümummilli Lider Heydər Əliyev daim gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi əhəmiyyət verib
Azərbaycançılıq ideologiyasından danışarkən bir məsələyə xüsusi diqqət yetirmək məqsədəmüvafiq olar. Bu, gənclərin milli ideologiyanın təməl prinsipləri əsasında - milli ruhda və vətənpərvərlik ideyası əsasında tərbiyə edilməsidir. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu məsələni xüsusi olaraq diqqət mərkəzində saxlayıb. Ulu Öndər hələ ötən əsrin 70-ci illərində - sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə 15 mindən çox gəncin Sovet İttifaqının tanınmış təhsil ocaqlarında təhsil almalarına nail oldu. 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət sonra gənclərlə görüşdü, onların problemləri ilə maraqlandı. 1994-cü ildə Ümummilli Liderin müvafiq Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildə isə Azərbaycan gənclərinin Birinci forumu keçirildi. Forumda geniş nitq söyləyən Ulu Öndər ölkə gənclərinin inkişaf istiqamətlərini müəyyənləşdirdi. Forumdan sonra gənclərə dövlət qayğısı daha da artırıldı, eyni zamanda, onlar mühüm dövlət vəzifələrinə irəli çəkildi. Həmçinin Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan əksər ölkələri qabaqladı. Vurğulamaq yerinə düşər ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Ümummilli Lider Heydər Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə daha bir strateji əhəmiyyətli addım atdı, bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamların imzalanması, Dövlət proqramlarının qəbul edilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti çoxşaxəli və mütərəqqi olması ilə diqqəti cəlb edir
Təqdirəlayiq haldır ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin göstəricisidir.
Dövlətimizin başçısı gənclərin azərbaycançılıq ideologiyasını mənimsəyərək milli maraqlar ətrafında sıx birləşmələrinə, dövlətçiliyin qorunmasında fəal rol oynamalarına və milli dəyərlər əsasında yetişmələrinə xüsusi diqqət göstərir, böyük həssaslıqla yanaşır. “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”,-deyən dövlətimizin başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq ardıcıl və məqsədyönlü addımlar atılır. Bunlarla yanaşı, gənclərin milli ruhda tərbiyəsi onların zərərli xarici təsirlərdən və ya neqativ ideoloji cərəyanlardan qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının vurğuladığı kimi: “Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti çoxşaxəli və mütərəqqi olması ilə diqqəti cəlb edir. Gənclər siyasətinin çox mühüm istiqamətlərindən birini bu kateqoriyadan olanların keyfiyyətli təhsil almasının təmin edilməsi təşkil edir. Bu istiqamətdə müxtəlif Dövlət proqramları uğurla reallaşdırılır. Qeyd edək ki, dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alırlar. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq arenada qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır.
Bunlarla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşdırılan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Azərbaycan gəncliyi azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətini, onlara göstərilən hərtərəfli qayğını yüksək qiymətləndirir
Öz növbəsində, Azərbaycan gəncliyi azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətini, onlara göstərilən hərtərəfli qayğını yüksək qiymətləndirir.Yeri gəlmişkən, mövzu ilə bağlı fikirlərini bölüşən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qəzetimizə açıqlamasında bildirib ki, bu gün müstəqil Azərbaycan Respublikasının inkişafının təməlində dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası durur. Xalqımızın Ümummilli Lideri bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasının prinsiplərini rəhbər tutaraq ölkəmizin firavanlığı uğrunda yorulmadan çalışıb, həyatını bütün varlığı ilə sevdiyi Azərbaycana həsr edib. Onun sözlərinə görə, məhz Ulu Öndər azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə qaldırdı və onu xalqımız üçün milli məfkurəyə çevirdi: “Müstəqil Azərbaycanda milli şüurun və milli özünüdərkin inkişafında azərbaycançılığın rolu danılmazdır. Belə ki, azərbaycançılıq fəlsəfəsinin əsas istiqamətlərindən biri də vətənpərvərlik və Azərbaycan sevgisidir. Vətənpərvərliklə və Azərbaycan sevgisi ilə yanaşı, azərbaycançılıq həm də dünyəvilik, tolerantlıq və humanizmi təbliğ edir. Təsadüfi deyil ki, azərbaycançılığı öz dövlət ideologiyası kimi qəbul etmiş Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar”.

(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30