Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi rayonu yeni inkişaf və tərəqqi dövrünə qədəm qoyub

Binəqədi rayonu yeni inkişaf və tərəqqi dövrünə qədəm qoyub

18.07.2013 [11:16]

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük uğurlar əldə edən rayon son illər daha da müasirləşib
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Təbii ki, ölkəmizin əldə etdiyi nailiyyətlər öz növbəsində regionların sosial-iqtisadi inkişafına təkan verib. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.
Onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısı ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Məhz sistemli və davamlı xarakter alan bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun, o cümlədən Bakının Binəqədi rayonunun inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.
Binəqədi sakinlərinin də bildirdiyi kimi, ölkənin hər bir regionuna xas olan tərəqqi və inkişaf bu rayonda da müşahidə edilir. Xüsusilə də 2012-ci ilin aprelindən sonra aparılan abadlıq və quruculuq işləri nəticəsində Binəqədi rayonu yeni inkişaf və tərəqqi dövrünə qədəm qoyub.
Binəqədi qədim yaşayış məskəni olub
Binəqədi rayonu Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olub, 29 aprel 1992-ci ildə parlamentin qərarı ilə Binəqədi rayonu adlandırılıb. Ərazisi 169,38 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir. Rayonun inzibati ərazisində 4 mikrorayon və 6 qəsəbə mövcuddur. Eyni zamanda, rayonda yerli özünüidarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir.
Rayon ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə və 30 məktəbəqədər təlim-tərbiyə müəssisəsi var. Bununla yanaşı, 4 texniki Peşə liseyi, 3 musiqi məktəbi, Mədəni Maarif Texnikumu və 1 Ali təhsil müəssisəsi, həmçinin, 8 kitabxana, 1 Mədəniyyət evi, 1 kənd təsərrüfatı muzeyi, 19 mədəniyyət abidəsi, 5 mehmanxana fəaliyyət göstərir.
Yeri gəlmişkən, rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş Hamam, 1908-ci ildə inşa edilmiş Məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid Ovdan, IX - XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid Karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş Məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən Neft mədənləri ərazisində Tunc dövrü “Nekropol”u, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı qərarına əsasən “Dövlət Qoruğu” elan edilmiş “Binəqədi IV dövr fauna və flora qəbirsanlığı” və “Keyrəki” vulkan dağı mövcuddur. Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur. Bütün bunlar isə Binəqədinin qədim yaşayış məskəni olmasından xəbər verir.
Rayon ərazisində 99 sənaye müəssisəsi fəaliyyət göstərir
Onu da qeyd edək ki, məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində Binəqədi rayonunda güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırılıb. Hazırda isə rayon ərazisində 99 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 3-ü mədənçıxarma, 17-si isə içkilər və tütün məmulatları daxil olmaqla qida məhsulları istehsalı müəssisələri, 3-ü toxuculuq və tikiş, 6-sı oduncaqların emalı və ağac məmulatları istehsalı, 3-ü kimya, 4-ü metallurgiya, 63-i isə digər istehsal təyinatlı kiçik müəssisələrdir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı “Binəqədi Oil Company” Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış “Bot” MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış “B.Sərdarov adına Maşınqayırma zavodu”nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Bakı Poladtökmə” ATSC-ni, müxtəlif növ boyalar istehsal edən “FAB Boya” və “Bilfa Boya” şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən “Koka-kola Bottlers LTD”, “Golden Uoter”, “Mars Overseas” kimi iri şirkətlər də fəaliyyət göstərir.
Səhiyyə və idman sahəsinin inkişafı diqqət mərkəzindədir
Rayonda 4 Diaqnostika Mərkəzi (onlardan 3-ü özəldir), 10 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, o cümlədən, 5 şəhər poliklinikası, 3 uşaq poliklinikası, 6 nömrəli Tibbi Sanitar Hissə, 9 nömrəli Qadın Məsləhətxanası, 8 nömrəli təsərrüfat hesablı stomatoloji poliklinika, 400 çarpayılıq çoxprofilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin balansında olan 575 çarpayılıq çoxprofilli Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası fəaliyyət göstərir.
Binəqədi rayonu ərazisində, eyni zamanda, 6 iri idman sağlamlıq kompleksi fəaliyyət göstərir.
Müasirləşən və yeniləşən Binəqədi
Birmənalı şəkildə vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük uğurlar əldə edən Binəqədi rayonu bu gün daha da müasirləşib. Dövlət başçısının rayona hər səfəri isə yeni-yeni obyektlərin açılışı ilə yadda qalır. Məlumat üçün bildirək ki, iyulun 3-də Binəqədi rayonunda olan Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında işirak edib və Bakının Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısı, həmçinin, rayonda yenidən qurulmuş Heydər Əliyev adına istirahət parkında yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Binəqədi rayonunun ərazisində yerləşən istirahət parkı tamamilə yenidən qurulub. Parkın giriş hissəsində YAP Binəqədi rayon təşkilatının yeni inşa edilən inzibati binasının qarşısında Ulu öndər Heydər Əliyevin bürüncdən ucaldılmış abidəsi diqqəti cəlb edir.
Paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şəraitin yaradıldığı park 4,5 hektar sahəni əhatə edir. Əvvəllər mövcud olan, lakin baxımsızlıq üzündən yararsız hala düşmüş parkın yenidən qurulmasına 2012-ci ilin avqust ayından başlanılıb. Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri dəyişdirilib. Parkın yerləşdiyi ərazinin mürəkkəb relyefi nəzərə alınmaqla tikintidə landşaft memarlığından istifadə edilib. Dünyanın müxtəlif ölkələrindən gətirilən çoxillik bitkilər əkilməklə yaşıllıq zolaqları salınıb. Parkda əvvəllər mövcud olan ağac növlərinin bir qismi saxlanılıb. Bununla yanaşı, 60 min kol, 10 min sarmaşıq, 600-dən çox uzunömürlü ağac əkilib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Gənclərin istirahəti və asudə vaxtlarını səmərəli keçirməsi üçün parkın mərkəzi hissəsində yerləşən İnternet kafedə hər cür şərait yaradılıb.
Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə də yaradılıb. Burada, həmçinin, müxtəlif tədbirlərin keçirilməsi üçün avanqard üslubda səhnə və amfiteatr formasında oturacaqlar quraşdırılıb. Parkın işıqlandırılması da mükəmməl formada həyata keçirilib. Belə ki, parkın gecə işıqlandırılması üçün ətrafa füsunkar yaraşıq verən 2630 lampa quraşdırılıb.
Abadlıq-quruculuq işləri davam edir
Lakin rayon rəhbərliyi və sakinlər əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. Buna görə də, Binəqədi rayon İcra Hakimiyyəti dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Məhz bunun nəticəsidir ki, ötən dövr ərzində rayon ərazisində 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilib. Rayonda 166 kilometr yol asfaltlanıb, 127 min kvadratmetrlik fasad işləri görülüb. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilib, 76 min kvadratmetrlik çəmənlik salınıb. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənib, işıqlandırılıb. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulub. Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilib. Bütün bunlarla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində də strateji layihələr həyata keçirilib. Artıq rayon İcra Hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd-kargüzarlıq, kadr, ev təsərrüfatları və sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətində, həmçinin, onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.
Rayon rəhbərliyi sakinlərin problemlərini diqqət mərkəzində saxlayır
Qeyd edək ki, dövlət başçısının insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyə və tapşırıqlar istiqamətində Binəqədi rayonunda əsaslı addımlar atılır. Belə ki, İcra Hakimiyyətinin başçsı Xaləddin İsgəndərov mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirir. Rayon rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərlərinin də iştirak etdikləri həmin görüşlərdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilir.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin, sosial - iqtisadi sahədə əldə edilmiş nailiyyətlər Binəqədi rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir.
Nadir AZƏRİ
Yazı Binəqədi rayon İcra
Hakimiyyətinin “22 iyul -
Mətbuat Günü” münasibətilə
jurnalistlər arasında elan etdiyi
“Binəqədi rayonu - mətbuatın gözü ilə” adlı müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 1966 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30