Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çıldağla çakraların mistik əlaqəsi

Çıldağla çakraların mistik əlaqəsi

29.03.2022 [11:17]

Odla müalicə-Kimə əl verdiyinizə diqqət edin!

 İlhamə HƏKİMOĞLU

Yolum Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahına, el arasında daha çox “Çıldağ” kimi tanınan ocağa düşmüşdü. Çoxdankı marağımı söndürmək üçün Çıldağın necə edildiyi ilə maraqlandım. Və təəccübləndim. Çıldağçı qadının toxunduğu nöqtələr elmi təsdiqini tapmış tibbi nöqtələrdir və eyni nöqtələrdən Çin təbabətində, iynəbatırmada (akupunktura) istifadə olunur. Müasir psixoloqlar məsləhət görürlər ki, insan qorxularını yenmək üçün qorxusunun üstünə getməlidir. Çıldağ da qorxunu qorxu ilə aradan qaldırmağı hədəfləyib. Bir sözlə, bizim müasir tibb dediyimiz, əslində qədim tibbin yenidən kəşfindən başqa bir şey deyil. İynəbatırma, həcəmət, qanalma, belə küpə qoyulması, zəli və bunun kimi bir çox qədim təbabət metodları indi ən müasir klinikalarda da tətbiq olunur. Çıldağ edən qadın əlindəki odlu pambıqla alına, boyuna, boğaza, onurğa sütunu boyunca 3 nöqtəyə, göbəyə, dizlərə, əlin üstünə, biləyə, dirsəyə, topuqlara “dağ” basır. Xoş gizilti ilə bərabər diksinirsən, qorxmasan belə orqanizmin oyandığını, enerjinin artdığını hiss edirsən. Bu adi yanma və ya qorxu duyğusundan çox fərqlidir. Məhz xüsusi nöqtələr hesabına bədən “oynayır”, hətta prosedurdan bir neçə saat sonra da müəyyən yanma duyğusu davam edir.

Çıldağ şərq təbabəti üsuludur. İnsan bədənində 7 (bəziləri 40 deyir) nöqtədən oynaqlara odla toxunmaqla, dağ basmaqla qorxunu götürmək metodudur. Tarixçəsi Atəşpərəstliklə əlaqələndirilir. Ruhla bədən arasında astroloji sərhəd zədələnəndə müəyyən qüvvələrin təsiri ilə bədən şəfa tapır. Çıldağ edənlərin dediyinə görə, insan bədəninin müəyyən nöqtələrinə od basanda bədən ayılır. Uzun illərdən bəri insanların qorxularını götürmək, bədnəzəri üzərlərindən uzaqlaşdırmaq üçün “Çıldağ müalicəsi”ndən istifadə edilir. Qədim vaxt­larda əlində bioenerji olan və qorxunu, ağrını götürə bilən insanlara udumçu, udumdar deyərdilər. Çıldağın qan dövranını yaxşılaşdıran xarakteri də var. Həkimlər təsdiqləyirlər ki, Çıldağ zamanı odla diksindirilmə orqanizmdə qan dövranını sürətləndirir. Amma Çıldağı naşılar edə bilməz. Onu etmək üçün xüsusi nöqtələrə toxunmaq lazımdır, əks halda mənfi nəticələr ortaya çıxar.

Vaxtilə Çıldağ üçün xüsusi otlar olub və yaşlı nəsil hər il azı bir dəfə özlərindən qan aldırar, Çıldağ etdirərmiş.

Maraqlıdır ki, bizim Çıldağ edənlərin toxunduğu nöqtələr (Çıldağı da hər təsadüfi adam etməməlidir, bioenerjisi müsbət olan adamların əli təsirli olur) məhz bir çoxlarının çakralar dediyi nöqtələrdir. Qədim azərbaycanlıların, oda tapınan atəşpərəstlərin çakralar barədə məlumatı olubmu? Türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürkün fikrinə görə, hətta Quranda belə çakralar, insanın bəsirət gözü, aurası barədə ayələr mövcuddur. (“Möminlər”, “Bəqərə” surələrində).” And olsun ki, biz sənin üstündə yeddi yol yaratdıq! Biz yaradılışdan/yaradılanlardan qafil deyilik”. “Möminlər” surəsinin 17-ci ayəsində alim insanı əhatə edən 7 qat enerji sahəsindən söhbət getdiyini bildirib.

Bəs çakra nədir?

Qədim fəlsəfəyə əsasən, insanın bədənində 7 enerji mərkəzi və ya çakra var. Bədən, əqli və mənəvi rifahla birbaşa əlaqəsi olduğuna inanılan çakralar bədəndə şaquli vəziyyətdə eyni xətt üzrə 7 əsas nöqtədə yerləşir. Daxili orqanlar və endokrin sistemlə də əlaqəli olan çakralar fiziki bədənimizlə yanaşı, duyğularımız, əhval-ruhiyyəmiz və rifahımızla əlaqələndirilir.

Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir. Çakralardan buraxılan enerjiyə Aura deyilir, insan aurası barədə bir dəfə danışmışıq. Çakra auranın yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır.

Bəzən insanların öz talelərindən, qismətlərindən şikayətləndiyini görürük. İşləsə belə əlinə pul gəlmir, gözəl olsa da öz qismətini, öz yarını tapa bilmir. Bu o deməkdir ki, həmin adamın çakraları fəaliyyətini dayandırıb. Başqa insanların neqativ energetikası nəticəsində çakraları bağlanıb. İnanmasaq belə bəd nəzər, paxıllıq, ədavət, nifrət, qəzəb, qısqanclıq kimi duyğular çakraların bağlanmasına səbəb olur. Bu da öz növbəsində insanın xəstələnməsinə gətirib çıxarır.

Bəzən bəd xasiyyətimizlə çakralarımızın bağlanmasına özümüz də səbəb oluruq. Bədənimizin mənfi enerji tullantıları zibillik yaradır, gözəl işığımız bu tullantılar altında qalır. İçinizdəki mənfi duyğulara səbəb olan insanlarla ünsiyyət qurmaq çakraların tıxanmasına və bağlanmasına təsir edir. Neqativ insanlarla təmas radiasiyaya məruz qalmaq kimidir-qısamüddətli kiçik dozalara dayana bilirsiniz, ancaq daim məruz qalmaq xəstələndirə, hətta öldürə bilər.

Unutmayın, əl uzatdığımız adamların enerjisi bizə təsir edir. Kiminlə görüşdüyümüzə diqqət etməliyik. Bir haşiyəyə çıxmaq yerinə düşərdi. Əslində dini kitablarda zina nahaq yerə haram elan edilməmişdi. Çünki təsadüfi cinsi əlaqələrin enerjisi itib getmir, öz fəsadını məsum yeni nəslin üzərində göstərir.İnanılmaz yeni elmi faktlara əsasən, qadınlar cinsi əlaqədə olduqları kişilərin gen xüsusiyyətlərinin gizli daşıyıcılarına çevrilirlər. Bu gen, hətta başqa kişilərdən olan uşaqlarına belə ötürülə bilər. Ana rəhmi torpaq funksiyasını yerinə yetirir. Ora hansı toxumların düşdüyünə diqqət edilməlidir. Odur ki, enerji mərkəzlərini təmizləmək mütləq şəkildə lazımdır. Bu işdə təmiz hava, meditasiya, yoqa təlimləri yardımçı ola bilər. Çakraları açmağın ən asan və insan beyninə, ruhuna gözəl gələn metodu pis düşüncələrdən azad olmaqdır. Kimisə bağışlamaq, yaxşılıq etmək, barışmaq, kini unutmaq və s. Bioenergetiklər iddia edir ki, çakralar həyatımıza pul cəlb etməkdə də yardımçıdır. İnsanın rifahı və mövqeyi 3 çakra ilə bağlıdır. Bu çakralar materialistlərdə güclü inkişaf edir, yaradıcı insanlarda isə demək olar ki, tamamilə bağlı olur.

Birinci çakra Muladharadır. Büzdüm nahiyəsində yerləşir, insanın nəslinə görə cavabdehdir. Ac qalmaq, incidilmək və ya müflis olmaqla bağlı şüursuz, heyvani qorxu hissi birinci çakranın zədələndiyini bildirən əlamətdir.

İkinci çakr? - Svadhisthana çanaqda yerləşir. O, insanın həyatdan zövq almaq tələbatı ilə bağlıdır. Bu çakranın zədələnməsi zamanı insan özünü zəif, çirkin, maraqsız hiss edir.

Üçüncü çakra - Manipura insanın özünə inam, əqidə, prinsipiallıq xüsusiyyətlərinə görə cavabdehdir. İnsanın öz arzu və kaprizlərinin köləsinə çevrilməsi və yaxın insanların ondan uzaqlaşdığını hiss etməsi də bu çakranın zədələnməsi ilə bağlıdır.

Dördüncü çakra - Anahata ürək nahiyəsində yerləşir. Sevmək hissi və təmənnasız olaraq öz sevgini vermək istəyi bu çakradan törəyir. Güclü emosiyalar və ehtiraslar bu çakranın fəaliyyətinə mənfi təsir göstərə bilər və o, yaralana bilər.

Beşinci çakra - Vişuddha boğaz səviyyəsində yerləşir, hər bir insanda yaradıcılıq potensialına görə cavabdehdir. Çox vaxt insan ürəyinin dolu olduğunu, demək istədiklərinin boğazında yğıldığını, amma başqalarının onu eşitmək istəmədiyini hiss edir. (boğaza yığılmaq, qəhərlənmək, boğazı kövrəlib düyünlənmək- bu ifadələr sizə yəqin ki, tanışdır)

Altıncı çakra - Acna alında yerləşir, beyin fəaliyyətinə təsir edir, təfəkkür funksiyalarına, beyin yarımkürələrinin işinə görə cavabdehdir. Başqalarına məlum olmayanı görmək cəhdini yoqlar “üçüncü gözün” açılması ilə əlaqələndirirlər. Bu çakra ilə işləyərkən xüsusən ehtiyatlı olmaq lazımdır. O, bəsirət gözünü açır, telepatiya, telekinez qabiliyyətini inkişaf etdirir, istənilən elmi qavrama qabiliyyəti yaradır. Müxtəlif ayinlərə maraq və ya ovsunçuluğa can atmaq məhz bu çakranın zədələnməsi ilə bağlı ola bilər.

Yeddinci çakra - Sahasrara ənsənin yuxarısında, təpə nahiyəsində yerləşir, insanın Kosmosla bilavasitə əlaqəsini təmin edən enerji kanalıdır. İnsanın mənəvi mahiyyəti bu çakradan asılıdır.

Çakralarımızı “tullantılardan”, çirkabdan təmizləməklə nəyə nail olmaq olar? Uğura,  bəsirət gözümüzün açılmasına, telepatik gücümüzün artmasına, maliyyə vəziyyətimizin yaxşılaşmasına, oynaq ağrılarının sağalmasına, səbəbi bilinməyən bir çox xəstəliklərin yüngülləşməsinə. Çünki insan düşüncədən, ruhdan ibarətdir. Ruha inanmayanlar bədənin sadəcə ət parçası olduğunumu düşünürlər? Biz enerjidən ibarətik və bu enerjinin mərkəzləri, stansiyaları çakralardır. Müalicəsi təmiz, nurlu düşüncədən başlayır. Əslində həyat düşündüyümüz qədər mürəkkəb deyil. Maddiyyatı ön, sevgini arxa plana atmaqla biz özümüz özümüzə cənnət içərisində cəhənnəm yaratmışıq. Çakralarımızı açıq tutmaqla, hətta astral səyahətə belə çıxa bilərik. Astral səyahət isə artıq başqa bir məqaləmizin mövzusudur.

Paylaş:
Baxılıb: 1222 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31