Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycan İcması 190-dan çox ölkədə tanınır...

Qərbi Azərbaycan İcması 190-dan çox ölkədə tanınır...

18.02.2023 [11:30]

Ramil Həsən: Ermənistan hökumətindən tələbetmə prosesinə start vermişik

Nicat Dilqəmli

Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıtması Vətən müharibəsində əldə olunan parlaq Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas vəzifələrdən biri olaraq müəyyən edildi. Bu istiqamətdə görülən işləri sadalayarkən ötən ilin ən mühüm siyasi hadisələrindən biri - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması, dövlət başçımızın Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm məqamları açıqlaması, əhəmiyyətli mesajlar verməsi vurğulanmalıdır.

Bu problemin konsepsiyasını tərtib edən İcmanın qısa zaman kəsiyində böyük uğurlara imza atması qürurvericidir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması bəlkə də bu qurumun ilk uğuru oldu. Belə ki,  sözügedən müraciətin BMT rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə məsələ barədə xəbərdar olub.

İcmanın sözçüsü Ülviyyə Zülfiqar bildirib ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlər Qayıdış Konsepsiyasının qəbulu ilə daha da sürətləndirilib.

“Yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bu, Qərbi azərbaycanlıların haqq səsinin duyulması istiqamətində ilk ən mötəbər və genişmiqyaslı sənədimizdir. Bundan başqa, beynəlxalq müstəvidə Qərbi Azərbaycan məsələsinə maraq artmaqda davam edir. Biz xarici mediada jurnalistlərin dekabrın 24-də Prezident İlham Əliyevin İcmanın inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər, Qərbi azərbaycanlılar, onların geri qayıtmaq istəyi ilə bağlı çox sayda məqalələrə rast gəlirik”, - deyə sözçü vurğulayıb.

Ülviyyə Zülfiqar bu il yanvarın 23-də Türkiyə səfiri Cahit Bağçının, fevralın 4-də isə bir qrup türk deputatın İcmanı ziyarət etdiyini xatırladaraq, belə təşəbbüslərin yenə davam edəcəyini bildirib.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Sədr müavini Ramil Həsən bildirib ki, Prezident İlham Əliyevin 24 dekabr tarixində, öz doğum günündə “Mən ailəmlə bərabərəm” tarixi fikrini ifadə edərək İcmanın inzibati binasının açılış mərasimində ifadə etmiş olduğu bütün fikirlər Qərbi azərbaycanlıların, o cümlədən, bütün dünya azərbaycanlıların məqsəd və məramı, yol xəritəsi olmalıdır. Qarabağ savaşında, Türkiyəyə verdiyimiz dəstəkdə olduğu kimi birləşməli, bir olmalı və beynəlxalq hüququn bizə vermiş olduğu bütün üstünlüklərdən, hüquqlardan faydalanaraq, Ermənistan hökumətindən tələb edərək təhlükəsiz şəkildə geri qayıdışımızın təminatını həyata keçirməliyik: “1800-cü illərdə belə siyahıyalınmada əhalinin əksəriyyətinin azərbaycanlılar göstərilən İrəvan quberniyasından tutmuş Zəngəzur, Vedibasar, Göyçəyə qədər əksəriyyəti azərbaycanlılar idisə, bu gün orada bir nəfər də olsun, Azərbaycan əsilli insan yaşamır. Monoetnik dövlətə çevrilməklə bağlı Ermənistanın yeritdiyi siyasət təbii ki, düşünülmüş siyasət olub və bu gün də dünya siyasətindəki nəticələr göstərir ki, bu siyasət iflasa uğramaqdadır. Şübhəsiz ki, cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Ermənistan özünü dünyada sözün həqiqi mənasında, hüquq tərəfdarı, beynəlxalq hüquqa riayət edən bir ölkə kimi göstərmək istəyirsə və monoetnik şəkildə bir kimliyə sahiblikdən çıxıb, artıq dünyanın bir parçası olmaq istəyirsə, öncəliklə Qərbi Azərbaycandan olan soydaşlarımızın yurdlarına qayıtmaqla bağlı haqlı tələblərinə qulaq asmalı və bu tələblərimizin həyata keçirilməsini təmin etməlidir. Bu gün  İcma olaraq bütün xalqımızın birlik və bərabərliyi içərisində öz hüquqlarımızı beynəlxalq təşkilatlar və təsisatlar vasitəsilə Ermənistan hökumətindən tələb etmə prosesinə start vermişik. Atılacaq addımların əksəriyyəti beynəlxalq strukturlar, o cümlədən, BMT, Qaçqınlar Ali Komissarlığı, İnsan Hüquqları Komissarlığı kimi bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə söykənir siyasi və mülki hüquqlar konvensiyası, qaçqınlarla bağlı olan beynəlxalq paktlar və konvensiyalar kimi bir çox beynəlxalq sənədlərə əsasaslanır. Əsas əməkdaşlıq edəcəyimiz struktur BMT Ali Qaçqınlar Komissarlığı olacaqdır. BMT rəsmi sənədlərində Qərbi Azərbaycan kəlməsi sözün həqiqi mənasında artıq beynəlxalq bir termin olaraq qəbul olundu və bu sənədin BMT-nin rəsmi sənədi kimi yayılması ilə bütün dünya beynəlxalq münasibətlər sistemində belə bir icmanın varlığı və Qərbi Azərbaycan kəlamının da mövcudiyyəti qəbul olunmuş oldu. Bu, bizim ilk mərhələdə atmış olduğumuz uğurlu addımlardan biridir. Hüquq da, qanun da bizim tərəfimizdədir. Və biz tələb edirik ki, beynəlxalq hüquq normalarına əsaslanan qayıdışımız təhlükəsiz şəkildə həyata keçirilsin” - deyə R.Həsən fikirlərinə yekun vurub.

Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31