Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mübarizəmiz davam edəcək!

Mübarizəmiz davam edəcək!

13.06.2023 [11:08]

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə

Günel ABBAS

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Qərbi Azərbaycanın rəhbərliyi, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən komitə sədri Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə minnətdarlıq edib: “Bu il 100 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi-mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.

İctimai dinləmə çıxışlarla davam edib.

Qərbi Azərbaycan torpaqlarına qayıdana kimi...

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ictimai dinləmədə çıxışı zamanı bildirib ki, indiki Ermənistan ərazisi hesab edilən Qərbi Azərbaycan torpaqlarına qayıdana kimi mübarizəmiz davam edəcək. Onun sözlərinə görə, həmin ərazilərdəki tarixi mənbələr, yeraltı və yerüstü mədəniyyət nümunələri, yeraltı sərdabələr, məbəd, kilsə və məscidlərin hər biri bu yerlərin kimə aid olduğunu qəti şəkildə təsdiqləyir.

Sədr xatırladıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü tarixdə yeni bir dövrün başlanğıcı olub: “Bununla da Qərbi Azərbaycana Qayıdış konsepsiyasının yaradılması ilə artıq yeni mübarizəyə qədəm qoymuş olduq”. Ə.Ələkbərli bildirib ki, bu məbədlərin çoxu erməniləşdirilsə də, başqa xalqların adına çıxılsa da, tarixi həqiqətlər daşa yazılmış yazı kimidir: “Ona görə bizim mübarizəmiz sona qədər davam edəcək. Buradakı bir sıra tarixi məscidlər fars məscidi kimi dünyaya tanıdılır. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər. Erməni siyasiləri hələ də sərsəm fikirlərini davam etdirirlər ki, guya azərbaycanlılar bu ərazilərin aborigenləri olmayıblar. Ona görə biz bu cür saxta fikirlərlə mübarizə aparmaq üçün tarixçi alimlərimizə, ictimai xadimlərimizə tez-tez müraciət etməliyik”.

Çağırış

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Qərbi Azərbaycanla bağlı həqiqətləri elmi-maddi məqalələri xarici jurnallarda dərc etdirməli və rəqəmsal platformalardan istifadə etməklə mədəni irsimizin beynəlxalq hüquq çərçivəsinə qorunmasına nail olmalıyıq: “Biz beynəlxalq müstəvidə fəal olmalı, Qərbi Azərbaycan irsinin araşdırılması və dünyaya tanıdılması istiqamətində işləri bir neçə istiqamətdə aparmalıyıq. Bütün maddi irslərimizin siyahısı dəqiqləşdirilməli və onlar dəqiq tədqiq edilməlidir. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək mümkündür”, - nazir müavini əlavə edib.

Nazir müavini vurğulayıb ki, Ermənistan Təpəbaşı məhəlləsinin son qalıqlarının dağıdılması ilə əlaqədar beynəlxalq ictimai rəyi neytrallaşdırmağa çalışır: “Ermənilər şəhərsalma adı altında İrəvan şəhərinin mərkəzinin tarixi kökünü məhv ediblər: “Məhz bu kimi səbəblərdən ermənilər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Qafqazın ən böyük məscidi olan Göy Məscidin fars məscidi kimi təqdim edilməsi də ermənilərin tarixi saxtalaşdırmasına bariz nümunədir. Bu baxımdan, məscid məsələsinin UNESCO çərçivəsində qaldırılması, UNESCO tərəfindən məscidin qorunmasını təklif etməliyik”.

Erməni faşizminin təsirləri

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, Qərbi Azərbaycan İcmasında birləşən insanların hər biri orada yaşanan hadisələrin tarixi daşıyıcılarıdır: “”Ermənistanın ayrı-seçkilik və türkə düşmənçilik siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib. 44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycan qarşısında yeni perspektivlər açıb. Bu zəfər Qərbi Azərbaycana qayıdışın təməlini qoyub. Bizim öz torpaqlarımıza qayıtmağa haqqımız var və öz irsimizə sahib çxımalıyıq. Azərbaycana məxsus mədəni irsimiz hərbi əməliyyatların təsiri olmadan məqsədli şəkildə məhv edilib. İrs nümunələrinin təhrif edilməsi də buna daxildir. İndiki Ermənistan ərazisində sağlam qalmış tək məscid də fars məscidi kimi təqdim edilir”.

Deputat xatırladıb ki, tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır: “Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib. Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurub. Erməni şovinistləri hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını da dağıdıblar”.

“Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Ermənistan bizim qayıdış dövründə və sonrada bu hüququmuzu təmin etmək üçün cavabdehdir. Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında beynəlxalq təşkilatların dəstəyinə ümid edirik. Bu ölkədəki azərbaycan mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı”- komitə sədri qeyd edib.

Ə. Əmiraslanov vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlayıb.

Təkliflər

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun sözlərinə görə, bu gün Qərbi Azərbaycana qayıdış ən ciddi məsələlərdən biridir: “Bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır. Hesab edirəm ki, bu məsələyə alimlərimiz və Elm və Təhsil Nazirliyi diqqətlə yanaşmalıdır. Hökmən bu məsələ ilə əlaqədar çalışmalıyıq. Digər məsələ isə 1988-ci ilin sonunadak Qərbi Azərbaycanda yaşayan insanların sayının getdikcə azalmasıdır. Mən media nümayəndələrinə müraciət edirəm ki, Qərbi azərbaycanlılarla bağlı filmlər çəksinlən və yaxud yazılar yazsınlar”.

M.Mərdanov bildirib ki, bir zamanlar Şuşaya, Qarabağa qayıdışa inanmırdılar: “İndi həmin düşüncələr Qərbi Azərbaycana qayıdışla bağlı da var. Mən 2001-ci ildə həmin ərazilərə səfər etmişəm. Orada demək olar ki, məskunlaşan yox idi. Ona görə də Qərbi Azərbaycana qayıdışla bağlı ümidli olmalıyıq və 44 günlük müharibədə Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə zəfərə nail olduq. Gəlin, Qərbi Azərbaycana qayıdışa ögey yanaşmayaq və hər birimiz bu məsələdə əlimizdən gələni edək”.

AYB-nin Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlayacaq

AYB-nin sədr müavini Rəşad Məcidin sözlərinə görə, Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər: “Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə ?ərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidirlər”, - R.Məcid vurğulayıb.

Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyinin yaradılması təklif olundu

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sözlərinə görə, Qərbi Azərbaycan irsləri dərindən araşdırılmalıdır: “Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaratmalıyıq. Alban kilsəsi, erməni və gürcü kilsələrinin xüsusiyyətlərinin dəqiq göstərildiyi kitablar yazılmalıdır. Həmin dövrdə hansı bəyin nə qədər qızıl verərək həmin torpaqları alması və orada hansı kilsələri tikdirməsi barədə məlumatlar tədqiq edilməlidir. Həmçinin erməni dilini bilən alimlər yetişdirilməlidir”.

“Biz maddi-mədəni irsimizdən danışdığımız kimi, qeyri-mədəni irslərimiz barədə də danışmalıyıq. Bununla əlaqədar da işlər aparmalıyıq. Həmçinin Qərbi Azərbaycan tarixi və soyqırımı muzeyi yaratmalıyıq. Hesab edirəm ki, bu addım bizə ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda töhfə verə bilər”, - S.Rüstəmxanlı qeyd edib.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31