Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dəmiryolçu oğlunun Azərbaycan dəmir yollarının inkişafında tarixi rolu

Dəmiryolçu oğlunun Azərbaycan dəmir yollarının inkişafında tarixi rolu

04.07.2023 [11:19]

Heydər Əliyev: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm”

Anadan olmasının 100 illiyi təkcə Azərbaycanda yox, Azərbaycanın haqq səsinin  eşidildiyi bütün mütərəqqi bəşəriyyət tərəfindən qeyd olunan ulu öndər Heydər Əliyev öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazandığımız  müstəqilliyi qoruyub-saxlamaqla, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla xalqın ümummilli liderinə çevrildi. İstər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyət dəmir yoluna, onun inkişafına daim diqqət və qayğı göstərmişdir.

Azərbaycan dəmir yollarının inkişafının  Heydər Əliyev modeli çoxşaxəli qollardan, bir neçə istiqamətdən ibarət idi.

Birinci istiqamət: Dəmir yolunun maddi texniki bazasının yaradılması, yeni depoların, stansiyaların tikilib istifadəyə verilməsi idi. Çünki fasiləsiz işi təmin etmək üçün bunlar çox vacib idi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya Ümummilli Liderin qayğısı və nəzarəti ilə reallaşan tədbirlərin hələ tam siyahısı deyil.

1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı,  14300 texniki yeniləşmə  metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdi.

1970-ci ildən başlayaraq şəhərətrafı qatarları müasir tələblərə cavab verən, yeni seriyalı  ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı.  Həmin illərdə  Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdi.

Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada  bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə  ümummilli lider Heydər Əliyevin  respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol  oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir. 1975-79-cu illərdə Bakı elektrik  dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdü. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilmiş, 5 keçid avtomatlaşdırılmış, yarım avtobloklama 33 km. xəttin 8 stansiyasında quraşdırılmışdı.

Heydər Əliyevin köməyi sayəsində Gəncə  şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi.

1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilib.

Dəmir yolu ilə Azərbaycanın bölgələrin paytaxtla birləşdirilməsi üçün iri layihələr icra olundu. 1979-cu il yanvar ayında Ağdam-Xankəndi dəmir yolu xəttinin açılışı münasibətilə Xankəndidə təntənəli mərasim keçirilmişdi. Uzunluğu 26 km-dən çox olan dəmir yolu xətti o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın digər şəhərləri ilə birləşdirdi.

Ağdam-Xankəndi dəmir yolu xəttinin açılışında Sov.İKP MK Siyasi bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev iştirak etmişdi. O, söyləyirdi ki, bu gün Xankəndilə Azərbaycanın paytaxtı Bakı şəhərini birləşdirən dəmir yolu xəttinin açılması böyük bir hadisədir. Bu, bölgələrin sosial-iqtisadi inkişafı planının praktiki həyata keçirilməsinin təzahürüdür. Ağdam-Xankəndi dəmir yolu tikintisinin qısa bir müddətdə başa çatdırılması Azərbaycan rəhbərliyinin Qarabağın iqtisadi inkişafının sürətləndirilməsinə diqqətinin və qayğısının nəticəsi idi. Sonralar Şuşada Vaqifin məqbərəsinin açılışında çıxış edən ulu öndər Heydər Əliyev dəmir yolunun Qarabağ bölgəsinin inkişafına verdiyi mühüm töhfəni vurğulamışdı: “Bu gün toplantımızda çıxış edənlər Xankəndinə gələn dəmir yolundan, qaz kəmərindən minnətdarlıqla danışdılar. Yadımdadır, 1971-ci ildə rayon partiya konfransında iştirak edəndə bu həyati əhəmiyyət kəsb edən obyektlərin tikilməsi haqqında çətin problem kimi danışılırdı. Amma artıq bütün bunlar reallıqdır”.

Tikilən obyektlərin bəzilərinin açılışında Ulu Öndər şəxsən iştirak edib. 4 yanvar 1998-ci ildə Dübəndi terminalı və stansiyası istifadəyə verilməsi mərasimində çıxış edən Ümummilli Lider demişdi: “Görülən işlər eyni zamanda bizim dəmir yolunu canlandırıbdır, inşaatçılarımıza çox yeni işlər veribdir, həm Dövlət Dəmir Yolu, həm də Azərbaycan Dövlət Neft Şirkətinə gəlirlər gətiribdir. Orada yeni iş yerləri açılıbdır. Dəmir yolu xətlərinin, ümumiyyətlə yolların çəkilməsi, bərpa edilməsi, sistemlərin təmir  olunması, işə salınması, həm Azərbaycanda, həm də Gürcüstanda Bakı-Gürcüstan-Qara dəniz dəmir yolu xəttinin də canlanmasına gətirib çıxarmışdır. Bunlar hamısı gələcək üçün hazırlıqdır.

Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin  Azərbaycanda  dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.

İkinci istiqamət: Dəmir yolunun müxtəlif sahələrinə aid mütəxəssis kontingentinin yaradılması

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə əldə etdiyimiz mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. 1970-1987-ci illərdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc dəmir yolu mütəxəssisi kimi Azərbaycana qayıdanların sayı 200 nəfərə yaxın idi.

Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə ulu öndərimiz Heydər Əliyevin  xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən gənc mütəxəssislərdir.

Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Sevindiricidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.

Üçüncü istiqamət: Beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışın təmin edilməsi

1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanla  dövlət sərhədinə) qədər  məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi qədim İpək Yolundan TRASEKA-yadək yol  keçdi.

1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun  dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdi. İki gün davam edən konfransda Bakı Bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında  Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən,  dəmir yolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də var.

Tarixə qısa nəzər salaraq deyə bilərik ki, Böyük İpək Yolunun fəaliyyəti böyük coğrafi kəşflərdən sonra məhdudlaşmağa, yavaş-yavaş dayanmağa başlamışdı. Belə ki, 1492-ci ildə Xristofor Kolumb Amerikanı kəşf etməklə Avropalılar üçün yeni qızıl-gümüş mənbələri aşkarlandı. 1498-ci ildə isə Afrikadan Hindistana gedən dəniz yolu kəşf olundu və iqtisadi münasibətlər başqa istiqamətlərdə inkişaf etməyə başladı. Şərqin sərvəti Avropaya Hindistan vasitəsilə daşınmağa başladı. Beləliklə, bizim eranın XV əsrində qədim İpək Yolunun fəaliyyəti məhdudlaşmağa başladı.

Mövcud olduğu dövrdə Böyük İpək Yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Avropa və Asiya ölkələri ilə yeni ticarət-iqtisadi münasibətlər yarandı ki, nəticədə yüklərin istiqaməti dəyişdi  və TRASEKA proqramı meydana gəldi.

Zaman keçdikcə ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsində ehtiyac yarandı. 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanını ortaya qoydu.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Bu yöndə,  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq qədim İpək Yolunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam etdi, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı 2017-ci ildə istismara verildi, dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışının təməli möhkəm özüllər üzərində qurulduğundan, getdikcə daha da inkişaf elədi. Qədim İpək Yolundan Dəmir İpək Yoluna kimi bir yol qət edildi, Bakı-Tbilisi-Qars layihəsi əfsanədən reallığa çevrildi. Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyətinin daha da gücləndirilməsi prosesində aktiv iştirak edir.

Nardar BAYRAMOV

Məqalə  “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə (“Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” istiqaməti üzrə) təqdim olunur

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31