Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağa gedən  yollar...

Qarabağa gedən  yollar...

15.07.2023 [10:50]

Azərbaycan dəmir yollarının inkişaf tarixi

Dünya iqtisadiyyatının əsas meyarlarından biri inteqrasiyanın miqyası və əlçatanlığın təmini məsələsidir. Başqa sözlə, ticarətin ən əsas xüsusiyyəti həm də istehlakçı ilə ixracatçı arasında münasibətlərin dinamizmini formalaşdırmaqdır. Burada isə “əsas yük” təbii ki, daşımaçılığın - həm sərnişin, həm də yük daşımaçılığının üzərinə düşür. Bu gün dünya üzrə yüklərin ən böyük hissəsini üzərində daşıyın dəmir yolları bu mənada strateji əhəmiyyətə malikdir.

Orta əsrlər İtaliyasından İngiltərəyə qədər...

Dünyada dəmir yolu ilə bağlı ilkin təəssürat hələ orta əsrlərdə qədim İtaliyada formalaşmışdı. Bəzi yazılı mənbələrdə yaxın kənd küçələri arasında taxtaların üzəri ilə hərəkət edən arabaların hazırlandığı qeyd edilirdi - beləliklə məhsul mübadiləsi asanlaşırdı. Hətta bəzi orta çağ italyan rəssamları özllərinin kənd həyatını təsvir edən əsərlərində bu kimi mexanizmlərin ilkin “qaralamasını” belə vermişdilər. Leonardo da Vinçinin bəzi qeydlərində isə hazırk? dəmir yolunun “primitiv variantı” ilə bağlı çizimlər yer alırdı.

Amma müasir dəmir yolunun formalaşması prosesi daha sonralara,  XIX əsrə təsadüf etdi. İlk dəmir yolu kimi 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olub - elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilib. Bu yol Çariston və Oqasta şəhərlərini birləşdirib. 1840-cı ildə dünyada dəmir yol xətlərinin uzunluğu artıq 2,5 min km-ə çatırdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km-dən artıqdır.

Bakı neftinin ərəsəyə gətirdiyi ilk dəmir yolu

Azərbaycanda ilk dəmir yolu 1878-1879-cu illərdə Bakı və Balaxanı arasında çəkilib. 1880-ci ildə isə həmin yolun neft sahələrinə gedən hissəsi işə salınıb (Bakı-Balaxanı- Sabunçu-Suraxanı). Həmin dövrdə Bakı neftinin Qara dəniz limanlarına çıxarılması zərurəti artması burada həlledici rola malik oldu. Ona görə də neft sənayesi sahibkarlarının vəsaiti ilə Bakı-Tiflis dəmir yolunun çəkilməsinə başlanılır, 1883-cü ildə yol istifadəyə verilir. Beləliklə 1900-cü ildə Bakı-Dərbənd xətti birləşdirilir. 1908-ci ildə Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa dəmir yolu, 1941-ci ildə Ələt-Culfa xətti, daha sonralar isə digər yollar istifadəyə verilir. Hazırda Azərbaycanda dəmir yolunun uzunluğu 3 min kolometrdən uzundur ki, hazırda çəkilən yollarla birgə bu göstəricinin daha da artması gözlənilir.

Dəmir yolunun tarixi...

1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradıldı. Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilir. 1953-cü ilin may ayının 14-də  Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilərək mərkəzi idarəsi Tbilisiyə köçürülür. 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirir. SSRİ Yollar nazirinin 2 mart 1963-ci il tarixli  270 saylı əmri ilə yenidən Azərbaycan və Zaqafqaziya dəmir yollarının tərkibində struktur dəyişikliyi aparılır və bu iki idarə Zaqafqaziya dəmir yolu adı altında birləşdirilir və dəmir yolunun Azərbaycan sahəsi Azərbaycan hissəsi adlandırılır. SSRİ Yollar nazirinin 1 iyun 1967-ci il tarixli 15-859 saylı əmri ilə Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verilir. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan Nazirlər Kabinetinin 8 avqust  1995-ci il tarixli 171 saylı əmri ilə Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

İnkişafın Heydər Əliyev modeli...

1969-cu ilin iyul plenumunda Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri seçilməsi digər sahələrdə olduğu kimi, dəmir yolunun inkişafında da yeni mərhələnini başlanğıcını qoydu. Artıq regionlararası, bir sözlə, Azərbaycanın bütün bölgələrini birləşdirəcək xətlərin çəkilişinə başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri bütövlükdə Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü - dəmir yolunun inkişafının Heydər Əliyev modeli  adlandırmaq olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin illərdə yaradılıb. Ulu Öndərin qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yeniliklər bu sahənin müasir inkişafının əsl təməl daşına çevrildi. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilib və bu, dəmir yolunun bütün sahələrini əhatə edib.

Ulu Öndərin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olundu. Bu vaxta qədər köhnə vaqonlardan istifadə edilirdisə, artıq yeni müasir vaqonlar, daşıyıcılar Azərbaycanın dəmir yollarında istsmara buraxıldı. Bu isə öz növbəsində həm də yeni təcrübənin ölkəyə gəlməsinə imkan yaradırdı. Yüzlərlə gənc həmin dövrdə İttifaqın aparıcı dəmir yolu məktəblərində, ali təhsil ocaqlarında təhsil almağa göndərilirdi - eyni zamanda, gənclərin müasir vaqonlarla davranışlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılırdı.  

Kadr potensialının inkişafı...

Həmin dövrdə məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın aparıcı dəmiryolçuları SSRİ miqyasında tanıdılır, önə çəkilirdi. Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ miqyaslı orden və medallarla təltif edilmişdi ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən sayıla bilərdi. Heydər Əliyev bu sahənin strateji əhəmiyyətini hər zaman xüsusi vurğulayırdı - dəmir yolunun inkişafına  yanaşmada xüsusi həssaslıq nümayiş etdirilirdi. Bu sahəni dərindən bilən, savadlı kadrların yetişidirilməsi həmin dövr üçün ən prioritet məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bunun nəticəsi idi ki, ölkədə dəmir yoluna maraq və axın artmışdı - həmin dövrün statistikası da göstərir ki, o illərdə texniki sahənin məhz sözügedən istiqaməti üzrə ali təhsil almaq istəyənlərin sayı ildən-ilə çoxalırdı. Əslində bunlar sadəcə xronologiya və adi faktlar sayıla biməz - bu, dövlətin ən mühüm və strateji dayaqlarından sayılan bir sahənin dirçəldiməsinə göstərilən diqqət, qayğıdır, çəkilən zəhmətdir. Bu, həm də böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix bir daha göstərdi ki, digər sahələrdə (məsələn. Naxçıvanski adına hərbi liseyin açılması, Kimya sənayesinin inkişafı, ağır sənayenin regionlar arasında bölüşdürülməsi və s. kimi) olduğu kimi Ümummilli Liderin zamanında dəmir yolunun inkişafı ilə bağlı hazırladığı inkişaf strategiyası bu günün rakursundan əvəzolunmaz bir addımdır - verilən qərarların, atılan addımların hər biri gələcəyə hesablanmış strategiyanın reallaşmasına yönəldilimişdi.

Qarabağa çəkilən dəmir yolları

Heydər Əliyevin Azərbaycan dəmir yolunun inkişafındakı ən böyük xidmətlərindən biri isə sözsüz ki, hər zaman erməni iddialarının hədəfinə çevrilən Qarabağa çəkilən dəmir yolları xəttləri olub. Heydər Əliyev uzaqgörənliyi Qarabağın paytaxtla həm də dəmir yolu əlaqəsinin formalaşmasını təmin etdi. Həmin dövrdə ermənilərin SSRİ rəhbərliyi qarşısında qaldırdığı “regional inkişafla” bağlı ən mühüm məsələlər nədənsə “təsadüfən” Qarabağa “həsr olunurdu”. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu xəttinin inşası ermənilərə böyük zərbə oldu - bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev bu mənada Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsini həm də zəruri sayırdı. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da gücləndirildi. Bu, ermənilərin Qarabağı Ermənistanla iqtisadi cəhətdən yaxınlaşdırmaq cəhdlərinin qarşısını birmənalı şəkldə aldı. Heydər Əliyev uzaqgörənliyi bu məsələdə əsaslı rol oynadı. Təəssüf ki, 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi və dəmir yolu xətləri ermənilər tərəfindən vəhşicəsinə dağıdıldı.

Sevindirici haldır ki, artıq 30 ildən sonra müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə azad edilmiş yurdlarımızda yenidən həyat canlanır - həmin regionlara yeni dəmir yolu xəttlərinin inşası rallaşdırılır.

Müstəqillik dövrü - inkişafın yeni mərhələsi

1993-cü ildə ümummili lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dəmir yolunun taleyində də müsbət inkişafla bağlı yeni mərhələ başlatdı. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan dəmir yolu sahəsində yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər gördü. Müstəqillik illərindən əvvəl sərnişin vaqonları respublikamızdan kənarda təmir edilirdisə,  1997-ci ildən Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılıldı. 1998-ci ildə Azərbaycan Dövlət Dəmiryolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olundu. Onlarla yeni vaqonlar xətlərə buraxıldı - yeni istiqamətlər üzrə marşrutlar formalaşdırıldı. 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirildi və Heydər Əliyev burada görülən işləri yüksək qiymətləndirdi. Ulu öndər dəmir yolunun inkişafı ilə bağlı bildirirdi: “Dəmiryolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmiryolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

Dəmir yoluna diqqət və qayğı davam etdirilir

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirir, ölkə iqtisadiyyatının sürətli inkişafına zəmin yaradır. Bu mənada dəmiryolu sistemi də dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin 7 oktyabr 2005-ci il Sərəncamı ilə dəmir yolu işçilərinin peşə bayramı təsis edilib. Həmin sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmiryolunun yarandığı gün - Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Pərviz SADAYOĞLU

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31