Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / 70 illik mübahisə...

70 illik mübahisə...

22.11.2022 [10:36]

Tayvan necə “Çin oldu”?

İndoneziyanın Bali adasında keçirilən G20 sammiti bir sıra özəllikləri ilə də yadda qaldı. Belə ki, ABŞ prezidenti Co Baydenlə Çinin rəhbəri Si Sinpin arasında 3,5 saat davam edən görüş bu mühüm özəlliklərdən biri kimi tarixə yazıldı. Bu, liderlərin ilk üzbəüz görüşü idi.

C.Bayden ABŞ prezidenti seçildikdən sonra tərəflər arasında beş dəfə telefon danışığı keçirilsə də, iki dövlət başçısı ilk dəfə idi ki, üz-üzə müzakirə aparmaq imkanı əldə edirdi. Danışmağa isə mövzu çox idi - ən əsas da, Tayvan məsələsi...

Bəzi siyasi ekspertlər bu görüşə hələ aylar öncədən hazırlığın aparıldığı qənaətində idilər. Hətta toplantı öncəsi Vaşinqtonun Pekinin nəbzini yoxlamağa çalışması da diqqəti cəlb etmişdi. Belə ki, noyabrın əvvəlində ABŞ dövlət katibi Antoni Blinken çinli həmkarı Van Yi ilə telefonla danışmışdı. Təmaslara baxmayaraq, ABŞ-ın Çinə qarşı sanksiyaları artırması isə görüşü daha da maraqlı etmişdi. Prezident Bayden Çinin mikroçiplərinin ABŞ bazarından çıxarılmasını hədəf götürdüyü aydındır - ABŞ süni intellekt sahəsində Çinlə əməkdaşlığı dayandırıb. Çünki Vaşinqton hesab edir ki, Çin ABŞ-dan əldə etdiyi texnologiyaları hərbi sahədə istifadə etməyə çalışır. ABŞ vətəndaşlarına süni intellekt sahəsində Çin şirkətləri ilə əməkdaşlıq qadağan edilib.

Beləliklə, iki ölkə arasında iqtisadi mövzuları müzakirə etmək üçün əsas qalmamışdı. Diplomatların yeganə mövzusu isə Tayvanla bağlıdır. Çünki Çin Kommunist Partiyasının son qurultayında ölkənin və partiyanın lideri Si Sinpin Tayvan adası üzərində nəzarəti bərpa etməyin vacibliyini bildirib...

Tayvanla bağlı yeni addımlar və müzakirələr problemi yenidən aktuallaşdırdı. Qeyd edilməlidir ki, heç də “cavan olmayan” Tayvan problemi 70 ildir ki, daim alovlanan münasibətlər kontekstində müzakirə olunur. Çin Xalq Respublikası Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab edir. 70 illik ayrılıqdan sonra isə bəzi tayvanlılar özlərini ayrıca bir xalq, öz adalarını isə ayrıca bir ölkə kimi hiss etməyə və etdirməyə çalışırlar. Rəsmi Tayvan isə hələ müstəqilliyini elan etməsə də, özünü nəhəng Çinin “qanuni varisi” sayır.

37 il Holandiyaya, min il Çinə...

Münaqişənin maraqlı tarixçəsi var. Tayvanda ilk məskunlaşanlar indiki Çinin cənubundan gəldikləri güman edilən avstroneziya tayfaları olub. Bəzi mənbələrə görə, Çinin dövlət qeydlərində ada eramızın 239-cu ilində - Çin imperatoru ərazini tədqiq etmək üçün ora ekspedisiya göndərəndə aşkar edilib. Pekin Tayvana sahiblik hüququnu bu faktla əsaslandırır. Orta əsrlərdə, daha doğrusu isə 1624-cü ildən 1661-ci ilə qədər Tayvan Hollandiyanın müstəmləkəsi olub,

1683-cü ildən 1895-ci ilə qədərsə Çinin Tsin sülaləsinin nəzarətinə keçib.

Həmin əsrdə xeyli sayda insan Çindəki iğtişaşlardan və yoxsulluqdan qaçaraq Tayvana gedib. Onların əksəriyyəti Futsyan əyalətindən olan hoklo xalqının nümayəndələri və ya Quandun əyalətindən olan hakkalar olub. Hazırda adadakı ən böyük demoqrafik qrupu onların nəsilləri təşkil edir.

50 ildən sonra Yaponiya Tayvandan imtina etdi...

1895-ci ildə - birinci Çin-Yapon müharibəsindən sonra Tsin hökuməti Tayvanı Yaponiyaya güzəştə getməli olub. İkinci dünya müharibəsinin nəticələrinə görə isə Yaponiya bu ərazidən imtina edib. Müharibədə qalib dövlətlərdən biri olan Çin Respublikası müttəfiqləri ABŞ və Böyük Britaniyanın razılığıyla Tayvanı idarə etməyə başlayıb. Amma sonra Çan Kayşinin rəhbərlik etdiyi Qomindan Partiyası ilə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb və Qomindan məğlub olub.

1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orada sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib.

Adaya Çan Kayşiylə birlikdə gəlmiş çinlilər əhalinin cəmi 14 faizini təşkil etsələr də, uzun illər Tayvan siyasətində dominant mövqeyə sahib olublar.

Kayşidən sonra hakimiyyətə gələn oğlu Tszyan Tszinqo 1978-ci ildən 1988-ci ilə qədər ard-arda iki dəfə prezident seçilib. Həmin il o, vəfat etdi. Hökumət mahiyyətcə avtoritar olaraq qalsa da, onun dövründə Tayvanda demokratik islahatlar həyata keçirilib. Tszinqodan sonra hakimiyyətə onun dövründə vitse-prezident olmuş Li Denhuey gəlib. Bu şəxsi “Tayvan demokratiyasının atası” adlandırırlar. Denhuey konstitusiya islahatı həyata keçirib. 2000-ci ildə ölkədə ilk dəfə Qomindan Partiyasının üzvü olmayan biri - Çen Şuybyan prezident seçilib.

Tayvan BMT TŞ-nın daimi üzvü də olub...

Özünü “müstəqil” sayan Tayvanın dövlət quruluşu ilə bağlı fikir ayrılıqları mövcuddur. Adanın öz konstitusiyası və təxminən 300 min nəfərlik ordusu var. Maraqlıdır ki, bir vaxtlar orada sürgün hökuməti qurmuş Çan Kayşi bu hökumətin bütün Çini təmsil etdiyini və ölkəni geri almaq niyyətində olduğunu bildirmişdi. Hətta o vaxt Çini BMT Təhlükəsizlik Şurasında Tayvan təmsil edirdi, çünki bir çox qərb ölkələri həqiqi Çin hökuməti olaraq Tayvandakı idarəçiliyi qəbul edirdi. Amma 1970-ci illərdə Təhlükəsizlik Şurasının bəzi üzvləri artıq Tayvanın Çində yaşayan yüz milyonlarla insanı təmsil edə bilməyəcəyini vurğuladılar. 1971-ci ildə BMT Təhlükəsizlik Şurasındakı təmsilçilik Pekinə qaytarıldı, Tayvan oradan çıxarıldı.

1978-ci ildə Çin açıq iqtisadiyyat siyasəti yürütməyə başladı. Ticarət imkanlarını qiymətləndirən və münasibətləri inkişaf etdirmək zərurətini dərk edən ABŞ 1979-cu ildə Pekinlə diplomatik əlaqələr qurdu. Sonrakı illərdə Tayvanı rəsmən tanıyan ölkələrin sayı kəskin şəkildə azaldı, hazırda cəmi 15 belə ölkə var.

Münasibətlər tez-tez gərginləşir...

1980-ci ildə Çin və Tayvan arasında münasibətlər yaxşılaşmağa başladı: Tayvan əvvəlcə Çinə səfər şərtlərini və sərmayə yatırmaq qaydalarını yüngülləşdirdi, 1991-ci ildə Çin Xalq Respublikası ilə müharibənin bitdiyi elan edildi. Çin isə “bir ölkə, iki sistem” variantını təklif etdi. Pekin vəd etdi ki, Tayvan yenidən birləşməyə razılıq verərsə, muxtariyyəti saxlanılacaq. 1997-ci ildə eyni vədlərlə Pekin Honkonqu geri qaytardı. 2000-ci ildə prezident seçilən Çen Şuybyan Çin üçün “başağrısına” çevrildi. Çünki onun rəhbərlik etdiyi Demokratik Tərəqqi Partiyasının məramı Tayvanda ayrıca bir dövlətin yaradılması idi. 2004-cü ildə Çen Şuybyan ikinci dəfə prezident seçilən zaman Çin də bəzi qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qaldı və yeni dövlət qurmağa cəhd edəcəyi təqdirdə Tayvana qarşı “qeyri-dinc vasitələrdən” istifadə etməyə icazə verən “ayrılma əleyhinə qanun”u qəbul etdi.

5,2 faiz müstəqillik, 1,3 faiz isə Çinə birləşməyi arzulayır...

2008-ci ildəki prezident seçkilərində Qomindan Partiyasının üzvü Ma İntszyunun qalibiyyəti münasibətləri yenidən yaxınlaşdırdı. 2016-cı ildə isə Demokratik Tərəqqi Partiyasının üzvü Tsay İnvenin prezident seçilməsi Tayvanın Çinlə münasibətlərini yenidən köhnə axarına qaytardı. 2020-ci ildə Tsay rekord nəticəylə - 8,2 milyon səslə yenidən prezident seçildi və bu, belə bir qənaət formalaşdırdı ki, tayvanlılar artıq ÇXR-ə birləşmək ideyasını dəstəkləmirlər.

Pekin və Taypey prinsipial siyasi məsələdə razılığa gələ bilməsələr də, son onilliklərdə iqtisadi əlaqələri genişlənib və möhkəmlənib. Taypeyin rəsmi məlumatlarına görə, 1991-ci ildən 2021-ci ilin may ayının sonuna qədər Tayvanın Çinə investisiyası 194 milyard dollar təşkil edib. Bəzi tayvanlılar isə ölkə iqtisadiyyatının Çindən asılı vəziyyətə düşməsindən narahatdırlar. Bir qisim isə daha sıx iqtisadi əlaqələrin ÇXR-in Tayvana hücum etməsi ehtimalını azaltdığını düşünür. Amma, deyəsən, tayvanlıların əksəriyyəti orta mövqedədir. 2022-ci ilin iyun ayında keçirilmiş rəy sorğusunun nəticələri göstərir ki, onların yalnız 5,2 faizi müstəqilliyin mümkün qədər tez elan edilməsini, cəmi 1,3 faizi isə əksinə, ilk fürsətdə Çinə birləşməyi arzulayır.

SADİQ

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Moldova böhranı

02 Dekabr 10:50

Xarici siyasət

Pelosinin xələfi...

02 Dekabr 10:41

Siyasət

Siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

02 Dekabr 10:16

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ölüm mələyi...

01 Dekabr 10:53

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Sosial

Necə başladı?

01 Dekabr 10:37

Xəbər lenti

Xəbər lenti

Gündəm

Prezident bu gün

Prezident bu gün

01 Dekabr 10:01

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31