Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal iqlim dəyişmələri böyük fəsadlara yol açır

Qlobal iqlim dəyişmələri böyük fəsadlara yol açır

19.05.2026 [10:13]

Hazırda dünyada iqlim dəyişmələri ilə bağlı yaranan çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Genişlənən sənaye inkişafının nəticəsi olaraq Yer kürəsində temperatur sürətlə dəyişir. Hökümətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28 faiz, metanın miqdarı isə 60  faiz artıb. Bunun da nəticəsi olaraq son 100 ildə dünya üzrə orta temperaturun 0,8 dərəcə yüksəldiyi qeydə alınıb. Bu rəqəmin arxasında isə iqlim dəyişmələrinin miqyasına görə çox böyük, bir sıra hallarda qarşısıalınmaz fəsadları dayanır.

İqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər

Özlüyündə heç bir ölkə daşqınlardan, normadan artıq yağan yağışlardan, qar uçqunlarıından, tufanlardan, qasırğalardan, güclü küləklərdən, quraqlıqlardan, torpaqların  şoranlaşmasından, su ehtiyatlarının azalmasından, sel gəlməsindən sığortalanmayıb. Başqa sözlə desək, ana təbiətin şıltaqlığından bütün dünya ölkələri təsirlənirlər.

Bu baxımdan Azərbaycana yaxın olan coğrafiyaların da istisnalıq təşkil etmədiyinin şahidiyik. Kəskin iqlim dəyişmələrinin nəticəsidir ki, son vaxtlarda Rusiya (Dağıstan), Türkiyə, İran və Azərbaycanda intensiv yağışlar, sel və digər təbii fəlakətlər müşahidə olunur. Bəzi yerlərdə hətta 48 saat ərzində aramsız yağışlar yağır ki, bu da normadan qat-qat çoxdur.

Bir qədər bundan əvvəl Türkiyənin müxtəlif bölgələrini cənginə alan təbiət hadisələri son illərin ən ağır fəsadlarına yol açıb. Belə ki, gözlənilməz təbiət hadisələri həm insan tələfatı, həm də infrastrukturun genişmiqyaslı dağılması ilə nəticələnib. Daşqınlar nəticəsində onlarla yaşayış evi yararsız hala düşüb, kənd təsərrüfatı sahələri tamamilə su altında qalıb.

Eyni zamanda, fəlakətin sovuşduğunu söyləmək mümkün deyil. 2026-cı ildə təsirli olacağı gözlənilən “Super El Nino” səbəbindən Türkiyədə ekstremal istilər, sel və daşqın riskinin ciddi şəkildə artacağı bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava dalğaları temperaturun 40 dərəcəni keçməsinə səbəb ola bilər. Bununla yanaşı, güclü yağışlar, sel və daşqın hadisələrinin də artacağı ehtimal olunur. Professor Orhan Şen “CNN Türk”ə açıqlamasında bildirib ki, 1997-ci ildən sonra müşahidə olunan ən güclü “Super El Nino” dalğası yaxınlaşır. Onun sözlərinə görə, “El Nino” prosesi iyul ayında başlayacaq, payız və qış aylarında isə təsirini daha da artıracaq. Mütəxəssis qeyd edib ki, xüsusilə iyul, avqust və sentyabr aylarında bir-birinin ardınca güclü isti hava dalğaları yaşanacaq. Payız mövsümündə isə intensiv yağışlar, daşqınlar və sel hadisələrinin daha tez-tez baş verməsi gözlənilir.

İqlim dəyişmələrinin fəsadları qonşu İranı da cənginə alıb. Ölkədə insanlar müharibənin yaratdığı çətinliklərdən əlavə, həm də təbiətin sınaqları ilə üz-üzədirlər. Burada cari ilin əvvəlindən başlayan sel və daşqınlar onlarla insanın ölümünə, minlərlə evin su altında qalmasına, çoxlu sayda infrastruktur obyektinin sıradan çıxmasına səbəb olub.

Cari ildə həmçinin qonşu Rusiyanın subyekti olan Dağıstanda ağır təbiət hadisəsi yaşanıb. Rusiya Federasiyasının Dağıstan Respublikasında martın sonundan bəri davam edən anomal yağıntılar Dərbənd rayonunda dəhşətli faciəyə səbəb olub, o cümlədən çoxlu sayda insan həyatını itirib.  Bəhs olunan təbii fəlakət son 100 ildə Dağıstanda qeydə alınan ən güclü sel hadisəsi sayılır. Ən çox yağıntı Mahaçqala, Dərbənd, həmçinin Axtı, Kuppa, Kasumkənd, İzberbaş, Kumux, Dağıstan Oqni və digər yaşayış məntəqələrində qeydə alınıb. Həmçinin təbii fəlakət qonşu Çeçenistan və İnquşetiyaya da keçib.

Azərbaycanın həssas yanaşması

Azərbaycan da iqlim dəyişmələrindən təsirlənən ölkələr sırasında yer alır. Xəzər dənizinin geri çəkilməsi, bəzi çaylarda sululuğun azalması, həmçinin son vaxtlarda yağan intensiv yağışlar, ayrı-ayrı bölgələrdə baş verən selbasma hadisələri bunun əyani təsdiqidir.

Qlobal çağırış olan iqlim dəyişmələri dövlətlər üçün milli səviyyələrdə böyük məsuliyyət yaradır. Burada Azərbaycanın sərgilədiyi mövqe dünya üçün nümunə sayıla bilər. Xatırlayaq ki, məsuliyyətli dövlət olan Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 tarixə nümunəvi bir iqlim tədbiri kimi düşüb. Azərbaycanın COP29-a yüksəksəviyyəli hazırlıqlar görməsi və Bakıda yaxşı nəticələrin əldə olunması ölkəmizin  gücünün və məsuliyyətinin təsdiqi, eyni zamanda, iqlim çağırışlarına çox həssas yanaşmasının bariz ifadəsidir. Respublikamız hər zaman öz gündəliyini qlobal çağırışlarla uzlaşdırıb. O cümlədən Azərbaycan  iqlim dəyişmələri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Respublikamız Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb.

Azərbaycan dövləti, həmçinin son vaxtlarda respublika ərazisində güclü yağışların vurduğu ziyanın aradan qaldırılmasında da vətəndaşların yanında olmaq nümunəsi sərgiləyir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 28 aprel 2026-cı il tarixində  sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat vəsait ayrılıb. Dövlət başçısının imzaladığı bu sənəd  bilavasitə vətəndaşların mənafelərinin qorunmasına, onlara dəyən ziyanın aradan qaldırılmasına, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yönəldilib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31