Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların ümummilli məqsədlər uğrunda sıx birləşməsini təmin edir

Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların ümummilli məqsədlər uğrunda sıx birləşməsini təmin edir

20.05.2021 [09:09]

Çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin böyük üstünlüyüdür
Hər bir dövlətin inkişafını, müstəqilliyinin dönməzliyinin təmin edilməsini, beynəlxalq miqyasda nüfuz qazanmasını şərtləndirən fundamental amillər sırasında ideoloji əsasların önəmini xüsusi qeyd edə bilərik. Öz siyasətini milli dəyərlər, cəmiyyətin sosial sifarişləri, müasir çağırışlar, bərabərlik, insan və vətəndaş hüquq və azadlıqları kimi prinsiplər əsasında quran ölkələr inkişafla bağlı ciddi problemlərlə üzləşmirlər, daxili ziddiyyətlərdən kənarda qalır və öz potensiallarını quruculuğa, inkişafa, rifaha yönəldirlər. Respublikamızın modeli deyilənlərə yaxşı nümunədir.
Müstəqil dövlətimizin ideoloji əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq ideologiyası təşkil edir. Müdrik siyasətçi olan Ulu Öndər Heydər Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıdanda gənc respublikamızda kəskin fəsadlarla müşayiət olunan və müstəqilliyimiz üçün təhdidlər yaradan arzuolunmaz proseslər gedirdi. Həmin dövrdə qarşıya çıxan çətinliklərin əsas səbəbi onda idi ki, hakimiyyətin ölkə vətəndaşlarını ümumi məqsədlər uğrunda birləşdirə biləcək strategiyası yox idi. Siyasi intriqalar, separatçılıq meyilləri getdikcə daha da güclənməkdə idi ki, bu da ölkənin milli gücünü strateji məqsədlər naminə, o cümlədən də işğalçı Ermənistana qarşı səfərbər etməyə imkan vermirdi. Uzaqgörən siyasətçi olan Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası bu boşluğu doldurmaq, cəmiyyətdə sabitliyə, həmrəyliyə nail olmaq və bu əsasda ölkəmizin gələcək inkişafını təmin etmək baxımından böyük aktuallıq daşıyırdı.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və milli maraqlarımıza cavab verən siyasətin varisliyi sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən təmin edildi. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsində fəaliyyətə başlayanda söz vermişdi ki, Ulu Öndərin siyasətini davam etdirəcək. Son 18 ilin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev verdiyi vədi yüksək səviyyədə yerinə yetirir. Azərbaycan ötən müddət ərzində öz Liderinin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlara imza atıb. O cümlədən bəhs olunan dövrdə Prezident İlham Əliyevin ardıcıllıqla reallaşdırdığı siyasət, imzaladığı çoxsaylı sənədlər dövlətimizin ideoloji əsaslarının möhkəmlənməsini, azərbaycançılıq ideologiyasının daha da zənginləşməsini təmin edib. Bunun nəticəsidir ki, hazırda azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları ümummilli məqsədlər uğrunda birləşdirən güclü bir platformaya çevrilib.
Bu gün respublikamızda azərbaycançılıq cəmiyyətin bütün təbəqələri, ölkənin milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları tərəfindən qəbul olunan bir ideologiyadır ki, bu da səbəbsiz deyil. Ulu Öndər Heydər Əliyev gənc Azərbaycan dövlətinin ideoloji əsasını müəyyənləşdirərkən, ilk növbədə, ölkəmizin reallıqlarına, xalqımızın ənənələrinə və mental dəyərlərinə istinad etmişdi. Azərbaycan çoxkonfessiyalı, çoxmədəniyyətli bir ölkədir. Tarixən burada müxtəlif xalqların nümayəndələri mehriban qonşuluq şəraitində yaşayaraq öz həyatlarını qurublar. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birilərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Ölkəmizin ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Belə ki, dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın Şamaxı şəhərində yerləşir. Eyni zamanda, dünyanın ən qədim kilsələrindən sayılan Qafqaz Albaniyası dövlətinin dövrünə aid kilsə də Azərbaycanda - ölkəmizin qədim şəhəri Şəkidə tikilib.
Xalqımız bu gün də öz ənənələrinə sadiqlik nümayiş etdirir. Təəssüf doğuran haldır ki, XXI əsrdə bəşəriyyət Yer üzündə ciddi qütbləşmə proseslərinin getdiyinə və bunun ağır fəsadlara gətirib çıxardığına şahidlik edir. Dünyanın ayrı-ayrı bölgələrində çox tez-tez milli və dini zəmində münaqişələr, müharibələr baş qaldırır, diskriminasiya, islamofobiya, milli-dini ayrı-seçkilik kimi çağırışlar artır. Bu gün Avropada yalnız dini-irqi-etnik fərqliliyə görə qapıların miqrantların üzünə bağlanması, onları geriyə - yenidən müharibə alovlarının içinə göndərməyə cəhdlər göstərilməsi acınacaqlı haldır. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən belə kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin respublikamızda “Multikulturalizm İli” elan olunması Azərbaycanın bu sahədə həyata keçirilən siyasətə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Respublikamızda müxtəlif dinlərə aid olan yüzlərlə icma var. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Ölkəmiz dünyaya yenə də özünün müsbət nümunəsini təqdim edərək qlobal miqyasda tolerantlığın, humanizm ideyalarının təbliğinə mühüm töhfələrini verir. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Bu isə həm də azərbaycançılıq ideologiyasının ölkə vətəndaşları arasında uğurlu şəkildə təbliğ olunmasının nəticəsidir.
Bu kontekstdə bir məqamı da xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, biz son illərdə bütün ölkə üzrə tarixi-dini abidələrin yüksək səviyyədə bərpa edilməsinin şahidi oluruq. Əlamətdar haldır ki, bu sahədə dövlət qayğısı yalnız İslam dininə aid olan tarixi abidələri əhatə etmir, həmçinin kilsələr, sinaqoqlar da dövlət vəsaiti hesabına yüksək səviyyədə bərpa olunur, onlara, necə deyərlər, yeni həyat verilir. Bu sırada Rus Pravoslav Baş Kafedral kilsəsi, “Xilaskar” Yevangelik-Lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi tarixi-dini mədəniyyət abidələrinin adlarını çəkə bilərik. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəsəbədəki Müqəddəs Yelisey adına Cotari kilsəsi Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində də olublar. Bu kilsədə 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıb və layihənin icrası 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı başa çatdırılıb.
Ümumiyyətlə, respublikamızda müxtəlif dinlərə aid tarixi abidələrin dövlət vəsaiti hesabına bərpa edilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bütün bu kimi faktlar Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm siyasətinin əhatə dairəsinin kifayət qədər geniş olduğunu və ardıcıl səciyyə daşıdığını təsdiqləyir.
Deyilənlərdən də göründüyü kimi, azərbaycançılıq ideologiyası əsasında inkişaf edən respublikamızda milli-dini zəmində heç bir fərq qoyulmur, bütün mədəniyyətlərə və dinlərə eyni dərəcədə yüksək hörmət, qayğı göstərilir. Bu isə, öz növbəsində, bütün Azərbaycan vətəndaşlarında ləyaqət, qürur, vətənpərvərlik hisslərini gücləndirir. Azərbaycanın milli gücünün davamlı şəkildə artmasını şərtləndirən əsas amillərdən biri də məhz budur. Bu gün Azərbaycanda yaşayan xalqlar özlərini güvənli hesab edir, bir ailə kimi yaşayır və ümumi Vətənin inkişafına, müdafiəsinə öz töhfələrini verirlər. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi dövründə bütün dünya Azərbaycan cəmiyyətinin sıx həmrəyliyinin şahidi oldu. 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı, düşmən tam kapitulyasiyaya məruz qaldı. Bu tarixi qələbənin əldə olunmasında ölkəmizdə yaşayan bütün xalqların payı vardır.
Hazırda Azərbaycanın qarşısında Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, Böyük Qayıdışın həyata keçirilməsi kimi mühüm vəzifə dayanır. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərinə start verilib. Burada da Azərbaycan özünün genişməzmunlu multikultural siyasətinə sadiqlik nümayiş etdirir. Xəbər verildiyi kimi, mayın 12-13-də Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirilib. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin xatirəsinə həsr olunan festival Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha təsdiqlədi. Tədbirdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının bir-birindən maraqlı çıxışları bütövlükdə festivalın rəngarəngliyini daha da artırdı.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30