Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Demokratiya, yoxsa anti-demokratiya sammiti?

Demokratiya, yoxsa anti-demokratiya sammiti?

01.04.2023 [11:10]

Günel ABBAS

Uzun illər ABŞ demokratiyasına həsəd aparan, hətta səcdə etməyə hazır olan bir çox ölkələr artıq yanıldıqlarını hiss edirlər. Faktlar və hadisələr araşdırıldıqca, həqiqətlər gündəmə gəldikcə, reallıqlar qiymətləndirildikcə ABŞ demokratiyasının iç üzü açılır və əslində Qərbin anti-demokratikliyi meydana çıxır. Aydın olur ki, tarix boyu demokratiya pərdəsi altında oyun oynayanlar müstəmləkəlik siyasəti apararaq ölkələri və xalqları daim qarşıdurmalara, müharibələrə sövq edir.

Xüsusilə öz müstəqilliyini qazanan və ya qazanmaq arzusunda olan ölkələr Qərbin yağlı dilinə, şirin vədlərinə inanaraq özlərinin faciəli həyatını yaşamalı olurlar. Tabe olmayanlar, şirin vədlərə uymayanlar isə saxta demokratların, çirkin demokratiyanın qəzəbinə tuş gəlir və cəzalandırılır. Azərbaycan da bu demokratiyanın acılarını dadan, uzun illər haqqı tapdalanan, torpaqları işğal altında qalan və ədalətli səsinə demokratik hesab edən bir çox dövlətlər tərəfindən səs verilməyən bir ölkədir.

Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, özlərini demokratik ölkə hesab edənlər BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri əraziləri qeyri- şərtsiz tərk etmələri haqqında dörd qətnaməsi olduğu halda təcavüzkarlara heç bir təsir göstərmədilər: “İndi olduğu kimi, 28 ildə də erməni təcavüzkarlarını müdafiə etdilər, müharibəyə qızışdırdılar, təcavüzkardan yardımlarını əsirgəmədilər. Əlbəttə, Azərbaycan bu dövlətlərin mövqeyini bilirdi, araşdırırdı, ancaq sülhü məqbul saydı. Fəqət məhz bu ölkələrin saxta demokratik gedişləri nəticəsində sülh mümkün olmadı, danışıqlar baş tutmadı. Əksinə, ABŞ-ın, Soros fondunun qurduğu tələ sayəsində Ermənistanı Rusiyanın əlindən almaq, Cənubi Qafqazda möhkəmlənmək məqsədi ilə  Nikol Paşinyan kimi bir avantüristi hakimiyyətə gətirdi.

Ermənistanda qətllərə, həbslərə, işgəncələrə, insan hüquq və azadlıqlarının pozulmasına rəvac verdilər. Çox qəribədir və gözləniləndir ki, son illər dünyanın ən qalmaqallı, münaqişəli, böhranlı, acınacaqlı bir vəziyyətdə olan ölkəsini ABŞ və Fransa demokratik, azad bir ölkə kimi qələmə verir, Ermənistana yardımlarını və köməklərini davam etdirirlər. Halbuki Ermənistanda nümayişlər, həbslər, qarətlər, insan ölümü, hakimiyyət dairələrinə qarşı etirazlar kütləvi hal alıb, səngimək bilmir. Ermənistan təcavüzkar, terroru dəstəkləyən və təbliğ edən, terrorçular yetişdirən bir dövlət kimi gündəmdə olduğu halda, sülhə gəlmədiyi, yenidən Azərbaycan torpaqlarını işğal etmək, revanş götürmək məqsədi ilə təxribatlar törətdiyi, Qarabağdakı erməni separatçılarını silahlandırdığı bir vaxtda yenə də Fransa Ermənistanın yanında olduğunu, ABŞ isə bu ölkəyə diqqətlə yanaşdığını bəyan edir”.

Onun sözlərinə görə, bu yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin müstəqilliyinə və suveren hüquqlarına ziddir: “Ancaq ABŞ bu normaların, hüquqların fərqində deyil. Gücünə, silahına arxalanaraq özünün anti-demokratik siyasətini həyata keçirməkdə, bir çox ölkələri, eləcə də Azərbaycanı təsir altına salmaq istəyindədir. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmiş və Laçın rayonuna özünün xüsusi nümayəndəsini təyin edərkən bir daha bildirmişdir ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə işləməyəcək, heç bir təsir bizi tutduğumuz yoldan döndərə bilməz. Sözsüz ki, bu gün qalib və güclü dövlətimizlə, onun iradəli, uzaqgörən rəhbəri ilə təsir dilində danışmaq mümkün deyil. Çünki Prezidentimiz və xalqımız uzun illər bu təsirlərin məngənəsində bərkiyib, reallıqları ölçüb-biçib, xarici dövlətlərin mövqelərindən nəticələr çıxarıb və sonda öz sözünü deyib, gücünü göstərib, haqqı, ədaləti bərpa edib öz torpaqlarını düşmənlərdən təmizləyib. Dünyaya həqiqətin, ədalətin, demokratiyanın üzünü göstərib, iradənin, birliyin, vətənpərvərliyin nəyə qadir olduğunu nümayiş etdirib. Təəssüflər ki, qələbələrimiz, Türkiyə və qardaş ölkələrlə birliyimiz, əməkdaşlığımız yenə də ABŞ və Fransa tərəfindən həzm edilə bilmir. Onlar müxtəlif çirkin yollarla Azərbaycana təsir etmək, haqlı mübarizəmizə, dünyada artan şöhrətimizə kölgə salmağa çalışırlar. Sözsüz ki, bu əməllər yenə də demokratiya pərdəsi altında həyata keçirilməkdədir”.

Deputat martın 30-da 120 dövlətin dəvət edildiyi ABŞ Administrasiyasının keçirdiyi demokratiya sammitinə xüsusi diqqət çəkib: “Əslində demokratiya adına bir ləkə, demokratik, azad fikirli dövlətlərə bir hörmətsizlik, Amerikanın imicinə zərbə idi. Bu gün dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar edilməsi, müharibələrin, münaqişələrin qarşısının alınması üçün ciddi mübarizə aparan, humanist addımlar atan, yoxsul ölkələrə kömək əlini uzadan Türkiyənin və Azərbaycanın bu sammitə dəvət olunmaması ABŞ-ın demokratiya dəyərlərini ayaqlar altına atmasının nümunəsidir. Ermənistan kimi təcavüzkar, terrorçu bir dövlətin sammitdə təmsil olunması bir daha göstərir ki, ABŞ demokratiyaya, insan haqlarına, sülhə, əmin-amanlığa, bəşəri dəyərlərə sadiq deyil, əslində anti-demokratik, terrorçulara, təcavüzkarlara dəstək verən bir dövlətdir. Sual oluna bilər ki, ABŞ Administrasiyası demokratiyadan uzaq olan, hər gün ölkəsi daxilində qan axıdılan, həbslər keçirilən, insanları ac-yalavac vəziyyətində olan terrorçu Ermənistanı hansı əməllərinə, hansı təcrübəsinə, hansı müsbət nailiyyətlərinə görə bu sammitdə dəvət edib? Əsrlərlə türklərin və azərbaycanlıların qanını axıdan və öz çirkin, insanlığa zidd əməllərini bu gün də davam etdirən Ermənistanın, insan qatilləri kimi adı çıxan Ermənistan rəhbərlərinin belə sammitlərdə iştirak etməkləri nəinki demokratiyaya, bəşəriyyətə hörmətsizlikdir, müstəqil dövlətlərə ən böyük xəyanətdir. Bəli, demokratiyanın Qərb modeli insanlıq, bəşəriyyət üçün deyil, Amerikanın  öz siyasətini yürütmək, bəzi dövlətlərə diktə etmək, terrora, təcavüzə yollar açmaq, söz azadlığını, insan hüquqlarını kobudcasına pozan, terrorçular yetişdirən Ermənistan kimi dövlətləri dəstəkləmək, onları münaqişələrə təhrik etmək üçündür. Bu, əlbəttə ki, bəşəriyyət üçün qəbuledilməzdir və təhlükəli addımlardır. Dünya bunu görməli, dərk etməli və nəticə çıxarmalıdır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30