Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: “Freedom House” erməni lobbisinin maliyyəsi ilə işləyir

Siyavuş Novruzov: “Freedom House” erməni lobbisinin maliyyəsi ilə işləyir

29.01.2016 [09:49]

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- “Siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdən müxalifət təşvişə düşüb. Sizcə, zamanın diktə etdiyi demokratik dəyişikliklərdən müxalifət niyə narahat olur?
- Təbii ki, “Siyasi partiyalar haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdən radikal müxalifətin təşvişə düşməsinə və narahat olmasına əsas var. Bəzi partiya rəhbərləri var ki, onlar partiyanı öz monopoliyasına çeviriblər. Onlar partiya üzvlərinin iradəsi ilə deyil, sadəcə olaraq, ayrı-ayrı ölkələrin tapşırıq və tövsiyələri, ayrı-ayrı qurumların, təşkilatların, erməni lobbisinin ayırdığı maliyyə vəsaitləri ilə fəaliyyət göstərirlər. Təbii ki, nəzərdə tutulan dəyişikliklər də istər-istəməz həmin partiya rəhbərliyini təşvişə salır. Çünki partiyanın üst qurumunda olan bəzi şəxslər gələn vəsaitləri mənimsəyir və partiya üzvləri, ümumiyyətlə, ictimaiyyət qarşısında heç bir hesabat vermir, məsuliyyətdən yayınırlar. Onlar üzdə şəffaflıqdan dəm vursalar da, əslində, heç kimə məlumat vermirlər, fəaliyyətlərində gizliliyi qoruyurlar. Partiya sədrinə və yaxud onun ətrafında olan insanlara qarşı hər hansı bir alternativ fikir irəli sürülürsə, dərhal həmin şəxslər partiya sıralarından xaric olunurlar. Bu baxımdan da biz istəyirik ki, Azərbaycanda hər şey şəffaf olduğu kimi, siyasi partiyaların fəaliyyəti də şəffaf olsun. Məsələn, dünən YAP-ın İdarə Heyətinin iclası keçirilib. Biz “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik olmamışdan öncə də bütün ictimaiyyətə YAP-ın illik maliyyə hesabatı barədə məlumat veririk ki, nə qədər üzvlük haqqı toplanılıb, həmin vəsaitdən nə qədəri tədbirlərin keçirilməsinə sərf olunub və s. Biz ildə bir dəfədən az olmayaraq ictimaiyyəti məlumatlandırırıq ki, onların partiyaya ödədiyi üzvlük haqlarından hansı işlər üçün sərf olunub.
- Siz mətbuata açıqlamanızda “bəzi partiyalar alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil” deməyinizi “Müsavat” və AXCP kimi partiyalar özlərinə yönəlmiş fikirlər kimi qəbul edib, hay-küy salırlar. Buna əsasları varmı?
- “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər olunmasına baxmayaraq, hər bir siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) özünün maliyyə dövriyyəsi haqqında məlumat verməlidir. Amma təəssüflər olsun ki, bir sıra partiyalar bundan yayınır. Ümumiyyətlə, MSK-ya ağ vərəq göndərirlər ki, guya bunların heç bir maliyyə dövriyyəsi olmayıb. Elə bir partiya var ki, orada partiya sədri 20 ildir ki, heç bir dövlət, hökumət və qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyət göstərmir. Sadəcə olaraq, o, partiyanın sədridir. Baxmayaraq ki, həmin şəxs partiyanın sədridir və hər hansı bir gəlir mənbəyi yoxdur, amma kifayət qədər yüksək gəlir əldə edir, bahalı avtomobil, cangüdənlər, köməkçilər və digər imkanlara sahibdir. Bu zaman sual olunur ki, həmin vəsait haradandır və hansı mənbələrdən daxil olur.
İndiki zamanda bəzi dini qurumların, siyasi partiyaların və yaxud QHT-lərin maliyyələşməsində şəffaflıq olmadığı təqdirdə ortaya bır sıra problemlər çıxır. Hətta şahidi oluruq ki, hər hansı bir QHT-yə bir il ərzində 1,5 milyon vəsait ayrılıb. Amma sonra məlum olur ki, həmin QHT-ni Azərbaycanda heç kim tanımır və bir dəfə də olsun tədbir keçirməyib. Bəlli olur ki, həmin vəsait tamamilə başqa istiqamətlərə, yəni ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmağa, iğtişaşların törədilməsinə, dövlət əleyhinə müxtəlif işlərin aparılmasına, vətəndaş itaətsizliyinə, gənc nəslin pulla aldadılıb yoldan çıxarılmasına və s. sərf olunur. Gəlin, diqqətimizi siyasi partiyaların fəaliyyət istiqamətlərinə yönəldək. Siyasi partiya təsis olunanda və qeydiyyatdan keçəndə qarşısında vəzifələr müəyyənləşdirir. Əgər hər hansı bir struktur qarşısına qoyduğu vəzifələri yerinə yetirmirsə, o ya ləğv olunur, dəyişdirilir və yaxud da yenisi yaradılır. Hətta eləsi var ki, 1990-cı illərdə qeydiyyatdan keçib, amma bu günə kimi heç bir fəaliyyəti yoxdur. Sadəcə, bir bəyanat verməklə öz funksiyasını başa çatmış hesab edir. Bir çox xarici ölkələrdə - Yaponiyada, Avstriyada və s. siyasi partiya iki il müddətində fəaliyyət göstərmirsə, avtomatik olaraq onun fəaliyyəti ləğv olunur. Bu yönümdə istəyirik ki, yeniliklər olsun və hazırda təkliflər də daxil olmaqdadır.
- Müxalifət birləşmək istəyir, ancaq daxili intriqalar buna imkan vermir. Bu halda “Milli şura”da təmsil olunan şəxslər, eləcə də bəzi “Müsavat” yetkililərinin müxalifətin birləşə bilməməsinə görə hakimiyyəti günahlandırmaları təəccüb doğurmur ki?
- Hesab edirəm ki, bütün bunlar mənasız ittihamlardır. Burada söhbət hakimiyyətdən getmir. Onların özləri birləşə bilmirsə, bunun günahını niyə hakimiyyətdə görürlər? Əgər yadınızdadırsa, son prezident seçkilərində müxalifətçilər öz aralarında vahid namizəd seçə bilmədikləri üçün bir rejissorun nüfuzuna sığındılar. “Milli şura” adlı qondarma qurum yaradıb, həmin rejissoru ona rəhbər təyin etdilər. Onun pulundan istifadə edib bir uğursuz alimi prezidentliyə namizəd kimi irəli sürdülər. Sonra da birabırçı məğlubiyyətlə üzləşdilər. Nəticədə, “Milli şura” adlanan qurum dağıldı. Artıq orada heç kim yoxdur. Sadəcə, bir partiya və keçmiş millət vəkili bu qurumu təmsil edir. Qalan hallarda onların Azərbaycanda hər hansı bir fəaliyyəti yoxdur. “Milli şura”dakılar da köşə yazarlarına çevriliblər. Gecə-gündüz sosial şəbəkələrdə “status” yazmaqla ətrafında olan adamların həmin yazıları “like” etmələrini təşkil edirlər. Bunlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul deyillər, əksinə, başlarını jurnalistika ilə qatırlar. Onların birləşməsi üçün, ilk növbədə, partiyanın daxilində islahatlar getməlidir. Partiyalar bir şəxsin monopoliyasından çıxmalıdır və həmin siyasi qurumlara yeni nəfəsin, yeni fikrin, yeni nəslin gəlməsi təmin edilməlidir. Çünki onlar sıralarına ancaq o şəxsləri qəbul edirlər ki, həmin adamlar bunlara “ləbbey” desinlər. Qalan hallarda isə yeni fikirli insanları süngü ilə qarşılayırlar. Belə partiyaların perspektivi yoxdur. Bu insanlar parlament seçkilərində nəinki Azərbaycanın bütün ərazisində, heç 30 dairəsində belə namizəd irəli sürə bilmədilər. Sonradan isə məğlubiyyətlərini dərk edib seçkiyə az müddət qalmış namizədliklərini geri götürdülər. Bir sözlə, müxalifət partiyalarında köklü islahat aparılmalıdır. Təbii ki, islahat olmadığı təqdirdə bu partiyaların heç bir perspektivi olmayacaq.
- “Freedom House” adlanan təşkilat ənənəsinə uyğun olaraq ölkəmizi “azad olmayan ölkələr” siyahısına salıb. Qərəzli hesabatdan müxalifət razı qalıb. Sizcə, bu qüvvələri hansı maraqlar birləşdirir?
- Azərbaycan xarici təşkilatlar tərəfindən tənqid olunanda müxalifət buna ancaq sevinir. Hətta neftin qiyməti düşəndə də radikal qrup toy-bayram edir. Amma başa düşmürlər ki, neftdən gələn gəlirlər bütün Azərbaycan xalqının maraqlarına sərf olunur. Tikilən məktəblərdə onların da övladı təhsil alır, xəstəxanalarda müalicə olunur, çəkilən yollardan, parklardan onlar da yararlanır, açılan yeni iş yerlərində Azərbaycan vətəndaşları işləyirlər. “Freedom House”a gəldikdə isə bu təşkilat, “Human Rights Watch” və digərləri erməni lobbisinin maliyyəsi ilə işləyən təşkilatlardır. Onlar 20 ildir ki, köhnə, eyni hesabatları götürüb, tarixini dəyişməklə yeni fakt kimi təqdim edirlər. Ermənistanı “yarım azad olan” ölkə kimi qələmə veriblər. Halbuki, Ermənistanın vəziyyəti ilə Azərbaycanın vəziyyəti müqayisə olunmazdır. Təbii ki, bu da onların qərəzli olmalarından, erməni lobbisinin verdiyi vəsaitlərdən asılı olduqlarından xəbər verir. Biz dəfələrlə qeyd etmişik ki, bu cür təşkilatları tanımırıq. Onların verdiyi hesabat bizim üçün kağız parçasından başqa bir şey deyil.
- Bu qurum Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi “Dağlıq Qarabağ da qismən azad ərazidir”. “Freedom House”un işğalçı rejimin qəsb etdiyi ərazilərimizə “yaxşı” yanaşma nümayiş etdirməsi nədən irəli gəlir?
- Bu sənəd bir növ dolayısı ilə erməni lobbisinin təhriki ilə Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi tanımaq iddiasına xidmət edir. Təbii ki, bunu dəstəkləyən siyasi partiyalar da dolayısı yolla onların dəyirmanına su tökür və iddialarını dəstəkləyir. Axı niyə indiyədək “Freedom House” Ermənistana qarşı bir dəfə də olsun bəyanat verməyib. İstər “Human Rights Watch”, Avropa Şurası, ATƏT-in, istərsə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ABŞ-ın Dağlıq Qarabağla bağlı Azərbaycanın əleyhinə verdiyi bəyanatlara sözügedən təşkilatlar, ölkəmizdəki siyasi partiyalar heç vaxt cavab verməyiblər.
- “Freedom House” kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi müzakirə olunan zaman etiraz bəyanatı ilə çıxış etdi və nəticədə, iddialarını reallaşdırdılar. Həmsədrlərin bununla ermənilərə lobbiçilik etdiklərini demək olarmı?
- Nəinki “Freedom House”, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də Avropanın bir sıra ölkələri, dini qurumları xristianlıq faktorundan istifadə edərək oradakı deputatlara Ermənistanın müdafiəsinə çağırış etdilər. Halbuki, o ölkələrin bir çoxu bizimlə yaxın münasibətdədir və iqtisadi əməkdaşlığı var. Parlamentlə dövlət tamam başqa-başqa şeylərdir. O baxımdan da AŞPA-da çox ədalətsiz bir qərar qəbul olundu. Çünki bu hadisələr göz önündədir. İşğal olunmuş ərazilərdə baş verən hadisələrlə bağlı çox yaxşı bir hesabat hazırlanmışdı. Ermənistanın işğalçı dövlət olması bir daha orada öz əksini tapır. Lakin təəssüflər olsun ki, çox az səs fərqi və deputatların bir çoxunun bilərəkdən səsvermədən uzaqlaşdırılması bizim maraqlarımıza zidd, qeyri-obyektiv qətnamənin qəbul olunmasını təmin etdi. Bu, bir daha göstərdi ki, həqiqət tamam kənardadır. Burada sırf müxtəlif dairələrin maraqları daha böyük rol oynayır. Onlar da həmin dairələrin maraqlarından istifadə edərək bu addımları atdılar.

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30