Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub

“Elm haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub

18.05.2016 [10:16]

Millət vəkilləri, həmçinin bir sıra qanun layihələrinə dəyişikliklər ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verib. Daha sonra qanun layihələri müzakirə olunub. Əvvəlcə Milli Məclisin komitələrinin tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb.
Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. O bildirib ki, bu sənəd qüvvəyə mindikdən sonra diplomatik xidməti pasporta malik şəxslərlə yanaşı, xidməti və xüsusi pasporta malik insanlar da Qətərə vizasız səfər edə biləcəklər. Deputatlar da bu prosesdən yararlanacaqlar.
Komitə sədri “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi barədə də məlumat verib. Onun sözlərinə görə, memorandumda Azərbaycanın maraqlarını əks etdirən bütün məsələlər yer alıb. Bu sənədin təsdiq edilməsi ölkəmizin ticarət, mədəniyyət və digər sahələrdə maraqlarını təmin etməsi üçün zəruri addım olacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında məlumat verib.
Sazişə münasibət bildirən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, sənəd tam təkmil hazırlanıb, hər bir məsələ ölçülüb-biçilib: “Bu, iki dövlət arasında olan bir sazişdir. Ya bizim, ya da ABŞ tərəfindən hansısa məsələyə şərt qoyulursa, təbii ki, bu sənəddə nəzərdə tutulmalıdır. Deyək ki, hava nəqliyyatında iki terrorçu gedir, ABŞ dərhal elan edir ki, indiki halda onların ərazidən keçməsinə imkan vermir. Yəni müqavilədə öz əksini tapıb ki, belə məsələlərə birtərəfli qadağalar qoyula bilər”.
Sonra digər bir sıra qanunlara dəyişikliklər müzakirə olunub.
İclasın gündəliyindəki sonuncu məsələ “Elm haqqında” qanun layihəsi olub. İkinci oxunuşda müzakirəyə təqdim olunan layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib. O bildirib ki, layihə hazırlanarkən beynəlxalq təcrübələr öyrənilib: “Nəhayət, 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə aparılıb, sənəd 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin “Elm haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihəyə yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Qanun layihəsi daha da təkmilləşdirilib. Ölkəmizdə elmyönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxəssislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib. “Elm haqqında” qanun layihəsində elm siyasəti önə çəkilərək, ideoloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib”.
Komitə sədri qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişikliklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib. I oxunuşda 8 fəsil 45 maddə ilə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb. Layihəyə “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında” ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. “Elm haqqında” qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda, professor və akademiklər alim kimi qeyd edilirlər. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbir üzvlərinin elmi rütbə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib.
Məsələ ilə bağlı YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib ki, qanun layihəsi mükəmməl hazırlanıb. Onun sözlərinə görə, elm və təhsil maliyyəsiz inkişaf edə bilməz: “Maliyyə imkanı olmadan inkişaf etmək çətin məsələdir. Bu qanunda da elm sahələrinə həm büdcədən, həm də büdcədənkənar vəsaitlərin cəlb olunması öz əksini tapıb. Humanitar elmlər istisna olmaqla, dəqiq elmlərlə məşğul olan institutlar ən azı 50 faizdən yuxarı öz maliyyə təminatlarını həyata keçirməlidir. AMEA-nın hesabatlarına əlavə olunsun ki, hansı institut elmi tədqiqatları nəticəsində nə qədər büdcədənkənar vəsait cəlb edib. Hesab edirəm ki, elmi institutlar özləri də axtarışda olmalı, təkliflərini verməlidir və bununla da sifarişlər cəlb etməklə öz maliyyəsini təmin etməlidir. Eyni zamanda, elmi institutlarda kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməlidir”.
Magistratura təhsilində hərbi xidmətdən möhlət hüququnun verilməsinə gəlincə, millət vəkili deyib ki, möhlət hüququ bu qanunun predmeti deyil. Onun fikrincə, torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir şəraitdə hərbi xidmətə getmək hər bir vətəndaşın borcudur. “Bütövlükdə isə elmin inkişafına xüsusi diqqət yetirməliyik. AMEA-nın fəaliyyətində canlanma da onu göstərir ki, əgər işlər düzgün qurulsa, bu sahədə yüksək nəticələr olacaq”, - deyə S.Novruzov vurğulayıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında bildirib ki, bu qanunu Azərbaycan cəmiyyəti, ölkəmizin elmi əsaslarla dinamik inkişafını dəstəkləyən hər bir vətəndaş böyük səbirsizliklə gözləyir. Çünki elmi olmayan ölkənin gələcəyi yoxdur. Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, elmin inkişafının da bütün məsələləri hüquqi müstəvidə həll olunmalıdır və bu qanunun qəbul edilməsi respublikamızın hüquqi dövlət quruculuğunda növbəti addımı kimi qiymətləndirilməlidir: “Şübhəsiz ki, layihədə əks olunan maddələr və bu maddələrdə nəzərdə tutulan müddəalar Azərbaycan elminin inkişafına təkan verməklə onun müasir dünya elmində özünə layiqli yer tutmasına imkan yaradacaq”.
E.İbrahimov deyib ki, layihədə ən çox diqqət çəkən məsələlərdən biri də elmi işçilər, onların hüquq və vəzifələri, sosial müdafiəsi, əməyinin stimullaşdırılması və digər məsələlərin çox əhatəli və dəqiq formada əks olunmasıdır: “Açıq demək lazımdır ki, elmi işçilərin hazırda maddi və sosial durumu onların məhsuldar işləmələrinə imkan vermir. Bu da yüksək bilik və müasir texnologiyalarla işləmək bacarığı olan gənclərimizin elmi işlərlə məşğul olmasına marağı azaldır və onlar ya ölkədən getməyə və ya digər sahələrdə işləməyə üstünlük verirlər. Bu səbəbdən də ölkəmizdə elmi işçilərin qocalması baş verir ki, bu da elmin gələcək inkişafına böyük zərbədir. Hesab edirəm ki, bu qanunun qəbul edilməsi tezliklə elmə olan marağı kökündən dəyişdirəcək və biz vaxtilə vətənini tərk edib başqa ölkələrə gedən gənc elmi işçilərin respublikamıza qayıtmasının, həmçinin orta və ali məktəblərdə təhsilin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinin və müasir dünya elminin tələblərinə uyğun gənc və perspektivli mütəxəssislərin elmə böyük axınının şahidi olacağıq. Onu da bildirmək istəyirəm ki, qanun layihəsində nəzərdə tutulan bütün məsələlərin həlli üçün ölkəmizdə ali siyasi iradə, müvafiq iqtisadi və maliyyə resursları mövcuddur və onların yerinə yetirilməsi heç bir şübhə doğurmur. Bununla əlaqədar hörmətli Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin qarşısında duran əsas prioritet məsələ neft kapitalını insan kapitalına çevirməkdir”.
Bununla yanaşı, komitə sədri qanun layihəsi barədə bəzi irad və təkliflərini də bildirib: “Bildiyiniz kimi, əvvəllər elmi dərəcələr sahələr üzrə elmlər namizədi və elmlər doktoru kimi qeyd olunurdu. Hazırda isə elmlər namizədi əvəzinə sahələr üzrə fəlsəfə doktoru kimi qeyd olunur və bu layihədə də əks olunub. Lakin elmlər namizədi və fəlsəfə doktoru diplomlarının eyni hüquqi qüvvəyə malik olması layihədə qeyd olunmayıb və bu, həmin diplomun sahiblərini layihənin 34.8-ci maddəsində nəzərdə tutulan əməkhaqqına əlavədən məhrum edə bilər. Ona görə hesab edirəm ki, elmlər namizədlərinin fəlsəfə doktorları ilə eyni statusa malik olması layihədə əks olunsun ki, kimlərsə bu boşluqdan istifadə edib narazılıq və sosial ədalətsizlik yaratmasınlar”.
“Elm haqqında” qanun layihəsi yüksək səviyyədə hazırlanıb. Bununla belə, layihənin bəzi maddələrinin təkmilləşdirilməsinə, müəyyən düzəlişlərə ehtiyac var”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, qanun layihəsinin 4.2.4 maddəsində “multikulturalizm ideyasının elmi əsaslarının formalaşdırılması və cəmiyyət həyatındakı rolu və əhəmiyyətinin tədqiq və təbliğ edilməsi”ndən söhbət gedir. Millət vəkilinin sözlərinə görə, biz multikulturalizmdən danışanda onu həyat tərzi kimi səciyyələndiririk: “İdeya isə o deməkdir ki, o, hələ beyinlərdə mövcuddur, buna görə də təbliğ olunmasına ehtiyac var ki, multikultural cəmiyyət formalaşdıra bilək. Amma Prezident İlham Əliyev Azərbaycanda multikultural cəmiyyətin mövcud olduğunu bəyan edib. Belə olan halda qanun layihəsində bu müddəa multikulturalizmin əsaslarının öyrənilməsi kimi əks olunmalıdır”.
Hikmət Babaoğlu sənəddə “innovativ cəmiyyət” ifadəsinin də korrektə edilməsinə ehtiyac olduğunu qeyd edərək bildirib ki, “innovativ” anlayışı texniki termindir və elmi ixtiraların tətbiq olunduğu sahələr haqqında danışanda bu sözü demək mümkündür. O təklif edib ki, bu ifadə layihədə dəyişdirilərək “intellektual” sözü ilə əvəzlənsin.
“Qanun layihəsinin 7.10 maddəsində isə elmin səmərəli təşkilindən söhbət gedir. Hesab edirəm ki, bu fikir də dəqiqləşdirilməlidir. Çünki elmin deyil, elmi fəaliyyətin səmərəli təşkilindən söhbət getməlidir. Bununla yanaşı, 4.1.1 maddəsində yazılır ki, Azərbaycan dövləti elmin davamlı və sistemli inkişafının təmin edilməsini prioritet hesab edir. Fikrimcə, davamlılıq deyəndə, magistratura və doktorantura təhsilinin də fasiləsiz olmasını düşünməliyik. Bu gün orta məktəblərdə müəllimlərin 90 faizi qadınlardan ibarətdir. Belə getsə, yəni magistratura pilləsində təhsil qırılsa, bir müddətdən sonra ali təhsil müəssisələrində də professor-müəllim heyətinin 80 faizi qadınlardan ibarət olacaq. Beləliklə, biz cəmiyyətdə xarakter və şəxsiyyət formalaşdıra bilməyəcəyik. Çünki cəmiyyətə ötürdüyümüz yeni nəsil təhsil prosesində yalnız qadınlarla ünsiyyətdə olacaq. Ona görə də bu məsələyə diqqət yetirməliyik”, - deyə millət vəkili vurğulayıb.
Millət vəkili Aydın Mirzəzadə də çıxışında qanun layihəsinin mükəmməl hazırlandığını bildirib. Elm sahəsinə maliyyə dəstəyinin ildən-ilə artırılmasının vacib olduğunu deyən millət vəkili qeyd edib ki, gənclərin elmə marağının artırılması üçün tədbirlər həyata keçirilməlidir.
Millət vəkili Aytən Mustafayeva da gənclərin elm sahəsinə marağının stimullaşdırılmasını vacib sayıb. O həmçinin deyib ki, təhsil kreditləri məsələsinin reallaşdırılması zəruridir.
İclasda, həmçinin millət vəkilləri Zahid Oruc, Elmira Axundova, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Əli Məsimli, Qənirə Paşayeva və başqaları çıxış edərək qeyd ediblər ki, birinci oxunuşla müqayisədə sənəddə çox mühüm təkmilləşdirmə işləri aparılıb. Vurğulanıb ki, qanunun qəbul edilməsi elm adamları arasında ciddi rəqabət yaradacaq. Ümumiyyətlə, bu sahənin inkişafı üçün yeni mərhələnin əsası qoyulacaq. Xüsusən də alimlərin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşacaq.
Müzakirələrdən sonra “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31