Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi

Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi

28.11.2020 [01:37]

Prezident İlham Əliyev: Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən 44 günlük müharibədə tam kapitulyasiya olan işğalçı Ermənistan üç onillik ərzində işğal altında saxladığı Ağdam, Kəlbəcər və Laçın rayonlarını dekabrın 1-dək döyüşsüz, qan tökülmədən Azərbaycan Respublikasına geri qaytarmaq öhdəliyi götürüb. Bəhs olunan sənədə uyğun olaraq düşmənin hərbi birləşmələri noyabrın 20-də Ağdamdan, noyabrın 25-də isə Kəlbəcərdən çıxmaq məcburiyyətində qalıb. Artıq işğaldan azad olunan bütün ərazilərimizdə şanlı üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Zor gücünə qonşu dövlətin ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq insanı doğma ev-eşiyindən didərgin salan, işğal altında saxladığı torpaqlarda üç onillik ərzində vandalizm əməlləri törədən mənfur düşmən bütün bunların hesabını verməli idi. Azərbaycanın apardığı Vətən müharibəsində sarsıdıcı məğlubiyyətlə üzləşən işğalçı Ermənistan indi rəzalət yaşamağa məhkumdur. Düşmən dövlətin əvvəlki və indiki rəhbərlikləri ömürlərinin sonunadək bu acı damğa altında yaşayacaqlar. Prezident İlham Əliyev noyabrın 25-də xalqa etdiyi növbəti müraciətində Vətən müharibəsində parlaq qələbəmizi dəyərləndirərək vurğulayıb: “Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Zamanında Kəlbəcərin və digər torpaqlarımızın işğala məruz qalması böyük faciə idi

Bəlli olduğu kimi, Azərbaycan torpaq itkilərinə müstəqilliyinin ilk illərində - ötən əsrin doxsanıncı illərinin əvvəllərində məruz qalıb. Kəlbəcərin işğalı düşmən üçün xüsusi önəm kəsb edirdi. Məlum olduğu kimi, Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə sərhədi yox idi. Ötən əsrin doxsanıncı illərinin əvvəlinədək işğalçı ölkə ilə Dağlıq Qarabağı birləşdirən yol Laçın rayonundan keçirdi. Qonşu dövlətə qarşı ilhaq siyasəti aparan Ermənistan Dağlıq Qarabağla sərhəd ərazilərə malik olmaq istəyirdi. 1992-ci ilin mayında Şuşa və Laçının işğal altına düşməsindən sonra 1993-cü il aprelin 2-də Kəlbəcər də düşmən əlinə keçdi. Beləliklə, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Düşmən bu imkandan istifadə edərək Dağlıq Qarabağa silah, texnika, canlı qüvvə göndərdi. Şuşanın, Laçının və Kəlbəcərin işğalı həm də sonrakı mərhələdə diğər ərazilərimizin də zəbt olunmasında düşmənə böyük üstünlüklər qazandırdı. Prezident İlham Əliyev bəhs olunan dövrdə torpaqlarımızın işğala məruz qalmasını böyük faciə kimi dəyərləndirib. “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənistanın ölkəmizin ərazilərini işğal etməyə nail olması ilə bağlı bir sıra səbəblər sadalamaq mümkündür. İnkarolunmaz faktdır ki, havadarlarının hərtərəfli dəstəyi Ermənistanın Azərbaycan torpaqlarını öz nəzarəti altına keçirməsində və işğal məhsulu olan status-kvonu üç onillik ərzində qoruyub saxlamasında mühüm rol oynayıb. Ancaq bəhs olunan illərə qısa ekskurs etmək kifayətdir ki, düşmən dövlətin ölkəmizə qarşı işğalçılıq siyasətini həyata keçirməsinin əsas məsuliyyətinin Azərbaycanın o dövrdəki siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü barədə konkret təsəvvür yaransın. Bəhs olunan dövrdəki prosesləri təhlil edən Prezident İlham Əliyev bildirib ki, Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.

Həmin vaxt respublikamızda xaos, böhran yaranmışdı, hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı, daxili çəkişmələr baş alıb gedirdi. Ermənistan isə bundan istifadə edərək şəhər və kəndlərimizi bir-birinin ardınca işğal altına alırdı. Belə bir şəraitdə qeyri-legitim yolla hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi nəinki qüvvələri ümumi düşmənə qarşı səfərbər etməyi bacarmadı, əksinə diletantlığı və korporativ maraqlar güdməsi ucbatından vəziyyəti daha da gərginləşdirdi, yeni ərazilərin işğalına zəmin yaratdı. Beləliklə, torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi, ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətlərinin ömrünü uzatsınlar. O dövrdə iqtidarda yüksək postlara gətirilən adamlar bir gün də olsun heç bir idarəyə, hətta kiçik müəssisəyə belə rəhbərlik etməmişdilər. Belə diletant insanlar ölkəni, özü də böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər?

Şübhəsiz ki, o dövrdə respublikada hər hansı bir dövlət idarəçiliyindən söhbət belə gedə bilməzdi. Məgər işğala məruz qalan ölkədə vahid komandanlığa tabe olan ordunun yaradılmamasının məntiqi izahını tapmaq mümkündürmü? Cavab birmənalıdır: bunu heç nə ilə əsaslandırmaq mümkün deyil. Silahlı birləşmələr ayrı-ayrı siyasi partiya, qruplaşma “liderləri”nin əlində alətə çevrilmişdilər. Bir “lider” silahlı birləşmələrə irəli getmək və yaxud mövqeləri qorumaq əmri verəndə digəri buna qısqanclıqla yanaşaraq geri çəkilməyi israr edirdi.

Belə vəziyyətdə Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan siyasi rəhbərliyinə qayıtmasa idi, respublikamız nəinki öz qalan torpaqlarını da itirəcəkdi, ümumiyyətlə, XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimiz də əldən gedəcəkdi. Zəngin dövlətçilik təcrübəsi olan Ulu Öndər aldığı müdrik qərarlar sayəsində ölkəmizdə xaosa son qoydu, Azərbaycan inkişafa istiqamətləndi. Qısa müddətdə vahid komandanlığa malik ordunun formalaşdırılması Ulu Öndərin xalqımız və ölkəmiz qarşısında müstəsna xidmətlərindən biridir.

Azərbaycan Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində ərazi bütövlüyünü tam təmin etməyə nail oldu

Ötən üç onillik ərzində Azərbaycan ərazilərinin 20 faizinin itirilməsi reallığı ilə heç vaxt barışmayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimiz və xalqımız üçün həmişə bir nömrəli ümummilli məsələ olub. Xüsusilə Prezident İlham Əliyev son 17 ildə Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranan münaqişənin həllinə nail olmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ardıcıl iş aparıb. Dövlətimizin başçısı daxili auditoriya qarşısında çıxışları zamanı həmişə gəncləri vətənpərvər olmağa, tariximizi yaxşı öyrənməyə, milli kimliyimizi qoruyub saxlamağa çağırırdı. 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, cəmiyyətimizin həmrəyliyi zamanında Prezident İlham Əliyevin səsləndirdiyi çağırışların nə qədər böyük aktuallıq daşıdığını əyani şəkildə təsdiqlədi. Bütün dünya gördü ki, Azərbaycan gəncləri qəlblərində doğma torpağa, Vətənə, dövlətə və Prezidentə, Ali Baş Komandana böyük sevgi və rəğbət bəsləyirlər. Vətən müharibəsində qələbəmizin təməlində dayanan əsas amillərdən biri məhz gənclərimizin vətənpərvərliyi, cəmiyyətimizin həmrəyliyi, iqtidar-xalq vəhdətidir.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünya birliyinə obyektiv şəkildə çatdırmaq üçün böyük iş aparırdı. Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərdə Özünəxas diplomatik məharətlə əsaslandırırdı ki, Dağlıq Qarabağın nə tarixi faktlar, nə də beynəlxalq hüquq baxımından Ermənistana heç bir aidiyyəti yoxdur. Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında, Valday Diskussiya Klubunda işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana əsl tarix dərsi keçdiyi hər kəsin yadındadır. Həmin debatlarda heç bir əsaslı arqument ortaya qoya bilməyən N.Paşinyan dərsini öyrənməyən və yaxud ölkəsinin tarixindən bixəbər olan şagirdə bənzəyirdi. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllinin ümummilli məsələ kimi daim gündəlikdə saxlanmasının öz nəticəsini verdiyini diqqətə çatdıraraq “Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq”, - deyə vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq istiqamətində apardığı siyasətin mühüm bir istiqaməti isə ölkəmizin hərbi gücünün davamlı şəkildə artırılması ilə bağlı olub. Qürurverici haldır ki, beynəlxalq reytinq agentlikləri öz hesabatlarında Azərbaycanın Silahlı qüvvələrini dünyanın ən güclü 50 ordusu siyahısına daxil edib. Məhz Ordumuzun gücünə arxalanan Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə həmişə açıq şəkildə vurğulayırdı ki, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacağı təqdirdə, hərbi gücdən istifadə olunması istisna deyil. Buna görə işğalçı Ermənistanın havadarları Azərbaycanı qınayırdılar, bildirirdilər ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli mümkün deyil.

Zaman Azərbaycan Prezidentinin qətiyyətini, dəyərləndirmələrinin güclü məntiqə əsaslandığını və doğru olduğunu təsdiqlədi. Respublikamız düşmənin sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti təxribata Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları ilə cavab verdi. Azərbaycan məhz Müzəffər Ali Baş Komandanının qətiyyəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. “Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 300-dək kəndi, o cümlədən Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı məhz döyüş meydanında hərbi yolla azad edib. Bundan sonra düşmən tərəf daha böyük itkilərdən qaçmaq üçün Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Beləliklə, Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31