Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla və şərəflə yerinə yetirdi

Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla və şərəflə yerinə yetirdi

12.12.2020 [00:28]

Prezident İlham Əliyev: Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu

Məlum olduğu kimi, dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirilib. Azərbaycanın və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin prezidentlərinin qatıldıqları paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib. Paraddakı çıxışında Zəfər gününün sevincini yenə də xalqla bölüşən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.

Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər paradındakı çıxışında tarixə qısa ekskurs edərək Dağlıq Qarabağ münaqişəsinin necə yarandığına diqqət çəkib. Bildirildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti torpaqlarımızın düşmən dövlətin nəzarəti altına düşməsi ilə nəticələnib. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt 100 minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba torpaqlarından didərgin salındı. Halbuki Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır və azərbaycanlılar bu yerlərdə əsrlərboyu yaşayaraq zəngin mədəniyyət formalaşdırmışlar. Azərbaycanlılar Ermənistanda etnik təmizləməyə məruz qaldıqdan sonra eyni proseslər Dağlıq Qarabağda da müşahidə olunmağa başladı. Ermənistan tərəfi havadarlarının köməyi ilə güc tətbiq etməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı misli görünməmiş müharibə cinayətlərinə əl atdı, burada XX əsrin faciələrindən sayılan Xocalı soyqırımını törətdi. 1992-ci ilin may ayında Şuşanın və Laçının işğala məruz qalması ilə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi respublikamızın vəziyyətini daha da ağırlaşdırdı. Bundan sonra mənfur düşmən Dağlıq Qarabağda daha əlverişli mövqe qazandı və faktiki olaraq torpaqlarımızın işğalının sonrakı mərhələsinə zəmin yarandı.

Ancaq Azərbaycan xalqı ötən əsrin doxsanıncı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin düşmənin nəzarəti altına keçməsi faktı ilə heç vaxt barışmayıb. Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi həmişə Azərbaycanın gündəliyində bir nömrəli məsələ kimi dayanıb. Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların ali kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri Özünəxas diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət başçımız daim tarixi faktlara və sənədlərə istinad etməklə əsaslandırırdı ki, Qarabağ dağlıq və aran hissələrdən ibarət olmaqla bütövlük təşkil edir və bu coğrafi ərazilərin Ermənistanla hər hansı tarixi, iqtisadi bağlılığı yoxdur.

Son 17 ildə Prezident İlham Əliyev müxtəlifsəviyyəli tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə düzgün variant olduğunu əsaslandırarkən həm də beynəlxalq hüquqa istinad edib. Beynəlxalq birlik Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Vətən müharibəsi başlayanadək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar, eləcə də dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etmişdilər. Azərbaycan dövləti də məhz tarixi faktlardan və beynəlxalq hüquq normalarından çıxış edərək ölkənin ərazi bütövlüyünün təmin olunmasında prinsipiallıq göstərirdi. Bütün bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev “Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda, bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə vurğulayıb.

Müharibə şəraitində yaşayan Azərbaycan Dağlıq Qarabağı, ətraf 7 rayonu geri qaytarmaq, özünün ərazi bütövlüyünü tam təmin etmək, həmçinin iqtisadi potensialını, maliyyə imkanlarını artırmaq, ordusunu gücləndirmək istiqamətində ardıcıl siyasət aparıb. Hər il respublikamızın dövlət büdcəsindən Ordunun maddi-texniki təchizatını mökəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Zəfər paradı bir daha təsdiqlədi ki, bu gün Ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikası var.

Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz Ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Vətən müharibəsində qazanılan parlaq qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Silahlı Qüvvələrimizin Vətən müharibəsində parlaq qələbəsini dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Azərbaycan və Türkiyə öz dostluğunu, qardaşlığını Zəfər paradında bir daha bütün dünyaya nümayiş etdirdi

Azərbaycan və Türkiyə arasında daim yüksələn xətlə inkişaf edən münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub.

Bu gün iki ölkənin qarşılıqlı münasibətləri çox doğru olaraq dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi səciyyələndirilir. Dünya miqyasında elə iki dövlət tapmaq mümkün deyil ki, onlar bizim ölkələrimiz kimi bir-birinə yaxın olsunlar. Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir.

Azərbaycanla Türkiyə arasında siyasi münasibətlərin yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da getdikcə dərinləşir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.

Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə uğurla inkişaf edən əməkdaşlıq strateji önəm daşıyır. Qürurverici haldır ki, qardaş Türkiyənin hərbi sənayesi yüksək inkişaf səviyyəsinə çatıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində üç onillik ərzində müharibə şəraitində yaşamaq məcburiyyətində qalan respublikamız ötən dövrdə özünün Silahlı Qüvvələrinin silah-sursat, müasir döyüş texnikası ilə təchizatını möhkəmləndirmək məqsədilə qardaş ölkənin bu sahədəki imkanlarından faydalanıb. Bu gün döyüş meydanlarında inamlı qələbələr qazanan müzəffər Ordumuzun arsenalında Türkiyənin hərbi sənaye müəssisələrində buraxılan innovativ texnologiyalar mühüm yer tutur. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. İki ölkə arasında hərbi çərçivə müqavilələri imzalanıb, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir.

Qardaş Türkiyə ən çətin məqamlarda həmişə Azərbaycanın yanında olub. 102 il əvvəl Türkiyədən gələn hərbçilərin, Qafqaz İslam Ordusunun köməyi ilə Bakının erməni-bolşevik işğalından azad edilməsi iki ölkənin və xalqın qardaşlığının bariz nümunəsi kimi tarixə düşüb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də qardaş Türkiyənin dəstəyini həmişə hiss edib. Qeyd edək ki, Türkiyə işğalçılıq siyasətinə etiraz əlaməti olaraq Ermənistanla diplomatik münasibətlər qurmayıb və bu ölkə ilə sərhədlərini bağlayıb. Qardaş ölkə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olub. Ancaq Ermənistanın özünün və onun havadarlarının iddialarının əksinə olaraq, Türkiyə Vətən müharibəsində Azərbaycana heç bir hərbi kömək göstərməyib, qardaş ölkənin dəstəyi sırf siyasi və mənəvi xarakterdə olub. Bu da kifayət edib. Arxasında Türkiyənin qardaşlıq dəstəyini hiss edən Azərbaycanın özünəgüvəni daha da artıb. Bu gün respublikamızın Vətən müharibəsində qazandığı parlaq qələbə ilə əlaqədar qardaş ölkədə də böyük sevinc yaşanır. Qardaş ölkənin dəstəyini yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan qardaş Türkiyəyə güvənərək bu ölkəni də Dağlıq Qarabağda sülhyaratma prosesinə cəlb etməyə nail olub. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Türkiyə və Rusiya qüvvələri razılaşmanın şərtlərinə əməl olunmasına nəzarət etmək üçün yaradılan Monitorinq Mərkəzində birgə fəaliyyət göstərəcəklər. Artıq bunun üçün zəruri hüquqi baza təmin edilib.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31