Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi tarixdə əbədi qalacaq
09.01.2021 [10:20]
Prezident İlham Əliyev: Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır
Azərbaycan artıq tarixə dönən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən, üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə, üç onillik ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkəmiz və xalqımız üçün əhəmiyyəti çox böyükdür. Prezident İlham Əliyev yanvarın 6-da Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində bildirib ki, bu Qələbə tarixdə əbədi qalacaq. "Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün təmin ediləcəyinə dair vədini Vətən müharibəsində qazanılan şanlı qələbə ilə yerinə yetirdi
Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, heç vaxt populist vədlər vermir, həmişə reallıqdan çıxış edir. Ölkəmizin milli maraqlarının təmin olunması, xalqımızın arzu və istəklərinin həyata keçirilməsi Onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan Prezidentinin əvvəlki illərdə ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi deyilənləri bir daha təsdiqlədi. Prezident İlham Əliyev son 17 ildə qətiyyət göstərərək Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ölkəmizin gündəliyinin mərkəzində saxlamağa nail oldu. Dövlət başçımız bütün beynəlxalq platformalarda, eləcə də respublika daxilində keçirilən tədbirlərdə tarixi faktlara, beynəlxalq hüquqa istinad etməklə əsaslandırırdı ki, Dağlıq Qarabağın Ermənistanla hər hansı bir bağlılığı yoxdur, sənədlər və faktlar bu yerlərin məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bu kimi fundamental amillərə istinad edərək deyirdi ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, xalqımız işğal faktı ilə heç vaxt barışmayacaq. Dövlətimizin başçısı bildirirdi ki, biz bu məsələni istənilən yolla həll edəcəyik. Əlbəttə, Prezident İlham Əliyev belə qətiyyətli mövqe sərgiləyərkən Ona güclü təzyiqlər də olurdu. Beynəlxalq aləmdə işğalçı Ermənistana havadarlıq edən qüvvələr inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqlarından başqa həll variantı yoxdur, hərb yolu isə ümumiyyətlə istisna təşkil edir. Dövlətimizin başçısının bəhs olunan müşavirədə xatırlatdığı kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar idi. Üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda iştirak etməsi respublikamızın sülhə necə böyük önəm verdiyini təsdiqləyir. Sülh danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan işğalçı Ermənistandan ərazilərimizin boşaldılmasına, geri qaytarılmasına dair cədvəl istəyirdi. Əgər Ermənistan vaxtında bunu etsəydi və işğalçılıq siyasətindən əl çəksəydi, müharibəyə ehtiyac qalmayacaqdı. Bu, baş vermədi. Cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin yüksək çinli rəsmiləri bildirirdilər ki, bir qarış torpaq da Azərbaycana geri qaytarılmayacaq. Onlar son vaxtlarda daha da qabağa gedərək "yeni ərazilər uğrunda yeni müharibə" iddiaları səsləndirməkdən də çəkinmirdilər. Beləliklə, müharibə qaçılmaz oldu. Müharibənin başlamasının bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyini əyani şəkildə təsdiqlədi. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında təşəbbüsü ələ aldı. Bu da təsadüfi deyildi. Ordumuzu döyüş meydanında yenilməz edən bir sıra amillər sadalaya bilərik. Burada, əlbəttə ki, son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü ordu quruculuğu siyasətinin önəmini xüsusi qeyd edə bilərik. Müharibə şəraitində yaşayan Azərbaycan bəhs olunan dövrdə sülh danışıqlarında iştirak etməklə yanaşı, həm də özünün getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrimizin texniki təchizatının gücləndirilməsinin, döyüş hazırlığının artırılmasının qayğısına qalırdı. Qürur hissi ilə deyə bilərik ki, bu gün respublikamız dünyanın 50 ən güclü ordusundan birinə malikdir. Belə güclü Orduya İlham Əliyev kimi xalqını, Vətənini sevən milli ruhlu sərkərdənin rəhbərlik etməsi Vətən müharibəsində Silahlı Qüvvələrimizin gücünə güc qatdı. Müharibənin bizim ərazilərimizdə getməsi də əsgər və zabitlərimizin döyüşlərə daha inamla atılmasına güclü impuls verirdi. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə xilaskarlıq səciyyəsi daşıyırdı. Silahlı Qüvvələrimiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: "Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi".
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, böyük problemlə üzləşəcək
Hazırda qarşıda duran vəzifə Vətən müharibəsində qazanılan şanlı qələbəni siyasi yolla möhkəmləndirmək, regionda erməni faşizminin baş qaldırmasına imkan verməmək, keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaqdan ibarətdir. Müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın revanşist cəhdlərinin və təxribat əməllərinin qarşısının alınması da vacib məsələlər sırasında dayanır. Respublikamızın prinsipial mövqeyi noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu sənəddə təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz, yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidəki vəziyyəti düzgün dəyərləndirir və humanitar məsələlərin həllinə razılığını veribdir. Lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf doğuran haldır ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda müəyyən revanşist cəhdlər müşahidə edilməkdədir. Ermənilər işğalçı dövlətin ərazisindən Azərbaycan tərəfə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Artıq sübut olunub ki, Azərbaycanın Xocavənd rayonuna silahlı dəstələr Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəliblər. Suallar yaranır: Bu dəstələr ölkəmizin ərazisinə nə üçün gəliblər? Bu dəstələri kim göndərib? Prezident İlham Əliyevin bildirdiyi kimi, onlar terrorçu və diversantlardır. Çünki müharibə noyabrın 10-da başa çatıb. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü.
Müharibə bitdikdən sonra Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin Dağlıq Qarabağa səfərləri narahatlıq doğurmaya bilməz. Belə təhrikedici hərəkətlər yolverilməzdir. Əgər bu cür təxribatçı addımlar gələcəkdə də davam edəcəksə, Azərbaycan sərt cavab vermək məcburiyyətində qalacaq. Ölkəmizin birmənalı mövqeyini nəzərə çatdıran Prezident İlham Əliyev "Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq Mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar", - deyə vurğulayıb.
Bu məqamda yada salmaq yerinə düşər ki, Ermənistanın işğalın davam etdiyi üç onillik ərzində sərgilədiyi əməllər humanizmdən tamam uzaq olub. Ermənilər xalqımıza qarşı sonsuz qəddarlıqla Xocalı qətliamını törədiblər. Düşmən tərəf Kəlbəcəri və digər rayonlarımızı işğal altına alanda dinc sakinlərə öz ev-eşiklərini tərk etməyə vaxt verməyiblər. Həmin günlərdə mənfur düşməndən canlarını qurtarmaq üçün dağlara, meşələrə üz tutan insanların bir çoxu soyuqdan donub. Üç onillik ərzində düşmən işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib, bir vaxtlar çiçəklənən şəhərlərimizi, kəndlərimizi dağıdaraq yerlə-yeksan edib. Vətən müharibəsində işğalçı Ermənistanın əl atdığı cinayətləri xatırlayaq. Döyüş meydanında Azərbaycanın Silahlı Qüvvələrinə cavab verə bilməyən düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini, Tərtər, Bərdə, Ağcabədi və digər rayonlarımızın yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan ardıcıl atəşə tuturdular. Düşmənin belə müharibə cinayətlərinin nəticəsi olaraq 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb. Azərbaycan isə müharibə dövründə ədalətli, məsuliyyətli, humanist siyasətinə sadiq qalıb və Ermənistandan fərqli olaraq yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıb, heç vaxt dinc əhaliyə, yaşayış məntəqələrinə atəş açmayıb. Qeyd edək ki, hazırda düşmənin müharibə günlərində atəşə məruz qoyduğu yaşayış məntəqələrində bərpa işlərinə başlanılıb. Müharibə zamanı zərər çəkmiş ailələrə müvafiq yardımlar göstərilir. Eyni zamanda, ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv işlər aparılır. Düşmənin müharibə cinayətlərinə yol verərək dağıntılar törətdiyi yaşayış məntəqələrində xatirə komplekslərinin yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

