Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hərbi həkim Qusmana reproduktordan çox inanırdılar

Hərbi həkim Qusmana reproduktordan çox inanırdılar

08.05.2015 [09:46]

“Bakinski raboçi” qəzetinin 1941-ci il 1 noyabr tarixli nömrəsində hərbi həkim Solomon Qusmanın “Moskva bu günlərdə” sərlövhəli yazısı dərc olunub. Moskvada çıxan “Novaya qazeta” bu günlərdə həmin yazını “Qələbəyə doğru” rubrikasında yenidən dərc edib. Yazı nəşrin şərhçisi Zoya Yeroşokun şərhləri ilə birlikdə verilib. AZƏRTAC həmin yazını oxuculara təqdim edir.
Moskva bu günlərdə
Moskva döyüşür! Düşmən paytaxtımızı təhdid edir. Lakin faşist barbarları nə qədər atılıb-düşsələr də, hansı hücumlara əl atsalar da, moskvalıları qorxuda bilmirlər. Moskva mübarizəni davam etdirir.
Səhər tezdən yuxudan oyanan kimi ilk növbədə reproduktoru işə salır və Moskva diktorunun tanış səsinin “Sovet İttifaqının İnformasiya Bürosundan” olan son məlumatları verəcəyini gözləyirik. Axşamdan keçmiş saatlarımızı Kremlin qüllə saatı ilə tutuşdururuq. Beləcə, hər gün davam edir! Neft Bakısı, həyat eşqi ilə çırpınan Tbilisi, qəhrəman Leninqrad, günəşli Aşqabad, gənc Komsomolsk, şimalda yerləşən Murmansk - böyüklü-kiçikli bütün şəhərlər Moskvanın səsini dinləyir, mənfur faşizm üzərində qələbəni hazırlamağı bizdən öyrənirlər.
Moskva bu gün necə yaşayır? Küçələrdə əvvəlki kimi qələbəlikdir. Hərbçilər çoxdur. Şəhər sanki hərbi gimnastyorka geyinib. Həyatın ritmi sürətlənib, insanların üzü sərtləşsə də, moskvalılar zarafatlarından qalmırlar. Onların zarafatları da alçaq düşmənə nifrət və kinlə doludur. Divarlarda çoxlu parlaq plakatlar, Kukrıniksı, Mor və Yefimovun istedadlı rəsm əsərləri olan “TASS pəncərələri” var.
Tramvaylar, trolleybuslar, avtobuslar əvvəlki kimi ucsuz-bucaqsız Moskvanın bütün küçələrində şütüyür. Moskvalılar əvvəlki kimi sevimli nəqliyyat növü - metro ilə qürur duyurlar. Səhər saat 6-dan yeraltı qatarların mavi vaqonları hərəkətə başlayır. Yalnız küncdə-bucaqda gözə dəyən taxtlar və uşaq çarpayıları “yeraltı şəhərin” ikinci gecə həyatının olduğunu göstərir. Hava hücumlarından qorunmaq məqsədi ilə burada gecələyən uşaqlı analar, qocalar və əlillər üçün yerlər hazırlanıb. Gecələr metro stansiyaları bir növ yataqxanaya çevrilir. Burada böyük mədəni-siyasi iş aparılır. Stansiyaların birində məruzə oxunur, digərində kinoseans və ya konsert briqadasının çıxışı təşkil olunur. Hər yerdə tibb məntəqələri, sərinləşdirici suların satışı, qəlyanaltılar gözə dəyir. Uşaqlar südlə təmin olunub.
Asudə vaxtında moskvalı Vətən müharibəsi qənimətlərindən ibarət maraqlı sərgiyə baxmaq üçün Mərkəzi Mədəniyyət və İstirahət Parkına gedir. Burada bütün sistemlərdən olan alman təyyarələrini görmək olar. Yöndəmsiz “xeynkellər”, cansıxıcı “yunkerslər”, yastı “messerşmittlər”: hamısının da üstündə faşistlərin svastika işarəsi var. Onlar daha heç vaxt havaya qalxıb sovet şəhərləri və çölləri üzərində uçmayacaq! Yanında isə bu təyyarələri vurmuş qəhrəman təyyarəçilərimizin portretləri qoyulub. Bir qədər kənarda yararsız vəziyyətə düşmüş çoxsaylı alman təyyarələrinin parçaları toplanıb: “messerşmittlər” zibilşmittlərə çevrilib.
Moskvalı deyir:
“Sən yandın “messerşmitt”
Amma Moskva heç vaxt yanmayacaq!”
Axşamlar Moskva teatrlarının qapıları açılır. Tamaşa salonları əvvəlki kimi ağzınacan doludur. Bazar günü sirkdə 4 tamaşa olub və hamısı da anşlaqla keçib. Teatrlarda sevimli köhnə tamaşalarla bərabər, yeniləri də oynanılır: Qızıl Ordu Teatrında “Qanadlı tayfa”, “Mossovet” Teatrında “Nadejda Durova”, Kamera Teatrında “Batalyon Qərbə gedir”. Moskva tamaşaçısı sovet xalqının Böyük Vətən müharibəsinə həsr edilmiş bütün tamaşaları ruh yüksəkliyi ilə qarşılayır.
Gecədir. Küçələr boşalır. Haradasa uzaqda zenit toplarımız guruldayır. Moskvalı əmindir ki, onun həyatını etibarlı müdafiəçilər qoruyur. O, rahat dincəlir ki, səhər tezdən daha böyük enerji ilə işə başlasın.

Hərbi həkim S.Qusman
(1941-ci il 1 noyabr tarixli “Bakinski raboçi”)

Sözardı yerinə
Bu yazının tarixçəsi belədir.
Tibb elmləri namizədi Solomon Qusman 1941-ci il iyunun 22-dək Bakıdakı Xəzər gəmiçiliyi xəstəxanasının baş həkimi işləyib. Müharibə başlayandan düz bir həftə sonra cəbhəyə yola düşüb. Moskvanın üç yüz kilometrliyində yerləşən hərbi hospitalın rəisi olub.
Almanlar hücuma keçir, bizimkilər isə geri çəkilirdilər. Mayor Qusmanın başçılıq etdiyi hospital da cəbhə ilə birlikdə Moskvaya doğru geri çəkilirdi.
1941-ci ilin oktyabrında S.Qusman dərman gətirmək üçün Moskvaya yola düşür. Sonra sanki ürəyinin hökmü ilə TASS-a - dostuna baş çəkir və ona belə bir təklif edir: “Gəl mən sənə indiki Moskva ilə bağlı təəssüratlarımdan yazım!”. Və yazır. İndicə oxuduqlarınızı yazır.
1941-ci ilin oktyabrı. Bilməyənlərə, xüsusən gənc oxucuya başa salmaq lazımdır ki, o vaxtlar sevimli Vətənimizdə son dərəcə təlaşlı, qorxulu, insanların ev-eşiyindən ayrı düşdüyü, yiyəsizliyin baş alıb getdiyi qeyri-müəyyən bir dövr idi. Oktyabrın ortalarında isə hər şey sanki tükdən asılı idi. Ölkədə şayiələr gəzirdi ki, Moskva təslim olub, Stalin qaçıb...
Naum Korjavinin “16 oktyabr” adlı şeiri var. O, bu şeiri 1945-ci ildə 20 yaşında yazıb. (Təqvimləri qeyd etmirdilər/ On altı oktyabr, /Həmin gün moskvalılar üçün - çətin ki/ Təqvim əhəmiyyətli idi. <...> Yaşamaq istəyirdin, ağlamaq istəyirdin, /Müharibəni udmaq istəyirdin./ Pasternakı unudurdular,/Sakitliyi unudan kimi. Bataqlıqdan çıxmağa çalışaraq,/ Şütüyürdülər şeytanlaşmış maşınlar/ Qərb istiqamətində olmayan bütün şoselər boyu./Elə bil zalım sel Moskvanı və daha sonra dünyanı məhv edəcək,/ Xaric də nəfəsini dərmədən, /Moskva Kremlinə dua edir <...>.)
Həqiqətən, 1941-ci ilin ortalarında Moskvada panika olub. Lakin panika olduğunu ölkə hələ bilmirdi. Axı, o dövrdə Moskva ölkə üçün sadəcə paytaxt deyildi. O, Ev, Qala və Dayaq idi. Kutuzovun Moskvanı 1812-ci ildə müvəqqəti təslim etməsindən fərqli olaraq, 1941-ci ildə Moskvasız tam tarixi yurdsuzluq başlayacaqdı.
Hərbi həkim Solomon Qusman müharibənin birinci ilinin oktyabr ayının sonunda Moskvanı necə gördüyündən yazır. Sadə, pafossuz, lakin sanballı, qabarıq, gözəl üslubda, həyata və məişətə bağlılıq hissi ilə yazır. Elə detallar və təfərrüatlar yazır ki, bunlar 74 il sonra da çox maraqlıdır. Məsələn, mən burada o dövrdə hər addımbaşı təsadüf edilən ada rast gəlmədim. Mayor Qusman sadəcə insanların həyatından bacardığını yazıb, “Stalin” soyadını isə bir kərə də işlətməyib.
Solomon Qusman TASS-dakı dostundan bu yazını Azərbaycana göndərməyi xahiş edir. Yazı o dövrdə Azərbaycanda əsas qəzet sayılan “Bakinski raboçi”nin 1941-ci il 1 noyabr tarixli nömrəsində dərc olunur. Gənc xanımı Lola da, valideynləri də bu yazını oxuyur. Axı, 4 ay idi ki, Solomondan xəbər-ətər yox idi.
Doktor Qusmanı yaxşı tanıyan, ona reproduktordan (o vaxt Bakıda belə deyirdilər) daha çox inanan şəhər sakinləri yazını oxuyurlar. Doktorun nüfuzu qüsursuz idi. Əgər o deyibsə ki, Moskva möhkəm dayanıb, deməli, bu, həqiqətdir.
Daha sonra materialda deyilir: “Hərbi həkim S.Qusmanın bu kiçik yazısı böyük cəsarət idi. Sırf müəllifin iradəsindən asılı olan bir cəsarət idi. Elə bir şəxsi iradənin ki, Stalin dövründə onu nümayiş etdirməyə heç bir halda heç bir kəsə imkan vermirdilər. Solomon Qusman isə bunu etdi.
Hərbi həkim Qusman 1980-ci ildə vəfat edib. Bu il mayın 9-da onun 111 yaşı tamam olmalı idi. O, bu sözləri təkrar etməyi sevirmiş: “Jukov sağ olsun ki, müharibəni mənim ad günümdə başa çatdırıb”.
...Bizə “Moskva bu günlərdə” yazısını TASS-ın baş direktorunun birinci müavini, Solomon Moiseyeviç Qusmanın oğlu Mixail Solomonoviç Qusman göndərib.
Əlbəttə, 1941-ci ilin oktyabrında TASS-da dostuna baş çəkən Solomon Qusmanın ağlına da gəlməzdi ki, onilliklər sonra onun kiçik oğlu burada işləyəcək. Yeri gəlmişkən, o vaxtlar nə böyük oğlu Yulik, nə də kiçik oğlu Mixail hələ dünyaya gəlməmişdi.
Amma müharibə idi...
Şükürlər olsun ki, Solomon Qusman müharibədən sağ-salamat döndü.
Çünki ölkə Şən və Hazırcavablar Klubunun bir hissəsindən (Yuri Solomonoviç Qusman onun sütunlarından biri idi) və istedadlı jurnalist Mixail Solomonoviç Qusmandan məhrum ola bilərdı”.
Zoya Yeroşok
“Novaya qazeta”nın şərhçisi

Paylaş:
Baxılıb: 762 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30