Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mən heç bir kreslo tutmaq istəmirəm...

Mən heç bir kreslo tutmaq istəmirəm...

10.03.2023 [11:20]

Hamının gözü onda idi, salonda əyləşənlərin gələcək taleyi bu çıxışda deyilənlərdən çox asılı olacaqdı

Aslan Aslanov

Heydər Əliyev Milli Məclisin tribunasında əzəmətlə dayanmışdı. Mənim əyləşdiyim sıradan onun taleyüklü çıxışının bu böyük salonda necə ecazkar bir ahəng yaratdığı aydın görünürdü.

Göstərilən etimada görə minnətdarlığını bildirən Ulu Öndər qətiyyətlə deyirdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.

Ağzınadək dolu olan salonda hamının gözü onda idi, hamı bu dahinin hər bir kəlməsinə diqqət kəsilmişdi. Bütün ölkənin, eləcə də bu salonda əyləşənlərin gələcək taleyi bu çıxışda deyilənlərdən çox asılı olacaqdı. Uzun illərin ağır, gərgin günləri insanları əzib elə hala salmışdı ki, qorxu, təlaş, sabahkı günə inamsızlıq hissi onları rahat buraxmırdı.

Tribunada həm inamlı, həm də çox açıq danışan natiq insanları aydın yola, azadlıq və müstəqilliyi qorumaq uğrunda mübarizəyə səsləyərək deyirdi: “Azərbaycan Respublikası bundan sonra onun başına nə gələcəksə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda bu tribunadan çıxış edərkən demişdim: Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək etmək üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə buradan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm”.

O, Bakıya gəlişinin səbəbini belə izah etdi: “Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”.

Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk gündən bu bina ölkəni idarə edən bütün icra və yerli orqanların işini nizamlayan qaynar bir mərkəzə, qərargaha çevrildi. Bütün gün boyu qəbullar, görüşlər, müxtəlif tədbirlər bir-birini əvəz edirdi. Sədrin kabinetinin işıqları gecə yarısınadək sönmürdü. Milli Məclisin iclasları, müşavirələr, mətbuat konfransları televiziya ilə birbaşa yayımlanır, respublikadakı vəziyyət xalqa olduğu kimi çatdırılırdı. Eyni zamanda əhalini düşündürən, narahat edən məsələlər öyrənilir, araşdırılır, onların həlli diqqətdən kənarda qalmırdı. İctimai-siyasi həyatdakı gərginliyin azaldılması üçün atılan addımlar, görülən təsirli tədbirlər insanların qəlbində ümid işığı oyadırdı.

- Bəli, bu gündən daha gərgin iş başlayır. Biz gücləndirilmiş iş rejimi, ikinci, hətta üçüncü iş növbələri haqqında düşünməli və buna hazır olmalıyıq, – baş direktor bu axşamkı çaparaq iclası bu sözlərlə yekunlaşdırdı.

Qarşıdakı günlərdə Heydər Əliyevin keçirəcəyi tədbirlərin artması ehtimalı nəzərə alınaraq, onların işıqlandırılmasına  mənimlə yanaşı, əlavə əməkdaşların  cəlb olunması, xəbərlərin operativliyinə xüsusi diqqət yetirilməsi vacib hesab olundu. Bu, o vaxtlar idi ki, mən, həmkarlarım Elman Qədirli və Cavid Xaspoladov “Kommunist” qəzetindən AZƏRTAC-a yenicə gəlmişdik. Üçümüz də həmin qəzetin baş redaktoru Tofiq Rüstəmovun tələbələri olmuşduq. Amma nədənsə AZƏRTAC-da işləməyi üstün tutduq. Hörmətli müəllimimiz buna görə bizdən çox incidi. Bu, bəlkə də adi seçim yox, taleyin qisməti idi. İnsafən, o vaxtlar ölkənin yeganə informasiya agentliyi, rəsmi xəbər qaynağı olan AZƏRTAC çox böyük nüfuz və hörmət sahibi idi, dövlət, hökumət adamları onun işini daim diqqətdə saxlayırdılar.

Bu sətirləri yazarkən xəyalım məni xeyli əvvələ - Ulu Öndərin qəbulunda mətbuat üçün hazırlanmış materiallar barədə məruzə etdiyim günlərdən birinə apardı.

Təxminən 15-20 dəqiqə çəkən belə məruzələrin birində Heydər Əliyev qəflətən məndən soruşdu:

- Sən Yefin Qriqoryeviç Qurviçi tanıyırdın?

Sual gözlənilməz olsa da, özümü itirmədim:

- Bəli, cənab Prezident. Azərbaycan Dövlət Universitetində oxuyarkən iki dəfə onun yanında olmuşdum.

Prezident bu gün mətbuata verilməsi nəzərdə tutulan materialların toplandığı qovluğu kənara qoyub “ovaxtki Azərinform sənə necə təsir bağışlamışdı?” - deyə  soruşdu.

Mən harada, kimin qarşısına olduğumu bir anlıq unudaraq dedim:

- Cənab Prezident, o vaxt Azəriform sanki KQB-nin filialına bənzəyirdi.

Dərhal da düşündüm ki, deyəsən bütün əndazələri keçmişəm. Məni soyuq tər basdı. Gözlədiyimin əksinə olaraq, Heydər Əliyev qəhqəhə çəkib ürəkdən güldü; bu gülüş məni elə bil yuxudan oyatdı, düşdüyüm ağır vəziyyətdən dartıb çıxardı.

- Bilirsən, Qurviç düz qırx il Azərinformun direktoru olub. Çox qəribədir, ali təhsili olmasa da, çox dərrakəli insan idi. Mən o vaxt Azərbaycana rəhbərlik edəndə Mərkəzi Komitənin binasında da ona iş otağı ayırmışdıq.

Məncə, AZƏRTAC-ın dövlət və hökumət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyi barədə başqa bir dəlil, sübuta ehtiyac qalmır.

Xatirələr məni qanadına alaraq daha əvvələ - 1970-ci illərə qaytarır. Ulu Öndəri ilk dəfə məhz o vaxtlar görmüşdüm.

Təhsil aldığım ADU-nun Jurnalistika fakültəsinin beşinci kurs tələbələri üçün təyinat bölgüsü 1975-ci il iyulun axırlarında aparıldı. O illər Azərbaycan xalqının həyatında ən yadda qalan, yüksəliş illəri idi. Azərbaycan müttəfiq respublika kimi SSRİ-nin tərkibində olsa da, gələcək müstəqil ölkə üçün ilk təməl daşlarının necə uğurla atıldığı bir çoxları kimi mənim də xatirimdədir. Azərbaycanın əldə edilən uğurlu nəticələr, ittifaq respublikaları arasında hər bir sahədə önə çıxması mərkəzi qəzet və televiziyaların da böyük marağına səbəb olmuşdu. Bu isə əslində o demək idi ki, Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan qazandığı nailiyyətləri ilə TASS agentliyi və digər informasiya kanalları - “İzvestiya”, “Pravda”, “Literaturnaya qazeta” və sair qəzetlər vasitəsilə dünyaya çıxış əldə edə bilmişdi. SSRİ mətbuatının rəhbərləri çox sonralar özləri də etiraf edirdilər ki, Azərbaycan dalğası elə sürətlə gəlmişdi ki, heç kəs, hətta istəsə belə, onun qarşısını ala bilmirdi. Beləliklə Azərbaycan, Heydər Əliyev kəlmələri SSRİ və dünya mediasında tez-tez görünməyə, hətta uzaq ölkələrdən oxucuların diqqətini cəlb etməyə başlamışdı. Əsl həqiqət bundan ibarətdir ki, imperiya qadağalarını aşıb keçən bu dalğa Azərbaycanın dünyaya tanınmasında misilsiz rol oynayırdı...

Qayıdaq universitet məzunlarının təyinat bölgüsünə. Allah rəhmət etsin, fakültəmizin ovaxtkı dekanı, müasir jurnalistikamızın vicdanı hesab edilən Şirməmməd Hüseynov iyul ayının o qızmar günlərində yorulmaq bilmədən Mərkəzi Komitəyə, Nazirlər Sovetinə, digər əlaqədar təşkilatlara ayaq döyürdü ki, məzunların problemləri həllini tapsın və biz göndərildiyimiz yerlərdə boynubükük qalmayaq. Fikri belə idi ki, məzunların tam əksəriyyəti bölgələrə göndərilsin (respublika KİV-lərinə təyinat nadir hallarda verilirdi), yüksəliş dövrünü yaşayan rayonlara ideoloji cəhətdən kömək olsunlar.

Təyinatın elan olunduğu gün gəldi. Adlar əlifba sırası ilə oxunurdu. Hamımız həyəcan içindəyik ki, görəsən hara göndəriləcəyik.

- Adil Ağayev. Ağsu rayonunda anadan olmusan, təyinatın da orayadır.

– Aslan Aslanov. Hazırda üç rayon – Bərdə, Sabirabad və Ağcabədi rayonlarının hər biri 100 min tondan çox pambıq istehsal edir. Cəbrayıllı olsan da, belə qərar alınıb ki, sən Ağcabədiyə gedəsən. Həmin rayonda cəmi iki ali təhsilli jurnalist var. Ağcabədi böyük pambıqçılıq rayonlarından biridir, hətta ittifaq miqyasında tanınır. Çalış, orada işlərin gedişinə sən də öz köməyini göstərə biləsən.

Təyinat siyahısı uzundur, amma bir neçə nəfərin adını çəkməsəm olmaz.

Dağbəyi İsmayılov “Bakı” qəzeti redaksiyasına, Gülşən Əkbərova və Şəlalə Əlibəyli Azərbaycan Dövlət Televiziyasına, Əminə Əhmədova Yevlax rayon qəzetinə təyinat aldılar.

1975-ci il avqustun 15-də mən artıq Ağcabədidə idim. Ağcabədi çox isti olan bir yerdir. Pambıq yığımının ən qızmar dövrü idi, şəhərdə, yol-irizdə heç kim gözə dəymirdi. İnsafən, ilk iş yerimdə məni pis qarşılamadılar. İş gününün sonunda dedilər ki, gözlə, bir azdan birinci katib səni qəbul edəcək. Xəbər mənim üçün çox gözlənilməz oldu.

Təbii ki, raykomda heç kimi tanımırdım. Birinci katibin üçüncü mərtəbədəki qəbul otağında orta boylu bir kişi (sonralar bildim ki, o, ümumi şöbənin müdiridir) sənədimi yoxladı. Sonra qarşısındakı ağ şalvar, ağ gödək qollu köynək geymiş jurnalisti mehriban baxışlarla süzüb gülümsündü:

- Keç bala, keç, yoldaş İsmayılov səni gözləyir.

Çox da böyük olmayan, amma səliqə-sahmanlı kabinetdə hündür boylu, yaraşıqlı bir kişi kreslodan qalxıb mənə tərəf gəldi və çox mehribancasına görüşdü. Məlumatım var idi ki, Ağcabədinin birinci katibi respublikada təsərrüfat işini yaxşı bilən, adamların böyük hörmət bəslədikləri, özlərinə arxa-dayaq hesab etdikləri Vahid İsmayılov idi. Bir qədər söhbətdən sonra telefonunun dəstəyini qaldırıb kiməsə tapşırıq verdi:

- Bilirsiniz ki, bizim ali təhsilli jurnalistlərə ehtiyacımız var. Ona görə də bu cavan oğlana işləmək üçün lazımi şərait yaradın.

Beləliklə jurnalist həyatım Ağcabədidən başladı.

O illərdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tez-tez rayonlara gəlir, görülən işlərlə tanış olur, sadə insanlarla görüşürdü. Əmək adamları heç nədən çəkinməyərək onunla açıq söhbətlər edir, bu dahi insanı həm rəhbər, həm də dost kimi qəlbən sevirdilər.

Tale elə gətirdi ki, mən də Heydər Əliyevin əmək adamları ilə belə söhbətlərinin şahidi oldum.

(Ardı var)

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31