Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh və əməkdaşlıq dənizi: Xəzərin tarixi rolu yeniləşir

Sülh və əməkdaşlıq dənizi: Xəzərin tarixi rolu yeniləşir

14.10.2014 [09:55]

Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti ilə bağlı proqnozlar özünü doğrultdu. Burada əməkdaşlıq və regional təhlükəsizliklə əlaqədar bəyanatlar verildi. Prezidentlərin iştirakı ilə hökumətlərarası sazişlər imzalandı. Ekspertlər hesab edirlər ki, bununla Xəzər hövzəsinin geosiyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Eyni zamanda, regionun təhlükəsizliyi həssas məsələ olaraq qalır. NATO-nun Xəzər hövzəsində silahlı qüvvələrini yerləşdirməsinin yolverilməz olduğunu vurğulayan müddəanın prezidentlərin qəbul etdiyi bəyanata salınmasının mümkün nəticələrini arxa plana atmaq riskli olardı. Lakin Həştərxan Sammitinin, sözün həqiqi mənasında, tarixi əhəmiyyət kəsb etdiyi etiraf olunmalıdır.
IV Sammit: sülh və əməkdaşlığa doğru
Xəzər hövzəsinin geosiyasi əhəmiyyəti tarixən həmişə yüksək qiymətləndirilib. Bu məkan həm coğrafi mövqeyi, həm də təbii resurslarına görə böyük imperiyaların mübarizə meydanı olub. XXI əsrin mürəkkəb geosiyasi prosesləri Xəzəri böyük dövlətlər üçün daha vacib hədəflərdən birinə çevirib. Hazırda bir sıra regionlarda müşahidə edilən mühüm geosiyasi transformasiyalar fonunda hövzənin təhlükəsizliyi, təbii ehtiyatlardan istifadə qaydaları, onu əhatə edən dövlətlər arasında əməkdaşlığın inkişaf yolları və s. məsələlər son dərəcədə aktuallaşıb.
Bunun fonunda coğrafi baxımdan uzaqda olan, lakin məlum iddiaları olan ölkələrlə Xəzər hövzəsi dövlətləri arasındakı münasibətlərin tənzimlənməsinin beynəlxalq aspektləri də vacib problem kimi qarşıda durur. Çünki regionun təbii ehtiyatlarından istifadə məsələsi həm də geosiyasi və təhlükəsizlik sisteminin formalaşdırılması aspektlərində əhəmiyyət kəsb edir. Ekspertlər bu məqamı xüsusi vurğulayırlar. Riçard Vayts yazır: “Xəzər dənizi bir neçə mühüm geosiyasi regionu əlaqələndirir və sahilyanı ölkələrin arasındakı mübahisənin necə həll edilməsindən onun sahillərindən uzaqlarda çox şey asılı olacaq” (bax: Richard Weitz. Low-Key Caspian Sea Summit Has Far-Reaching Implications / ‘’World Politics Review’’, 30 sentyabr 2014).
Lakin məsələnin tarixi bir qədər ehtiyatlı olmağa əsas verirdi - əvvəlki görüşlərdə prinsipial məqamlar üzrə elə bir ciddi razılıq əldə olunmamışdı. Bununla belə, müəyyən məsələlər üzrə addım-addım irəliləyiş müşahidə edilib. Məsələn, dənizin dibinin bölünməsi ilə bağlı Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, eləcə də Qazaxıstan və Rusiya arasında ikitərəfli sazişlər imzalanıb. Bunlarla yanaşı, Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişlər də vardır.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi yolunda duran əsas maneələr KİV-də geniş işıqlandırılıb. Buna görə də onların üzərində dayanmağa ehtiyac duymuruq. Daha aktual məsələ son Həştərxan Sammitində əldə edilən nəticələr və onların tarixi əhəmiyyətinin dərkidir. Ekspertlər həmin toplantıda qəbul edilən qərarları “irəliyə doğru sıçrayış”, “tarixi nailiyyət” kimi qiymətləndirməkdə haqlıdırlar (bax: Stanislav Çernəvskiy. Sammit liderov “Kaspiyskoy pəterki” v Astraxani / “MQİMO-Universitet”, 2 oktyabr 2014).
Azərbaycan Prezidenti İlham Əliyevin bu kontekstdə söylədiyi fikir vəziyyəti tam dolğunluğu ilə ifadə edir. Dövlət başçısı Həştərxan görüşü haqqında deyib: “Bu gün əldə edilən razılaşmalar çox ciddi işin, deyərdim ki, səmimi işin nəticəsidir” (bax: Sudğba Kaspiyskoqo morə reşena / “Vestnik Kavkaza”, 29 sentyabr 2014). Buna nail olmaq üçün “ümumi siyasi iradə” nümayiş etdirmək lazım gəldi.
Ekspertlər hesab edirlər ki, Xəzər dənizinin hidrometeorologiyası, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su bioloji resurslarının qorunması və onlardan rasional istifadə haqqında imzalanan sazişlər çox vacibdir. Bunlar gələcəkdə dənizin hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Bu barədə Həştərxanda keçirdikləri mətbuat konfransında 5 Xəzəryanı dövlətin rəhbərləri öz mövqelərini bildiriblər.
Ən çox maraq doğuran məsələ Sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentlərinin imzaladıqları bəyanat olub. Çünki bu sənəddə hövzə dövlətlərinin əməkdaşlıq strategiyasının əsas prinsipləri ifadə olunub və dənizin statusu ilə bağlı prinsipial istiqamətlər üzrə ümumi razılıq əldə edilib. Burada qlobal geosiyasət kontekstində diqqəti çəkən bir sıra məqamlar var.
“Şimal-Cənub” dəhlizi və təhlükəsizlik: ümidlər artır
Prezidentlər Xəzərin təhlükəsizliyini yalnız hövzə dövlətlərinin təmin edəcəyi ilə bağlı ümumi razılığa gəliblər. Qərb ekspertləri bunu NATO-nun dənizə buraxılmaması kimi qiymətləndirirlər (bax: Jacopo Dettoni. Russia and Iran Lock NATO Out of Caspian Sea / “The Diplomat”, 1 oktyabr 2014). Bu, Moskva ilə Tehranın strateji aspektdə nail olduqları ən böyük nəticə hesab edilir. Ekspertlər hətta bunun fonunda Rusiya ilə İranın birləşdiyini də vurğulayırlar. Geosiyasi kontekstdə bu, ciddi siqnaldır.
Məsələ yalnız Xəzərin statusunun müəyyənləşdirilməsində deyil. Söhbət ilk növbədə əməkdaşlığın genişlənməsi və regionun təhlükəsizlik sisteminə yanaşmanın prinsiplərindən gedir. Əgər 5 Xəzəryanı dövlət kənar qüvvələrin hövzəyə təsirinin qarşısının alınması ilə bağlı fikir birliyinə nail olublsa, bunun qlobal səviyyədə geosiyasi proseslərə təsir edəcəyini istisna etmək mümkün deyil (Ən Əndourek. İran i Rossiə obcedinəötsə / İnoSMİ.ru, 3 oktyabr 2014). Bu baxımdan bir sıra ekspertlərin hövzə ilə bağlı mövcud olan ziddiyyətlər haqqında xatırlatması da gözardı edilməməlidir (bax: məs., Viktoriə Panfilova. Kaspiyskoe more podelət çerez qod / “Nezavisimaə qazeta”, 30 sentyabr 2014).
Bunlara Qərbin necə reaksiya verəcəyini gözləmək lazımdır. Burada müxtəlif proqnozlar ola bilər. Onların sırasında vəziyyəti mürəkkəbləşdirə biləcək məqamların mövcudluğunu istisna etmək olmaz. Bu halda region üçün müəyyən problemlər meydana gələ bilər. O cümlədən, Xəzərin statusu və əməkdaşlıq perspektivlərinin taleyi narahatlıq yaradar. Həştərxan Sammitində dənizin hüquqi statusunun müəyyənləşdirilməsinin konkret prinsiplərinin razılaşdırılmaması həmin baxımdan düşündürücüdür. Bu məsələnin gələn il keçiriləcək görüşdə həll ediləcəyi barədə verilən vədləri də unutmaq olmaz (bax: əvvəlki mənbəyə).
İran mətbuatının Həştərxan Sammitinə böyük maraq göstərməsi təbiidir. Lakin İranda da mövcud ziddiyyətlər qabardılır. Bu məqam dənizin hüquqi statusunun müəyyənləşdirilməsi mövzusunda özünü daha çox göstərib. İranlı ekspertlər Tehranın təklif etdiyi 20 faizlik bölgünü daha düzgün hesab edirlər. Nəticədə iranlılar “Xəzər - maraqların toqquşma zonasıdır” qənaətinə gəliblər (bax: SMİ İrana: Kaspiy - zona stolknoveniə interesov? / İnoSMİ.ru, 3 oktyabr 2014).
Bütün bunlara baxmayaraq, Həştərxan Sammitində geosiyasi aspektdə vacib olan bir məsələ üzrə əldə olunan razılığa diqqət yetirmək gərəkdir. Burada “Şimal-Cənub” dəhlizinin yaradılması və Xəzərətrafı dəmir yolu xəttinin çəkilməsi haqqında danışılıb. Rusiya üçün bu iki layihə çox əhəmiyyətlidir.
“Şimal-Cənub” dəhlizi Qərbi və Şərqi Avropanı Cənubi Asiya ilə birləşdirə bilər. Bu məqam bir tərəfdən Qərbin aktiv dəstəklədiyi “İpək Yolu” layihəsinin daha geniş mənada qəbul edilməsi, digər tərəfdən isə Xəzər hövzəsinin bu prosesdə rolunun yeni səviyyəyə qaldırılması ilə əlaqəlidir. Onun reallaşması halında dünya miqyasında geosiyasi dinamikada dəyişikliklərin ola biləcəyi şübhə doğurmur.
Təbii ki, nəzərdə tutulan layihələrin reallaşması hövzə dövlətləri üçün yeni imkanlar aça bilər. Xəzər dənizini əməkdaşlıq və sülh məkanına çevirməyin böyük faydası var. Prezident İlham Əliyevin bu haqda söylədiyi fikri Həştərxan Sammitinin devizi kimi qiymətləndirmək mümkündür. Azərbaycanın dövlət başçısı vurğulayıb: “Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq”.
Bu fikrin işığında Xəzəryanı dövlətlərin başçılarının IV Sammitinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq olar. Hövzə ölkələri arasında sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət edən münasibətlərin formalaşması, heç şübhəsiz, tarixi hadisədir. Bu istiqamətdə addımların ardıcıl olaraq atılması vacib şərtlərdən biridir. Ekspertlərin qeyd etdikləri bir sıra ziddiyyətlər həmin şərtlər daxilində aradan qaldırıla bilər. Böyük ehtimalla, dövlət başçıları siyasi iradə nümayiş etdirərək buna nail ola biləcəklər.
Geosiyasi kontekstdə strateji əhəmiyyət daşıyan bir məqam bundan ibarətdir ki, Xəzəryanı ölkələr əməkdaşlıq nümunəsi nümayiş etdirə bilər. Bu model gələcəkdə digər region və hövzələrdə də tətbiq edilə bilər. Bununla da regional təhlükəsizlik modellərindən qlobal təhlükəsizlik sisteminin formalaşdırılmasında yararlanmaq mümkündür.
Newtimes.az

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31