Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan multikulturalizmi başqa ölkələr üçün örnəkdir

Azərbaycan multikulturalizmi başqa ölkələr üçün örnəkdir

18.11.2014 [09:45]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününə həsr edilən virtual “dəyirmi masa” keçirib
Məlum olduğu kimi, hər il noyabrın 16-sı tarixi dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu günün əsası 1995-ci il noyabrın 16-da qoyulub. Həmin tarixdə UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Beləliklə, hər il bu tarix müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur.
Bu günün önəmini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tolerantlığın önəmi, tolerant ideyaların aktuallığı və ölkəmizdə multikulturalizmin ənənələri mövzusunda virtual “dəyirmi masa” keçirib. Virtual “dəyirmi masa”da bu sahə üzrə ixtisaslaşmış 12 beynəlxalq və yerli ekspert iştirak edib. Ekspertlərin hər birinə aşağıdakı suallar ünvanlananıb:
1. Tolerantlıq gününün önəmini necə görürsünüz və sizcə, qeyri-tolerantlığın başlıca səbəbləri nədir?
2. Son dövrlərdə “Tolerantlıq, Multikulturalizm və İnterkulturalizm” ideyalarının aktuallaşmasının əsas səbəblərini nədə görürsünüz?
3. Azərbaycan, İsverçrə və s. kimi çoxtərkibli etnik və çoxkonfessialı dini tərkibli ölkələrdə multikulturalizm ənənələri artıq tarixən formalaşmış bir reallıqdır. Siz bu səpkidə yeni reallıqların yaranması perspektivlərini necə dəyərləndirirsiniz?
Cavabları oxuculara təqdim edirik.
Letizia Reuss - Birləşmiş Krallıq, (şahzadə, dizayner):
1. Beynəlxalq Tolerantlıq Gününün yaradılması onun vacibliyini vurğulayır və bu gün dünya xalqları arasında tolerantlığın ruhuna uyğun olaraq müzakirələrin və tədbirlərin keçirilməsi üçün bir stimul yaradır. Ümid edək ki, bir gün insanlıq tolerantlıq dövrünə qədəm qoyacaqdır.
Qeyri-tolerantlıq, əslində tarixdən də tez-tez göründüyü kimi sinonim anlayış olan fanatizmə gətirib çıxarır. Biz qeyri-tolerantlığın və fanatizmin kökünü tapıb çıxarmalıyıq.
2. İqtisadi inteqrasiya, mədəni və ticari qloballaşma partlayışı mədəni identikliyin itməsinə və siyasi diskriminasiyaya gətirib çıxardı. Milliyyətçiliyin genişlənməsi dünyada müharibələrə və fərqli 36 muxtar regionda müstəqillik mübarizəsinə rəvac verdi. Ümumiyyətlə, qeyri-tolerantlıqla mübarizənin bir neçə yolu var. Tolerantlıq fərqli fikri razı olmasan belə qəbul etməkdir. Multikulturalizm qarşılıqlı hörmət şəraitində birgə yaşayış, digər mədəniyyətlərin legitim mövcudluğu və ailə üçün belə çox vacibdir.
3. Əlbəttə, Azərbaycan multikulturalizmin tarixi kökünə malik olan ölkə kimi tanınıb. Eyni zamanda, Bakının həm Avropanın paytaxt şəhərlərindən biri, həm də İslam paytaxtı olaraq geopolitik mövqeyi var. Eləcə də İsveçrə həm dostluq, həm də neytral ölkə kimi multikulturalizm sahəsində gözəl örnəkdir. Bu baxımdan, Tanzaniya da özünün 45 milyonluq əhalisi və 125 milli və dini tərkibli qrupu ilə nümunə kimi çıxış edə bilər. Diqqəti çəkən ən mühüm məsələ isə budur ki, Tanzaniya Azərbaycan və İsveçrədən fərqli olaraq iqtisadi cəhətdən çox inkişaf etməyib.
Milix Yevdayev - Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri:
1. Dünyanın gələcəyi dinlərarası dialoqun nə dərəcədə effektiv olmasından asılıdır. Dinlərarası və mədəniyyətlərarası inteqrasiyanın əsas məqsədi dayanıqlı inkişafa nail olaraq bunun möhkəm bünövrə üzərində qurulmasıdır. Belə dialoqların effektiv və konstruktiv olmasını istəyiriksə, səmavi dinlərin nə dərəcədə bütün millətlər və xalqlar üçün zəruri və vacib olmasını geniş təbliğ etməliyik. Yalnız maarifləndirmə yolu ilə və digər dinlər haqqında biliyimizi artırmaqla, bütün dinlərə və təriqət nümayəndələrinə öz hörmət və ehtiramımızı bildirməklə buna nail ola bilərik. Fikrimcə, gələcək nəsli tərbiyə edərkən din xadimləri ancaq özlərinin mənsub olduqları dinin üstünlüklərindən danışmamalı, eyni zamanda, başqa dinlərə və din xadimlərinə, onların adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmağı tərbiyə etməlidirlər. Məhz bu zaman millətlərin və xalqların bir-birinə olan etibarı və etiqadı mümkün ola, onlar dinc, əmin-amanlıq və tam tolerantlıq şəraitində yaşaya bilərlər.
2. Son dövrlər durmadan radikallaşan dünyada xalqları, millətləri və dövlətləri bir-birinə qarşı qoyan müxtəlif meyillərin güclənməsi müşahidə olunur. Bu baxımdan müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olduğunu göstərərək ATƏT-in regiondakı qonşu ölkələrdə dini tolerantlığın vəziyyətinə nəzər salmağı, müqayisəli təhlillər aparmağı vacib və faydalıdır. Beynəlxalq miqyasda terrorizmin qarşısının alınması üçün bütün dünya dözümsüzlüyə, zərərli meyillərə qarşı mübarizədə səylərini birləşdirməlidir. Məhz bu səbəbdən son dövrlərdə tolerantlıq, interkulturalizm və multikulturalizm ideyalarının aktuallaşması, qloballaşmış dünyada sülhün, əmin-amanlığın təmin olunması üçün vacib olması ilə yanaşı effektiv nəticələrin alınmasına imkan yaradan əsas amillərdən biridir.
3. Bəli mümkün hesab edirəm. Belə ki, böyük nüfuza malik olan siyasət, eləcə də din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq tədbirlərin keçirilməsi buna geniş imkanlar yarada bilər. Dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması sivilizasiyalararası, mədəniyyətlərarası və dinlərarası dialoqların effektiv aparılmasından asılıdır. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının yeni tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi, həyatın bütün sahələrində, o cümlədən, milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olmuşdur. Bu gün Ümummilli liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hər zaman müxtəlif xalqlara, millətlərə və dinlərə mənsub insanların yaşadığı ölkə olub. Bu gün də respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır. Bunun nəticəsidir ki, bütün dünya dövlətləri, o cümlədən İsveçrə kimi çoxtərkibli etnik və çoxkonfessiyalı dini tərkibli ölkələr tolerantlığın Azərbaycan modeli üzərində ciddi diskussiyalar aparır və elmi şəkildə araşdırmağa çalışırlar. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Multikulturalizm ölkəmizin siyasi-strateji xəttidir və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik”.
Azərbaycanda yaşayan bütün xalqların tam sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları, məhz bu siyasətin bariz nəticəsidir.
Jasen Mesic: Xorvatiya Parlamentinin üzvü:
1. Mən hesab edirəm ki, beynəlxalq təşkilatların qeyri-tolerantlıq probleminin fərqində olmaları çox mühümdür. Bunun üçün də ayrıca bir günün tolerantlığa həsr olunmasını çox mühüm addım sayıram. Əslində, tolerantlıq həyat üçün bir yoldur. Bu gün, sadəcə müzakirələr aparmaq azdır və qeyri-tolerantlığın dünyada səbəblərinin öyrənilməsi də çox vacibdir. Bunun ən əsas faktorları iqtisadi böhranlar, kasıblıq və siyasi stabillik məsələsidir.
2. Bunun ən mühüm səbəblərindən biri kimi dünyanın müxtəlif bölgələrində böyük sayda miqrasiya hallarının olmasıdır. Bundan başqa, həmin qaçqınları qəbul edən dövlətlərdə iqtisadi böhranlar yaşanmağa başlayır. Gözləntilər və ümidlərin reallıqda toqquşması onlar arasında bir boşluq yaradır. Bu isə qeyri-tolerantlığın yaranmasına səbəb olur.
3. Əlbəttə, xüsusi ilə mədəni müxtəlifliyin bir adət kimi formalaşdığı ölkə və regionlarda mümkündür. Qeyri-tolerantlıqla mübarizədə bizə yeni ideyalar və addımlar lazımdır. Ümid edirəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bunun üçün öz töhfəsini verəcək.
İlham Məmmədzadə - fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru:
1. Müxtəlif ölkə, sivilizasiya və mədəniyyətlərin getdikcə genişləndiyi qarşılıqlı əlaqələri şəraitində tolerantlıq problemi, fərqli mədəniyyət nümayəndələrinin dialoqu xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, başqalarından hali olmaq bizi daha səbrli edir. Böyüməkdə olan nəsli uşaq yaşlarından tolerantlıq mədəniyyətinə, vətənpərvərlik və tolerantlığı, özünə hörmət etmə və başqalarının dəyərlərinə ehtiramla yanaşmağı bir-biri ilə uyğunlaşdırmağa öyrətmək lazımdır. Texnologiyalar sahəsində pozitiv dəyişikliklərlə yanaşı qloballaşma həm də ciddi münaqişələrə, toqquşmalara səbəb olub. Özü də sabitsizliyə, məhz həmhüdud məkanlar məruz qalıb. Söhbət Avropa və Asiya, Avropa və Afrika, Asiya və Afrikanın kəsişdiyi sahələrdən gedir. Bu məkanlarda daha çox fərqli mədəniyyət və din təmsilçilərinin toqquşması baş verir.
Etiraf etmək lazımdır ki, bütün postsovet ərazisi də məhz bu cür məkana çevrilib. Burada, Avrasiyanın geniş meydanında bir çox “qaynar nöqtələr” var. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan mənşəyindən, dini dəyərlərindən asılı olmayaraq vətəndaşların xeyrinə siyasətin həyata keçirildiyi, iqtisadiyyatın inkişaf etdirildiyi müstəsna sabitlik adası olmuşdur.
Bu iqtisadiyyat və siyasətinin həyata keçirilməsində vətəndaşların ənənəvi, tarixən formalaşmış tolerantlığı mühüm rol oynayır. Azərbaycan müsəlman şiə və sünnilərin, xristianların və bir çox digər etnos və konfessiya nümayəndələrinin bir-birinin adətlərinə, dəyərlərinə hörmət edərək, dostcasına yaşadığı dünyanın nadir ölkələrindən biridir. Fəqət biz əsasən tolerantlıq dəyərlərini qəbul etməyən, öz problemlərini zorakılıq yolu ilə həll etməyə çalışan, hələ XX əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı təcavüz etmiş ölkə ilə qonşuyuq.
2. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır. Azərbaycanda hər il müxtəlif ölkə və mədəniyyət təmsilçilərinin diskussiya meydançasına çevrilmiş Beynəlxalq Humanitar Forum keçirilir. Forum, bir tərəfdən, alim, siyasətçi və vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyəti, digər tərəfdən isə, alimlərin elmi araşdırmalar, ideyalar mübadiləsini aparması üçün imkan yaradır. Forumun nailiyyətləri sırasına ölkə Prezidentinin Fərmanı ilə həm çoxmədəniyyətlilik problemlərinin təhlilinə, həm də onun Azərbaycan modelinin təbliğinə kömək edəcək və artıq bunu edən Multikulturalizm Mərkəzinin açılması da daxil oldu.
3. Fikrimizcə, bizim multikulturalizm modelinin, alimlərimizin tədqiqat işlərinin təcrübəsi başqa ölkələr üçün ciddi maraq kəsb edir. Hər halda, alimlərin bizim Forumda iştirakı bu marağın ciddi təzahürüdür. Tanınmış xarici alimlərin bizim modelin əhəmiyyəti barədə, müasir şəraitdə ənənəvi multikulturalizm və tolerantlığın davam etdirilməsinin əhəmiyyəti haqqında çoxsaylı məqalələri vardır. Biz hesab edirik ki, alim və siyasi xadimlərimiz dünyada multikulturalizm üzrə aparılan bütün diskussiyalarda fəal iştirak etməlidirlər.
Gianfranco Coffele - İtaliya, Pontijicia Salesiana Universitetinin prorektoru:
1. Çox təəssüflə qeyd etməliyəm ki, bu gün əslində o qədər də tanınmır. Biz əlimizdən gələni etməliyik ki, Tolerantlıq Günü həqiqətən reallığa çevrilsin. Qeyri-tolerantlığın səbəbləri çox müxtəlif və dünyanın müxtəlif yerlərində, hətta genetikdir. Məncə bunun arxasında bir sıra iqtisadi, mədəni və dini faktorlar vardır. Ümumiyyətlə, ədalət anlayışı, ədalətsizliklə paraleldir və hər dəfə qeyri-tolerantlıq xeyli sayda insanların hüquqsuz olmalarını önə çıxarır. Biz dərimizin rənginin fərqindən asılı olmayaraq ədalət anlayışını dəstəkləməliyik. Hər bir insan mənim qardaşımdır. Mən ona hörmət və kömək etməliyəm. Mənim üçün qeyri-tolerantlığın ən böyük formalarından biri də çox ölkələrdə qadınlara qarşı olan və yalnız qadın olduğu üçün məruz qaldığı diskriminasiyadır.
2. Son dövrlərdə tolerantlıq anlayışının çox müzakirə olunmasının səbəblərindən biri də bir çox sahələrdə onun çatışmadığını hiss etməyimizdir. Əslində, digər dinlərin və xalqların nümayəndələrinə bizim dediyimizdən və gördüyümüzdən daha çox qeyri-tolerant münasibət var. Normalda biz fərqli insanı zənginlik kimi deyil, özümüzə təhlükə kimi qəbul edirik.
3. İcazə verin sizə olan dərin hörmətimə rəğmən qeyd edim ki, Azərbaycanda müsbət örnəklər var, amma bunu daha da inkişaf etdirmək lazımdır. Digər ölkələrdə isə əsl və davamlı tolerantlıq üçün çox addımlar atılmalıdır. Əlbəttə, sizin ölkə kimi müsbət nümunələr tolerantlığa çatmaq üçün yüksək stimul yaradır.
Nəriman Qasımoğlu - dinşünas alim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri:
1. Məndən ötrü bu gün-başqa dilə, başqasının milli xüsusiyyətlərinə, başqa inanclara, başqa irqə, sən kişisənsə qadına, qadınsansa kişiyə, yaşlısansa gənclərə, gəncsənsə yaşlılara, dindarsansa dinsizə, ateistsənsə dindara, eləcə də milli-dini-irqi-cinsi kimliyindən asılı olmayaraq qonşuna hörmətlə yanaş, hörmət qoy deyə Xatırlatma günü kimi önəmli tarixdir. Bu xatırlatma məsələsinin bir maraqlı tərəfi ondadır ki, o sadaladıqlarımın xatırladılması müqəddəs kitablarda aparıcı təlqinlərin əsas məzmununu təşkil edir. Və bu təlqinlər konkret etnik qruplara, xalqlara deyil, bütün insanlığa ünvanlandığından bir multikultural mahiyyət də kəsb edir. Məsələn, Törə-də (Tövrat) “Tanrı adamları” konsepsiyası bütün millətlərə ünvanlıdır. Yeni Əhd-də “qonşunu sev” prinsipi də o cümlədən. “Qurani-Kərim”ə gəlincə, təkcə onu deyim ki, müqəddəs kitabımızın bir adı da orijinalda “zikr”dir. Bu söz xatırlama, xatırlatma mənalarını ifadə edir ki, “Qurani-Kərim” bu səpkidə özünü, əslində bəşəriyyətə ünvanlı tolerantlığın bütün prinsiplərinə iddiaçı qismində necə deyərlər, təqdim edir və öncəki kitablarda ifadə olunan tolerantlıq hikmətlərini təsdiq edir. Yəni bu Xatırlatmalar işığında tolerantlıq gününün üzərində bir müqəddəslik möhrünü də görməmək mümkün deyil. Sualın ikinci hissəsinə gəlincə, qısaca qeyd edim ki, qeyri-tolerantlığı doğuran çoxsaylı mənfiliklər sırasında sosial ədalətsizlik, maddiyyata bağlanıb qalma, siyasi eqoizm, separatçılıq, mövhumatçılıq, savadsızlıq və s. misal göstərmək olar.
2. Biri digərindən doğan və bir-birinə məntiqi impulslar verən bu ideyaları aktuallaşdıran əsas məqam, elə bilirəm, dünyanın aparıcı siyasi dairələrində gəlişən belə bir dərklə bağlıdır ki, xalqların yaxınlaşmasında psixoloji əngəllərin aradan qaldırılması, qloballaşmanın reallığa çevrildiyi dövrdə millətlərarası münasibətlərin sivil qaydalara uyğun tənzimlənməsi zərurəti birbaşa olaraq həm ayrı-ayrı bölgələrdə regional təhlükəsizlik, həm də beynəlxalq təhlükəsizliyin təminatı məsələsinə töhfə kimi nəzərdən keçirilməlidir. Özünəqapanma, dünyadan özünütəcrid, milli təkəbbür və ərköyünlük kimi naqis təmayüllər, əslində regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Uzağa getməyək. Elə indiki Ermənistan siyasətçilərinin milliyyətçilik fəaliyyətləri onunla nəticələnib ki, oradan tarixən məskunlaşmış azərbaycanlıları, kürdləri, rusları və başqalarını qovaraq bu ölkəni monoetnik bir tərkibə salıblar və bu monoetnik tərkibli ölkənin rəhbərliyi Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, ümumiyyətlə isə, bölgədə sülhə və təhlükəsizliyə ən başlıca əngələ çevrilib. Və əlbəttə ki, Azərbaycan torpaqlarının işğalı sinxron olaraq sıravi ermənilərin şüurunun da milliyyətçilik işğalında saxlanılması ilə davam etdirilir. Tolerantlığa, multikulturalizmə, millətlər və dinlərin dialoquna, birgəyaşayışına yad cəmiyyətlərə aid başqa nümunələr də var. Bu nümunələrin olduğu coğrafiyalarda hansı faciələr, dağıntılar, fəsadlar baş verirsə, kommunikasiya texnologiyalarının inkişafı əsrində bunların hamısı dünyanın gözü qarşısında baş verir. Çoxmədəniyyətliliyi, mədəni yaxınlaşma və inteqrasiyanı aktuallaşdıran ən başlıca məqam isə, sadəcə bunlara hər hansı sağlam alternativin olmamasıdır. Yenə də müqəddəs kitablara qayıdaraq deyim ki, Rəbbimiz xalqları və qəbilələri, onların mədəniyyətlərini ona görə yaratmayıb ki, bir-birilə toqquşsunlar. Əksinə, baxın bir “Qurani- Kərim” ayəsi nə deyir: “Ey insanlar, Biz sizi bir kişidən, bir qadından yaratdıq. Sizi xalqlar, qəbilələr eylədik tanışasız, bilişəsiz”. (14, 13).
Bir müddət Amerikada Corctaun, Kalstate və Harvard universitetləri həyatının təcrübəsini keçmiş bir şəxs kimi deyə bilərəm ki, yeni multikulturalizm reallıqlarının yaranmasında qismətinə multikulturalizmi tarixən yaşamaq düşmüş xalqların nümunəsi əhəmiyyətli rol oynaya və uyğun modellər təklif edə bilər. Yeni mühacir qruplarının problemləri ilə üzləşən, bəzi hallarda islamofobiyadan əziyyət çəkən qərb cəmiyyətləri üçün bu yeni reallıqların yaranması da aktuallaşmaqdadır. Və təsadüfi deyil ki, multikulturalizm indi artıq dünyanın bir sıra elmi dairələrində ən müxtəlif elmi istiqamətlərin predmeti kimi də araşdırılır. Və bu qəbildən araşdırmalara, şübhə etmirəm, qeyd etdiyim modellər də cəlb ediləcək.

(davamı növbəti sayımızda)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31